Məhkəmə qərarları › İş №2-2(107)-74/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-74/2024

03.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-74/2024 03.07.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-829/2024 saylı mülki iş üzrə qəbul etdiyi 10 iyun 2024-cü il tarixli qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC (bundan sonra- iddiaçı) Cavabdeh(bundan sonra- cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin ləğv edilməsi, cavabdehdən 24.968,52 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 165 manat pul vəsaitinin tutularaq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin(bundan sonra- birinci instansiya məhkəməsi) 10 iyun 2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan birinci instansiya məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətə baxmış birinci instansiya məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardad ilə şikayəti təmin etməmiş və şikayəti baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və iş müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, birinci instansitya məhkəməsi “iddia ərizəsinin geri qaytarılması” barədə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı hazırki iddia ərizəsi ilə iki müstəqil tələb irəli sürmüşdür: müqavilənin ləğv edilməsi və müqavilə üzrə yaranmış 24.968,52 manat borcun tutulması. İddia tələbinin müqavilənin ləğv edilməsi hissəsi üzrə ödənilməli dövlət rüsumu qiymətləndirilməyən iddia üzrə 100 manat, 24.968,52 manat məbləğində pulun tutulması hissəsində isə iddianın qiymətinə uyğun olaraq 164,91 manat olmaqla, ümumilikdə 264,91 manat təşkil edir. Buna baxmayaraq iddiaçı tərəfindən 165 manat dövlət rüsumu ödənilmişdir. Belə olan halda iddiaçı ödəməli olduğu dövlət rüsumunun 99,61 manat hissəsini ödəməmişdir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin bu mövqeyi səhvdir. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı ilə cavabdeh arasında 11 may 2017-ci ildə alğı-satqı müqaviləsi bağlanmışdır. Sonuncu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün onun 24.568,52 manat məbləğində borcu yaranmışdır. İddiaçı da, məhz qeyd olunan hallara əsaslanaraq hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112-ci maddəsinin tələblərinə görə iddia bir neçə müstəqil tələbdən ibarət olduqda iddianın qiyməti bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir(maddə 112.1.10). Məhkəmə qeyd edir ki, iddiaçının tələblərinin hər ikisi bir müqavilədən irəli gəlir və müqavilənin ləğv edilməsi tələbi, tələb olunan vəsaitin ödənilməməsinə görə yaranmışdır. Yəni müqavilənin ləğv olunmasını şərtləndirən hal, məhz yaranmış borcun ödənilməməsidir. İddiaçının alğı-satqı müqaviləsinə xitam verilməsi tələbi borcun yığılması tələbi ilə bağlı törəmə və ikinci dərəcəli xarakter daşıyır və buna görə də müstəqil tələb kimi qiymətləndirilə bilməz. Bu baxımdan Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini yuxarıda qeyd edilən əsasla qaytarmaqda haqlı olmamışdır. Buna görə də, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Eyni zamanda MPM-in 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilsin. Hazırki iş üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 10 iyun 2024-cü il tarixli qərardad ləğv edilsin. İş müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi üçün Şəki Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar