Məhkəmə qərarları › İş №2-2(107)-66/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-66/2024

14.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-66/2024 14.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı “borc və mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi, müqavilənin ləğv edilməsi və müqavilə predmeti olan kombaynın geri qaytarılması” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: alğı-satqı müqaviləsindən əmələ gələn öhdəliklər üzrə mübahisələr) Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, X2 iclas katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, Şəki Kommersiya Məhkəməsinin 06 aprel 2024-cü il tarixli qətnaməsindən İddiaçıASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi: İşin halları İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 023-SS/22 nömrəli alğı-satqı müqaviləsinə əsasən satıcı (İddiaçı ASC) 1 ədəd Niva Effekt SK-5ME-1 markalı taxılyığan kombaynı Cavabdeh satmağı, sonuncu isə texnikanın dəyərini əvvəlcədən ödəməyi və qəbul etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, texnikanın qiymətləndirilən dəyəri 11200 manat təşkil edir. Texnikanın məbləğinin dəyərinin əvvəlcədən 5600 manatını ilkin olaraq ödəmiş, qalan 5600 manatını isə taxıl biçinin sonuna yəni 2022-ci ilin 15 sentyabr tarixinədək satıcının hesabına tam ödənilməsini öhdəsinə götürmüşdür. Sonradan müddət uzadılaraq xx.xx.2022-ci il tarixli 023-SS/22 nömrəli alğı-satqı müqaviləsinə dair xx.xx.2022-ci il tarixdə imzalanmış razılaşma protokoluna əsasən müqavilənin 2.2.1 -ci bəndindəki “5600 manat hissəsini isə taxıl biçini mövsümünün sonunadək, 2022-ci ilin 15 sentyabr tarixinədək satıcının hesabına tam ödənilməsini öhdəsinə götürür” sözləri "4600 manat hissəsini isə taxıl biçini mövsümünün sonunadək, 2023-cü ilin 15 sentyabr tarixinədək satıcının hesabına tam ödənilməsini öhdəsinə götürür” sözləri kimi dəyişdirilməsi ilə bağlı tərəflər razılaşmışlar. Cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyini lazımınca yerinə yetirməmiş, 11200 manat məbləğində olan öhdəliyindən 6600 manat ödəniş etmiş, qalan məbləği isə ödəməmişdir. Bu hal maliyyə arayışı ilə təsdiq olunmuşdur. Belə ki, o, şərtlərə əsasən 2023-cü il 15 sentyabr tarixinədək 11200 manat ödəməli olduğu halda 6600 manat məbləğdə ödəniş aparmış və müqavilə üzrə 4600 manat borcu yaranmışdır. Cavabdehə borc məbləğinin ödənilməsi barədə göndərilmiş pretenziya cavabsız qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) birinci instansiya məhkəməsində icraat İddiaçıASC-nin Cavabdeh qarşı ərizə ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, 2022-ci il 4 may tarixli 023-SS/22 nömrəli müqavilə üzrə 4600 (dörd min altı yüz) manat borcun və 70 (yetmiş) manat mediasiya xərcinin, cəmi: 4670 (dörd min altı yüz yetmiş) manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi, müqavilənin ləğv edilərək, müqavilə predmeti olan 1 ədəd Niva Effekt SK-5ME-1 markalı taxılyığan kombaynın saz vəziyyətdə cavabdeh tərəfindən geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 2022-ci il 4 may tarixli 023-SS/22 nömrəli müqaviləyə əsasən, cavabdeh ümumi qiyməti 11 200,00 (on bir min iki yüz) manat olan 1 ədəd Niva Effekt SK-5ME-1 markalı taxılyığan kombaynın dəyərinin 5600 (beş min altı yüz) manat hissəsini əvvəlcədən, 5600 (beş min altı yüz) manat hissəsini isə taxıl biçini mövsümünün sonunadək, 2022-ci il 15 sentyabr tarixinədək ödəmək şərti ilə əldə etmişdir. Tərəflər arasında bağlanmış 2022-ci il 21 oktyabr tarixli RP-023-SS/22 nömrəli razılaşma protokuluna əsasən bu müddət 2023-cü il 15 sentyabr tarixinədək uzadılmışdır. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmiş və müqavilə müddətinin başa çatmasına baxmayaraq ödəməli olduğu məbləği tam ödəməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 2.2.2-ci bəndinə əsasən alıcı müqavilənin 2.2.1ci bəndində göstərilən məbləği tam şəkildə ödəmədiyi halda əvvəlcədən ödənilmiş vəsait satıcıda saxlanılmaqla texnikanı qeyd-şərtsiz qaytarır. Müqavilədə qeyd edilənlərə əsasən 1 ədəd Niva Effekt SK-5ME-1 markalı taxılyığan kombaynı saz vəziyyətdə cavabdeh tərəfindən geri qaytarılmalıdır. Şəki Kommersiya Məhkəməsi 06 aprel 2024-cü il tarixli, e-2-2(117)-275/2024 nömrəli qətnaməsi ilə, iddia qismən təmin edilərək, Cavabdeh 4600 manat borc və 70 manat mediasiya xərci tutularaq iddiaçı "Aqroservis”ASC-yə ödənilməsi, iddianın qalan hissələrdə rədd edilməsi, Cavabdeh 67 manat dövlət rüsumu dövlət gəlirinə tutulması qət olunmuşdur. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 023-SS/22 nömrəli alğı-satqı müqaviləsinə əsasən satıcı (İddiaçı ASC) 1 ədəd Niva Effekt SK-5ME-1 markalı taxılyığan kombaynı alıcı Cavabdeh satmağı, sonuncu isə texnikanı qəbul etməyi və dəyərini əvvəlcədən ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli 023-SS/22 nömrəli alğı-satqı müqaviləsinə dair xx.xx.2022-ci il tarixdə imzalanmış razılaşma protokoluna əsasən müqavilənin 2.2.1-ci bəndindəki “5600 manat hissəsini isə taxıl biçini mövsümünün sonunadək, 2022-ci ilin 15 sentyabr tarixinədək satıcının hesabına tam ödənilməsini öhdəsinə götürür” sözləri “4600 manat hissəsini isə taxıl biçini mövsümünün sonunadək, 2023-cü ilin 15 sentyabr tarixinədək satıcının hesabına tam ödənilməsini öhdəsinə götürür” sözləri kimi dəyişdirilməsi ilə bağlı tərəflər razılaşmışlar. Cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyini lazımınca yerinə yetirməmiş, 11200 manat məbləğində olan öhdəliyindən 6600 manat ödəniş etmiş, qalan məbləği isə ödəməmişdir. Bu hal maliyyə arayışı ilə təsdiq olunduğundan 4600 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə müqavilənin ləğv edilməsi və müqavilə predmeti olan 1 ədəd Niva Effekt SK-5ME-1 markalı taxılyığan kombaynın saz vəziyyətdə cavabdeh tərəfindən geri qaytarılmasına münasibətdə qeyd edir ki, tələb bu hissədə əsassızdır. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 023-SS/22 nömrəli alğı-satqı müqaviləsinin 2.1.3-cü bəndinə əsasən alıcı bu müqavilənin 1.2-ci bəndində göstərilən məbləği tam ödədikdən sonra texnikanın alıcının mülkiyyətinə verilməsi barədə əmr verilir. 3.2-ci bəndinə əsasən alıcı bu müqavilənin 2.2.1-ci bəndində nəzərdə tutulmuş qaydada ödənişi yerinə yetirdikdən sonra müqavilə hüquqi qüvvəyə minir. Göründüyü kimi, tərəflər arasında yaranmış münasibətlər lizinqdən irəli gələn münasibətlər deyildir və bunu təsdiq edən iş materillarında sübut mövcud deyildir. Texnikanın alğı-satqı müqaviləsindən başqa cavabdehin istifadəsinə hansı əsasla verilməsini təsdiq edən sübut mövcud deyildir. Məhkəmə gəldiyi nəticənin hüquqi əsaslandrması üçün - Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 427, 427.3, 442, 567, 600.1-ci maddəsi, "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu, Mülki Prosessual Məcəlləsinin 119-cu maddələrinə - istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv, iddia tələbinin pul məbləğinin tələbi hissəsində dayişdirilmədən saxlanması, müqavilənin ləğvi və texnikanın saz vəziyyətdə geri qaytarılmasının rədd olunması hissəsində isə ləğv edilməsi barədə, yəni iddia tələbinin tam təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə yanaşı həmçinin onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməni əsaslandırarkən tərəflər arasında bağlanmış 2022-ci il 04 may tarixli, 023-SS/22 nömrəli alqı-satqı müqaviləsinin şərtinə əsasən satıcı ilə alıcı arasında yaranmış münasibətlərin lizinqdən irəli gələn münasibətlər olmadığını və müqavilənin şərtlərinə əsasən lizinq predmetinin qaytarılması və ödənilmiş vəsaitin iddiaçıda qalmasına dair müddəa mövcud olsa da, bu hal iddiaçının əsassız varlanmasına, cavabdehin isə həm texnikanın əlindən çıxmasına və ödədiyi vəsaitin itirilməsinə gətirib çıxarması qənaətinə gəlmişdir. Həmin hissədə məhkəmə düzgün qənaətə gəlməmiş, tərəflərin iradə ifadəsi əsasında rəsmiləşdirilmiş müqavilə şərtlərinə əsasən texnikanın saz vəziyyətdə geri qaytarılması tələbi nəzərə alınmalı və iddia tələbi həmin hissədə də təmin olunmalı idi. b) Apellyasiya şikayətinə qarşı etiraz Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçının nümayəndəsi X1 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək məhkəmə kollegiyasından iddianın tam təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən ona satılmış əmlak da geri qaytarılmalıdır. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, bir ay ərzində borcunu tam ödəyəcəkdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 597.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarında müəyyən edilmişdir ki: “... Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. ...”

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1-385.1.4. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının həddi

Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual qanunvericiliyin tələbləri pozulduğundan apellyasiya şikayəti qismən təmin edilərək qətnamə ləğv olunmalı və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Yuxarıda qeyd edilmiş maddələrdə təsbit edilmiş məhkəmə müdafiəsi hüququ, hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, səlahiyyətli milli məhkəmələr tərəfindən işinin ədalətli araşdırılmasını, eləcə də məhkəmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququnu da ehtiva edir. Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz. İddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tərəflər arasında mübahisə nisyə alğı-satqı nəticəsində yaranmış borcun ödənilməməsi ilə bağlıdır. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 59-cu maddəsinə görə, hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Alğı-satqı müqaviləsi ikitərəfli müqavilələrdən olub, bağlanması ilə hər iki tərəf, yəni həm alıcı, həm də satıcı üçün müəyyən vəzifələr yaratmış olur. Qeyd olunmalıdır ki, mülki dövriyyənin sabitliyinin ən vacib sütunlarından biri də, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri olan mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla yerinə yetirməyə borclu olmalarıdır (Mülki Məcəllənin 5.3-cü maddəsi). Eyni zamanda, azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının böyük iqtisadisosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Öhdəliklərin vaxtında icra edilməsi göstərilən məqsədlərlə yanaşı, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyinə və inkişafına yönəlir, bu isə banklara əmanətçilər tərəfindən göstərilən etimada müsbət təsir göstərməklə, ölkənin iqtisadi təhlükəsizliyinin qorunması və əhalinin daha da yüksək yaşayış səviyyəsinin təmin edilməsi ilə nəticələnir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014cü il 24 dekabr tarixli Qərarı). Kollegiya qeyd edir ki, Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Öhdəliyin icra edilməməsi anlayışı Mülki Məcəllənin 442-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448-ci maddəsində isə öhdəliyin icra edilməməsi üçün məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, həmin maddəyə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Azərbaycan Respublikasının Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə müvafiq olaraq, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 023-SS/22 nömrəli alğı-satqı müqaviləsinə əsasən, satıcı (İddiaçı ASC) 1 ədəd Niva Effekt SK-5ME-1 markalı taxılyığan kombaynı Cavabdeh satmağı, sonuncu isə texnikanın dəyərini əvvəlcədən ödəməyi və qəbul etməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməyərək ona verilmiş əmlakın dəyərindən 6600 manat ödəniş etmiş, ödənilməmiş 4600 manat borcu qalmış və birinci instansiya məhkəməsi də haqlı olaraq həmin məbləğin cavabdehdən tutularaq iddiaçıya qaytarılması barədə qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin əmlakın cavabdehdən alınaraq geri qaytarılması hissəsinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 404.1-ci maddəsinə uyğun olaraq tərəflər arasında yaranmış hüquq münasibətlərinin “alğısatqı” müqaviləsindən irəli gəldiyi nəticəsinə gəlmiş və bu zaman maddi hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir. Belə ki, əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (Mülki Məcəllə 404.2). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 09 dekabr 2019 və N.Əsədovanın şikayəti üzrə 12 aprel 2021ci il tarixli qərarlar). Xüsusən mülkiyyət hüququ ilə bağlı mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayətinə dair 2021-ci il 12 aprel tarixli Qərarı). Bundan başqa, Mülki Məcəllənin 600.4-cü maddəsində göstərilmişdir ki, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda qeyd edilən maddənin dispozisiya şərtlərindən də göründüyü kimi, əgər alıcı müəyyən edilmiş müddət ərzində təhvil aldığı əşyanın pulunu ödəməsə onda, satıcı ya əşyanın ödənilməsini ya da ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yəni, satıcı eyni zamanda həm pulun ödənilməsini, həm də malın ona qaytarılmasını tələb edə bilməz. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, artıq iddiaçının cavabdehin hesabına yuxarıda göstərilən məbləğdə varlandığını və tərəflər arasında bağlanmış müqavilənin də lizinq yox, alğı-satqı müqaviləsi olduğunu nəzərə alsaq, onda, ödəniləcək məbləğlə yanaşı əmlakın da iddiaçıya qaytarılması sonuncunun əsassız varlanmasına səbəb ola bilər. Belə ki, mübahisə predmeti olan əmlakın qaytarılması iddiaçının əsassız varlanmasına, cavabdehin isə həm texnikanın əldən çıxmasına, həm də ödədiyi vəsaitin itirilməsinə gətirib çıxarardı. Odur ki, məhkəmə kollegiyası tərəflərin alğı-satqı müqaviləsində olan iradə ifadələrini və onların yaratmaq istədikləri həqiqi hüquqi nəticələri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qiymət verilən hissədə qəbul edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin müqavilənin ləğv edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə əsaslıdır. İşdən müəyyən edilir ki, iddiaçının tələbi müqavilənin ləğv edilməsi, borcun və əmlakın ona geri qaytarılması barədədir. Birinci instansiya məhkəməsi iddia tələbinin müqavilənin ləğv edilməsi hissəsini rədd etmişdir. Kollegiya birinci instansiya məhkəməsi tərəfindən müqavilənin ləğv tələbinin rədd edilməsi hissəsi ilə bağlı ilkin olaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin müqavilənin ləğv edilməsi hissəsini təmin etməsə də qətnamədə bu halı ümumiyyətlə əsaslandırmamışdır. Daha sonra isə, iddiaçı tərəf, əleyhinə yaranmış hüquqi vəziyyətə görə məhkəmə aktından şikayət vermişdir. Baxılan işin hallarından göründüyü kimi, tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin ləğvi ilə əlaqədar mübahisə mövcuddur. Belə ki, iddiaçı, müqavilə öhdəliklərinin pozulmasına istinad edərək onun ləğvinə dair bildiriş göndərmiş, cavabdeh isə buna heç bir münasibət bildirməmişdir. Qeyd edilənlər müqavilənin birtərəfli iradə bəyanı ilə ləğvinin gerçəkləşibgerçəkləşmədiyinə dair tərəflər arasında ixtilafın, mübahisənin olduğuna dəlalət edir. Bu mübahisəni isə həll etmək başqa orqanın deyil, məhz məhkəmənin vəzifəsidir. Məhkəmə kollegiyası hesab edir ki, qətnamədə müqavilənin ləğv edilmədiyi müəyyən ediləcəyi halda müəyyən ziddiyyətin meydana gəlməsi istisna edilmir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, müqavilənin ləğv edilməsi tələbinin rədd edilməsi və bu məsələyə münasibətdə göstərilən ziddiyyətli yanaşmanın sərgilənməsi Mülki Məcəllənin 421-ci və digər aidiyyəti normalarının, eləcə də onların şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarındakı hüquqi mövqelərin düzgün tətbiq edilməməsindən irəli gəlir. Sözügedən Qərarda göstərilmişdir ki, “Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir... O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir... İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır”. Bununla belə, həmin Qərarda mübahisə halında müqavilənin ləğvi ilə bağlı iddia qaldırmaq imkanı və məhkəmənin belə iddiaya baxmaq səlahiyyəti istisna edilməmişdir. Ona görə ki, müqavilənin əhəmiyyətli dərəcədə pozulmasına görə birtərəfli qaydada məhkəmədənkənar ləğvinin mümkün sayılması, bütün hallarda bildiriş göndərildiyi andan müqavilənin ləğv edilməsi anlamına gəlmir. Bir çox halda müqavilənin ləğvi barədə iradə ifadəsini kontragent qəbul etmir, müqavilənin ləğvi üçün əsasların olmadığını (ləğvetmənin müqaviləyə, yaxud qanuna uyğun həyata keçirilmədiyini və s.) bildirir və həmin xüsusatlarla bağlı mübahisə yaranır. Bu hallarda ortaya çıxan mübahisəni məhkəmə həll etməlidir və tərəflərdən hər hansı birinin mənafeyi baxımından təsbit ehtiyacı yaranan halda “müqavilənin ləğv edilməsi” tələbinə məhkəmədə baxılmalıdır Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, belə hallarda məhkəmə məsələyə formal yanaşmamalı, təsbit və nəticə xarakterli tələblərin vahid bir mübahisənin tərkib hissələri olduğunu diqqətdən kənarda saxlamamalı, tərəflərin çatmaq istədikləri hüquqi nəticəni müəyyənləşdirməli, onlar arasındakı ixtilafı tam və hərtərəfli araşdırmaqla həll etməlidir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti müqavilənin ləğvi hissəsində əsaslı olduğundan, tərəflər arasında bağlanmış müqavilə də ləğv edilməlidir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olmaqla iş materialları ilə öz təsdiqini tapmamışdır. Yuxarıda qeyd edilənlərlə yanaşı məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. İşin materialları ilə müəyyən olunur ki, birinci instansiya məhəməsi tərəfindən işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə görə, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Lakin, hazırki iddia tələbindən müəyyən edilir ki, tələb üç hissədən ibarətdir: 1. borc tələbi; 2. müqavilənin ləğv edilməsi; 3. əmlakın qaytarılması. Prosessual qanunvericiliyin tələbinə görə, kommersiya mübahisələrində iddianın qiyməti on min manatdan az olan işlərə sadələşdirilmiş qaydada baxılır. Hazırki işdən isə görünür ki, iddiaçı borcun qaytarılması ilə yanaşı, müqavilənin ləğvini və əmlakın qaytarılması tələb edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki işə iddia icraatı qaydasında yox, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxmaqla prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında” da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 1994-cü il 9 dekabr tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Q Ə T E T D İ:

"xxxx" ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin 06 aprel 2024-cü il tarixli, 2-2(117)-275/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin edilsin. İddiaçı “Aqroservis" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 023-SS/22 saylı müqavilə ləğv edilsin. Cavabdeh 4600 (dörd min altı yüz) manat pul və 70 manat mediasiya xərci alınaraq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 66 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə). Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar