Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-69/2023 11.09.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Məlikov Vəzirxan İsgəndər oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.2021-ci il tarixli 001577 nömrəli alqı-satqı müqaviləsi əsasında cavabdehdən aldığı Epiray laserconn aparatının və onun müqavilədə qeyd olunan ehtiyat hissələrinin cavabdeh tərəfindən qəbul edilməsi, aparat və ehtiyat hissələrinə görə ödədiyi 24770 manat pulun, 167 manat dövlət rüsumunun və 200 manat mediasiya xərcinin cavabdehdən tutulması tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, e-2-2(117)-22/2023 saylı qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə3 “apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsindən imtina edilməsi və apellyasiya şikayətinin geri qaytarılması barədə həmin məhkəmənin 10 avqust 2023-cü il tarixli, e-2-2(117)-22/2023 saylı qərardadından iddiaçının nümayəndəsi və vəkili Nümayəndə3 tərəfindən verilmiş şikаyətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “xx.xx.2021-ci il tarixli 001577 nömrəli alqı-satqı müqaviləsi əsasında cavabdehdən aldığı Epiray laserconn aparatının və onun müqavilədə qeyd olunan ehtiyat hissələrinin cavabdeh tərəfindən qəbul edilməsi, aparat və ehtiyat hissələrinə görə ödədiyi 24770 manat pulun, 167 manat dövlət rüsumunun və 200 manat mediasiya xərcinin cavabdehdən tutulması” barədə tələblə müraciət etmiş, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(117)-22/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Kommersiya Məhkəməsinin həmin tarixli qərardadı ilə şikayətin kağız daşıyıcıda daxil olması səbəbi ilə geri qaytarılmışdır. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə3 Şəki Kommersiya Məhkəməsinə xx.xx.2023-cü il tarixdə “müddətin bərpası barədə” ərizəsi ilə müraciət edərək bildirmişdir ki, apellyasiya şikayətinin kağız daşıyıcıda verilməsinə səbəb iddiaçının əvvəlki vəkilinin xidmətlərindən istifadə etmək istəməməsi və elektron kabinetinin olmaması olmuşdur. Bundan başqa xx.xx.2023-cü il tarixli qərardad ona ümumiyyətlə göndərilməmişdir. Odur ki, qətnamədən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini və qətnamənin ləğv edilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 10 avqust 2023-cü il tarixli, e-2-2(117)-22/2023 saylı qərardadı ilə Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023cü il tarixli, e-2-2(117)-22/2023 saylı qətnaməsindən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina edilməsi, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2- 2(117)-22/2023 saylı qətnaməsindən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə3 tərəfindən verilmiş apelyasiya şikayəti geri qaytarılması qərara alınmışdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə3 Şəki Kommersiya Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, e-2-2(117)-22/2023 saylı qərardadından şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçının müddətin ötürməsinə səbəb əvvəlki vəkil ilə apellyasiya instansiyası üzrə müqavilə bağlamaması və order olmaması, həmçinin, vəkilin elektron kabinetinə yerləşdirilən qətnamə və qərardadlardan məlumatının olmaması olmuşdur. Ona görə də kağız daşıyıcı vasitəsi ilə vaxtında apellyasiya şikayəti verilmiş, lakin şikayət məhkəmə tərəfindən geri qaytarılmışdır. Bu isə iddiaçının məhkəmə müdafiəsi hüququna və digər konstitusion hüquqlarına ziddir. Ona görə də müddətin ötürülməsi əsaslı hesab edilməli və Şəki Kommersiya Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, e-2-2(117)-22/2023 saylı qərardadı ləğv edilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, e-2-2(117)-22/2023 saylı qərardadı ilə şikayət baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə tədqiq edib bu nəticəyə gəlir ki, şikayət təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 10 avqust 2023cü il tarixli, e-2-2(117)-22/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.1-ci maddəsinə əsasən bu Məcəllənin 355-7.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4–cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Göründüyü kimi, məhkəmə işdə iştirak edən şəxsin ərizəsinə əsasən o halda buraxılmış müddəti bərpa edir ki, qanunla müəyyən edilmiş müddətin buraxılması səbəbi hər hansı obyektiv səbəbdən baş vermiş olsun, həmin şəxsdən asılı olmayan səbəblərdən atılmalı olan addımın atılması mümkün olmasın. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(117)-22/2023 saylı qətnaməsi xx.xx.2023-cü il tarixdə tərəflərin elekton kabinetində yerləşdirilmiş, xx.xx.2023cü il tarixdə iddiaçı tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilmiş, məhkəmənin həmin tarixli qərardadı ilə şikayətin kağız daşıyıcıda daxil olması səbəbi ilə geri qaytarılmışdır. İddiaçının nümayəndəsi prosessual müddətin bərpa edilməsi ilə bağlı ərizəsini onunla əsaslandırır ki, sonuncu qərardaddan məlumatlı olmadığını, ümumiyyətlə iddiaçının elektron kabinetinin olmadığı bildirmiş və məhkəmə qərarını almadıqlarından ötürülmüş müddətin üzürlü səbəbdən buraxıldığını bildirmişdir. Göründüyü kimi, sözügedən qətnamədən ilk dəfə verilən apellyasiya şikayəti Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə geri qaytarılmış, həmin qərardad iddiaçının elektron kabinetə həmin gün yerləşdirilmiş, lakin uzun müddət keçdikdən sonra yəni, xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili tərəfindən təkrarən apellyasiya şikayəti verilmiş və bunun üzrlü səbəbləri və onun əsasları iddiaçı tərəfindən sübuta yetirilə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.2-ci maddəsinə əsasən, məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi tərəflərin, o cümlədən İddiaçı elektron kabinetinə xx.xx.2023-cü il tarixdə saat 17:41-də yerləşdirilmiş (2-ci cild, vərəqə 15) və xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti məhkəmənin həmin tarixli qərardadı ilə şikayətin kağız daşıyıcıda daxil olması səbəbi ilə geri qaytarılmışdır. Qeyd edilən qərardad isə xx.xx.2023cü il tarixdə saat 17:55-də İddiaçı məxsus elektron kabinetə yerləşdirilmişdir (çıxarış işə əlavə edilib, 2 cild, vərəqə 28). İddiaçının Elektron Məhkəmə İnformasiya Sistemində mövcud elektron kabineti barədə məlumatlardan çıxarışdan müəyyən edilir ki, İddiaçı xx.xx.2022-ci il tarixdən elektron kabineti mövcuddur. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddət hər hansı üzürlü səbəbdən deyil, iddiaçının buna etinasız yanaşması nəticəsində baş vermişdir. Məhkəmə aktlarından apellyasiya şikayəti vermək hüququnun əlverişli şəraitdə həyata keçirilməsini təmin etməkdən ötrü qanunverici kifayət qədər böyük - 1 aylıq müddət müəyyən etmiş (MPM, maddə 360) və bu müddət üzürlü səbəblərdən buraxıldıqda, onun məhkəmə qaydasında bərpa edilməsi imkanlarını da nəzərdə tutmuşdur (MPM, maddə 133). Mülki Prosessual Məcəllənin 133-cü maddəsi prosessual müddətlərin, o cümlədən məhkəmə qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası üzrə məsələnin həllini həmin müddətin davamiyyətindən asılı etmir. Müddətin bərpa edilməsi məsələsi bütün hallarda artıq qanuni qüvvəyə minmiş (hazırkı işdə olduğu kimi) məhkəmə aktı ilə əlaqədar olan məsələ kimi ortaya çıxır. Odur ki, Mülki Prosessual Məcəllənin 133-cü maddəsində məhkəmə qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi imkanlarının həmin müddətin davamiyyəti ilə əlaqələndirilməməsi, bu prosessual hüquq normasından suiistifadəyə yol açmamalı və maddənin müddəaları qüvvəyə minmiş məhkəmə aktının istənilən vaxt mübahisələndirilməsinə imkan yaradan qaydalar kimi təfsir olunmamalıdır. Çünki, apellyasiya şikayəti vermək hüququ, konkret şəxsin, pozulduğunu ehtimal etdiyi, birinci instansiya məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş vəzifələrin növbəti məhkəmə instansiyasında müdafiə vasitəsi olub, mülki-mühakimə icraatında fərdi maraqların təminat mexanizmi kimi çıxış edir. Lakin bu hüquq, yalnız fərdi maraqların deyil, həm də ictimai maraqların mühafızəsi təyinatına malik olan prosessual qaydaların pozulması hesabına həyata keçirilməməlidir. Başqa sözlə, mülki-prosessual hüquqlardan, o cümlədən MPM-in 133-cü maddəsində nəzərdə tutulan, buraxılmış müddətin bərpa edilməsi yolu ilə şikayət vermək imkanlarından elə istifadə olunmalıdır ki, mülki mühakimə icraatında fərdi və ictimai maraqlar arasında tarazlıq pozulmasın. Ümumilikdə “hüquqi müəyyənlik” prinsipi altında birləşən, ictimai maraqları əks etdirən prosessual qaydalar məcmusuna, məhkəmə qətnaməsinin şikayət verilmədiyi halda, qəbul edildiyi andan 1 ay müddətində hüquqi qüvvəyə minməsini, yəni onun təkzib edilməzliyini, qətnamənin müstəsnalığını, məcburiliyini, icra edilənliyini müəyyən edən MPM-in 233, 234 və bir sıra başqa maddələrini aid etmək olar. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında formalaşmış mülki hüquq münasibətlərinin tanınması və onların sabitliyinin təmin edilməsi, yalnız qətnamənin bilavasitə aid olduğu şəxsləri maraqlandıran məsələ deyil, həm də ictimai maraq obyektidir. Çünki, ümumilikdə mülki mühakimə sisteminin səmərəliliyi ilk növbədə qanuni qüvvəyə minmiş məhkəmə akllarının hüquqi qüvvəsinin tanınmasından, onların sabitliyinin təmin edilməsindən asılıdır. Aydındır ki, qüvvəyə minmiş məhkəmə aktına müddət keçdikdən sonra müdaxilə edilməsi və belə müdaxilə üçün prosessual imkanların yaradılması fərdi maraq ilə ictimai maraq arasında tarazlığı pozur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi də baxılan məsələyə həmin aspektdən yanaşır. Konstitusiya Məhkəməsi Cavid İsmayılzadənin şikayəti ilə əlaqədar qəbul etdiyi 13 fevral 2007-ci il tarixli qərarda qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının mübahisələndirilməsi məsələsinə münasibətini belə ifadə etmişdir: “qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res cudikata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Belə vəziyyət cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır”. Odur ki, yalnız müstəsna hallarda, şikayətlə mübahisələndirilən məhkəmə qətnaməsində buraxılan səhvin xarakterindən və əhəmiyyətindən asılı olaraq, müddətin buraxılmasından şikayət verən şəxsin özünün səhlənkarlığı müəyyən olunmadığı hallarda müddətin bərpasına yol vermək, yəni qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə yenidən baxmaq olar. Digər hallarda, belə müdaxilə ilə mülki mühakimə icraatında ictimai maraqlarla fərdi maraqların müdafiəsi arasında tarazlıq pozulur və buna haqq qazandırmaq mümkün deyil. Məhkəmə kollegiyasının bu mülahizələri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə aktlarının mübahisələndirilməsi ilə bağlı bir sıra işlərə baxan zaman nümayiş etdirdiyi və ardıcıl olaraq müdafiə elədiyi hüquqi mövqelərdən də qaynaqlanır. Məsələn: “V.K.Nelyubin Rusiya Federasiyasına qarşı iş üzrə” 12 oktyabr 2006-cı il tarixli qərardadında Avropa Məhkəməsi bildirdi ki, insan Hüquqlarının müdafiəsi və əsas azadlıqlar haqqında Avropa konvensiyasının 6-cı maddəsində təsbit edilmiş ağlabatan müddət daxilində ədalətli məhkəmə araşdırmasına (məhkəməyə) olan hüquq, Konvensiyanın hüququn aliliyini bəyan edən Preambulası nəzərə alınmaqla təfsir edilməlidir. Hüququn aliliyini təmin edən təməl şərtlərdən biri isə məhkəmələrin qəti (yəni, artıq qüvvəyə minmiş) qərarlarının şübhə altına alınmasını istisna edən hüququ müəyyənlik prinsipidir (qərardadın 22-ci bəndi). Beynəlxalq Məhkəmənin mövqeyinə görə hüquqi müəyyənlik prinsipi heç bir tərəfə sadəcə təkrar məhkəmə dinləmələrinin keçirilməsi və iş üzrə yeni qərarın çıxarılması naminə məhkəmələrin qəti və icra üçün məcburi olan qərarlarına yenidən baxılmasını tələb etməyə imkan vermir. Artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və dəyişdirilməsi üzrə yuxarı məhkəmələrin səlahiyyətləri yalnız fundamental səhvlərin düzəldilməsi üçün istifadə olunmalıdır. Baxılan məsələ üzrə sadəcə iki fərqli mövqenin mövcudluğu təkrar baxılma üçün əsas ola bilməz. Bu prinsipdən kənara çıxılmasına yalnız əhəmiyyətli və təkzibedilməz hallar olduqda bəraət qazandırmaq mümkündür (23-cü bənd). Ümumiyyətlə, Avropa Məhkəməsi Konvensiyanm 6-cı maddəsinin 1-ci paraqrafında təsbit edilən məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasını hüquqi müəyyənlik prinsipinə əməl olunması ilə əlaqələndirərək, qeyd etdi ki, konvensiya iştirakçılarının hüquq sistemlərində, verilməsi hər hansı müddət hüdudları ilə məhdudlaşdırılmayan şikayət əsasında artıq qüvvəyə minmiş və icrası məcburi olan məhkəmə qərarının ləğv edilməsi imkanının nəzərdə tutulması ədalətli məhkəmə araşdırmasına (məhkəmə müdafiəsinə) olan hüququ illüziyaya çevirir (24-cü bənd). Avropa Məhkəməsi eyni yanaşmanı Brumareskunun Rumıniyaya qarşı 28 oktyabr 1999-cu il tarixli, X1rşı 25 iyul 2002-ci il tarixli, Ryabıxın Rusiyaya qarşı 24 iyul 2003-cü il tarixli, X3rşı 19 oktyabr 2004-cü il tarixli qərardadlarda və bir sıra başqa qərarlarında da nümayiş etdirmişdir. Həmin qərarlar mülki işlər üzrə çıxarılmış qətnamələrin nəzarət icraatında təkrar araşdırılması ilə bağlı olsalar da, beynəlxalq məhkəmə bu işlərə baxarkən, ümumiyyətlə qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yenidən baxılması məsələsinə dair hüquqi mövqeyini açıqladığından, kollegiya həmin presedentlərə baxdığı məsələyə aid olan mühüm beynəlxalq hüquqi mənbələr kimi istinad edir. Beləliklə məhkəmə kollegiyası istinad edilən presedentlərə söykənərək qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 133-cü maddəsini, buraxılmış müddətin davamiyyətindən asılı olmayaraq, həmin müddətin bərpa edilməsinə və bu yolla iddiaçıya məhkəmə aktına onun qanuni qüvvəyə minməsindən sonra da təkrar baxmaq imkanı qazandıran norma kimi təfsir etməkdən imtina edir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı sayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş və şikayətin dəlilləri əsassızdır, ona görə də Şəki Kommersiya Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, e-2-2(117)-22/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа məhkəməsinin şikayətə baxarkən birinci instansiya məhkəməsinin qərаrdаdını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında, kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında, kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçının nümayəndəsi və vəkili Nümayəndə3 tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, e-2-2(117)- 22/2023 saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov
Məhkəmə qərarları › İş №2-2(107)-69/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-69/2023
11.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver