Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-68/2023 12.09.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Məlikov Vəzirxan İsgəndər oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı MMC-nin Cavabdeh qarşı “45878,39 manat borcun, 206 manat mediasiya xərci və 32 manat dövlət rüsumunun cavabdehdən tutulması tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, e-2-2(117)- 266/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. Satıcı “X13” MMC (VÖEN **********) ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 030119/GDF/ST/003 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymətlərin razılaşdırma protokolunda qeyd olunan çəkidə və qiymətlə iri buynuzlu heyvanları alıcıya satmağı, alıcı isə alınan malların ümumi miqdarının təhvil verildikdən sonra 30 gün müddətində dəyərinin 100 %-ni ödəməyi öhdəsinə götürmüşdür.
2. Müqavilənin 6.2-ci bəndinə əsasən təchiz olunmuş mallarda qüsurlar aşkar edildikdə, yaxud malların keyfiyyəti müqavilənin şərtlərinə uyğun gəlmədikdə alıcının qüsuru aşkar etdiyi tarixdən ən geci 10 təqvim günü ərzində satıcıya etiraz göndərmək hüququ vardır. Etiraz yazılı şəkildə təqdim edilməlidir.
3. Tərəflər arasında xx.xx.2019-cu il tarixdə müqaviləyə 1 nömrəli əlavə olan qiymətlərin razılaşma protokolu təsdiq edilmiş və həmin protokolda erkək dana, çıxdaş inək və ət (məcburi/kəsim) hər kiloqramının qiymətləri razılaşdırılmışdır.
4. Satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, alıcı aldığı malların dəyərini tam ödəməmiş nəticədə 45878,39 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Cavabdehin borcunun olması xx.xx.2019 - xx.xx.2020-ci il tarixləri arası aparılmış hesablaşmalarla bağlı tərtib edilmiş xx.xx.2020-ci il tarixli üzləşmə aktı, xx.xx.2020 xx.xx.2020-ci il tarixləri arası aparılmış hesablaşmalarla bağlı tərtib edilmiş xx.xx.2020-ci il tarixli üzləşmə aktı, xx.xx.2017 - xx.xx.2020-ci il tarixləri arası aparılmış hesablaşmalarla bağlı tərtib edilmiş xx.xx.2020-ci il tarixli üzləşmə aktı, habelə satış qaimə fakturaları ilə öz təsdiqini tapır. Üzləşmə aktları tərəflərin imzaları və iddiaçının möhürü ilə təsdiq edilmişdir.
5. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, ********** VÖEN üzrə hüquqi şəxsin adı İddiaçı MMC-yə dəyişdirilmişdir.
6. İddiaçı borcun ödənilməsi ilə bağlı pretenziya məktubu ilə cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından hazırkı mübahisə yaranmışdır.
II. İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı iddia ərizəsi və sonradan iddia tələbinin artırılması barəədə ərizə ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehdən onun xeyrinə 45878,39 manat borcun, 206 manat mediasiya xərci və 32 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı iddia tələbini işin yuxarıda qeyd edilən faktiki halları ilə əsaslandırmışdır.
9. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi və vəkili verdiyi izahatında bildirmişdir ki, tərəflər arasında bağlanmış 01 mart 2019-cu il tarixli 030119/GDF/ST/003 saylı heyvanların satışına dair alqı-satqı müqaviləsisinin şərtlərinə görə İddiaçı MMC satıcı, Cavabdeh isə alıcı qismində çıxış etmişdir. Müqaviləyə əsasən, satıcı malları alıcı isə malları qəbul etməyi və ödəniş etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin şərtlərinə əsasən və müqavilənin 4.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, alıcı hazırkı müqavilənin 2.1-ci bəndində nəzərdə tutulmuş müqavilə qiymətini satıcıya malların təhvil-təslimindən sonra 30 (otuz) təqvim günü ərzində ödəmək öhdəliyi götürür. Tərəflər arasında müqavilə müansibətləri yaranan andan etibarən ümumi mal dövriyyəsi 83542,50 manat olmuşdur. Cavabdeh tərəfindən həmin məbləğin 56892,01 manat hissəsi ödənilmiş, ödənilməmiş borcu qalmışdır. Cavabdeh tərəfindən ən son ödəniş xx.xx.2020-ci il tarixində həyata keçirilmiş və həmin tarixdən bu günədək hər hansı ödəniş edilməmişdir. İş materiallarında cavabdeh tərəfindən imzalanmış və qəbul edilmiş üzləşmə aktları var və bu aktlarda borcun olduğu cavabdeh tərəfindən etiraf edilir. Bundan başqa ötən məhkəmə iclasında cavabdeh tərəfdən məhkəməyə yararsız mal ətlərinin foto-şəkilləri sübut kimi təqdim edilmişdir. Bu şəkillərin həqiqətən də iddiaçıdan təhvil alındığını sübut edən heç nə yoxdur. Bu səbəbdən bu sübutları əsassız hesab etmişrdir.
10. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh verdiyi izahatında bildirmişdir ki, iddiaçıdan malları təhvil almışdır. Lakin malların bir hissəsi xəstə və yararsız idi. Həmin malları iddiaçıya geri qaytarmışdır. Sağlam aldığı bütün malların pulunu ödəmişdir. Onlar əvvələr iddiaçı ilə şifahi razılaşmış, lakin sonradan müqavilə bağlamışlar. Pandemiya vaxtı işləməmişdir. X2 onunla şərik olmuş və borcu olan 49697,39 manatın yarısını 24850 manatı ödəməyi öz öhdəsinə götürmüşdür. Bununla bağlı o İddiaçı MMCdə izahat da verib. Üzləşmə aktlarındakı və müqavilədəki imzaların hamısı ona məxsusdur. Lakin iddiaçı tərəf onu aldadaraq bu işləri həyata keçirmişdir. Malları qəbul edən zaman ödənişi nağd qaydada ödəyir, ancaq çox vaxt üzərində pul olmadığından malları alıb, satdıqdan sonra pulunu ödəyirdi. İmzaladığı üzləşmə aktlarını Zarağan kəndində İddiaçı MMC-nin mühafizə rəisinin yanında imzalamışdır. Mühafizənin rəisi bura qol cək demiş və o da imzalamışdır.
11. Şəki Kommersiyа Məhkəməsinin (hakim Rüfət Məcidov) 24 iyun 2023-cü il tarixli, e-2-2(117)-266/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək Cavabdeh 45878,39 manat borc, 206 manat mediasiya xərci və 32 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilməsi, ödənilməmiş 195,63 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, alıcı aldığı malların dəyərini tam ödəməmiş, nəticədə 45878,39 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması tərəflər arasında tərtib edilmiş üzləşmə aktları, habelə satış qaimə fakturaları ilə öz təsdiqini tapır. Üzləşmə aktları tərəflərin imzaları və iddiaçının möhürü ilə təsdiq edilmişdir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.2, 385.1, 406.1, 442, 445.2, 448.1, 567, 600.1 və 600.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
14. Cаvаbdeh Cavabdeh оğlu həmin qətnamədən apellyasiya şikаyəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, tərəflər arasında bağlanmış müqavilə, qiymətlərin razılaşma protokolu, üzləşmə aktları, satış qaimə fakturalar və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
16. Cаvаbdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, məhkəmə qətnamədə göstərmişdir ki, satıcı müqvilə üzrə öhdəliklərini yerinə yetirsə də alıcı-yəni cavabdeh alınmış malların dəyərini tam ödəməmiş və nəticədə onun satıcıya 45878,39 manat borcu qalmışdır. Qeyd edir ki, o, heyvanları aldıqdan sonra onlardan ölənləri olmuş və ölən heyvanların şəkillərini məhkəməyə təqdim etmişdir. Həmin heyvanların dəyəri borcdan çıxılmalı olduğu halda çıxılmamışdır. İkincisi, onun qeyri-rəsmi şəriyi olmuşdur. Həmin şəriyi İddiaçı MMC-nin rəhbərliyi yaxşı tanıyır. Həmin şərik, yəni X6 onun iştirakı olmadan dəfələrlə mal almışdır. Hansı ki, həmin malların alınmasından xəbəri olmamışdır. Lakin, X4 mal aldığını və ödəniş emədiyini öz izahatında təsdiq etmişdir. O, məhkəmədə həmin izahatı təqdim etmişdir. X6 13 aprel 2022-ci il tarixdə “X13” MMC-direktoru X7 izahat verərək bildirmişdir ki, şəriyi Cavabdeh ilə birgə Ovcullu fermasından ət almışlar və ət alışında 49.697,39 manat borcları yaranmışdır. Həmin borcdan 24.850 manat borcun ödənilməsini o və X6 öz öhdəsinə götürmüşdür. Lakin təəssüf edir ki, məhkəmə bütün bunları nəzərə almamış İddiaçı MMC-nin iddiasını bütövlükdə təmin etmişdir. Hesab edir ki, məhkəmənin qətnaməsi əsassızdır və ləğv edilərək onun apellyasiya şikayəti təmin edilməlidir. Təqdim olunmuş ölmüş heyvanların foto şəkillərinin və X3 izahatı ilə təsdiq olunmuşdur ki, iddia qismən təmin olunmalı idi. Göstərilənlərə əsasən Şəki Kommersiya Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, e-2- 2(117)-266/2023 saylı qətnaməsi qismən ləğv edilməsini və iddianın qismən təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. xx.xx.2023-cü il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən İddiaçı MMC-nin direktoru Sərdar Hacıyev tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmişdir.
18. Həmin etirazda qeyd edilmişdir ki; ...apellyasiya şikayətində qeyd etdiyi məqamlar əsassızdır. Çünki Cavabdeh qeyd edir ki, o, heyvanları aldıqdan sonra onlardan ölənləri olmuş və həmin heyvanların dəyəri borcdan çıxılmalı olduğu halda çıxılmamışdır. Onun qeyri-rəsmi şəriyi olmuşdur. Həmin şərik, yəni X6 onun iştirakı olmadan dəfələrlə mal almışdır. Hansı ki, həmin malların alınmasından xəbəri olmamışdır. İddiaçı MMC tərəfindən bir-neçə dəfə cavabdehin ünvanına pretenziyalar göndərilmişdir. Sonuncu dəfə pretenziya məhkəmə portalı vasitəsi ilə xx.xx.2023-ci il tarixində göndərilmişdir. Cavabdeh bu vaxta kimi heç bir qüsur aktı və ya digər sənəd təqdim etməmişdir, halbuki, 10 təqvim günü ərzində təqdim edilməli idi. Cavabdeh ilə bir-neçə dəfə üzləşmə aparılmışdır və aktlar tərtib edilib təsdiqlənmişdir ki. hər dəfə Cavabdeh heç bir etiraz etmədəm həmin Aktları imzalamış və sonuncu üzləşmə Aktında isə şəxsən öz əli ilə “qalıq borca razıyam” qeydi yazılmaqla borcu etiraf edərək imzalamışdır. Ona görə də Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Kommersiya Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, e-2-2(117)- 266/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
19. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı MMC-nin direktoru Sərdar Hacıyev “Elektron Məhkəmə İnformasiya Sistemində” yaradılmış Elektron Kabinetdən ərizə ilə müraciət edərək hazırkı kommersiya mübahisəsinə dair işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
20. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
22. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
23. İş üzrə cavabdeh tərəf apellyasiya məhkəməsinin qətnaməsini qismən-qət edilmiş məbləğin yarısını mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikasınınn Mülki Məcəlləsi
24. Maddə 14.2.1. Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.
25. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
26. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.
27. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
28. Maddə 386.1. Öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin olmаsıdır.
29. Maddə 442. Öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür.
30. Maddə 445.2.1 Öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır.
31. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir.
32. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
33. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
34. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
35. Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.
36. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
41. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
42. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
43. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
44. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
45. Maddə 384.0.1 Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
46. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, e-2-2(117)-266/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Müəyyən edilmişdir ki, satıcı “X13” MMC (VÖEN **********) ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 030119/GDF/ST/003 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymətlərin razılaşdırma protokolunda qeyd olunan çəkidə və qiymətlə iri buynuzlu heyvanları alıcıya satmağı, alıcı isə alınan malların ümumi miqdarının təhvil verildikdən sonra 30 gün müddətində dəyərinin 100 %-ni ödəməyi öhdəsinə götürmüşdür. Satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, alıcı aldığı malların dəyərini tam ödəməmiş nəticədə 45878,39 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması xx.xx.2019-xx.xx.2020-ci il tarixləri arası aparılmış hesablaşmalarla bağlı tərtib edilmiş xx.xx.2020-ci il tarixli üzləşmə aktı, xx.xx.2017xx.xx.2020-ci il tarixləri arası aparılmış hesablaşmalarla bağlı tərtib edilmiş xx.xx.2020-ci il tarixli üzləşmə aktı, xx.xx.2020-xx.xx.2020-ci il tarixləri arası aparılmış hesablaşmalarla bağlı tərtib edilmiş xx.xx.2020-ci il tarixli üzləşmə aktı, habelə satış qaimə fakturaları ilə öz təsdiqini tapır. Üzləşmə aktları tərəflərin imzaları və iddiaçının möhürü ilə təsdiq edilmişdir.
49. Cavabdehin məhz 45878,39 manat borcunun olmasını təsdiq edən üzləşmə aktına onun tərəfindən “qalıq borcla razıyam” qeydi yazılmaqla təsdiq edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin birinci instansiya məhkəməsində verdiyi izahatında bəyan etdiyi kimi bilmədən deyil, borc məbləği ilə razılaşaraq üzləşmə aktını təsdiq etmişdir. Bu səbəbdən həmin borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
50. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən sübut qismində təqdim edilmiş fotoşəkillərə və fotoşəkillərə münasibət bildirərək, iddiaçı tərəfindən ona keyfiyyətsiz, ölmüş heyvan əti satılmasına dair etiraz dəlillərinə münasibətdə haqlı olaraq qeyd etmişdir ki, əvvəla fotoşəkillər həmin ətlərin məhz iddiaçı tərəfindən onlara satılmasını, hətta ümumiyyətlə cavabdehin obyektində onlar tərəfindən çəkilib-çəkilməməsini sübut etmədiyindən məhkəmə tərəfindən sübut qismində qəbul edilmir.
51. Bundan başqa, iddiaçı tərəfindən onlara keyfiyyətsiz, ölmüş heyvan əti satılmasına dair etiraz dəlillərinə münasibətdə əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 6.2-ci bəndinə əsasən təchiz olunmuş mallarda qüsurlar aşkar edildikdə, yaxud malların keyfiyyəti müqavilənin şərtlərinə uyğun gəlmədikdə alıcının qüsuru aşkar etdiyi tarixdən ən geci 10 təqvim günü ərzində satıcıya etiraz göndərmək hüququ vardır. Etiraz yazılı şəkildə təqdim edilməlidir.
52. Göründüyü kimi, müqavilə şərtlərinə əsasən, əgər cavabdeh ona keyfiyyətsiz, ölmüş heyvan əti satılmışdırsa əvvəla həmin məhsullar müqavilə şərtlərinə uyğun olmadığından qəbul etməyə bilərdi. Qəbul etmişdirsə, bu zaman müqavilə ilə müəyyən edilmiş qaydada 10 gün müddətində etiraz göndərə bilərdi ki, bu halı təsdiq edən etiraz və ya onun göndərilməsini təsdiq edən sübutlar işə baxan məhkəmələrə təqdim edilməmişdir.
53. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin cavabdehin qeyri-rəsmi şəriyinin olması və sonuncunun da müqavilə üzrə məsuliyyət daşıması barədə dəlilinə münasibət bildirərək qeyd edir ki, müqavilə sırf iddiaçı ilə cavabdeh arasında bağlanmışdır və müqavilənin şərtlərinə yalnız tərəflər mükəlləfdirdirlər. Tərəflər arasında bağlanmış müqavilə üzrə “şərik” X3 hər hansı bir öhdəliyinin mövcudluğu istisna olunur.
54. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir.
55. Beləliklə, məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə cavabdehin dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur. Apellyasiya şikayətində göstərilən dəlilləri təsdiq edən sübutlar təqdim olunmamışdır.
56. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.
57. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.
58. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
59. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
60. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir.
61. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin Şəki Kommersiyа Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, e-2-2(117)- 266/2023 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cаvаbdeh Cavabdeh оğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiyа Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, e-2-2(117)- 266/2023 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirlən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elçin Hüseynov