Məhkəmə qərarları › İş №2-2(107)-75/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-75/2023

31.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-75/2023 31.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı - İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “234515 manat ödənilməmiş borcun, hüquqi yardımla bağlı ödənilmiş 2000 manat pulun, 400 manat mediasiya xərcinin və 124,52 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, e-2-2(117)-653/2023 saylı qətnaməsindən Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. Hazırkı kommersiya mübahisəsi satıcı İddiaçı MMC (iddiaçı) ilə alıcı Cavabdeh MMC (cavabdeh) arasında arasında mineral gübrələrin alqı-satqısı ilə bağlı müqavilə öhdəliklərinin olub olmaması, müsbət halda öhdəliyin icra vəziyyəti ilə bağlıdır.

2. Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında bağlanmış 22 iyul 2021-ci il tarixli 04-AGN/G-21 nömrəli mineral gübrələrin alqı-satqı müqaviləsinə əsasən satıcı ümumi dəyəri 260715 manat olan 372,45 ton kükürdlü-ammofos mineral gübrəsini alıcıya təhvil verərək satmağı, alıcı isə gübrəni aldıqdan sonra dəyərini ödəməyi öhdəsinə götürmüşdür.

3. Satıcı olan iddiaçı 23 iyul 2021-ci il tarixdə dəyəri 260715 manat olan 372,45 ton kükürdlü-ammofos mineral gübrəsini alıcıya təhvil vermiş və malın təhvil verilməsi ilə bağlı tərəflər arasında 23 iyul 2021-ci il tarixli 01 nömrəli akt tərtib edilməklə, imza və möhürlərlə təsdiq edilmişdir.

4. Satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, alıcı öhdəliklərini tam yerinə yetirməmiş, gübrənin dəyərindən cəmi 26200 manat ödəniş etməklə, yerdə qalan borcunu ödəməmişdir.

5. İddiaçı tərəfindən borcun ödənilməsi ilə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmiş və tərəflər arasında hazırkı mübahisə yaranmışdır.

6. Hüquqi yardımın göstərilməsi məqsədi ilə Bakı şəhər 18 saylı Vəkil Bürosunun vəkili Nümayəndə1la İddiaçı MMC arasında 16 mart 2023-cü il tarixli 655 saylı müqavilə imzalanmış və hüquqi yardıma görə 2000 manat məbləğ Bakı şəhər 18 saylı Vəkil Bürosuna köçürülmüşdür.

II. İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehdən onun xeyrinə 234515 manat ödənilməmiş borcun, hüquqi yardımla bağlı ödənilmiş 2000 manat pulun, 400 manat mediasiya xərcinin və 124,52 manat dövlət rüsumunun tutlmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı iddia tələbini işin yuxarıd aqeyd edilən faktiki halları ilə əsaslandırmış, iddia ərizəsində əlavə olaraq gösərmişdir ki, cavabdehin hazırda İddiaçı MMC-yə müqavilə üzrə ödənilməmiş 234515 manat borcu qalmışdır. Cavabdehlə dəfələrlə əlaqə saxlayıb müqavilə üzrə öhdəliyin yerinə yetirilməsini tələb etmələrinə baxmayaraq öhdəliyi yerinə yetirməkdən qərəzli olaraq yayınmışdır. Cavabdehə rəsmi xəbərdarlıq məktubu göndərilmiş lakin cavabdeh tərəfindən borc icra edilmədiyi üçün mübahisənin məhkəmədən kənar həll edilməsi üçün Şəki 1 saylı Mediasiya Təşkilatına müraciət edilmişdir. Mübahisənin mediasiya vasitəsi ilə həlli mümkün olmadığından 10 may 2023-cü il tarixdə Şəki 1 saylı Mediasiya Təşkilatı tərəfindən müvafiq arayış tərtib edilmişdir.

9. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddianı müdafiə etdiyini bildirdi və təmin olunmasını məhkəmədən xahiş etmişdir.

10. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi və vəkili verdiyi izahatında bildirmişdir ki, iddianı qəbul etmirlər. İddia əsassızdır və rədd edilməlidir. Belə ki, mallar hazırkı rəhbərliyə təhvil verilməmişdir. Təhvil-təslim aktında möhür olsa da, imza onlara məxsus deyildir.

11. Şəki Kommersiyа Məhkəməsinin (hakim Rüfət Məcidov) 03 avqust 2023-cü il tarixli, e-2-2(117)-653/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək Cavabdeh MMCdən 234515 borc, 500 manat hüquqi yardımla bağlı xidmət haqqı, 400 manat mediasiya xərci və 124,52 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilməsi, ödənilməmiş 400 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı (satıcı) ilə cavabdeh (alıcı) arasında bağlanmış 22 iyul 2021-ci il tarixli 04-AGN/G-21 nömrəli mineral gübrələrin alqı-satqı müqaviləsinə əsasən satıcı ümumi dəyəri 260715 manat olan 372,45 ton kükürdlü-ammofos mineral gübrəsini alıcıya təhvil verərək satmağı, alıcı isə gübrəni aldıqdan sonra dəyərini ödəməyi öhdəsinə götürmüşdür.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 406.1, 329.2, 567, 385.1, 386.1, 389.1, 442, 445.2 və 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 600.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) 119, 121.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

14. Cаvаbdehin nümayəndəsi və vəkili Vəkil2 həmin qətnamədən apellyasiya şikаyəti vermişdir.

15. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: alqı-satqı müqaviləsi, təhvil-qəbul aktı, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.

III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

16. Apellyasiya şikayətinin dəlillərinə əsasən, iddiaçı hesab edir ki, onlara (cavabdehə) 372,45 ton kübrə satıb, onlar isə həmin kübrənin pulunu verməmişlər. Ancaq ən əhəmiyyətli hal odur ki, mübahisə məhkəməyə qədər nizamlanmamış, Mediasiya Təşkilatı iddiaçı mediasiyada iştirak etmədiyi üçün prosesə xitam vermişdir. Belə olan halda iddiaçı mübahisənin məhkəməyə qədər həll edilməsi ilə bağlı heç bir addım atmamışdır. Bu səbəbdən də məhkəmə prosesində onların mövqeyi normal qaydada öz həllini tapmamışdır. Bildirir ki, iddiaçıya məxsus kükürdlü amofos kübrəsinin “cavabdehə heç bir aidiyyatı yoxdur. Belə ki, o, (cavabdehin direktoru M.Quliyev) "xxxx" ASC-nin Yevlax Regional Nümayəndəliyinin direktoru işləyən zaman Elşən müəllim adlı şəxs "xxxx"in sədri Elmin müəllimdən xahiş etmişdir ki, həmin kübrə onların müəssisədə anbardan kənar köhnə binalarda saxlanılsın. 2020-ci ilin aprel ayında həmin kübrəni özləri daşıyıb gətirib nümayəndəliyin ərazisində olan qapısız, pəncərəsiz binalara yığmış və heç kimə təhvil verməmişlər. Həmin kükürdlü kübrənin satılmasına onlardan köməklik istəmişlər. Həmin kübrədən anbardar Rauf Aslanov adlı şəxs 60 tonunu satmış, pulunu həmin vaxt "xxxx" ASC-nin direktoru işləyən Elxan Məmmədova göndərmişlər. Həmin pulu onların işçisi Nümayəndə2 və Orxan adlı sürücü birlikdə aparıb Elxan Məmmədova veriblər. O, iddianı qəbul etmir. Onun kübrənin alış və verişində heç bir rolu yoxdur. Hər-bir halda alınmış kübrənin alqı-satqı müqaviləsi və qaimələri mövcuddur. Heç-bir müqavilə və qaimədə bizə aid nə imza, nə də hər hansı bir mötəbər sübut mövcuddur. Bundan başqa məhkəməyə təqdim edilən sənədlərin, alqı-satqı müqaviləsinin heç birində onun imzası mövcud deyildir. O, müqavilə öhdəliyinə vurulmuş möhürlə yox, atdığı imza ilə cavabdehdir. Hesab edir ki, bütün bunlar məhkəmə tərəfindən tam və hərtərəfli qaydada araşdırılmadan işin faktiki halları tam öyrənilmədən onun əleyhinə qərar qəbul edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 406, 329, 567, 385.1, 386, 389, 442-445, 448-ci maddələrinin tələblərini pozmuşdur. Göstərilənlərə əsasən Şəki Kommersiya Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, e-2-2(117)-653/2023 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. xx.xx.2023-cü il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmişdir. Həmin etirazin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eyniyyət təşkil olmu, etirazda əlavə olaraq qeyd edilmişdir ki; ...cavabdehin iddia ərizəsində qeyd olunan məbləğdə borcunun olması tərəflər arasında bağlanmış və imza, möhürlərlə təsdiq edilmiş alqı-satqı müqaviləsi və təhvilqəbul aktı ilə öz təsdiqini tapır. Cavabdehin təhvil-təslim aktında möhür olsa da, imzanın onlara məxsus olmaması ilə bağlı dəlilinə münasibətdə ilk öncə qeyd edir ki, hüquqi şəxsin rəhbəri və ya onun səlahiyyətini icra edən şəxs, habelə rəhbər tərəfindən səlahiyyət verilmiş digər şəxslər müqavilə bağlayarkən və müqavilənin icrası məqsədilə hər hansı bir sənədi təsdiq edərkən şəxsən öz adlarından deyil, təmsil etdikləri orqanın adından həmin sənədləri təsdiq edirlər ki, belə olan halda da hazırki iş üzrə mübahisə predmeti olan gübrə cavabdeh hüquqi şəxsin rəhbərliyinə deyil, hüquqi şəxsə təhvil verilmiş və həmin hüquqi şəxsin səlahiyyətli nümayəndəsi tərəfindən təhvil aktına müvafiq imza edilmiş və möhürlə təsdiq edilmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində göstərilən xüsusatlar tamamilə formal xarakter daşımaqla yanaşı, sadəcə olaraq məhkəmə aktının icrasının gecikdirilməsinə hesablanmış addımdır. Ona görə də, cavabdeh X1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Kommersiya Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, e-2-2(117)-653/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

18. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, Şəki Kommersiya Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, e-2-2(117)-653/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

19. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh təkrarən məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

20. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

22. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

23. İş üzrə cavabdeh tərəf apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Mülki Məcəllə

24. Maddə 14.2.1. Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.

25. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

26. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

27. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

28. Maddə 386.1. Öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin olmаsıdır.

29. Maddə 442. Öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür.

30. Maddə 445.2.1 Öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır.

31. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir.

32. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

33. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

34. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

Mülki Prosessual Məcəllə

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.

38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

41. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

42. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

43. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

44. Maddə 384.0.1 Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

45. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, e-2-2(117)-653/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

47. İlk növbədə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamənin bəzi yerlərində iddia tələbini “234515 manat” əvəzinə “243515 manat” kimi göstərmişdir. Məhkəmə kollegiyası bunu mexaniki səhv kimi nəzərə alır.

48. Müəyyən edilmişdir ki, satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 22 iyul 2021-ci il tarixli, 04-AGN/G-21 nömrəli mineral gübrələrin alqı-satqı müqaviləsinə əsasən satıcı ümumi dəyəri 260715 manat olan 372,45 ton kükürdlü-ammofos mineral gübrəsini alıcıya təhvil verərək satmağı, alıcı isə gübrəni aldıqdan sonra dəyərini ödəməyi öhdəsinə götürmüşdür.

49. Satıcı olan iddiaçı 23 iyul 2021-ci il tarixdə dəyəri 260715 manat olan 372,45 ton kükürdlü-ammofos mineral gübrəsini alıcı olan cavabdehə təhvil vermiş və malın təhvil verilməsi ilə bağlı tərəflər arasında 23 iyul 2021-ci il tarixli 01 nömrəli akt tərtib edilməklə, imza və möhürlərlə təsdiq edilmişdir. İddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh öhdəliklərini tam yerinə yetirməmiş, gübrənin dəyərindən cəmi 26200 manat ödəniş etmiş, nəticədə sonuncunun 234515 manat ödənilməmiş borcu qalmışır. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması tərəflər arasında bağlanmış və imza, möhürlərlə təsdiq edilmiş alqı-satqı müqaviləsi və təhvil-qəbul aktı ilə öz təsdiqini tapır. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin məbləğdə borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

50. Birinci instansiya məhkəməsi cavabdehin nümayəndəsi və vəkilinin məhkəmə iclasında “malların hazırkı rəhbərliyə təhvil verilməməsi və təhvil-təslim aktında möhür olsa da, imzanın onlara məxsus olmaması” ilə bağlı etiraz dəlilinə münasibətdə qeyd etmişdir ki, hüquqi şəxsin rəhbəri və ya onun səlahiyyətini icra edən şəxs, habelə rəhbər tərəfindən səlahiyyət verilmiş digər şəxslər müqavilə bağlayarkən və müqavilənin icrası məqsədilə hər hansı bir sənədi təsdiq edərkən şəxsən öz adlarından deyil, təmsil etdikləri orqanın adından həmin sənədləri təsdiq edirlər ki, belə olan halda da hazırkı iş üzrə mübahisə predmeti olan gübrə cavabdeh hüquqi şəxsin rəhbərliyinə deyil, hüquqi şəxsə təhvil verilmiş və həmin hüquqi şəxsin səlahiyyətli nümayəndəsi tərəfindən təhvil aktına müvafiq imza edilmiş və möhürlə təsdiq edilmişdir.

51. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin mövqeyini əsaslı sayır.

52. Belə ki, cavabdeh hüquqi şəxsin rəhbərliyinin dəyişməsi həmin hüquqi şəxsi əvvəlki hüquq, vəzifələrindən və məsuliyyətindən azad edə etmir.

53. Bundan başqa, qeyd edilməlidir ki, əgər təhvil aktına imza etmiş həmin şəxsin buna səlahiyyəti olmamışdırsa, əvvəla bununla bağlı işə məhkəmələrə hər hansı sübut təqdim edilməmişdir. Bundan başqa müəssisənin möhürü onu qanunla və hüquqi şəxsin təsis sənədləri ilə təhsil etmək hüququ olan şəxsdə olur ki, qeyd edilidiyi kimi, müəssisə təhvil-təslim aktını müəssisənin möhürü ilə təsdiq etmişdir.

54. Digər tərəfdən, hazırkı apellyasiya şikayəti üzrə 2 dəfə məhkəmə iclası təyin edilməsinə və bu barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməmiş və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmədiyindən apellyasiya şikayətinin dəlillərini müdafiə etməmişdir.

55. Göründüyü kimi, cavabdeh tərəflər arasında mövcud olmuş alqı-satqı müqaviləsi, təhvil-qəbul aktı, ödəniş tapşırıqları və maliyyə arayışının mötəbərliklərini şübhə altına alan hər hansı sübutu mübahisəyə baxan məhkəmələrə təqdim etməmiş və təqdim edə bilməmişdir.

56. Cavabdeh iddiaçı ilə aralarında alqı-satqı müqaviləsinin bağlanmamasını, iddiaçıdan heç bir mal qəbul etməməsini göstərsə də, nə üçün iddiaçıya gübrə məhsulunun ümumi dəyərindən 26200 manat pulu ödəməsinin ağlabatan izahını verə bilməmişdir.

57. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir.

58. Beləliklə, məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə cavabdehin dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur. Apellyasiya şikayətində göstərilən dəlilləri təsdiq edən sübutlar təqdim olunmamışdır.

59. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.

60. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.

61. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

62. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.

63. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir.

64. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin Şəki Kommersiyа Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, e-2-2(117)- 653/2023 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cаvаbdeh Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiyа Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, e-2-2(117)- 653/2023 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar