Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-79/2023 31.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - podrat müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı - İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh - Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “012-S saylı xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 21230,61 manat qalıq borc məbləği və 200 manat mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi tələbinə dair” ilk iddia və Cavabdeh İddiaçı MMC-yə qarşı “soya məhsulunun istehsalı zamanı çəkilmiş xərclər üçün 7110 manat maddi zərər və 23350,50 manat əldən çıxmış fayda olmaqla cəmi 30460,50 manat məbləğində pulun və 181,38 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi tələbinə dair” qarşılıqlı iddiası ilə bağlı kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 02 avqust 2023-cü il tarixli, e-2-2(117)-696/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. “X4” MMC ilə Cavabdeh arasında bağlanmış 10 mart 2022-ci il tarixli 012-S nömrəli soya paxlası istehsalı və alqı-satqısı barədə müqavilənin predmeti sifarişçinin sifarişi əsasında icraçı tərəfindən Qax rayonu Meşəbaş kəndi ərazisində 15 ha sahədə soya paxlası əkinlərinin həyata keçirilməsi və sifarişçiyə təhvil verilməsindən ibarətdir.
2. Müqavilə üzrə hər hektardan 3 ton olmaqla cəmi 45 ton soya paxlası istehsal edilməsi və satışı nəzərdə tutulmuşdur. İcraçı tərəfindən istehsal olunacaq və sifarişçi tərəfindən təhvil alınacaq məhsul bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə razılaşdırılan “soya paxlasının keyfiyyətinə dair tələblərə cavab verməlidir. Keyfiyyət tələblərinə tam uyğun olan məhsulun hər tonunun baza qiyməti 1000 manat, müqavilənin ümumi dəyəri 45000 manat təşkil edir. Məhsulun yekun təhvil-qəbul qiyməti bu müqavilənin 4-cü bəndində göstərilən şərtlər əsasında müəyyən ediləcəkdir.
3. Müqaviləyə 1 saylı əlavə ilə soya paxlasının keyfiyyətinə dair tələblər, 2 saylı əlavə ilə 1 hektarda soya paxlası becərilməsi üzrə gəlirlər və xərclər və 3 saylı əlavə ilə soya paxlasının becərilməsi üzrə texnoloji tədbirlərin yerinə yetirilməsi müddətləri və ardıcıllığı müəyyənləşdirilməklə tərəflərin imzaları və möhürlə təsdiq edilmişdir.
4. Müqavilənin icrası ilə əlaqədar 16 mart 2022-ci il tarixli ödəniş tapşırığı ilə 6750 manat, 05 aprel 2022-ci il tarixli ödəniş tapşırığı ilə 2250 manat olmaqla, ümumilikdə 9000 manat məbləğində avans, 04 may 2022-ci il tarixli elektron qaimə ilə 11073 manat, 26 may 2022-ci il tarixli elektron qaimə ilə 2520,03 manat, 10 iyul 2022-ci il tarixli elektron qaimə ilə 887,70 manat olmaqla, ümumilikdə 2348,73 manat dəyərində toxum, gübrə, dərman vasitələri cavabdehə təhvil verilmişdir.
5. Müqavilə şərtlərinə əsasən cavabdeh götürdüyü avans vəsaitin və təhvil aldığı malların dəyərini ödəməli və borcunu bağladıqdan sonra təhvil verməli olduğu soya paxlasının qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin, cavabdeh müqavilənin şərtlərini qismən yerinə yetirməklə ümumilikdə 2250,09 manat dəyərində məhsul təhvil vermiş və nəticədə ödənilməmiş borcu qalmışdır. Cavabdehin qeyd olunan məbləğdə avans götürməsi ödəniş tapşırıqları, dərman, toxum və gübrə təhvil alması isə həm elektron qaimələr, həm də malların təhvil-qəbul aktları ilə öz təsdiqini tapır.
6. İşdə olan kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, “X4” MMC-nin adı dəyişdirilərək İddiaçı MMC olmuşdur.
7. İddiaçı MMC borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmamışdır.
II. İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı MMC iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdeh soya paxlası istehsalı və alqı-satqısı barədə 10 mart 2022-ci il tarixli 012-S saylı müqaviləyə əsasən 21230,61 manat qalıq borc məbləğinin və 200 manat mediasiya xərcinin əvəzinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia ərizəsi işin yuxarıda qeyd edilən faktiki halları ilə əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, 9000 manat avans qismində həyata keçirilən ödəniş də daxil olmaqla cavabdehə ümumilikdə 23480,73 manat məbləğində vəsait ödənilməsinə baxmayaraq sonuncu tərəfindən cəmi 2250,09 manat dəyərində məhsul təhvil verilməklə müqavilə ilə üzərinə düşən öhdəliklər icra edilməmişdir. Bununla da cavabdeh müqavilə öhdəliyini tam yerinə yetirmədiyindən onun ödənilməmiş 21230, 61 manat qalıq borcu qalmışdır.
10. Cavabdeh qarşılıqlı iddia verərək soya paxlası məhsulunun istehsalı zamanı çəkilmiş xərclər üçün 7110 manat maddi zərər və 23350,50 manat əldən çıxmış fayda olmaqla cəmi 30460,50 manat məbləğində pulun və 181,38 manat dövlət rüsumunun İddiaçı MMC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxsrılmasını xahiş etmişdir.
11. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 15 ha hissəsindən məhsul əldə etmişdir. Eyni zamanda məhsulun yetişdirilməsi üçün avans puldan əlavə özü 7110 manat xərc çəkmişdir. Lakin cəmiyyət tərəfindən məhsulun alınması gecikdirildiyi üçün ona 7110 manat maddi zərər və müqaviləyə 2 nömrəli əlavəyə əsasən 23350,50 manat əldən çıxmış fayda olmaqla ümumilikdə 30460,50 manat zərər dəymişdir.
12. Bundan əlavə sifarişçi cəmiyyət sentyabr-oktyabr aylarında məhsulun tam yetişmədiyini bildirərək məhsulun vaxtında biçilməsi üçün razılıq verməmişdir. Bu səbəbdən xx.xx.2022-ci il tarixdə o və digər fermerlər tərəfindən məhsulun yetişibyetişməməsi ilə bağlı Qax rayon DAİM-nə müraciət etmişlər. xx.xx.2022-ci il tarixdə mərkəzin bitkiçilik sektorunun müdiri və Aqrar Xidmətlər Agentliyinin Respublika Bitki Mühafizəsi və X2 rayon mərkəzinin rəisinin iştirakı ilə sahələrə baxış keçirilmiş və rəy verilmişdir ki, məhsul artıq yetişmişdir. Bu barədə sifarişçiyə məlumat versələr də, təxminən 1 ay sonra məhsul biçilərək təhvil alınmışdır. Bununla da sifarişçi şirkət məhsulun orta keyfiyyət göstəricilərinin qəsdən aşağı düşməsinə səbəb olmuş və nəticədə məhsulun çox az hissəsini təhvil alaraq ona qeyd olunan məbləğlərdə ziyan vurmuşdur.
13. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh verdiyi izahatında bildirmişdir ki, 9000 manat məbləğində avans və 14480,70 manat toxum və gübrə götürmüşdür. 15 ha ərazidə əkin aparmış və məhsul yetişmişdir. Lakin iddiaçı tərəf biçinə gec gəldiyi üçün məhsulu batmışdır.
14. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında ilkin iddianı müdafiə etdiyini bildirdi və ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
15. Şəki Kommersiyа Məhkəməsinin (hakim Rüfət Məcidov) 02 avqust 2023-cü il tarixli, e-2-2(117)-696/2023 saylı qətnaməsi ilə ilk iddia tələbi təmin edilərək Cavabdeh 21230,61 manat borc və 200 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilməsi, ödənilməmiş 153,69 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi, iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “soya məhsulunun istehsalı zamanı çəkilmiş xərclər üçün 7110 manat maddi zərər və 23350,50 manat əldən çıxmış fayda olmaqla cəmi 30460,50 manat məbləğində pulun tutularaq ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilməsi, Cavabdeh tərəfindən qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 181,38 manat dövlət rüsumu Cavabdeh aid edilməsi qət edilmişdir.
16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər aralarında bağlanmış müqaviləni alqı-satqı müqaviləsi adlandırsalar da, onlar arasında qarışıq müqavilə bağlanmışdır. Müqavilələrin alınmış avans dəyərinin soya paxlası şəklində qaytarılması hissəsi podrat müqaviləsi, borc qaytarıldıqdan sonra yetişdirilmiş paxlanın qalan hissəsinin satışı isə alqı-satqı müqaviləsi olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə 23480,70 manat məbləğində avans və mal (gübrə, dərman, toxum) təhvil verilməsi, cavabdehin isə cəmi 2250,09 manat dəyərində məhsul təhvil verməsi iş materialları ilə öz təsdiqini tapdığından və cavabdeh istər məhsul, istərsə də pul şəklində qalan məbləği iddiaçıya qaytarmadığından 21230,61 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
17. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia ilə bağlı qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı məhsulun yetişdirilməsi üçün 7110 manat xərc çəkdiyini bildirsə də, ümumiyyətlə sonuncu tərəfindən xərc çəkilməsi və çəkilmiş xərcin də məhz həmin məbləğdə olması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir.
18. Məhkəmə qarşılıqlı iddia üzrə əldən çıxmış faydanın ödənilməsinə münasibətdə qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı əldən çıxmış faydanı 10 ha torpaq sahəsində yetişən məhsulun cavabdeh tərəfindən vaxtında təhvil almaması ilə əsaslandırmış, lakin qarşılıqlı iddia üzrə iddiaçı istinad etdiyi halları təsdiq edən sübutları təqdim edə bilmədiyindən qarşılıqlı iddia rədd edilməlidir.
19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə və ya MM) 21.1, 21.2, 385.1, 386.1, 442, 445.2, 448.1, 448.2, 752.1 və 752.2-ci və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə və ya MPM) 14.1, 77.1,78.1 və 119-cu maddələrinə istinad etməklə əsaslandırmışdır.
20. Cаvаbdeh X1 həmin qətnamədən apellyasiya şikаyəti verərək qətnamənin ləğv edilməsini, ilkin iddianın rədd edilməsini və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: tərəflər arasında bağlanmış müqavilə, malların qəbul təhvil aktları, elektron qaimələr, ödəniş tapşırıqları və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.
22. Cаvаbdeh Cavabdeh həmin qətnamədən apellyasiya şikаyəti vermişdir.
23. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: tərəflər arasında bağlanmış müqavilə, malların qəbul təhvil aktları, elektron qaimələr, ödəniş tapşırıqları və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
24. Cаvаbdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3 və 16.1-ci maddəsinin tələblərinə mülki hüquq subyektləri tərəfindən riayət olunub olunmadığı, yəni müqavilə üzrə tərəflərin öz hüquq və vəzifələrini vicdanla həyata keçirib keçirmədiyini araşdırmamışdır. Halbuki birinci instansiya məhkəməsi onun məhkəmədə verdiyi izahatında 9000 manat məbləğində avans və 14480,70 manat toxum və gübrə götürdüyünü, 15 ha ərazidə əkin apardığını və məhsul yetişdirdiyini, lakin iddiaçı tərəf biçinə gec gəldiyi üçün məhsul batdığını bildirsə də, məhkəmə verdiyi izahatda göstərdiyi xüsusatları araşdırmadan bir hazırlıq iclası keçirməklə tələsik bir qətnamə qəbul etmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsassız, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunsuzdur. Eyni zamanda, müqavilənin 6.12-ci bəndində qeyd olunur ki, sifarişçinin nümayəndəsi ayda 1 dəfədən az olmamaq şərti ilə məhsul istehsalının yerinə yetirildiyi əraziyə səfər etməli və əkinlərin monitorinqi və qiymətləndirilməsini həyata keçirməli idi. Müqavilənin 6.13-cü bəndinə əsasən məhsul istehsalının yerinə zamanı texnoloji xəritədən ciddi kənarlaşma və nöqsanlar aşkar edilərsə sifariş bu barədə İcraçıya, (6.13.1.) birinci dəfə şifahi xəbərdarlıq edir və nöqsanların aradan qaldırılmasını tələb edir, (6.13.2.) İkinci dəfə yazılı xəbərdarlıq məktubu göndərir və zərurət yaranarsa, nöqsanların aradan qaldırılması üçün öz heyəti, avadanlığı və vəsaitləri hesabına tədbirlər görür. Tədbirlərin dəyəri müqavilənin yekun dəyərindən çıxılır. (6.13.3.) Üçüncü dəfə müqavilə şərtləri pozulduğu halda müqavilənin ləğv edilməsini və ödənilmiş vəsaitlərin geri qaytarılmasını tələb edir. Müqavilənin 6.12 və 6.13-cü bəndlərindən görünür ki, Sifarişçi məhsul istehsalının yerinə yetirilməsi zamanı nümayəndəsini ayda bir dəfədən az olmayaraq göndərməli, nöqsanlar olduğu təqdirdə 6.13-cü bənddəki tədbirləri görməli idi. Halbuki sifarişçi müqavilənin bu bəndlərinə riayət etməmiş, yəni məhsulun istehsalı zamanı nəzarət funksiyasını yerinə yetirməmişdir. Hər hansı nöqsan olduğu halda bu barədə bizə heç bir xəbərdarlıq etməmişdir. Buradan görünür ki, müqavilənin bəndlərinin pozulmasında sifarişçinin yəni iddiaçının marağı olmuşdur. Bu baxımdan birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsassız, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunsuzdur. Göstərilənlərə əsasən Şəki Kommersiya Məhkəməsinin 02 avqust 2023-cü il tarixli, e-2-2(117)-696/2023 saylı qətnaməsinin ləğv edilməsini, ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
26. Məhkəmə kollegiyasının iclasında cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdilər.
27. Məhkəmə kollegiyasının iclasında İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, Şəki Kommersiya Məhkəməsinin 02 avqust 2023-cü il tarixli, e-2-2(117)-696/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
28. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
30. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
31. İş üzrə cavabdeh tərəf apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Mülki Məcəllə
32. Maddə 14.2.1. Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.
33. Maddə 21. Zərərin əvəzinin ödənilməsi - 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
34. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
35. Maddə 386.1. Öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin olmаsıdır.
36. Maddə 442. Öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür.
37. Maddə 445.2.1 Öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır.
38. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir.
39. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
40. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
41. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.
Mülki Prosessual Məcəllə
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
45. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
47. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
48. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
49. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
50. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
51. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
52. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarı ... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 02 avqust 2023-cü il tarixli, e-2- 2(117)-696/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
55. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
56. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
57. İlk növbədə birinci instansiya məhkəməsi göstərmişdir ki, tərəflər aralarında bağlanmış müqaviləni alqısatqı adlandırsalar da, onlar arasında qarışıq müqavilələr bağlanmışdır. Müqavilələrin alınmış avans dəyərinin soya paxlası şəklində qaytarılması hissəsi podrat müqaviləsi, borc qaytarıldıqdan sonra yetişdirilmiş paxlanın qalan hissəsinin satışı isə alğı-satqı müqaviləsi olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, cavabdeh tərəfindən təhvil verilmiş məhsulun dəyəri avans verilən borc və satılmış gübrə və toxumun dəyərini tam ödəmədiyindən, tərəflər arasında alqı-satqı olmamış, yalnız podrat müqaviləsindən irəli gələn münasibətlər mövcud olmuşdur.
58. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin hüquqi mövqeyini əsaslı hesab edir.
59. Müəyyən edilmişdir ki, “X4” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 012-S nömrəli soya paxlası istehsalı və alqı-satqısı barədə müqavilənin predmeti sifarişçinin sifarişi əsasında icraçı tərəfindən Qax rayonu Meşəbaş kəndi ərazisində 15 ha sahədə soya paxlası əkinlərinin həyata keçirilməsi və sifarişçiyə təhvil verilməsindən ibarətdir. Müqavilə üzrə hər hektardan 3 ton olmaqla cəmi 45 ton soya paxlası istehsal edilməsi və satışı nəzərdə tutulmuşdur. İcraçı tərəfindən istehsal olunacaq və sifarişçi tərəfindən təhvil alınacaq məhsul bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə razılaşdırılan “soya paxlasının keyfiyyətinə dair tələblərə cavab verməlidir. Keyfiyyət tələblərinə tam uyğun olan məhsulun hər tonunun baza qiyməti 1000 manat, müqavilənin ümumi dəyəri 45000 manat təşkil edir. Məhsulun yekun təhvil-qəbul qiyməti bu müqavilənin 4-cü bəndində göstərilən şərtlər əsasında müəyyən ediləcəkdir.
60. Müqaviləyə 1 saylı əlavə ilə soya paxlasının keyfiyyətinə dair tələblər, 2 saylı əlavə ilə 1 hektarda soya paxlası becərilməsi üzrə gəlirlər və xərclər və 3 saylı əlavə ilə soya paxlasının becərilməsi üzrə texnoloji tədbirlərin yerinə yetirilməsi müddətləri və ardıcıllığı müəyyənləşdirilməklə tərəflərin imzaları və möhürlə təsdiq edilmişdir.
61. Müqavilənin icrası ilə əlaqədar 16 mart 2022-ci il tarixli ödəniş tapşırığı ilə 6750 manat, 05 aprel 2022-ci il tarixli ödəniş tapşırığı ilə 2250 manat olmaqla, ümumilikdə 9000 manat məbləğində avans, 04 may 2022-ci il tarixli elektron qaimə ilə 11073 manat, 26 may 2022-ci il tarixli elektron qaimə ilə 2520,03 manat, 10 iyul 2022-ci il tarixli elektron qaimə ilə 887,70 manat olmaqla, ümumilikdə 2348,73 manat dəyərində toxum, gübrə, dərman vasitələri cavabdehə təhvil verilmişdir. Müqavilə şərtlərinə əsasən cavabdeh götürdüyü avans vəsaitin və təhvil aldığı malların dəyərini ödəməli və borcunu bağladıqdan sonra təhvil verməli olduğu soya paxlasının qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin, cavabdeh müqavilənin şərtlərini qismən yerinə yetirməməklə borcunu tam ödəməmişdir. Cavabdehin qeyd olunan məbləğdə avans götürməsi ödəniş tapşırıqları, dərman, toxum və gübrə təhvil verilməsi isə həm elektron qaimələr, həm də malların təhvilqəbul aktları ilə öz təsdiqini tapır.
62. Birinci instansiya məhkəməsi elektron qaimə fakturalara münasibətdə qeyd etmişdir ki, həmin elektron qaimələr orada adı qeyd olunan malların cavabdeh tərəfindən qəbul edilməsini birbaşa təsdiq etməsə də, iş materiallarındakı sənədlərlə, yəni malların təhvil qəbul aktları, habelə cavabdehin 20 iyul 2023-cü il tarixli məhkəmə hazırlıq iclasında verdiyi izahatı ilə əlaqəli şəkildə qiymətləndirildikdə müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə mal (toxum, gübrə, dərman) təhvil verilmişdir (bax: 53-ci bənd)
63. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin qənaətini əsaslı sayaraq hesab edir ki, ilk iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
64. Qarşılıqlı iddia tələbinin hüquqi əsasına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür (bax: 42-45-ci bəndlər).
65. Hazırkı iş üzrə qarşılıqlı iddia tələbinin əsası kimi yalnız məhsulun sifarişçi cəmiyyət tərəfindən vaxtında biçilməməsinə və təhvil alınmamasına istinad edilir ki, həmin dəlillərə münasibətdə ilk öncə qeyd edilməlidir ki, icraçı Cavabdeh tərəfindən sifarişçi cəmiyyətə məhsulun biçini ilə bağlı müraciət edilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Həmçinin, cavabdeh məhsulun yetişdirilməsi üçün 7110 manat xərc çəkdiyini bildirsə də, ümmiyyətlə sonuncu tərəfindən xərc çəkilməsi və çəkilmiş xərcin də məhz həmin məbləğdə olması ilə bağlı işə baxan məhkəmələrə heç bir sübut təqdim edilməmişdir.
66. Qarşılıqlı iddia üzrə iddiaçı (icraçı) əldən çıxmış faydanı 10 ha torpaq sahəsində yetişən məhsulun sifarişçi tərəfindən vaxtında təhvil almaması ilə əsaslandırır ki, yuxarıda da qeyd edildiyi kimi, bu öz təsdiqini tapmamış və buna görə də əldən çıxmış fayda ilə bağlı tələb yalnız mülahizələrdən ibarət olmuşdur.
67. Eyni zamanda tərəflər arasında bağlanmış müqavilədə məhsulun məhz sifarişçi tərəfindən biçilməsi ilə bağlı onun üzərinə öhdəlik qoyulmamış, sadəcə olaraq müqavilədə 3 nömrəli əlavədə məhsulun biçini ilə bağlı qiymət göstərilmiş və icraçı də həmin qiymətlə razılaşmışdır. Tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən zərurət yarandığı halda icraçının müraciəti əsasında dəyəri ödənilmək şərtilə sifarişçi məhsulun biçinini həyata keçirə bilər.
68. Bundan başqa tərəflər arasında bağlanmış müqavilənin 4.1-ci bəndinə əsasən sifarişçi məhsulu icraçıdan məhsul biçildikdən sonra əkin sahəsində təhvil almalıdır. Göründüyü kimi, məhsulun mütləq qaydada sifarişçi olan cəmiyyət tərəfindən biçilməli olması ilə bağlı tərəflər arasında heç bir razılaşma mövcud olmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddianı rədd etməkdə haqlı olmuşdur.
69. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “cavabdehin müqavilə üzrə üzərinə düşənləri icra etməsi və məhsulun vaxtında yetişməməsi, iddiaçının təqsirindən məhsulun yığılmasının gecikdirilməsi, yetişmiş məhsulun sahədə qalaraq xarab olması və yığılmış məhsulun isə iddiaçının almaqdan imtina etməsi səbəbli verilmiş toxum, gübrə və avans məbləğini geri ödəyə bilməməsi” ilə bağlı dəililinə münasibətdə qeyd edir ki, cavabdeh həmin halları təsdiq edən sübutları işə baxan məhkəmələrə təqdim etməmişdir.
70. Eyni zamanda apellyasiya şikayətinin “iddiaçının məhsulu biçdikdən təxminən bir ay sonra təhvil alaraq məhsulun orta keyfiyyət göstəricilərinin qəsdən aşağı düşməsinə səbəb olması və buna görə də məhsulu təhvil almaqdan imtina etməsi” dəillərini təsdiq edən sübutlar işə baxan məhkəmələrə təqdim edilməmişdir.
71. Digər tərəfdən, tərəflər arasında bağlanmış müqavilədə məhsulun məhz iddiaçı tərəfindən biçilməsi ilə bağlı onun üzərinə öhdəlik qoyulmamış, sadəcə olaraq müqavilədə 3 nömrəli əlavədə məhsulun biçini ilə bağlı qiymət göstərilmiş və cavabdeh də həmin qiymətlə razılaşmışdır. Tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən zərurət yarandığı halda cavabdehin müraciəti əsasında dəyəri ödənilmək şərtilə sifarişçi olan iddiaçı məhsulun biçinini həyata keçirə bilər.
72. Bundan başqa müqavilənin 4.1-ci bəndinə, əsasən sifarişçi məhsulu icraçıdan məhsul biçildikdən sonra əkin sahəsində təhvil almalıdır. Göründüyü kimi, məhsulun mütləq qaydada sifarişçi olan iddiaçı tərəfindən biçilməli olması ilə bağlı tərəflər arasında heç bir razılaşma mövcud olmamışdır. Cavabdeh (icraçı) yalnız məhsulun sifarişçi cəmiyyət tərəfindən vaxtında biçilməməsinə və təhvil alınmamasına istinad edir ki, həmin dəlillərə münasibətdə kollegiya qeyd edir ki, icraçı Cavabdeh tərəfindən sifarişçi cəmiyyətə məhsulun biçini ilə bağlı müraciət edilməsini təsdiq edən sübutlar təqdim edilməmişdir.
73. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının cavabdehə soya məhsulunun istehsalı zamanı sonuncu tərəfindən əlavə çəkilmiş xərclər üçün 7110 manat maddi zərər və 23350,5 manat əldən çıxmış fayda olmaqla cəmi 30460,5 manat məbləğlərdə maddi zərər vurması barədə dəlillərini də əsassız sayır. Belə ki, cavabdeh həmin xüsasatları təsdiq edən sübutları təqdim etməmişdir.
74. Apellyasiya şikayətinin dəlillərindən biri də iddiaçının tərəflər arasında bağlanmış müqavilənin 6.5-ci bəndinin tələblərinə əməl etməməsi ilə bağlıdır. Müqavilənin həmin bəndində göstərilmişdir ki, sifarişçi əkinlərin sığorta haqqını ödəyir. Sığorta ödənişi ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, müqavilənin qeyd olunan bəndinə əsasən əkinlərin sığorta haqqını ödəmək sifarişçinin vəzifəsidir. Lakin icraçı əkin sahəsinin sığortalanması ilə bağlı heç bir sənəd təqdim etməmişdir ki, belə olan halda da iddiaçı tərəfindən sığorta haqqının ödənilməsindən söhbət gedə bilməz. Cavabdeh sığorta şirkəti ilə sığorta müqaviləsini bağlamalı və iddiaçı isə onun dəyərini ödəməlidir.
75. İş materiallarında iddiaçı tərəfindən yerində monitorinq keçirilməsi barədə hesabatlar və fotoşəkillər olduğundan kollegiya apellyasiya şikayətinin sifarişçi tərəfindən məhsulun istehsalı zamanı nəzarət funksiyasını yerinə yetirməməsi barədə dəlili ilə də razılaşmır.
76. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir.
77. Beləliklə, məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə cavabdehin dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur. Apellyasiya şikayətində göstərilən dəlilləri təsdiq edən sübutlar təqdim olunmamışdır.
78. Məhkəmə kollegiyası kollegiyanın iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkilinin sifarişçinin icraçıya təqdim etdiyi toxumun keyfiyyətinin müəyyən edilməsi və sertifikatı (mənşəyi) barədə mütəxəssis rəyinin alınması, eyni zamanda toxumun məhsuldarlığı, toxumun böyüməsinin (inkişaf etməsinin) icraçının bitkiyə (toxuma) düzgün qulluq etməməsindən, yoxsa toxumun keyfiyyətundən, torpaq sahəsinin mineral tərkibindən, o cümlədən iqlim şəraitindən asılı olub olmamasının müəyyən edilməsi üçün məhkəmə bioloji ekspertizasının keçirilməsi barədə vəsatətinə münasibət bildirərək qeyd edir ki, soya paxlası bitkisi birillik bitkidir. İş materiallarından da göründüyü kimi tərəflərlər arasında mübahisə 2022-ci ildə yaranmışdır. Yəni, soya paxlası məhsulu 2022-ci ildə əkilib becərildiyindən vəsatətdə qoyulmuş sualların cavablandırılmasının mümkün olmayacağı əvvəlcədən bəllidir.
79. Eyni zamanda iş materiallarına iddiaçı tərəfindən cavabdehə əkmək üçün verdiyi soya toxumunun sertifikatı (mənşə məlumatları) əlavə edilmişdir. Həmin sertifikatda toxumun laborator müayinəsinin nəticələri öz əksini tapmışdır.
80. Həmin sertifikatdan (mənşə məlumatları) görünür ki, iddiaçı tərəfindən cavabdehə əkmək üçün yüksək keyfiyyətli toxum verilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, bitişin zəif olması toxumun keyfiyyəti ilə deyil, lazımi qaydada aqrokimyəvi və aqrotexniki xidmətin olmaması ilə bağlı olmuşdur.
81. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.
82. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.
83. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
84. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
85. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir.
86. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin Şəki Kommersiyа Məhkəməsinin 02 avqust 2023-cü il tarixli, e-2-2(117)- 696/2023 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cаvаbdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiyа Məhkəməsinin 02 avqust 2023-cü il tarixli, e-2-2(117)- 696/2023 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elçin Hüseynov