Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-72/2023 03.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - podrat müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı - İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “021-S saylı xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 19197,54 manat qalıq borc məbləği və 200 manat mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 02 avqust 2023-cü il tarixli, e-2-2(117)-705/2023 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. “X1” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 021-S nömrəli soya paxlası istehsalı və alqı-satqısı barədə müqavilənin predmeti sifarişçinin sifarişi əsasında icraçı tərəfindən Şəki rayonu Göynük kəndi ərazisində 20 ha sahədə soya paxlası əkinlərinin həyata keçirilməsi və sifarişçiyə təhvil verilməsindən ibarətdir.
2. Müqavilə üzrə hər hektardan 3 ton olmaqla cəmi 60 ton soya paxlası istehsal edilməsi və satışı nəzərdə tutulmuşdur. İcraçı tərəfindən istehsal olunacaq və sifarişçi tərəfindən təhvil alınacaq məhsul bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə razılaşdırılan “soya paxlasının keyfiyyətinə dair tələblərə cavab verməlidir. Keyfiyyət tələblərinə tam uyğun olan məhsulun hər tonunun baza qiyməti 1000 manat, müqavilənin ümumi dəyəri 60000 manat təşkil edir. Məhsulun yekun təhvil-qəbul qiyməti bu müqavilənin 4-cü bəndində göstərilən şərtlər əsasında müəyyən ediləcəkdir.
3. Müqaviləyə 1 saylı əlavə ilə soya paxlasının keyfiyyətinə dair tələblər, 2 saylı əlavə ilə 1 hektarda soya paxlası becərilməsi üzrə gəlirlər və xərclər və 3 saylı əlavə ilə soya paxlasının becərilməsi üzrə texnoloji tədbirlərin yerinə yetirilməsi müddətləri və ardıcıllığı müəyyənləşdirilməklə tərəflərin imzaları və möhürlə təsdiq edilmişdir.
4. Müqavilənin icrası ilə əlaqədar xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 4500 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 4500 manat məbləğində avans, xx.xx.2022-ci il tarixli elektron qaimə ilə 17164 manat, xx.xx.2022-ci il tarixli elektron qaimə ilə 960,04 manat və xx.xx.2022-ci il tarixli elektron qaimə ilə 691 manat dəyərində toxum, gübrə, dərman vasitələri cavabdehə təhvil verilmişdir.
5. Müqavilə şərtlərinə əsasən cavabdeh götürdüyü avans vəsaitin və təhvil aldığı malların dəyərini ödəməli və borcunu bağladıqdan sonra təhvil verməli olduğu soya paxlasının qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin, cavabdeh müqavilənin şərtlərini yerinə yetirməməklə borcunu ödəməmişdir. Cavabdehin qeyd olunan məbləğdə avans götürməsi ödəniş tapşırıqları, dərman, toxum və gübrə təhvil verilməsi isə həm elektron qaimələr, həm də malların təhvil-qəbul aktları ilə öz təsdiqini tapır.
6. İşdə olan kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, “X1” MMC-nin adı dəyişdirilərək İddiaçı MMC olmuşdur.
7. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmamışdır.
II. İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı MMC iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdeh soya paxlası iistehsalı və alqı-satqısı barədə 28 mart 2022-ci il tarixli 021-S nömrəli müqaviləyə əsasən 19197,54 manat qalıq borc məbləği və 200 manat mediasiya xərcinin əvəzinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia ərizəsi işin yuxarıda qeyd edilən faktiki halları ilə əsaslandırılmış, ərizədə əlavə olaraq göstərilmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən sifarişçi tərəfindən Cavabdeh 13448,80 manat dəyərində toxum, gübrə, dərman və avans qismində 9000 manat nağd pul olmaqla, ümumilikdə 22448,80 manat məbləğində vəsait verilmişdir. Sifarişçi müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam və vaxtında icra etmiş, lakin Cavabdeh üzərinə düşən öhdəlikləri icra etməmiş və sifarişçiyə müqavilənin 1.1 və 1.2-ci bəndləri ilə nəzərdə tutulmuş miqdarda məhsul təhvil verməmişdir. Belə ki, ümumilikdə ödənilmiş 22448,80 manat məbləğdə vəsaitin qarşılığında təhvil verilmiş məhsulun dəyəri 3251,26 manat təşkil etmişdir. Bununla da müqavilə şərtlərini pozması nəticəsində cavabdehin ödənilməmiş 19197,54 manat qalıq borcu qalmışdır.
10. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək onun məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, cavabdehlə aralarında bağlanmış müqavilənin 6.3-cü bəndində texnika ilə bağlı heç bir öhdəlikləri yoxdur. Onlar icraçı tərəfi ancaq toxum və gübrə ilə təmin edirlər. Müqavilənin 6.5-ci bəndinə əsasən isə, cavabdeh sığorta şirkəti ilə anlaşdığı təqdirdə onlar sığorta ödənişini etməlidirlər.
11. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi və vəkili verdiyi izahatında bildirmişdir ki, iddiaçı tərəf müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün borc yaranıb. Bağlanmış müqavilənin 6.5-ci bəndinə əsasən iddiaçı tərəf sığorta ödəməli idi, ancaq ödəməyib. Müqavilənin 6.3-cü bəndinə əsasən isə iddiaçı tərəf biçin zamanı cavabdeh tərəfi texnika ilə təmin etməli idi. Ancaq iddiaçı tərəf kombayn vermədi, məhsul noyabr ayında biçildi. Bu səbəbdən də məhsul batmışdır.
12. Şəki Kommersiyа Məhkəməsinin (hakim Rüfət Məcidov) 02 avqust 2023-cü il tarixli, e-2-2(117)-705/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək Cavabdeh 19197,54 manat borc və 200 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilməsi, ödənilməmiş 147,59 manat dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh tərəfindən soya paxlası təhvil verilməyərək avans verilən borc və satılmış gübrə və toxumun dəyəri ödənilmədiyindən, tərəflər arasında alqı-satqı olmamış, yalnız podrat müqaviləsindən irəli gələn münasibətlər mövcud olmuşdur.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.2, 448.1, 448.2, 752.1 və 752.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
15. Cаvаbdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 həmin qətnamədən apellyasiya şikаyəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: tərəflər arasında bağlanmış müqavilə, malların qəbul təhvil aktları, elektron qaimələr, ödəniş tapşırıqları və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
17. Cаvаbdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, o, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qətiyyən razılaşmır. Belə ki, məhkəmə hazırkı iş üzrə tam və obyektiv araşdırma aparmamış, sadəcə iddiaçının nümayəndəsinin iddia ərizəsində və məhkəmə iclasında bildirdiyi ifadələrə əsaslanaraq qərar qəbul etmişdir. Hesab edir ki, iddia ərizəsi formal mülahizələr əsasında verilmiş və həqiqəti özündə əks etdirməmişdir. Məhkəmə, qətnamədə iddiaçı tərəfin dəlillərini əsas götürsə də, işə hərtərəfli və tam baxmadan, qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа deyil, iddiaçının nümayəndəsinin məlumatlarına əsasən birtərəfli qaydada qətnaməsini iddiaçının xeyrinə əsаslаndırmışdır. Məhkəmənin qətnaməsi qanuni olmamaqla yanaşı, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. Qətnamə mövcud situasiyaya hüquqi qiymət verməklə bərabər ədalətin bərpa edilməsinə yönəlməlidir. Ədalətli məhkəmə araşdırması hüququ əsas insan hüquq və azadlıqları arasında olmaqla bərabər, digər hüquqların qarantı rolunda çıxış edir. Ədalətli məhkəmə araşdırması hüququ işin məhkəmədə baxılması və qərar əldə edilməsi hüququnu deyil, məhz işin ədalətli baxılması və ədalətli məhkəmə qərarlarının əldə edilməsi hüququnu ehtiva edir. Əks halda, bu hüququn xəyali və nəzəri hala gəlməsi, digər hüquqları da qeyri-praktiki və illuziya halına gətirər. Göstərilənlərə əsasən hesab edir ki, iddia tələbində qeyd edilən halları sübuta yetirmək yükü onları iddia edən tərəfin üzərinə düşür. İddiaçı tərəf qeyd olunan hallarla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmənin gəldiyi nətiə üçün mühüm əhəmiyyəti olan hallardan biri və ən əsası iddiaçının irəli sürdüyü tələbi əsaslandıran halların araşdırılması, habelə ilk dəfə bu bölgədə soya paxlası əkinlərinin həyata keçirilməsi ilə məşgul olmalarına baxmayaraq müqavilənin bəndlərinə tam əməl etməmələrinə diqqət yetirilməmişdir. Göstərilənlərə əsasən Şəki Kommersiya Məhkəməsinin 02 avqust 2023-cü il tarixli, e-2-2(117)-705/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
19. Məhkəmə kollegiyasının iclasında İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, Şəki Kommersiya Məhkəməsinin 02 avqust 2023-cü il tarixli, e-2-2(117)-705/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
20. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh və onun nümayəndəsi və vəkili məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, cavabdeh və onun nümayəndəsi və vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
21. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
23. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
24. İş üzrə cavabdeh tərəf apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikasınınn Mülki Məcəlləsi
25. Maddə 14.2.1. Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.
26. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
27. Maddə 386.1. Öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin olmаsıdır.
28. Maddə 442. Öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür.
29. Maddə 445.2.1 Öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır.
30. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir.
31. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
32. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
33. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
39. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
40. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
41. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
42. Maddə 384.0.1 Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
43. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarı ... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 02 avqust 2023-cü il tarixli, e-2- 2(117)-705/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
46. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
47. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
48. İlk növbədə birinci instansiya məhkəməsi göstərmişdir ki, tərəflər aralarında bağlanmış müqaviləni alqı-satqı müqaviləsi adlandırsalar da, onlar arasında qarışıq müqavilə bağlanmışdır. Müqavilələrin alınmış avans dəyərinin soya paxlası şəklində qaytarılması hissəsi podrat müqaviləsi, borc qaytarıldıqdan sonra yetişdirilmiş paxlanın qalan hissəsinin satışı isə alqı-satqı müqaviləsi olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, cavabdeh tərəfindən soya paxlası təhvil verilməyərək avans verilən borc və satılmış gübrə və toxumun dəyəri ödənilmədiyindən, tərəflər arasında alqısatqı olmamış, yalnız podrat müqaviləsindən irəli gələn münasibətlər mövcud olmuşdur.
49. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin hüquqi mövqeyini əsaslı hesab edir.
50. Müəyyən edilmişdir ki, “X1” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 021-S nömrəli soya paxlası istehsalı və alqı-satqısı barədə müqavilənin predmeti sifarişçinin sifarişi əsasında icraçı tərəfindən Şəki rayonu Göynük kəndi ərazisində 20 ha sahədə soya paxlası əkinlərinin həyata keçirilməsi və sifarişçiyə təhvil verilməsindən ibarətdir. Müqavilə üzrə hər hektardan 3 ton olmaqla cəmi 60 ton soya paxlası istehsal edilməsi və satışı nəzərdə tutulmuşdur. İcraçı tərəfindən istehsal olunacaq və sifarişçi tərəfindən təhvil alınacaq məhsul bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə razılaşdırılan “soya paxlasının keyfiyyətinə dair tələblərə cavab verməlidir. Keyfiyyət tələblərinə tam uyğun olan məhsulun hər tonunun baza qiyməti 1000 manat, müqavilənin ümumi dəyəri 60000 manat təşkil edir. Məhsulun yekun təhvilqəbul qiyməti bu müqavilənin 4-cü bəndində göstərilən şərtlər əsasında müəyyən ediləcəkdir.
51. Müqaviləyə 1 saylı əlavə ilə soya paxlasının keyfiyyətinə dair tələblər, 2 saylı əlavə ilə 1 hektarda soya paxlası becərilməsi üzrə gəlirlər və xərclər və 3 saylı əlavə ilə soya paxlasının becərilməsi üzrə texnoloji tədbirlərin yerinə yetirilməsi müddətləri və ardıcıllığı müəyyənləşdirilməklə tərəflərin imzaları və möhürlə təsdiq edilmişdir.
52. Müqavilənin icrası ilə əlaqədar xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 4500 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 4500 manat olmaqla ümumilikdə 9000 manat məbləğində avans, xx.xx.2022-ci il tarixli elektron qaimə ilə 17164 manat, xx.xx.2022-ci il tarixli elektron qaimə ilə 960,04 manat və xx.xx.2022-ci il tarixli elektron qaimə ilə 691 manat dəyərində toxum, gübrə, dərman vasitələri cavabdehə təhvil verilmişdir. Müqavilə şərtlərinə əsasən cavabdeh götürdüyü avans vəsaitin və təhvil aldığı malların dəyərini ödəməli və borcunu bağladıqdan sonra təhvil verməli olduğu soya paxlasının qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin, cavabdeh müqavilənin şərtlərini yerinə yetirməməklə borcunu ödəməmişdir. Cavabdehin qeyd olunan məbləğdə avans götürməsi ödəniş tapşırıqları, dərman, toxum və gübrə təhvil verilməsi isə həm elektron qaimələr, həm də malların təhvil-qəbul aktları ilə öz təsdiqini tapır.
53. Birinci instansiya məhkəməsi elektron qaimə fakturalara münasibətdə qeyd etmişdir ki, həmin elektron qaimələr orada adı qeyd olunan malların cavabdeh tərəfindən qəbul edilməsini birbaşa təsdiq etməsə də, iş materiallarındakı sənədlərlə, yəni malların təhvil qəbul aktları ilə əlaqəli şəkildə qiymətləndirildikdə müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə mal (toxum, gübrə, dərman) təhvil verilmişdir.
54. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşaraq əlavə olaraq qeyd edir ki, cavabdeh istər birinci instansiya məhkəməsinin hazırlıq iclasında, istərsə də apellyasiya şikayətində iddiaçının ona 9000 manat nağd şəkildə avans məbləğini və 13448,80 manat dəyərində toxum, gübrə, dərman verməsini mübahisələndirməmişdir.
55. Bundan başqa, cavabdehin nümayəndəsi və vəkilinin birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatında “iddiaçı tərəfindən məhsulun biçini üçün texnika verilməməsi və iddiaçı tərəfin sığorta ödəməli olması, lakin ödəməməsi” ilə bağlı etiraz dəilinə cavabdeh tərəfindən iddiaçıya məhsulun biçini və ya texnika verilməsi ilə bağlı müraciət edilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir.
56. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “iddiaçı tərəfindən məhsulun onun dediyi vaxtda biçilməməsi” ilə bağlı dəililinə münasibətdə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya məhsulun biçini ilə bağlı müraciət edilməsini təsdiq edən sübutlar işə baxan məhkəmələrə təqdim edilməmişdir.
57. Eyni zamanda sığorta ödənişi ilə bağlı qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış müqavilənin 6.5-ci bəndinə əsasən əkinlərin sığorta haqqını ödəmək sifarişçinin vəzifəsidir. Lakin icraçı əkin sahəsinin sığortalanması ilə bağlı heç bir sənəd təqdim etməmişdir ki, belə olan halda da iddiaçı tərəfindən sığorta haqqının ödənilməsindən söhbət gedə bilməz. Cavabdeh sığorta şirkəti ilə sığorta müqaviləsini bağlamalı və iddiaçı isə onun dəyərini ödəməlidir.
58. Apellyasiya şikayətində başlıca dəlill kimi göstərilmişdir ki, iddia tələbində qeyd edilən halları sübuta yetirmək yükü onları iddia edən tərəfin üzərinə düşür. İddiaçı tərəf qeyd olunan hallarla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir.
59. Məhkəmə kollegiyası şikayətin həmin dəlili ilə bağlı qeyd edir ki, iş materialları ilə iddiaçının tərəflər arasında bağlanmış müqavilə şərtlərinə tam əməl olunması təsdiq olunur. Cavabdeh tərəf isə öz tələb və iddiaya qarşı irəli sürdüyü etirazları təsdiq edən sübutları, həmçinin, müqavilə üzrə üzrinə götürdüyü öhdəlikləri məhz iddaçının hərəkət və (ya) hərəkətsizliyi ucbatından yerinə yetirə bilməməsinə dair sübutları işə baxan məhkəmələrə təqdim edə bilməmişdir.
60. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir.
61. Beləliklə, məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə cavabdehin dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur. Apellyasiya şikayətində göstərilən dəlilləri təsdiq edən sübutlar təqdim olunmamışdır.
62. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.
63. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.
64. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
65. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
66. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir.
67. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin Şəki Kommersiyа Məhkəməsinin 02 avqust 2023-cü il tarixli, e-2-2(117)- 705/2023 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cаvаbdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiyа Məhkəməsinin 02 avqust 2023-cü il tarixli, e-2-2(117)- 705/2023 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elçin Hüseynov