Məhkəmə qərarları › İş №2-2(107)-72/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-72/2024

27.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-72/2024 27.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh «Аzəriqаz» İstehsаlаt Birliyinə qarşı (açar sözlər: Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – X6 və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “cavabdeh tərəfindən hesablanmış 2268 manat cərimənin iddiaçının abonent hesabından silinməsi və ödənilmiş rüsumunun cavabdehdən tutulması tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 10 may 2024-cü il tarixli, e-2-2(117)-565/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikаyəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. Cavabdeh İB-yə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müqavilə şərtlərinə əməl olunması ilə bağlı sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrindən çıxarış (yoxlama kodu KY2********) verilmiş və çıxarışda yoxlamanın plandankənar yoxlamanın təyin edilməsi üçün əsas kimi insanların həyat və sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlərin daxil olması, habelə kütləvi informasiya vasitələrində məlumatların yayılması, sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin, sayğacdankənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi göstərilmişdir.

2. Çıxarışa əsasən Cavabdeh İB-nin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə İddiaçı istifadəsində Qəbələ şəhərində yerləşən qeyri-yaşayış sahəsinə baxış keçirilmiş və baxış zamanı məlum olmuşdur ki, obyektin qaz xətti üzərində quraşdırılmış G-6 markalı 40379152 nömrəli qaz sayğacına və sayğacdan sonra quraşdırılan qaz cihazlarına baxış keçirərkən sayğacın maksimal gücündən əlavə 4,5 m3 sərfiyyat aşma aşkar olunmuşdur. Eyni zamanda sayğacın göstəricisinin oxunması zamanı sayğacdankənar qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar edilməmişdir. Müəyyən edilmiş hallarla bağlı təbii X2 pozulması haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli akt və xx.xx.2024-cü il tarixli yoxlama aktı tərtib edilmişdir.

3. Bundan sonra təbii X2 pozulması haqqında ******* nömrəli akt əsasında xx.xx.2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən mövcud qaz sayğacının saatlıq maksimal ölçmə həddi 10 m3/saat olduğu halda qaz qurğularının maksimal saatlıq qaz sərfi 14,2 m3/saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq itirilmiş qazın dəyəri 9072 m3 (14,2 -10 = 4,2 x 24 x 90 = 9072 m3) – 2268 manat müəyyən edilmişdir.

II. Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı akt əsasında ona hesablanmış borcun silinməsi ilə bağlı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, iddiaçı ona məxsus qeyri yaşayış sahəsində sahibkarlıqla məşğul olur. İstifadəsində olan cihazlar təbii qazla işlədiyindən qaz idarəsi ilə əlaqədar alqı satqı müqaviləsi bağlamış və müqavilə əsasında istifadə olunan qazın dəyərini təqdim olunan hesab faktura ilə ödəmişdir. Qeyri yaşayış sahəsi gün ərzində demək olar ki 10-12 saat fəaliyyət göstərdiyi halda, qaz cihazlarının hamısı eyni anda işləmədiyi halda, sayğac yalnız istehlak olunmuş qazı qeydə aldığı halda Cavabdeh İB-nin əməkdaşları tərəfindən heç bir əsas olmadan qanunsuz olaraq 19 yanvar 2024-cü il tarixli ******* saylı aktı tərtib edilmiş və 2268 manat cərimə tətbiq edilmişdir. Qanunsuz tətbiq edilmiş cərimənin silinməsi tələbi ilə cavabdehə müraciət etsə də, **********00020 saylı hesabındakı 2268 manat cərimə silinməmişdir. Bununla belə müraciətindən sonra cavabdehin ona verdiyi sənədlər içərisində onun iştirakı olmadan tərtib edilmiş ******* saylı akt, çıxarış, tələbnamə, yoxlama aktı, abonent saldosu mövcuddur. Cavabdeh İB tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 16.1.3-cü və 17-ci maddələrini rəhbər tutularaq alınmış 19 yanvar 2024-cü il tarixli KY242072968 nömrəli Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsaslanaraq ona məxsus (VÖEN: **********) Qəbələ şəhəri H.Əliyev prospektində yerləşən qeyri-yaşayış sahəsində insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə kütləvi informasiya vasitələrində məlumatlar yayıldıqda, sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi, sayğacın göstəricisinin oxunması zamanı sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi məqsədilə plandankənar (növbədənkənar) yoxlama aparılması, yoxlama xx.xx.2024-cü il tarixində başlanılması və xx.xx.2024-cü il tarixində başa çatdırılması, Zaqatala RQİİ-nin Baş mühəndisi X3 həvalə edilməsi nəzərdə tutulmuşdur. Bundan əlavə cavabdehin tərtib etdiyi 19 yanvar 2024-cü il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydaarının pozulması haqqında aktda göstərilmişdir ki, obyektin qaz xəKi üzərində quraşdırılmış G-6 markalı 40379152 nömrəli qaz sayğacından sonra quraşdırılan qaz cihazlarına baxış keçirərkən sayğacınn maksimal gücündən əlavə 4.5 kub metr sərfiyyat aşma aşkar edilmiş, hesablanmış qaz itkisi abonent tərəfindən tam ödənilməlidir. Həmçinin 30 yanvar 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, 119 yanvar 2024-cü il tarixli ******* nömrəli akt əsas götürülərək “X5” nın 1.3-cü bəndinə uyğun olaraq bağlanılmış qazın alqı-satqısı barədə müqavilənin 2.1.6-cı bəndinə əsasən mövcud qaz sayğacının saatlıq maksimal ölçmə həddi 10 kub.metr/saat olduğu halda qaz qurğularının maksimal saatlıq qaz sərfi 14.2 kub.metr/saat, hesabat müddətinin 90 gün olduğunu hər gün isə 24 saat nəzərə alaraq hesabat 14.2-10 = 4.2 x 24 x 90 = 9072 kub metr kimi aparılmışdır və onun dəyəri saldodan göründüyü kimi 2268 manat təşkil edir. Qeyd etməyi zəruri hesab etmişdir ki, cavabdeh təşkilatın ona məxsus qeyri yaşayış sahəsində aparılan yoxlamalardan məlumatsız olmuşdur, onun iştirakı təmin edilməmiş və ya buna şərait yaradılmamış, yoxlamanın keçirilməsi ilə bağlı hər hansı sənəd verilməmiş, aktlada istehlakçının nümayəndəsi kimi göstərilən şəxs (X1) onun səlahiyyətli nümayəndəsi olmamışdır.

5. Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməyərək Cavabdeh İB-nin Zaqatala RQİİ tərəfindən tərtib olunmuş təbii X2 pozulması haqqında akt əsasında hesablanmış 2268 manat borcun silinməsi tələbinə dair iddiananın rədd edilməsini xahiş etmişdir.

6. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddələrinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır.

7. Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 10 may 2024-cü il tarixli, e-2-2(117)-565/2024 saylı qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh İB tərəfindən hesablanmış 2268 manat borc İddiaçı abonent hesabından silinməsi, Cavabdeh İB-dən 42,68 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “X5”na və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanununa istinad etməklə əsaslandırmışdır.

9. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

III. Apellyasiya instansiya məhkəməsində icraat

a) apellyasiya şikayətinin dəlilləri

10. Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə yazılı etirazın dəlilləri ilə oxşar məzmunda olmuş, şikaayətdə əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi qətnamə çıxararkən işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını kommersiya iş üzrə düzgün tədbiq etməmiş, nəticədə hazırkı mübahisəli məhkəmə qətnaməsi qəbul etmişdir. Qeyd edirlır ki, istehlakçıya məxsus qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlir. İstehlakçıya aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ Birlik tərəfindən iddiaçının qanuna zidd və təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Ona görə də hazırkı vəziyyət abonenti təbii qazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan Cavabdeh hüququnun pozulması kimi qiymətləndirilməlidir. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Təqdim edilmiş aktlar, saldo və digər sənədlər sübut qismində düzgün araşdırılmamış, onlardan istifadə edilməmişdir. Bununla bərabər aktın hər iki tərəfin iştirakı ilə tərtib edilməsinə gəldikdə isə akt hər iki tərəfin iştirakı ilə tərtib edilmiş, istehlakçı qüsurun aşkarlanmasında iştirak etmiş, qüsuru təsdiq edən və inventarizasiyanın aparılmasına dair aktı imzalamışdır. Lakin məhkəmə sübutlara qiymət verməmiş, iddianın rədd edilməsi üçün bütün əsaslar olmasına baxmayaraq məhkəmə tələbi təmin etməmişdir. Məlum məsələdi ki, abonent təbii qazı sayğacsız istifadə edərkən qənaət etmək barədə düşünməyəcək, əksinə israf edərək təbii qazı talayacaqdır. Bunun nəticəsi olaraq da, birinci instansiya məhkəməsinin gəldiyi səhv nəticə qazpaylayıcı şirkətin hüquqlarını kobud surətdə pozmuşdur. Bundan əlavə maddi ziyanın hesablanmış məbləğinə gəlincə, bu məbləğ təkcə oğurlanmış qazın dəyərini ifadə etməməli, həm də tənbeh xarakteri daşımalıdır. Təbii qazı oğurluq istifadə edən şəxsə tətbiq edilən tənbeh təkcə onun oğurladığı qazın dəyərini ödəməsindən ibarət olarsa, bunun gələcəkdə eyni pozuntulara yol verilməməsi üçün çəkindirici (xəbərdaredici) təsiri olmayacaqdır. Ona görə də maddi ziyanın hesablanma qaydasına əsasən müəyyən olunan ziyan əvəzinin həmin ziyanın real həcmindən hətta əhəmiyyətli dərəcədə yüksək olması qanuni və ədalətlidir Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Şəki Kommersiya Məhkəməsinin 10 may 2024-cü il tarixli, e-2-2(117)-565/2024 saylı qətnaməsinin tamamilə ləğv edilməsi, apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun İddiaçı tutularaq Cavabdeh hesabına ödənilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı iddiaçı tərəfindən yazılı etiraz daxil olmuş, həmin etirazda verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Kommersiya Məhkəməsinin 10 may 2024-cü il tarixli, e-2-2(117)-565/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

12. Məhkəmə kollegiyasının 09 iyul 2024-cü il tarixli, 2-2(107)-72/2024 saylı qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 394-1.4-cü maddəsinə əsasən iddia icraatı qaydasında baxılması qərara alınmış və bu barədə tərəflər lazımi qaydada məlumatlandırılmışlar.

13. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

14. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

15. İş üzrə cavabdeh tərəf birinci instansiya instansiyası qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

16. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

17. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

18. Maddə 560.3 və 560.3.5.2. İstehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir.

19. Azərbaycan Respublikası Nazirlər kabinetinin 80 saylı, 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X5”: - 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. - 2.2.5 İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək paylayıcının hüquqlarına aid edilmişdir. - 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

20. Maddə 9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

21. Maddə 14.2. Məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir.

22. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir.

23. Maddə 88. Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 218.1. Qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir.

25. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

26. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya аpellyаsiyа şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Maddə 372.7. Apellyаsiyа instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Maddə 384.0.1. Apellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər.

29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

30. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

VI. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

32. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

33. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

34. Mübahisə predmeti olan 2268 manat borc sayğac göstəricisinə əsasən istehlak edilmiş təbii qazın dəyəri olmamaqla akt əsasında cavabdehə hesablanmış borc məbləğidir ki, bu işin mübahisələndirilməyən halıdır.

35. Məhkəmə kollegiyası ilk öncə onu qeyd edir ki, Cavabdeh İB tərəfindən İddiaçı istifadəsində olan qeyri-yaşayış sahəsində (çörək sexi) quraşdırılmış qaz sayğacına keçirilmiş baxış və aparılmış yoxlama qanunvericiliyin tələbinə uyğun olmuşdur.

36. Belə ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə xidmət edən qaz sayğacına keçirilmiş baxış və ya yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun təsir dairəsinə daxildir və vahid məlumat reyestrində qeydiyyata alınmalıdır.

37. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.

38. İşin təsvir edilmiş hallarından müəyyən edilmişdir ki, Cavabdeh İB-yə xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixədək müqavilə şərtlərinə əməl olunması ilə bağlı sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrindən çıxarış (yoxlama kodu KY2********) verilmiş və çıxarışda yoxlamanın plandankənar yoxlamanın təyin edilməsi üçün əsas kimi insanların həyat və sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlərin daxil olması, habelə kütləvi informasiya vasitələrində məlumatların yayılması, sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin, sayğacdankənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi göstərilmişdir. Göründüyü kimi Cavabdeh İB tərəfindən aparılmış yoxlama qanuni olmuşdur.

39. Bundan başqa yoxlama nəticəsində müəyyən edilmiş hallar, tərtib edilmiş akt və hesablanmış ziyana münasibətdə məhkəmə qeyd edir ki, akt tərtib edilərkən “X5”nın pozulması faktlarına əsaslanmış, qeyd olunan pozuntu (sayğacın maksimal gücündən əlavə 4,5 m3 sərfiyyat aşma aşkar olunması) istehlakçının təqsiri ucbatından baş verdiyi əsası ilə iddiaçıya itirilmiş qaz sərfiyyatı müəyyənləşdirilərək borc hesablanmışdır.

40. Belə ki, dəymiş ziyanın bərpasına dair tələbnamədə dəymiş ziyanın bərpasına əsas kimi qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “X2 1.3-cü bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqısı barədə müqavilənin 2.2.6-cı bəndinin (istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək) tələblərinə əsasən itirilmiş qaz bərpa edilməlidir.

41. Məhkəmə qeyd edir ki, sayğacda pozuntular müəyyən edildiyi halda itirilmiş qazın dəyərinin ödənilməsi qazpaylayıcıya o halda hüquq verir ki, müəyyən olunmuş pozuntuda istehlakçının təqsiri olmuş olsun. Belə ki, “X2” 2.2.5-ci bəndinə əsasən istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək paylayıcının hüquqlarına aid edilmişdir.

42. Eyni zamanda Cavabdeh İB-ni əməkdaşları tərəfindən fiziki şəxs (fərdi sahibkar) İddiaçı istifadəsində Qəbələ rayonu, Heydər Əliyev prospektində yerləşən qeyri-yaşayış sahəsinə (çörək sexi) xidmət edən qaz sayğacında və qeyri-yaşayış sahəsində yoxlama keçirilmişdir.

43. Göründüyü kimi sayğacın hesablama sayğacın maksimal gücündən əlavə 4,5 m3 sərfiyyatı aşması müəyyən edilərək, bununla bağlı akt tərtib edilmişdir. İtirilmiş qaz 9072 m3 olmaqla dəyəri 2268 manat məbləğində müəyyən edilərək abonentə dəymiş ziyanın bərpasına dair tələbnamə göndərilmişdir.

44. “X2” 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

45. Göründüyü kimi fərdi sahibkar olan iddiaçının istifadəsində olan qeyri-yaşayış binasına xidmət edən qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı olan cavabdeh daşıyır.

46. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, qazpaylayıcı tərəfindən həqiqətən də sayğacda sərfiyyatın maksimal gücdən əlavə hesablanması da iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, qeyd edilən pozuntunu əks etdirən akt abonentin şəxsən özü tərəfindən imzalanmamış, G.Həmidov adlı şəxs tərəfindən imzalanmış və tərtib edilən yoxlama aktını abonent imzalamaqdan imtina etmişdir ki, sonuncunun da abonentin nümayəndəsi olmasını təsdiq edən sübutlar iş materiallarında mövcud deyildir və iddiaçı yoxlamanın aparılması ilə bağlı məlumatlandırılmadığını, yoxlamada iştirakını təmin olunmadığını və aktı imzalyan şəxsin onun nümayəndəsi olmadığını bildirmişdir ki, cavabdeh bunun əksini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

47. Eyni zamanda aşkar edilmiş pozuntularla bağlı digər sübutetmə vasitələrinin (foto, video çəkiliş və s.) 2 gün müddətində məhkəməyə təqdim edilməsi ilə bağlı cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq həmin sübutlar məhkəməyə təqdim edilməmiş və sayğaca baxış keçirilməsi zamanı iddiaçının iştirakının təmin edilməsi ilə bağlı görülən tədbirlər barədə sübutlar mövcud deyildir.

48. Bundan əlavə “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X5 ilə tənzimlənir.

49. Göründüyü kimi tərtib edilmiş aktın bir nüsxəsi inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana təqdim edilməli və istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Hazırki iş üzrə isə qanunvericiliyin sadalanan tələblərinə iddiaçı tərəfindən əməl edilməsini təsdiq edən sübutlar təqdim edilməmişdir.

50. Birinci instansiya məhkəməsi işin hallarını nəzərə alaraq haqı olaraq hesab etmişdir ki, sayğacda pozuntu aşkar edilməsi, əlavə olaraq sayğaca məhz iddiaçı tərəfindən müdaxilə edilməsi, sayğacın göstəricisində sərfiyyatı aşma halı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, habelə fiziki şəxsə münasibətdə qaz sayğacını işlək vəziyyətdə saxlanılması vəzifəsi cavabdehin üzərində olduğundan borcun hesablanmasına dair Azəriqaz İB-nin hərkətləri qanunsuz olmuşdur. Bu səbəbdən də iddia tələbi təmin edilməli və 2268 manat borc iddiaçının abonent hesabından silinməlidir.

51. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.

52. Məhkəmə kollegiyası apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə dəlili ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur.

53. Ona görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir.

54. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.

55. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəki Kommersiya Məhkəməsinin 10 may 2024-cü il tarixli, e-2- 2(117)-565/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

56. Qətnamənin mübahisələndirilən hissəsi beş min manatdan az təşkil etdiyindən hazırkı qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 10 may 2024-cü il tarixli, e-2-2(117)- 565/2024 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar