Məhkəmə qərarları › İş №2-2(107)-76/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-76/2024

23.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-76/2024 23.07.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ http://cms.justice.loc/Common/Content.aspx?Id=4606676İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), X5 və X3 ibarət tərkibdə, Həmidova Günel Vahid qızının katibliyi, http://cms.justice.loc/Common/Content.aspx?Id=4606676İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, http://cms.justice.loc/Common/Content.aspx?Id=4606676İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra- iddiaçı) Cavabdeh (bundan sonra-cavabdeh) qarşı “xx.xx.2022-ci il tarixli, 024-SS/22 nömrəli müqavilə üzrə 4250 manat borcun və 70 manat mediasiya xərcinin tutulması, müqavilənin ləğv edilməsi və müqavilə predmeti olan 1 ədəd taxılyığan kombaynın saz vəziyyətdə geri qaytarılması” tələbinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 07 may 2024-cü il tаrixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 024-SS/22 nömrəli alğı-satqı müqaviləsinə(bundan sonra- Müqavilə) əsasən satıcı (iddiaçı) dəyəri 10.500 manat olan 1 ədəd “Niva Effekt SK-5ME-1” markalı taxılyığan kombaynı(bundan sonratexnika) alıcıya(cavabdehə) satmağı, alıcı isə ilkin olaraq texnikanın dəyərindən 5250 manat ödəniş etməyi, texnikanın dəyərinin 5250 manat hisəsini isə 2022-ci il 15 sentyabr tarixinədək ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli akta əsasən müəyyən olunur ki, texnika saz vəziyyətdə cavabdehə təhvil verilmişdir. Müqaviləyə dair xx.xx.2022-ci il tarixdə tərəflər arasında imzalanmış razılaşma protokoluna əsasən, texnikanın dəyərinin ödənilməmiş qalan 4250 manat hissəsinin ödənilməsi müddəti 2023-cü ilin 15 sentyabr tarixinədək uzadılmışdır. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışı ilə müəyyən olunur ki, Müqavilə üzrə cavabdeh tərəfindən 6250 manat ödəniş edilmiş, 4250 manat isə borc yaranmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli, 024- SS/22 nömrəli müqavilə üzrə 4250 manat borcun və 70 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, müqavilənin ləğv edilməsi və müqavilə predmeti olan 1 ədəd “Niva Effekt SK5ME-1” markalı taxılyığan kombaynın saz vəziyyətdə geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmiş və müqavilə müddətinin başa çatmasına baxmayaraq ödəməli olduğu məbləği tam ödəməmişdir. Belə ki, o, şərtlərə əsasən 2023cü il 15 sentyabr tarixinədək 10.500 manat ödəməli olduğu halda 6250 manat məbləğdə ödəniş aparmış və müqavilə üzrə 4250 manat borcu yaranmışdır. Cavabdehə borc məbləğinin ödənilməsi barədə göndərilmiş pretenziya cavabsız qalmışdır. Şəki Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e- 2-2(117)-561/2024 nömrəli iş üzrə qəbul etdiyi 07 may 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 4250 manat borc və 70 manat mediasiya xərcinin tutularaq İddiaçı ASC-yə ödənilməsi, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 024-SS/22 nömrəli alğı-satqı müqaviləsinin ləğv edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyini lazımınca yerinə yetirməmiş, 10.500 manat məbləğində olan pul öhdəliyindən 6250 manat ödəniş etmiş, qalan məbləği isə ödəməmişdir. Bu hal maliyyə arayışı ilə təsdiq olunduğundan 4250 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə müqavilənin ləğv edilməsi və müqavilə predmeti olan texnikanın saz vəziyyətdə cavabdeh tərəfindən geri qaytarılmasına münasibətdə qeyd etmişdir ki, tələb bu hissədə qismən əsaslıdır. Belə ki, məhkəmə müəyyən etmişdir ki, iddiaçı məhkəməyə qədər müqavilənin ləğv edilməsi ilə bağlı qarşı tərəfə hər hansı bir bildiriş və pretenziya verməmişdir. Buna baxmayaraq iddiaçı qanunvericiliyin tələbi baxımından hazırkı tələb üzrə müqavilənin məhkəmə qaydasında ləğv edilməsini tələb etmək hüququnun olduğunu qəbul edir. Tərəflər arasında yaranmış münasibətlər lizinq müqaviləsindən əmələ gələn münasibətlər deyil, alğı-satqı müqaviləsindən irəli gələn münasibətlərdir. Texnikanın alğı-satqı müqaviləsindən başqa əsasla cavabdehin istifadəsinə verilməsini təsdiq edən sübut mövcud deyildir. Müqavilənin şərtlərinə əsasən lizinq predmetinin qaytarılması və ödənilmiş vəsaitini iddiaçıda qalmasına dair müddəa mövcud olsa da, bu hal iddiaçının əsassız varlanmasına, cavabdehin isə həmin texnikanın əldən çıxmasına və ödədiyi vəsaitin itirilməsinə gətirib çıxarar. Bu səbəbdən də məhkəmə tərəflərin alğı-satqı müqaviləsində olan iradə ifadələrini və onlarının yaratmaq istədikləri həqiqi hüquqi nəticələri nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi qiymət verilən hissədə rədd edilməli və cavabdehdən yalnız borc tutulmalıdır. Birinci instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 422, 427.3, 442, 447.1, 567, 600.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin qismən, iddia tələbinin rədd olunması hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Tərəflərin iradə ifadəsi əsasında rəsmiləşdirilmiş müqavilə şərtlərinə əsasən məhkəmə tərəfindən texnikanın saz vəziyyətdə geri qaytarılması tələbi də təmin olunmalıdır. Tərəflər arasında bağlanmış müqavilənin 2.2.2-ci bəndinə əsasən alıcı bu müqavilənin 2.2.1-ci bəndində göstərilən məbləği tam şəkildə ödəmədiyi halda əvvəlcədən ödənilmiş vəsait satıcıda saxlanılmaqla texnikanı qeyd şərtsiz geri qaytarır. Lakin məhkəmə bu hala diqqət yetirməmiş, texnikanın geri qaytarılması tələbini əsaslı hesab etməmiş və həmin hissədə iddia tələbini təmin etməmişdir. Məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş sübutları hərtərəfli araşdırmamış və düzgün qiymət verməmişdir. Məhkəmə iş üçün əhəmiyyəti olan hallara dair müqavilənin “texnikanın qeyd şərtsiz geri qaytarılması” hissəsinə əhəmiyyət verməmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda izahat vermişdir. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən cavabdeh izahatında müqavilə predmeti olan texnikanın onun sahibliyində saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası(bundan sonra- Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, iddia tələbi qismən təmin edilsə də, cavabdeh apellyasiya şikayəti verməmiş və birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmışdır. Cavabdeh isə apellyasiya şikayətində birinci instansiyası məhkəməsinin qətnaməsi qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsini mübahisələndirdiyindən, məhkəmə aktının əsaslılığı və qanuniliyi mübahisələndirilən hissədə yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanılmış alğı-satqı müqaviləsinə əsasən müəyyən olunur ki, iddiaçı dəyəri 10.500 manat olan 1 ədəd taxılyığan kombaynı cavabdehə satmağı, cavabdeh isə ilkin olaraq texnikanın dəyərindən 5250 manat ödəniş etməyi, texnikanın dəyərinin 5250 manat hisəsini isə 2022-ci il 15 sentyabr tarixinədək ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixdə tərəflər arasında imzalanmış razılaşma protokoluna əsasən, texnikanın dəyərinin ödənilməmiş qalan 4250 manat hissəsinin ödənilməsi müddəti 2023-cü ilin 15 sentyabr tarixinədək uzadılmışdır. İddiaçı bildirir ki, alıcı olan cavabdeh müqavilə şərtlərini pozmuş və ödənilməli olan 10.500 manat məbləğdən yalnız 6250 manatı ödəmişdir. Göründüyü kimi, cavabdeh alğı-satqı müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, ödəməli olduğu məbləği müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. İddiaçının apellyasiya şikayətinin yeganə dəlili ondan ibarətdir ki, tərəflər arasında bağlanmış müqavilənin 2.2.2-ci bəndinə əsasən alıcı bu müqavilənin 2.2.1-ci bəndində göstərilən məbləği tam şəkildə ödəmədiyi halda əvvəlcədən ödənilmiş vəsait satıcıda saxlanılmaqla texnikanı qeyd şərtsiz geri qaytarır. Lakin məhkəmə bu hala diqqət yetirməmiş, texnikanın geri qaytarılması tələbini əsaslı hesab etməyərək düzgün nəticəyə gəlməmişdir. Məhkəmə hesab edir ki, apelyasiya şikayətinin dəlili əsassızdır. Belə ki, Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi, alğı-satqı müqaviləsinin hüquqi təbiətindən irəli gələn müddəa ondan ibarətdir ki, müqavilə üzrə satıcı əşyanı alıcının mülkiyyətinə verir, alıcı isə bunun əvəzində həmin əşyanın razılaşdırılmış qiymətini pul şəklində satıcıya ödəyir. Alıcının əşyanın dəyərini ödəməməsi isə, satıcıya hüquq verir ki, həmin əşyanın qaytarılmasını və ya ödənilməmiş məbləğin ödənilməsini tələb etsin. Hazırki işini mübahisə olunmayan halından görünür ki, cavabdeh, onunla iddiaçı arasında bağlanmış nisyə alğı-satqı müqaviləsi üzrə 10.500 manat məbləğində pulun hissə-hissə öədnilməsi barədə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Belə olan halda iddiaçı qanunun ona verdiyi hüquqdan istifadə edərək, ya müqavilə predmeti olan əşyanın qaytarılmasını, ya da ödənilməmiş məbləğin ödənilməsini tələb etməlidir. İddiaçı isə həm əşyanın, həm də ödənilməmiş pulun qaytarılmasını tələb etməklə yuxarıda qeyd olunan normaların tələblərini pozmuşdur. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, iddiaçının birinci instansiya məhkəməsinin qətnaməsinə qarşı apellyasiya şikayətində ifadə olunmuş etirazı əsassızdır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiyası məhkəməsinin apellyasiya baxışının predmeti olan hissədə iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 07 may 2024cü il tаrixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar