Məhkəmə qərarları › İş №2-2(107)-67/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-67/2025

19.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-67/2025 19.03.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X4 Vaqif oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, X1 iclas katibliyi ilə, Cavabdeh iştirakı ilə, Şəki Kommersiya Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli, e-2-2(117)-46/2025 nömrəli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı “xx.xx.2017-ci il tarixli 834-GL/17 nömrəli müqavilə üzrə yaranmış 3858 manat əsas borc, 5652.45 manat cərimə borcu və hüquqi yardımla bağlı ödənilmiş 500 manat məbləğində pul olmaqla, ümumilikdə 10010.45 manat borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixli 834-GL/17 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilənin 1.1-ci və 1.2-ci bəndlərinə əsasən, lizinq verən ümumi məbləği 5848 manat olan və 1 nömrəli Əlavədə göstərilən kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Lizinq verən "xxxx" ASC tərəfindən bir ədədinin qiyməti 17600 manat olan, Ot, küləş presləyən PLCKUP Baler 1547S markalı texnika üzrə 4712 manat ödəniş edilmiş, güzəştdən sonrakı 5848 manat qalıq məbləği isə 6 il ödəmə müddətinə əsasən lizinq alana verilmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun Agentliyə ödənilməmiş, həmin müqavilə üzrə 3858 manat əsas borcu yaranmış və iddiaçı həmin borca 5652.45 manat cərimə borcu hesablamışdır. Şəki Kommersiya Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli, e-2-2(117)-46/2025 nömrəli (hakim: M.Hüseynov) qətnaməsi ilə, iddia tələbi qismən təmin edilərək, Cavabdeh xx.xx.2017-ci il tarixli 834-GL/17 nömrəli müqavilə üzrə yaranmış 3858 manat əsas borc, 192.90 manat cərimə borcu və hüquqi yardımla bağlı ödənilmiş 250 manat məbləğində pul tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi, ödənilməmiş 49.03 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi və iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və X2 apellyasiya şikayəti vermişdir. Daha sonra isə, apellyator olan iddiaçı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi 13 mart 2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək apellyasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh apellyasiya icraatına xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəfə rəsmi məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə olan halda məhkəmə kollegiyası işə nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb, sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətindən imtina qəbul edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 369.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə əsasən, məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Hazırki işdən isə görünür ki, apellyator ərizə ilə məhkəməyə müraciət edərək apellyasiya şikayətindən imtina etdiyini və onun imtinasının qəbul edilərək şikayətin geri qaytarılmasını xahiş etmişdir. Sadalanan mülki prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, apellyasiya şikayəti verən şəxs həm də apellyasiya şikayətindən imtina etmək hüququna malikdir və bu şikayət vermiş şəxsin birtərəfli iradə ifadəsidir. Yəni apellyasiya şikayəti vermiş şəxs işdə iştirak edən digər şəxslərin buna münasibətindən asılı olmayaraq apellyasiya şikayətindən imtina edə bilər. Lakin apellyasiya şikayətindən imtina qanuna zidd olmamalı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmamalıdır. Həm də apellyasiya şikayətindən imtina apellyasiya şikayəti verən şəxsin yazılı ərizəsi ilə yetərli hesab olunmur, bunun üçün şikayətdən imtinanın məhkəmə tərəfindən qəbul edilməsi tələb olunur. Belə ki, apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Mülki Prosessual Məcəllənin 191-ci maddəsi iddiaçının iddiadan imtinasının, cavabdehin iddianı etirafının qəbul olunmasının və barışıq sazişinin təsdiq edilməsinin qaydalarını və nəticələrini nəzərdə tutur. Deməli, apellyasiya şikayətindən imtina qanuna zidd olmadıqda, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadıqda məhkəmə imtinanı qəbul etməli və apellyasiya icraatına xitam verməlidir. Belə olan halda məhkəmə kollegiyası Mülki Prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, apellyatorun şikayətindən imtina etməsi barədə iradə ifadəsini bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan yazılı formada tərtib edərək, məhkəməyə təqdim etmiş, şikayətdən imtina etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də, apelyatorun şikayətdən imtina barədə ərizəsi məhkəmə tərəfindən qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.4-cü maddəsinin tələbinə görə, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2 maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263-264, 369, 400 və 402-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı Q ə r a r a a l d ı: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin apellyasiya şikayətindən imtinası qəbul edilsin. Şəki Kommersiya Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli, e-2-2(117)-46/2025 nömrəli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar