Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-70/2024 25.07.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı iş üzrə Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, Həmidova Günel Vahid qızının katibliyi, ərizəçi 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə ərizəçi 11 saylı Ərazi Vergilər Baş İdarəsinin (bundan sonra - ərizəçi) Maraqlı şəxs (bundan sonra – maraqlı şəxs) qarşı “hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 01 may 2024-cü il tаrixli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Vergi ödəyicisi olan Yevlax Rayon İstehsal İstehlak Kooperativinin(bundan sonrakooperativ) dövlət büdcəsinə vergi üzrə 3099,4 manat, Dövlət Sosial Müdafiə Fonduna 12.179,96 manat, İşsizlikdən Sığorta Fonduna 20,34 manat borcu yaranmışdır. Hüquqi şəxs haqqında məlumata əsasən müəyyən olunur ki, Maraqlı şəxs kooperativin rəhbəridir. Birinci instansiya məhkəməsində icraat Ərizəçi, maraqlı şəxsə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, kooperativin dövlət büdcəsinə 3099,4 manat, Dövlət Sosial Müdafiə Fonduna 12179,96 manat, İşsizlikdən Sığorta Fonduna 20,34 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri kimi Maraqlı şəxs (şəxsiyyəti təsdiq sənədin seriya və nömrəsi AZE0*******, FİN nömrəsi – xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, kooperativin dövlət büdcəsinə 3099,4 manat, Dövlət Sosial Müdafiə Fonduna 12179,96 manat, İşsizlikdən Sığorta Fonduna 20,34 manat borcu vardır. Bu səbəbdən qeyd olunan borc məbləğinin ödənilməsinin təmin edilməsi üçün hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Şəki Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e- 2-2(117)-466/2024 nömrəli iş üzrə qəbul etdiyi 01 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim M.Hüseynov) ərizənin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, vergi ödəyicisi olan hüquqi şəxs öhdəliyini yerinə yetirmədiyindən, kooperativin dövlət büdcəsinə 3099,4 manat, Dövlət Sosial Müdafiə Fonduna 12.179,96 manat, İşsizlikdən Sığorta Fonduna 20,34 manat borcu yaranmışdır. İş materialları kimi məhkəməyə təqdim olunmuş sənədlərdən aydın olur ki, eyni məzmunlu Yevlax Rayon Məhkəməsinin icraatında 2(039)- 2181/2018 nömrəli iş olmuş və xx.xx.2018-ci il tarixində “borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri kimi Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” ilə bağlı qətnamə qəbul edilmişdir. Bundan sonra Maraqlı şəxs tərəfindən Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilmiş və xx.xx.2018-ci il tarixli 2(107)-3007/2018 nömrəli qətnamə ilə Yevlax Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilmişdir. Daha sonra ərizəçi tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilmiş və məhkəmənin xx.xx.2019-cu il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2018ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Maraqlı şəxs tərəfindən iş materiallarına əlavə edilmiş məktubda bildirilmişdir ki, kooperativin xx.xx.2024-cü il tarixə balansında 4 ədəd, o cümlədən balans dəyəri 9291 manat olan 11 №-li mağaza, dəyəri 3645 manat olan 41 №-li mağaza, dəyəri 4008 manat olan 48 №-li mağaza, dəyəri 5126 manat olan 22 №-li mağazaların açıq hərracda satılması və hərracdan əldə olunmuş vəsaitin cəmiyyətin vergi borclarının ödənilməsi üçün siyahıya alınmasına etiraz etmir. Vergi ödəyicisi olan hüquqi şəxsin rəhbəri əmlakın siyahıya alınmasını təmin və təşkil etməyə özü təşəbbüs göstərir. Vergi ödəyicisi olan hüquqi şəxsin rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etməkdə məqsəd hesablanmış vergilərin ödənilməsini təmin etmək olduğundan, hazırki iş üzrə hüquqi şəxsin icra orqanının rəhbəri də vergi orqanına bu işdə özü yardımçı olduğundan onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına olan zərurət də aradan qalxmışdır. Bundan əlavə qeyd edilən qanunvericilikdə vergi ödəyicisinə məxsus əmlakların borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınması nəzərdə tutulur. Qeyd edilən əmlaklar həm daşınar, həm də daşınmaz ola bilər. Bu səbəbdən qeyd edilən daşınmaz əmlakların dövlət reyestrində qeydiyyatı əmlakın siyahıya alınmasından imtina edilməsinə əsas ola bilməz. Qeyd edilən daşınmaz əmlakların içərisində isə daşınar əmlakların mövcudluğu istisna deyildir. Bu səbəbdən ərizəçinin bu barədə arqumenti əsaslı sübut olaraq məhkəmə tərəfindən qəbul edilmir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 23.1.15- 3, 77.1, 78.1-ci, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-1.1-ci, “Tibbi Sığorta haqqında” Qanunun 15-5.2.2-ci, “İşsizlikdən sığorta haqqında” Qanunun 6.2.2, 6.2.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Ərizəçi apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və ərizənin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Məhkəmə tətbiq edilməli maddi hüquq normalarını tətbiq etmədiyindən, vergi orqanı tərəfindən təqdim olunan sübutları tam və hərtərəfli araşdırmadığından 01 may 2024-cü il tarixli, e-2-2(117)-466/2024 nömrəli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarını pozaraq qeyri-obyektiv qərar qəbul etmişdir. Şəki Kommersiya Məhkəməsinin 06 aprel 2024 il tarixli, e-2-2(117)- 466/2024 nömrəli sorğusuna verilmiş cavab məktubundan da göründüyü kimi borcun ödənilməsini təmin etmək üçün 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş bütün vasitələrdən istifadə edilmişdir. Belə ki, məcburi dövlət sosial sığorta, işsizlik sığortası və icbari tibbi sığorta haqları üzrə borclarının ödənilməsi tələbi barədə kooperativə vaxtaşırı bildirişlər təqdim edilmiş, borcun tutulması məqsədilə 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən “Tələbin icraya yönəldilməsi barədə” xx.xx.2020-ci il tarixli Qərar qəbul edilmişdir. Eyni zamanda “Aktivləri barədə məlumatın təqdim edilməsi” tələbi ilə vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli müraciət təqdim olunmuş, aktivlər barədə məlumat təqdim edilmədiyi üçün xx.xx.2020-ci il tarixli məsuliyyətə cəlb edilmə barədə Qərar əsasında barəsində 100 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi orqanı tərəfindən xx.xx.2020-ci il tarixdə vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə Qərar qəbul edilmiş, xx.xx.2020-ci il tarixdə kooperativin adına qeydiyyatda olan əmlakların müəyyən edilməsi məqsədilə Əmlak Məsələləri üzrə Dövlət Reyestr Xidmətinə müraciət olunmuş və xx.xx.2020-ci il tarixdə qeyd edilən qurumdan əldə etdiyimiz məlumatda kooperativin adına dövlət qeydiyyatında olan hər hansı əmlakın olmadığı barədə məlumat verilmişdir. Bundan əlavə vergi ödəyicisinin adında qeydiyyatda olan nəqliyyat vasitələri barədə xx.xx.2023-cü il tarixli müraciətə əsasən Yevlax RQİ və TBŞ-dən əldə edilən məlumatda kooperativin adına qeydiyyatda avtonəqliyyat vasitəsinin olmadığı müəyyən edilmişdir. Nəticədə vergi ödəyicisinin əmlaklarının siyahıya alınmasının həyata keçirilməsi və borcunun ödənilməsi mümkün olmamışdır. Kooperativin borcunun ödənilməsinin təmin edilməsi üsulu kimi siyahıya alınmalı əmlakı mövcud deyil. Yəni kooperativin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyetrində qeydiyyata alınmamış, sahibliyində olan hər hansı daşınmaz əmlakın siyahıya alınması vergitutma məqsədləri baxımından əhəmiyyətsizdir. Belə ki, əmlakın siyahıya alınması həmin əmlakın ticarət şəbəkələri və ya ixtisaslaşdırılmış hərrac vasitəsilə satışını və satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsini nəzərdə tutduğundan mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlakın siyahıya alınması istisna edilir. Göründüyü kimi məhkəmə qətnaməsi faktlar əsasında deyil, bütünlüklə şübhələr və ehtimallar əsasında qəbul edilmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Maraqlı şəxs apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, vergi orqanı tərəfindən 2018-ci ildə maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılıması ilə bağlı tələb irəli sürülsə də, tələb təmin edilməmişdir. Həmin məhkəmə proseslərində müəyyən edilmişdir ki, kooperativin balansında əmlakı var və həmin əmlaklar siyahıya alınaraq borc həmin əmlaklara yönəlməlidir. Vergi orqanı bundan sonra bu yönümdə tədbirlər görməyə başlamışdır. Belə ki, koopretavə məxsus əmlaklar barəsində məlumat əldə etmək üçün müvafiq orqanlara sorğular verilmişdir. Sorğular nəticəsində məlum olmuşdur ki, kooperativin adına dövlət reyestrində qeydə alınmış hər hansı əmlak yoxdur. Dövlət reyetsrində qeydə alınmamış əmlakların, yəni mülkiyyət hüququ təsdiq edilməmiş əmlakların siyahıya alınaraq hərraca çıxarılması isə mümkün deyil, bu səbəbdən vergi orqanı hazırki tələbini irəli sürmüşdür. Apellyasiya baxışının əvvəlki məhkəmə iclasında iştirak edən ərizəçi izahatında bildirmişdir ki, vergi borcundan 2385 manat ödəniş etmişdir. DSMF-yə olan borcu isə qəbul etmir, belə ki, əsassız hesablanmış borcdur. Rəhbəri olduğu kooperativin balansında 4 ədəd mağaza olsa da, həmin əmlaklar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Həmin əmlakların qeydiyyata alınması üçün rüsum tələb olunur ki, koopretaivin bunu ödəməyə imkanı yoxdur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və birinci instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 73. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsi Maddə 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrindəndir. Maddə 23.1.15-3. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarındandır. Maddə 65.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. Maddə 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Maddə 89.2. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Maddə 77.1. Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Maddə 78.1. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsi Maddə 9.1. Azərbaycan Respublikasının vətəndaşı (bundan sonra - vətəndaş) dövlət sərhədinin buraxılış məntəqələrindən keçərək sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququna malikdir. Maddə 9.3. Vətəndaşın ölkədən getmək hüququ yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər: 9.3.6-1. vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 9-1.1. Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 6.2. Sığortaedənin aşağıdakı vəzifələri vardır: --- 6.2.2. işçilərini işsizlikdən sığorta etdirmək. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, işdə olan sənədlərdən görünür ki, vergi ödəyicisi olan kooperativin dövlət büdcəsinə vergi üzrə 3099,4 manat, Dövlət Sosial Müdafiə Fonduna 12.179,96 manat, İşsizlikdən Sığorta Fonduna 20,34 manat borcu yaranmışdır. İşdə olan sənədlərdən görünür ki, yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisi olan kooperativə xx.xx.2019-cu il və xx.xx.2023-cü il tarixdə bildirişlər göndərilmişdir. İş materialları ilə həm də müəyyən olunur ki, ərizəçinin, kooperativin dövlət büdcəsinə olan 67.753 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün maraqlı şəxsin(Maraqlı şəxs) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi Yevlax Rayon Məhkəməsinin 31 avqust 2018-ci il tarixli qətnaməsi ilə təmin edilmiş. Sözügedən qətnamə Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(107)- 3007/2018-ci il tarixli qətnaməsi ilə ləğv edilmiş və ərizəçinin ərizəsi təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin sözügedən qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)-2924/2019 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan məhkəmə işlərinə baxılarkən müəyyən edilmişdir ki, koopertivin balansında 8 ədəd mağaza var və maraqlı şəxs həmin mağazaların siyahıya alınaraq satılmasına etiraz etmir. Maraqlı şəxs həmin mövqeyini hazırki icraata zamanı da müdafiə edərək və birinci instansiya məhkəməsinə ərizə ünvanlayaraq bildirmişdir ki, kooperativin balansında olan 11, 22, 41 və 48 nömrəli mağazaların siyahıya alınmasına və onların açıq hərracda satılaraq kooperativin dövlət büdsəsinə olan borclarına yönəldilməsinə etiraz etmir. Hazırki iş üzrə ərizənin təmin edilməməsi barədə birinci instansiya məhkəməsi də mövqeyini onunla əsaslandırmışdır ki, vergi ödəyicisi olan hüquqi şəxsin rəhbəri əmlakın siyahıya alınmasını təmin və təşkil etməyə özü təşəbbüs göstərir. Qeyd olunanlarla bağlı Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş “Hüquqi şəxs haqqında” məlumatdan və tərəflərin məhkəmələrə bildirdiklərindən işin mübahisəsiz halı kimi müəyyən olunur ki, kooperitivin balansında müxtəlif qeyri-yaşayış sahələri (mağaza, yemekxana və s.) var və həmin əmlaklar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmayıbdır. Bu da onu deməyə əsas verir ki, həmin əmlakların siyahıya alınaraq açıq hərracda satılması qeyri-mümkündür. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır(maddə 139.1). Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır(maddə 139.2). Göründüyü kimi, maraqlı şəxsin siyahıya alınmasını təklif etdiyi mağazalar, eyni zamanda kooperativin balansında olan daşınmaz əmlaklar dövlət qeydiyyatına alınmamışdır. Məhkəmə qeyd edir ki, kooperativin mülkiyyətində hər hansı daşınar əmlakın və ya aktiv bank hesabının olması da iş materialları ilə təsdiq olunmur. Məhkəmə bildirir ki, vergi orqanı məhkəməyə müraciət etməzdən əvvəl vergi borcunun ödənilməsinin təmin edilməsinin digər mümkün mexanizmlərindən istifadə etmiş və həmin üsul və vasitələr nəticəsiz qalmışdır. Maraqlı şəxs isə əvvəlki məhkəmə çəkişmələrindən uzun müddət keçməsinə baxamayaraq kooperativin balansında olan əmlakları dövlət qeydiyyatına aldırmamış, eyni zamanda dövlət büdcəsinə yaranmış borcunun ödənilməsi istiqamətində heç bir tədbir görməmişdir. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, ərizə əsaslı, maraqlı şəxsin ərizəyə etirazının dəlilləri isə əsassızdır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlməmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşımır. Məhkəmə, MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Ərizəçi 11 saylı Ərazi Vergilər Baş İdarəsinin apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 01 may 2024-cü il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Ərizəçi 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı “hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsi təmin edilsin. Maraqlı şəxs (şəxsiyyəti təsdiq sənədin seriya və nömrəsi AZE0*******, FİN nömrəsi – xxxxxxx) ölkədən getmək hüququ Yevlax Rayon İstehsal İstehlak Kooperativinin dövlət büdcəsinə 3099,4 manat, Dövlət Sosial Müdafiə Fonduna 12179,96 manat, İşsizlikdən Sığorta Fonduna 20,34 manat məbləğində borcu ödənilənədək müvəqqəti məhdudlaşdırılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(107)-70/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-70/2024
25.07.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver