Məhkəmə qərarları › İş №2-2(107)-71/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-71/2025

11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-71/2025 11.03.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) – Hüseynov Elçin Şirin oğlu; Hakimlər – X3 və X2 ibarət tərkibdə; İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “cavabdehdən xx.xx.2015-cı il tarixli 126-L/15 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə 4319.05 manat gecikdirilmiş borcun, 752.87 manat hesablanmış cərimə borcunun, xx.xx.2017-ci il tarixli, 123-GL/17 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə 711 manat gecikdirilmiş borcun, 970.52 manat hesablanmış cərimə borcunun və hüquqi yardımla bağlı ödənilmiş 500 manat pulun tutularaq iddiaçıya ödənilməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli, e-2-2(117)-142/2025 saylı qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi аpellyаsiyа şikаyəti üzrə işə yazılı icraat qaydasında baxılmışdır. I. İşin halları

1. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 126-L/15 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilənin: - 1.1-ci bəndinə əsasən, lizinq verən ümumi məbləği 37 500 manat olan və Spesifikasiyada (Əlavə № 1) göstərilən kənd təsərrüfatı texnikalarını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. - 1.2-ci bəndinə əsasən lizinq alan texnikaların dəyərindən Spesifikasiyada (Əlavə № 1) göstərilən 3 750 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə (Əlavə № 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür.

2. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 126-L/15 nömrəli lizinq müqaviləsinin spesifikasiyasından görünür ki, qiyməti 37 500 manat olan, Traktor Belarus-1221 markalı texnika üzrə ilkin ödəniş məbləği 3750 manat müəyyənləşdirilərək 10 il ödəmə müddətinə əsasən lizinq verən "xxxx" ASC tərəfindən lizinq alana verilməsi nəzərdə tutulmuşdur.

3. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli 1048/ü nömrəli Əmrdə qeyd edilmişdir ki, Cavabdeh xx.xx.2015-ci il tarixli sifarişinə və xx.xx.2015ci il tarixli 126-L/15 nömrəli Lizinq müqaviləsinə əsasən, ******* zavod nömrəli, 139444 mühərrik nömrəli, 37 500 manat dəyərində olan Traktor Belarus-1221 markalı texnika ona lizinqə verilsin və texnikanın ümumi dəyərindən 3 750 manat ödənildiyi nəzərə alınsın.

4. İş materiallarında olan xx.xx.2014-cü il tarixli "xxxx" ASC-yə məxsus texnikaların təhvil qəbulu barədə aktdan görünür ki, bir ədədinin qiyməti 6550 manat olan, 133683 şassi nömrəli Taxılsəpən TS-24 markalı texnika nizamlanmış və komplekt halda "xxxx" ASC tərəfindən lizinq alan Cavabdeh təhvil verilmişdir.

5. İş materiallarında olan xx.xx.2015-ci il tarixli "xxxx" ASC-yə məxsus texnikaların təhvil qəbulu barədə aktdan görünür ki, bir ədədinin qiyməti 2900 manat olan, 151103 şassi nömrəli Kotan 5 gövdəli AGMP-14-5 markalı texnika nizamlanmış və komplekt halda "xxxx" ASC tərəfindən lizinq alan Cavabdeh təhvil verilmişdir.

6. İş materiallarında olan xx.xx.2017-ci il tarixli 123-GL/17 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilənin: - 1.1-ci bəndinə əsasən, lizinq verən ümumi məbləği 2 502 manat olan və Spesifikasiyada (Əlavə № 1) göstərilən kənd təsərrüfatı texnikalarını ilkin dəyərinin 40%-ə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. - 1.2-ci bəndinə əsasən lizinq alan texnikanın qalıq məbləğini ödəniş qrafikinə (Əlavə № 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür.

7. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 281/ü nömrəli Əmrdə qeyd edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 123-GL/17 nömrəli Lizinq müqaviləsinə əsasən, 151103 şassi nömrəli, 1 160 manat məbləğində güzəşt tətbiq edilən və qalıq məbləği 922 manat təşkil edən Kotan 5 gövdəli asma AG-MP 14-5 markalı və 133683 şassi nömrəli, 2 620 manat məbləğində güzəşt tətbiq edilən və qalıq məbləği 1 580 manat təşkil edən Taxılsəpən gübrəsəpənlə qoşulan TS-24 markalı texnikalar güzəşt tətbiq edildikdən sonra qalıq dəyəri ilə yenidən lizinqə verilsin.

II. İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı “cavabdehdən xx.xx.2015-cı il tarixli 126-L/15 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə 4319.05 manat gecikdirilmiş borcun, 752.87 manat hesablanmış cərimə borcunun, xx.xx.2017-ci il tarixli 123-GL/17 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə 711 manat gecikdirilmiş borcun, 970.52 manat hesablanmış cərimə borcunun və hüquqi yardımla bağlı ödənilmiş 500 manat pulun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 126-L/15 nömrəli və xx.xx.2017-ci il tarixli 123-GL/17 nömrəli müqavilələrə əsasən borclu (lizinq alan) lizinq obyektini lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə xx.xx.2015-ci il tarixli 126-L/15 nömrəli müqavilə üzrə 4 319,05 manat gecikdirilmiş borcu və hesablanmış 752,87 manat cərimə borcu, eləcə də xx.xx.2017-ci il tarixli 123- GL/17 nömrəli müqavilə üzrə 711 manat gecikdirilmiş borcu və hesablanmış 970,52 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir.

10. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddələrinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır.

11. Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 22 yanvar 2025-ci il tarixli, e-2-2(117)-142/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh xx.xx.2015-cı il tarixli 126-L/15 nömrəli lizinq müqaviləsinə əsasən 4319.05 manat əsas borc, 215.95 manat cərimə borcu, xx.xx.2017-ci il tarixli 123-GL/17 nömrəli lizinq müqaviləsinə əsasən 711 manat əsas borc, 35.55 manat cərimə borcu və 250 manat hüquqi yardımla bağlı ödənilmiş pul tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi, ödənilməmiş 68.46 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi göstərilmiş hüquqi yardımla bağlı vəkilə ödənilmiş məbləği təsdiq edən ödəniş tapşırığının təqdim edilməməsi, nəzərdə tutulan işlə bağlı tərəfə hüquqi yardım göstərilməsi ilə bağlı elektron vəkil orderinin iş materiallarına əlavə edilməsi, işə sadələşdirilmiş icraat qaydasında baxılması və vəkilin nəzərdə tutulan işdə fəallığı hallarını nəzərə alaraq hesab etmişdir ki, hüquqi yardımla bağlı 250 manat pulun tutulması əsaslı və ədalətlidir.

13. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 445.1, 445.2, 448.1 və 747.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 81, 217.3 və 217.4-cü maddələrinin müddəalarına istinad etmişdir.

14. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir.

15. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilələr, aktlar, maliyyə arayışları və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.

III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 904-VİQD nömrəli Qanunu ilə 121.1-ci maddədə “çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla” sözləri “təqdim edilmiş məlumatlar qiymətləndirilməklə” sözləri ilə əvəz edilmişdir. Odur ki, məhkəmə sözü gedən maddədə olunan dəyişikliyi nəzərə almamış və normanı düzgün tətbiq etməmişdir. Həmin maddədən də göründüyü kimi hüquqi yardımla bağlı məbləğin ağlabatanlılığı müəyyən edilərkən “çıxış üçün təqdim olunmuş hesab nəzərə alınması” tamamilə əsassızdır. Maddədən göründüyü kimi, mülki prosessual qanunvericilikdə kommersiya mübahisəsinə dair işlərdə vəkilin və ya iddiaçının məhkəmədə mütləq iştirak etməsi barədə hər hansı məcburedici norma mövcud deyildir. Əksinə, qanunvericilik iddiaçının və ya onun vəkilinin məhkəmə iclasına gəlmədən işə onun iştirakı olmadan baxılmasının tələb etməklə işin mahiyyəti üzrə baxılaraq qərar qəbul edilməsinin mümkünlüyünü müəyyən etmişdir. Bununla yanaşı, məhkəmə hüquq islahatı çərçivəsində iş yükünün azaldılması və prosessual qənaət prinsipinin təmin edilməsi baxımından işlərə tərəflərin və onların vəkillərinin iştirakı olmadan sadələşdirilmiş icraat qaydasında baxılması hallarının qanunvericilikdə müəyyən edilməsi də işlərin məhkəmədə deyil, məhkəməyə qədər hazırlanmasını zəruri edir. Ona görə də vəkilin əsas öhdəliyi işi məhkəməyə qədər düzgün hazırlamaq və məhkəməyə təqdim etməkdir. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 390.1 və 390.5-ci maddələri və “Vəkillər və vəkillik fəaliyyəti haqqında”Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinin İİİ hissəsinin Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16.1 və 560.2-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, hüquqi yardım xidməti yalnız məhkəmə icraatlarında iştirakla bağlı olmadığından, belə xidmət göstərən şəxslərin fəaliyyəti heç də həmişə müraciət edənin hüquqlarının və mənafelərinin müdafiəsi və ya təmsil edilməsindən ibarət olmamaqla, bəzi hallarda ərizələrin, şikayətlərin layihələrinin, məhkəməyə müraciət etmək üçün lazım olan sənədlər paketinin, hüquqi xarakterli digər sənədlərin hazırlanaraq təqdim edilməsi kimi maddi nəticələri özündə ehtiva edən işlərin icrası ilə məhdudlaşa bilər. Nəzərə almaq lazımdır ki, vəkil ilə bağlanmış müqaviləyə əsasən vəkilin hüquqi yardımla bağlı öhdəliyi müvafiq olaraq pretenziyanın və iddia ərizəsinin hazırlanması, təqdim edilməsi və bununla bağlı digər işlərin və zəruri araşdırmaların aparılmasından ibarət olmuş və hüquqi yardıma dair öhdəliklər vəkil tərəfindən icra edilmişdir. Bütün bunlar vəkilin iddianın təmin edilməsi üçün bütün zəruri hərəkətləri artıqlaması ilə etdiyini sübuta yetirir. Bundan əlavə, 7 253,44 (yeddi min iki yüz əlli üç manat 44 qəpik) manat pul tələbinə dair iddianın məhkəməyə təqdim edilməsi üçün 500 (beş yüz) manat pulun vəkilə ödənilməsinin məhkəmə tərəfindən ağlabatan hesab edilməməsi tam əsassızdır. Məhz kommersiya işlərində məhkəməyə qədər işlərin hazırlanması kifayət qədər zəhmət tələb edir ki, bu da vəkil tərəfindən həyata keçirilmişdir. Göründüyü kimi, məhkəmənin hüquqi yardıma görə vəkilə ödənilən vəsaitin ağlabatanlılığına zəruri hüquqi qiymət verməməsi düzgün olmayan qətnamə çıxarması ilə nəticələnmişdir. Göstərilənlərə əsasən Şəki Kommersiya Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli, e- 2-2(117)-142/2025 saylı qətnaməsinin hüquqi yardım ilə bağlı qismən təmin edilən hissədə ləğv edilərək, tam həcmdə təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

18. Apellyasiya instansiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq qətnamədən verilən apellyasiya şikayətinə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

19. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

21. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

22. İş üzrə iddiaçı tərəf birinci instansiya məhkəməsinin qətnaməsini qismən – iddianın təmin edilməyən “hüquqi yardım ilə bağlı” hissəsində mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

23. Maddə 14.2.1. Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.

24. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

25. Maddə 386.1. Öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin olmаsıdır.

26. Maddə 747.1. Lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

27. Maddə 14.2-ci Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

32. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

33. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

35. Maddə 384.0.1 Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

36. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli, e-2-2(117)-142/2025 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

38. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

39. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

40. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildiyi kimi, tərəflər arasında xx.xx.2015-ci il tarixli 126-L/15 nömrəli və xx.xx.2017-ci il tarixli 123-GL/17 nömrəli kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə müqavilələr imzalanmışdır. Müqavilələrin şərtlərinə əsasən iddiaçı cavabdehə kənd təsərrüfatı texnikalarını verməyi, cavabdeh isə həmin texnikaların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmiş, xx.xx.2015-ci il tarixli 126-L/15 nömrəli müqavilə üzrə 4319.05 manat gecikdirilmiş borcu, xx.xx.2017-ci il tarixli 123-GL/17 nömrəli müqavilə üzrə 711 manat ödənilməmiş borcu qalmışdır.

41. Apellyasiya şikayətinin başlıca dəlili iddia tələbinin təmin edilməyən - “hüquqi yardım ilə bağlı” hissəsində tam təmin edilməməsi ilə bağlıdır.

42. Hüquqi yardımla bağlı ödənilmiş 500 manat pulun cavabdehdən tutularaq ödənilməsi hissəsinə münasibətdə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Vəkillər X1 28 iyun 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi barədə Qaydalar”a əsasən bu Qaydalar vəkilə müştəri tərəfindən ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi ilə bağlı məsələləri tənzimləyir. Bu Qaydaların məqsədi vəkillərin maliyyə hesabatlılığının şəffaflaşdırılması yolu ilə vəkillik fəaliyyətinin səmərəli təşkilindən ibarətdir.

43. Ona görə də birinci instansiya məhkəməsi hüquqi yardımla bağlı vəkilə ödənilmiş məbləği təsdiq edən ödəniş tapşırığının təqdim edilməsini, nəzərdə tutulan işlə bağlı tərəfə hüquqi yardım göstərilməsi ilə bağlı elektron vəkil orderinin iş materiallarına əlavə edilməsini, vəkilin işin məhkəməyə hazırlanması ilə bağlı xərclərini və ödənilməli olan məbləğin ağlabatanlığını nəzərə alaraq hesab etmişdir ki, tələb olunduğu kimi 500 manat deyil, 250 manat pul məhkəməyə müraciət edilməsi ilə bağlı vəkilə ödənilmiş pul vəsaiti qismində çəkilən xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

44. Apellyasiya şikayətində vəkilin hüquqi yardımla bağlı öhdəliyi müvafiq olaraq pretenziyanın və iddia ərizəsinin hazırlanması, təqdim edilməsi və bununla bağlı digər işlərin və zəruri araşdırmaların aparılmasından ibarət olması göstərilsə də, digər işlərin və zəruri araşdırmaların nədə ifadə olunduğu açıqlanmamışdır.

45. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hüquqi yardıma görə vəkilə ödənilən vəsaitin məbləğinin iddia tələbinin həcmi ilə əlaqələndirilməsi də düzgün yanaşma olmadığından şikayətin həmin dəlili də əsassızdır.

46. Qanunun tələbinə görə, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır (31-ci bənd).

47. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.

48. Məhkəmə kollegiyası tərəfindən apellyasiya baxışı zamanı apellyasiya şikayətində qoyulmuş dəlillərlə qətnamənin mübahisələndirilən hissədə ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas verən hallar müəyyən edilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qanuni və əsaslı, həmin qətnamədən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassız və qəbuledilməzdir.

49. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

50. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Şəki Kommersiya Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli, e-2-2(117)-142/2025 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

51. Hazırkı kommersiya mübahisəsinə dair iş üzrə qətnamənin mübahisələndirilən hissədə iddianın qiyməti on min manatdan az olduğundan qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır (36-cı bənd). Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli, e-2-2(117)-142/2025 saylı qətnаməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar