Məhkəmə qərarları › İş №2-2(107)-70/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-70/2025

29.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-70/2025 29.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – X8 və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı - İddiaçı nümayəndəsi X1, Cavabdeh - Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 09 yanvar 2025-ci il tarixli, e-2-2(117)-70/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İddiaçı (bundan sonra-İddiaçı MMC) ilə fərdi sahibkar X6 arasında xx.xx.2021-ci il tarixində “Xam pambığın alqı-satqısına dair” 18/21-060 nömrəli müqavilə bağlanmışdır.

2. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən, “satıcı” X7, “alıcı” İddiaçı MMC-yə məxsus Yevlax rayonu Balçılı kəndində yerləşən 10 hektar torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət, qiymət və həcmdə keyfiyyətlə yerinə yetirilməsi, satıcı tərəfindən yığılmış məhsulun bu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində, alıcıya təhvil verilməsi və alıcı tərəfindən satıcının borcları çıxılmaq şərti ilə məhsulun nəmliyi, zibilliyi və növü nəzərə alınmaqla onun dəyərinin ödənilməsi təşkil edir. - 2.2.2-ci bəndinə əsasən, satıcı istifadə etdiyi pambıq toxumunun, kənd təsərrüfatı texnikası ilə göstərilən xidmətin, gübrə və pestisidlərin, göstərilən digər xidmətlərin dəyərini (hər hektardan 25 sentnerdən az olmamaqla) yetişdirdiyi yüksək keyfiyyətli xampambığı son məhsuladək, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş “Xampambığın yığılması və tədarükünə dair” Təlimatın tələblərinə müvafiq qaydada xx.xx.2022-ci il tarixədək alıcıya təhvil verir. - 2.2.3-cü bəndinə əsasən göstərilən servis xidmətlərinin, nəğd pul vəsaitini, mineral gübrənin, pestisidlərin və toxumun dəyərini müqavilənin 2.2.2-ci bəndində nəzərdə tutulan müddətdə tam şəkildə “Alıcı”ya ödəyir. Əks halda hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 0.1% həcmində, 10%-dən artıq olmamaq şərti ilə “Alıcı” ya cərimə ödəyir. Müqavilə tərəflər arasında bağlanmış və onların imza möhürləri ilə təsdiqlənmişdir. -7.1-ci bəndinə əsasən, bu müqavilə imzalandığı gündən qüvvəyə minir və müqavilədən irəli gələn öhdəliklər tam icra edilənədək qüvvədədir.

3. Bundan sonra cavabdeh qismində iştirak edən Cavabdeh ərizə ilə İddiaçı MMC-yə müraciət edərək Yevlax rayonu, Balçılı kəndində yaşayan X3 həyat yoldaşı olduğunu, onun adından işləri özünün gördüyünü və mövcud olan borcu da ödəməyi öz üzərinə götürdüyünü bildirmişdir.

II. İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı MMC Cavabdeh 6313,97 manat məbləğində borcun və 83,14 manat məbləğində dövlət rüsumunun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, 0.11.2021-ci il tarixli, 18/21-060 saylı alğısatqı müqaviləsinə əsasən Yevlax rayonu, Balçılı kəndi ərazisində 10,0 hektar sahədə pambıq əkməyivə yetişdirdiyi məhsulu “İddiaçıya” satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar “Cavabdeh” “İddiaçı”dan 17635,30 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Müqavilənin şərtlərinə əsasən götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdehin sifarişi əsasında 232,00 manat məbləğindəçöp doğrama, 570,00 manat məbləğində şum, 510,00 manat məbləğində mala çəkmə, 280,00 manat məbləğində kanal çəkmə, 110,00 manat məbləğində kanal doldurma, 210,00 manat məbləğində çiyid səpini, 896,00 manat məbləğində kultivasiya, 261,00 manat məbləğində rotasion kultivasiya, 224,0 manar məbləğində boroza, 1014,00 manat məbləğində kultivasiya gübrə, 1950,00 manat məbləğində pambığın kombaynla yığımı,3350,00 manat məbləğində pambığın becərilməsinə görə ödənilən avans vəsait, 2384,00 manat məbləğində gübrə və dərman, 1792,00 manat məbləğində çiyid, 3852,30 manat məbləğində ötən ildən ödənilməmiş qalıq borc nəzərə alınmaqla, ümumilikdə, 17635,30 manat məbləğində dəyərində işlər görülmüş, xidmətlər görülmüş, avans verilmişdir. “Cavabdeh” müqavilənin şərtlərini pozaraq mövsüm başa çatsa da 10321,34 manat məbləğində, 13138,58 kq xam-pambıq təhvil vermiş, 1000,00 manat məbləğində nəğd ödəmə nəzərə alınmaqla, çəkilmiş xərclərdən hazırkı dövrəkimi 6313,97 manat məbləğində borcu qalmışdır. Cavabdeh İddiaçı MMC-nərizə ilə müraciət edərək "xxxx" MMC-nin Yevlax filialı ilə müqavilənin həyatyoldaşı X7 arasında bağlansa da, bütün işlərin onun tərəfindən görüldüyünü və bununla bağlı öhdəliyi öz üzərinə götürməklə, 6313,97 manat məbləğində borc məbləğini hissə-hissə ödəyəcəyinə söz vermişdir. Cavabdeh öhdəliyi öz üzərinə götürsə də, ötən müddət ərzində borcu üzürlü səbəblər olmadan ödəməmişdir. Cavabdehin borclu qalması işvəxidmətlərin görülməsi barədə akt, qaiməvə ödəmə tapşırıqları, üzləşmə aktı və digər sənədlərlə təsdiq edilir

6. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddələrinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır.

7. Şəki Kommersiyа Məhkəməsinin (hakim Elnarə Hüseynova) 09 yanvar 2025-ci il tarixli, e-2-2(117)-70/2025 saylı qətnaməsi ilə iddia tələbi rədd edilərək iddia üzrə ödənilmiş 83,14 manat dövlət rüsumu İddiaçı MMC-yə aid edilməsi qət edilmişdir.

8. Məhkəmə müəyyən etmişdir ki, “Xam pambığın alqı-satqısına dair” xx.xx.2021-ci il tarixli, 18/21-060 nömrəli müqavilə İddiaçı ilə fərdi sahibkar X6 arasında bağlanmışdır. Ona görə də hazırkı iddia X4 qarşı yönəlməlidir.

9. Məhkəmə Cavabdeh tərəfindən İddiaçı MMC-yə təqdim edilən ərizəyə münasibətdə qeyd etmişdir ki, həmin ərizə İddiaçı MMC ilə Cavabdeh arasında öhdəliyin yaranmasına dəlalət etmir. Cavabdeh tərəfindən verilmiş ərizə onun üçün hər hansı öhdəlik və vəzifə yaratmır. Bu səbəbdən həmin ərizənin heç bir hüquqi əsası yoxdur.

10. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 386.2 və 387.3-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1 və 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

11. İddiaçı MMC həmin qətnamədən apellyasiya şikаyəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

12. İddiaçı apellyasiya şikayətini belə əsaslandırmışdır ki, məhkəmə tərəfindən cavabdehin İddiaçı MMC-yə öz xətti ilə imzaladığı ərizədə aqrotexniki işlərin görülməsi, gübrə və dərmanların onun tərəfindən alınaraq təsərrüfatda istifadə edildiyi, həmin sənədlərin onun tərəfindən imzalandığı və bununla bağlı borcu öz üzərinə götürməklə hissə-hissə ödəyəcəyini bildirmişdir. Lakin ərizədə qeyd edilən hallar-aktlar və digər mühasibat sənədləri işə baxan hakim tərəfindən araşdırılmadan, tərəfləri məhkəmə iclasına çağrılıb dindirmədən, zəruri hesab edildiyi halda məhkəmə-xətşünaslıq ekspertizasının təyin etmədən tərəflərin öhdəlikhüquq münasibətini müəyyən edən müqavilə bağlanmaması əsası ilə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul etmişdir. Məhkəmə cavabdehin borcu etiraf etməsinə dair ərizəsinin isə öhdəlik münasibəti yaratmadığı qənaətinə gəlmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, pambığın əkibbecərilməsi bir təsərrüfat mövsümünü nəzərdə tutur. Mövsüm başa çatdıqdan sonra artıq başa çatmış mövsüm üçün müqavilə tərtib edilməsi mümükün deyil. Hesab edirlər ki, məhkəmə iş üçün mühüm əhəmiyyət kəsb edən halları araşdırmadan, zəruri olduğu halda tərəflərin məhkəməyə dəvət edib dindirmədən əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən, Şəki Kommersiya Məhkəməsinin 09 yanvar 2025-ci il tarixli, e-2-2(117)-70/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

14. Məhkəmə kollegiyasının 27 fevral 2025-ci il tarixli, 2-2(107)-70/2025 saylı qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 394-1.4-cü maddəsinə əsasən iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

15. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X2 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, Şəki Kommersiyа Məhkəməsinin 09 yanvar 2025-ci il tarixli, e-2-2(117)-70/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

17. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. İş üzrə iddiaçı tərəf birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasınınn Mülki Məcəlləsi

19. Maddə 14.2.1. Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.

20. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

21. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

22. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

23. Maddə 445.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

24. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

25. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

26. Maddə 522.1. Kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir.

27. Maddə 522.2. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur.

28. Maddə 522.5. Kreditor icazə verməyənədək, öhdəliyi üzərinə götürmüş şəxs şübhə olduğu halda borcluya münasibətdə kreditoru vaxtında təmin etmək öhdəliyi daşıyır. Kreditorun icazə verməkdən imtina etdiyi halda da eyni qayda qüvvədə olur.

29. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

30. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.

33. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

39. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

40. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

41. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

42. Maddə 384.0.1 Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

43. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

44. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 09 yanvar 2025-ci il tarixli, e-2-2(117)-70/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

47. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

48. Qeyd olunduğu kimi, İddiaçı ilə fərdi sahibkar X6 arasında xx.xx.2021-ci il tarixində “Xam pambığın alqı-satqısına dair” 18/21-060 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən “satıcı” X7, “alıcı” İddiaçınə məxsus Yevlax rayonu Balçılı kəndində yerləşən 10 hektar torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlərin razılaşdırılmış müddət, qiymət və həcmdə keyfiyyətlə yerinə yetirilməsi, satıcı tərəfindən yığılmış məhsulun bu müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində, alıcıya təhvil verilməsi və alıcı tərəfindən satıcının borcları çıxılmaq şərti ilə məhsulun nəmliyi, zibilliyi və növü nəzərə alınmaqla onun dəyərinin ödənilməsi təşkil edir. Müqavilənin 2.2.3-cü bəndinə əsasən göstərilən servis xidmətlərinin, nəğd pul vəsaitini , mineral gübrənin, pestisidlərin və toxumun dəyərini müqavilənin 2.2.2-ci bəndində nəzərdə tutulan müddətdə tam şəkildə “Alıcı”ya ödəyir. Əks halda hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 0.1% həcmində, 10%-dən artıq olmamaq şərti ilə “Alıcı” ya cərimə ödəyir. Müqavilə tərəflər arasında bağlanmış və onların imza möhürləri ilə təsdiqlənmişdir.

49. Bundan sonra hazırkı iş üzrə cavabdeh qismində iştirak edən Cavabdeh ərizə ilə İddiaçı MMC-yə müraciət edərək Yevlax rayonu, Balçılı kəndində yaşayan X3 həyat yoldaşı olduğunu, onun adından işləri özünün gördüyünü və mövcud olan borcu da ödəməyi öz üzərinə götürdüyünü bildirmişdir.

50. Göründüyü kimi, hazırkı iş üzrə cavabdeh qismində iştirak edən Cavabdeh ilə İddiaçı MMC arasında müqavilə münasibəti və öhdəliyin əmələ gəlməsi üçün əsas mövcud deyildir.

51. İş materiallarında olan sənədlər - müqavilə, aktlar, təhvil-təslim aktları, qəbzlər borclu X6 və kreditor İddiaçı MMC tərəfindən imzalanmışdır. Eyni zamanda ödəniş tapşırıqlarından görünür ki, İddiaçı MMC tərəfindən avans məbləğləri müxtəlif vaxtlarda X3 hesabına köçürülmüşdür.

52. Belə olan halda, Cavabdeh hazırkı tələbin yönəldilə biləcəyi şəxs olmadığından cavabdeh ola bilməz.

53. Cavabdeh iddiaya cavab verməli olmayan şəxs olmasına baxmayaraq sonuncunun əsl cavabdeh ilə əvəz edilməsi barədə iddiaçı yazılı razılıq verməmişdir.

54. Məhkəmə kollegiyasının iclasında da iddiaçının nümayəndəsi Cavabdeh iş üzrə əsl cavadeh olduğuna israr etmişdir.

55. Kollegiya apellyasiya şikayətinə əlavə edilmiş öhdəliklərin verilməsi barədə üçtərəfli müqaviləyə münasibətdə qeyd edir ki, əvvala mülki prosessual qanunvericiliyin tələbinə görə, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. İkincisi, bağlandığı tarixi göstərilməyən həmin müqavilə mötəbər sübut kimi qəbul edilə bilməz. Bu isə o anlama gəlir ki, müqavilə üzrə öhdəliklər üçüncü şəxsə (hazırkı iş üzrə cavabdehə) verilməmişdir.

56. Beləliklə, məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə iddiaçının dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur.

57. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.

58. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.

59. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 09 yanvar 2025-ci il tarixli, e-2-2(117)-70/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

60. Hazırkı kommersiya mübahisəsinə dair iş üzrə qətnamənin mübahisələndirilən hissədə iddianın qiyməti on min manatdan az olduğundan qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 09 yanvar 2025-ci il tarixli, e-2-2(117)- 70/2025 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar