Məhkəmə qərarları › İş №2-2(107)-8/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-8/2025

29.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-8/2025 29.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Sadiqov Zülfüqar Əhməd oğlu və X2 ibarət tərkibdə; Məhkəmə iclas katibi – Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı - İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə3, Cavabdeh - Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə ödənilməmiş 130700 manat məbləğində pul vəsaitinin və 420.70 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair” ilk iddia, iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 55-003051/22 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” qarşılıqlı iddiası ilə bağlı kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, e-2-2(117)- 283/2024 saylı qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixində 55-003051/22 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilənin şərtlərinə əsasən iddiaçı, qiyməti əvvəlcədən razılaşdırılmış müxtəlif çeşiddə, adda, miqdarda malları cavabdehə təhvil verməyi, cavabdeh isə həmin malların dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür.

2. Müqavilənin 3.3-cü bəndinə əsasən alıcı məhsulu satıcının müvafiq POS terminalından çıxarışı – satış fakturası, təhvil-təslim aktı, qaimə-faktura və ya müvafiq elektron qaimə-faktura əsasında qəbul edir. - Həmin müqavilənin 10.1-ci bəndinə əsasən müqavilə qarşılıqlı qaydada imzalandığı və möhürləndiyi andan qüvvəyə minir və 12 ay müddətində qüvvədə qalır.

3. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 10 ədəd satış fakturası təqdim olunmuş, həmin sənədlər kserosurət olmuşdur.

4. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixli 4/503 nömrəli ekspert rəyində müəyyən olunmuşdur ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixində 55003051/22 saylı alqı-satqı müqaviləsinin 1-3-cü vərəqləri arasındakı imzalar, 4-cü vərəqində “Alıcı bölməsində “CavabdehZ” sözünün qarşısındakı imza Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

II. Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı MMC Cavabdeh qarşı “müqavilə üzrə ödənilməmiş 130700 manat məbləğində pul vəsaitinin və 420.70 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Eyni zamanda xx.xx.2024-cü il tarixində cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsi məhkəməyə təqdim edilmişdir. Cavabdeh ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən satılmış heç bir məhsulu o qəbul etməmişdir. Məhsullar qəbul olunarkən çəkilən heç bir imza ona məxsus deyildir. İmzalar şirkətdə mühasib işləyən X5 tərəfindən çəkilmişdir. Müqavilə və təhvil-təslim aktları barədə heç bir məlumatı yoxdur. Tərəflər arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsini xahiş etmişdir.

7. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı verdiyi izahatında bildirmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin cavabdeh tərəfindən imzalanmaması həmin müqavilənin etibarsızlığına səbəb ola bilməz. Çünki tərəflər arasında müqavilə bağlandıqdan sonrakı dövr ərzində bütün əməliyyatlar rəsmi aparılmış, cavabdehə elektron qaimələr göndərilmiş, o həmin qaimələri qəbul etməklə təsdiqləmişdir. Cavabdeh bütün prosesləri ona məxsus asan imza ilə etmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

8. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh verdiyi izahatında bildirmişdir ki, alqı-satqı müqaviləsindən və digər sənədlərdən məlumatı olmamış, sürücü işlədiyi şirkətin mühasibi X5 onun adına VÖEN açmış və sənədlərə onun adında imza çəkmiş, sonradan isə Asan imza almış, sonradan həmin imzanı bağlatmış. İddiaçının şirkətin borcunun olduğunu bildirkdən sonra Pərviz xaricə qaçmışdır. Bütün sənədlər onun adından imzalandığından, borcda onun adına görünür. Köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir.

9. Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 16 iyul 2024-cü il tarixli, e-2-2(117)-283/2024 saylı qətnaməsi ilə ilk iddia təmin edilməyərək İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə ödənilməmiş 130700 manat məbləğində pul vəsaitinin və 420.70 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” barədə iddiası təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 55-003051/22 saylı alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi qət edilmişdir. Məhkəmə satış-fakturalarına münasibətdə qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 10 ədəd satış fakturası təqdim olsunsa da, həmin fakturalarda olan məbləğlər aydın şəkildə göstərilməmişdir. Eyni zamanda məhkəmənin xx.xx.2024-cü il tarixli sorğusu ilə müqavilənin və müqavilə üzrə bütün satış-fakturalarının əsillərinin təqdim edilməsi iddiaçıdan tələb edilmişdir. Lakin İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixli ərizəsi ilə bildirilmişdir ki, arxiv sənədləri 1 il müddətinə saxlanılır. Bu səbəbdən də fakturaların əsilləri məhkəməyə təqdim edilməmişdir. Satış fakturalarındakı imza Cavabdeh yox, adı və soy adı qeyd edildiyi üçün Qədimov Pərvizə məxsus olduğu görünür. Həmin fakturalarda müəyyən alqı-satqı münasibətlərinin olduğu görünsə də, Cavabdeh proseslərin heç birində iştirak etməmiş və heç bir sənədə şəxsən imza çəkməmişdir. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə müəyyən edilən hal odur ki, pul tələbinin əsası olan müqavilənin cavabdeh tərəfindən imzalanmadığı və bunun nəticəsində də həmin müqavilə üzrə öhdəlikləri götürmə ilə bağlı iradə ifadəsinin olmadığı müəyyən edilir. Elektron-qaimə fakturaların həmin müqavilə üzrə qarşı tərəfə təqdim edilməsi tərəflər arasında etibarlı münasibətin mövcudluğunu təsdiq edə bilməz. Çünki cavabdehin adına formal sənədləşmənin aparılması, hətta onun adına olan asan imzadan istifadə halının başqa şəxs tərəfindən istifadəsi mümkündür və ağlabatandır. Məhkəmə yekun olaraq belə nəticəyə gəlmişdir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi əsassız olduğundan rədd edilməli, Cavabdeh müqavilənin etibarsız hesab edilməsi ilə bağlı qarşılıqlı iddiası təmin edilməlidir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 324.1, 324.4, 324.5, 324.6, 331.1, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 405.1, 406.1, 406.2, 567, 600.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 81, 88, 217.1, 217.2, 217.3, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

11. Şəki Kommersiya Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, e-2-2(117)-283/2024 saylı qətnaməsindən narazı qalan İddiaçı MMC tərəfindən apellyasiya şikayəti verilmişdir.

III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ...cavabdeh qarşılıqlı iddiasında İddiaçı MMC ilə heç vaxt müqavilə bağlamadığını, mal almadığını və iş görmədiyini, ümumiyyətlə iddianın mahiyyətindən xəbərsiz olduğunu göstərsə də, sonradan məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, onun işlədiyi şirkətin rəhbərliyi şirkətin maliyyə işlərinin idarə olunması məqsədi ilə ondan VÖEN verməsini xahiş etmiş, o da VÖEN-i təqdim etmişdir, İddiaçı MMC ilə müqavilənin bağlanmasından, malların alınmasından və borcun yaranmasından məlumatlı olsa da, bu proseslərin heç birində iştirak etməyib və onu işlədiyi şirkətin mühasibi olan Pərviz adlı şəxs aldadıb. Məhkəmədə verdiyi bu məlumatla, Cavabdeh İddiaçı MMC ilə müqavilənin bağlanmasına, malların alınıb ödənişlərinin edilməsinə razılıq verdiyini etiraf etmişdir. Tərəflər arasında bağlanmış müqavilənin Cavabdeh tərəfindən şəxsən imzalanmaması həmin müqavilənin etibarsızlığına səbəb ola bilməz. Çünki, tərəflər arasında müqavilə bağlandıqdan sonrakı dövr ərzində cavabdehə ümumilikdə 466568,64 manat dəyərində mallar satılmış, cavabdeh həmin malların dəyərinin bir hissəsini öz bank hesabından İddiaçı MMC-yə aid bank hesabına köçürmə yolu ilə ödəmişdir. Bütün əməliyyatlar rəsmi aparılmış, cavabdehə elektron qaimələr göndərilmiş, o elektron olaraq həmin qaimələri qəbul etməklə təsdiqləmiş və malların dəyərinin bir hissəsini ödəmişdir. Cavabdeh bütün bu prosesləri özünə məxsus asan imza vasitəsilə dövlət vergi xidmətində yaradılmış şəxsi kabinetinə daxil olmaqla etmişdir və bunu etməsi yalnız onun öz şəxsi razılığı və iradəsi ilə mümkün ola bilərdi. Göstərilənlərə əsasən Şəki Kommersiya Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, e-2- 2(117)-283/2024 saylı qətnaməsinin ləğv edilməsini, ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək onun təmin edilməsini, Şəki Kommersiya Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, e-2-2(117)-283/2024 saylı qətnaməsinin ləğv edilməsini, ilk iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və iş üzrə Şəki Kommersiya Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, e-2-2(117)-283/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

16. Apellyasiya şikayətləri vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətlərinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.

17. İş üzrə iddiaçı tərəf birinci instansiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

18. Maddə 14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla)və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər göstərilmişdir.

19. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

20. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

21. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

22. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

23. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

24. Maddə 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.

25. Maddə 329. Əqdlərin formaları - 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. - 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. - 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. (...).

26. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.

27. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

28. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

29. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

30. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

31. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

32. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

33. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

34. Maddə 406.2. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır.

35. Maddə 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

36. Maddə 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

37. Maddə 357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.

38. Maddə 358. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi.

39. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında aşağıdakılar nəzərdə tutulur: “İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir ... Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. ... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır.”

41. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 2022- ci il 14 iyun tarixli, 02/2022 saylı Qərardadında aşağıdakılar nəzərdə tutulur: Bənd 27. Məhkəmə, əqdə əsaslanan mübahisəyə baxdıqda həmin əqdin etibarlı olub-olmamasını hər hansı tələbdən və etibarsızlığın növündən asılı olmadan müəyyən etməlidir. Hakimin bu xüsusatlar üzrə qiymətləndirmə aparması ilə əqdin etibarsız sayılması (nəticəsinə gəlməsi) bir-birindən fərqləndirilməlidir. Sözügedən qiymətləndirmə əqdin etibarlı olub-olmaması ilə bağlı hüquqi vəziyyətin nədən ibarət olduğunun təsbit edilməsidir. Başqa sözlə, bu fəaliyyət etibarsızlığın növündən asılı olmayaraq işin hallarına görə əqdin hüquqi nəticə yaradıb-yaratmaması barədə dəyərləndirmədir. Bənd 36. Konstitusiya Məhkəməsinin yuxarıda istinad olunan qərarında “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir.” məzmunundakı hüquqi mövqedən də görünür ki, əqdin etibarlılığının yoxlanılmasının zəruri şərti etibarsızlıq barədə tələbin irəli sürülməsi deyil, sadəcə tələbin əqdə söykənməsidir. Odur ki, məhkəmə “əqdin etibarsız sayılması, əqdən doğan öhdəliyin icrası üzrə və s.” tələbləri, yaxud bu iddialara etiraz əsasında tərəflərin faktiki münasibətlərində baş vermiş halları, varsa əqdi mübahisələndirmə (iradənin qarşı tərəfə çatdırılması) faktını araşdırır, əqdin etibarlı olub-olmamasına görə mübahisəni həll edir.

Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsi:

42. Maddə 4. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

43. Maddə 9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

44. Maddə 14.2. Məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir.

45. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir.

46. Maddə 88. Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

48. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

49. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

50. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

51. Maddə 218.1. Qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir.

52. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

53. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

54. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

55. Maddə 384.0.2 Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

56. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: - 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; - 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; - 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; - 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

57. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

58. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarı ....Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

60. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, tərəflərin izahat və xahişlərini dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Şəki Kommersiya Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, e-2- 2(117)-283/2024 saylı qətnaməsi qismən ləğv edilərək yeni qətnamə çıxarılmalıdır.

61. Belə ki, birinci instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.

62. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

63. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

64. Müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixində 55-003051/22 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilənin şərtlərinə əsasən iddiaçı, qiyməti əvvəlcədən razılaşdırılmış müxtəlif çeşiddə, adda, miqdarda malları cavabdehə təhvil verməyi, cavabdeh isə həmin malların dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 3.3-cü bəndinə əsasən alıcı məhsulu satıcının müvafiq POS terminalından çıxarışı – satış fakturası, təhvil-təslim aktı, qaimə-faktura və ya müvafiq elektron qaimə-faktura əsasında qəbul edir. Həmin müqavilənin 10.1-ci bəndinə əsasən müqavilə qarşılıqlı qaydada imzalandığı və möhürləndiyi andan qüvvəyə minir və 12 ay müddətində qüvvədə qalır.

65. İlk iddianı rədd edən, qarşılıqlı iddianı isə təmin edən birinci instansiya məhkəməsi qənaətini belə əsaslandırmışdır ki, müqavilədəki imzalar Cavabdeh məxsus deyildir. Bud a onu göstərir ki, müqavilə imzalanarkən hər iki tərəfin qarşılıqlı razılığı olmamış, müqaviləyə cavabdehin əvəzindən başqa şəxs imza çəkmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə görə yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Mübahisə predmeti olan müqavilə cavabdeh tərəfindən imzalanmaması nəticəsində onun müqavildəki iradə ifadəsini aradan qaldırmış olur. Belə ki, qanunvericiliyin tələbinə görə iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. İddiaçı tərəf cavabdehin hazırkı müqavilənin icrası ilə bağlı asan imza vasitəsilə təsdiq edilməklə qarşı tərəfə elektron qaimə göndərilməsi ilə bağlı qeyd etmişdir ki, məhkəmə tərəfindən hazırkı iş üzrə müəyyən edilən hal odur ki, pul tələbinin əsası olan müqavilənin cavabdeh tərəfindən imzalanmadığı və bunun nəticəsində də həmin müqavilə üzrə öhdəlikləri götürmə ilə bağlı iradə ifadəsinin olmadığı müəyyən edilir. Elektron-qaimə fakturaların həmin müqavilə üzrə qarşı tərəfə təqdim edilməsi tərəflər arasında etibarlı münasibətin mövcudluğunu təsdiq edə bilməz. Çünki cavabdehin adına formal sənədləşmənin aparılması, hətta onun adına olan asan imzadan istifadə halının başqa şəxs tərəfindən istifadəsi mümkündür və ağlabatandır.

66. Məhkəmə kollegiyası aşağıda göstərilənlər səbəbli birinci instansiya məhkəməsinin həmin qənaəti ilə qismən razılaşır.

67. Nəzərə alınmalıdır ki, etibarsızlıq, əqdin etibarlılıq şərtləri ilə bağlı bir anlayışdır.Yəni əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir. Etibarlılıq şərtləri, bir müqavilənin əsaslı hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir. Qanunda bütün əqdlər üçün tələb olunan (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun mümkünsüz, məcburi hüquq qaydalarına zidd olmaması, əqdi əmələ gətirən iradə ifadələrinin sağlam/zədələnməmiş olması, iradə bəyanlarının uydurma və ya yalan olmaması) və müəyyən növ əqdlər üçün tələb edilən (qanunda nəzərdə tutulmuş formaya uyğun olması, gərəkli razılığın verilmiş olması və s.) etibarlılıq şərtləri nəzərdə tutulmuşdur.

68. Mülki Məcəllənin səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi adlanan 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.

69. Mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan MMin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və yatərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.

70. Bu kimi hallarda məhkəmə mübahisələndirilən əqdin səlahiyyəti olmayan şəxs tərəfindən bağlandığını müəyyən edərsə, bu zaman əqdin etibarsızlığı ilə bağlı qənaətə gəlməzdən əvvəl səlahiyyət sahibinin bununla bağlı hazırkı iradəsini (əqdi bəyənib bəyənmədiyini, əqdlə bağlı olub-olmadığını) dəqiqləşdirməlidir. Başqa sözlə, bu halda əqdin etibarsızlığı nəticəsinə gəlmək üçün mülkiyyətçinin məhz hazırkı iradəsi önəmlidir, məhkəmə bunu öyrənmədən onun əvəzindən çıxış edə bilməz. Əks halda, məhkəmənin xidməti vəzifəsindən çıxış edərək müvafiq razılığın olmamasına görə əqdi etibarsız hesab etməsi həmin vəzifələrin natamam icrası kimi qiymətləndirilməlidir.

71. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2023-cü il 3 mart tarixli qərarında da qeyd edilmişdir ki, səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir.

72. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir... Bu nöqteyi nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar.

73. Konstitusiya Məhkəməsinin Plenumunun istinad olunan qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.

74. Həmçinin “.....hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair» 2019-cu il 18 mart tarixli Qərarı).

75. İş materiallarından və tərəflərin izahatlarından müəyyən olunur ki, cavabdehin xx.xx.2022-ci il tarixli, 55-003051/22 saylı alqı-satqı müqaviləsindən nə bağlandığı vaxt, nə də sonradan məlumatı olmuşdur. Belə ki, müəyyən olunduğu kimi işdə olan malların təhvil təslim aktları və satış fakturalarını cavabdeh imzalamamışdır.

76. Əlavə olaraq qeyd edilməlidir ki, satış fakturalarındakı imza Cavabdeh yox, adı və soyadı qeyd edildiyi üçün Qədimov Pərvizə məxsus olduğu görünür.

77. Bu isə ona dəlalət edir ki, cavabdeh sözü gedən alqı-satqı müqaviləsindən xəbərsiz olduğuna görə, sonuncu tərəfindən həmin müqavilənin bəyənilməsi halı baş verməmişdir. Odur ki, müqavilənin etibarsız hesab edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır.

78. Lakin kollegiya qeyd edir ki, satış fakturalarından, elektron qaimə fakturalardan və cavabdeh bank hesablarından alqı-satqı münasibətlərinin baş verməsi müəyyən edildiiyindən tərəflər arasında dövriyyənin olması işin mübahisə edilməyən halıdır.

79. Belə ki, iddiaçının nümayəndəsi kollegiyanın iclasında vermiş olduğu izahatında və verilmiş suallara cavabında bildirmişdir ki, onların əvvəllər də cavabdehlə əməkdaşlığı olduğuna görə, sənədlər onlara daxil olduqdan sonra malların satışını həyata keçirmişlər. Rəsmi qaydada elektron qaimələr işlənilmiş, cavabdehin bank hesabından köçürmələr yolu ilə odənişlər daxil olmuş, mallar təhvil verilmiş, geri qaytarma halları da olmuşdur. Bundan sonra cavabdeh tərəfindən ödənişlər dayandırıldıqda tərəfin 130700 manat borcu qalmışdır. Məhkəmə icraatı zamanı ekspertiza keçirilmiş, cavabdeh imzaların ona məxsus olmadığını bildirmiş və ekspert rəyi ilə müqavilədəki imzaların cavabdeh tərəfindən icra olunmadığı təsdiq edilmişdir. Lakin nəzərə almaq lazımdır ki, qarşılıqlı şəkildə əməkdaşlıq edilmiş, faktiki olaraq mallar verilmiş və ödənişlər keçirilmiş, elektron qaimələr cavabdehin ASAN imzası ilə imzalanmışdır.

80. Cavabdeh kollegiyanın iclasında verdiyi izahatında və verilmiş suallara cavabında bildirmişdir ki, o özünə məxsu VÖEN və ASAN imzanı işlədiyi şirkətin mühasibi Pərviz Qədimova vermişdir. Onların şirkətində bu cür işləri Pərviz həyata keçirirdi. İddiaçının istinad etdiyi sənədləri onun xəbəri olmadan Pərviz Qədimov imzalamışdır. VÖEN-i 2018-ci ildə özü şəxsən açdırmış, sonra da dayandırmışdır. Lakin 2020-ci ildə şirkətin rəhbəri Rövşən Süleymanovun xahişi ilə o, VÖEN-i yenidən aktivləşdirmişdir. Rövşən Süleymanov bildirmişdir ki, həmin vaxt Pərviz Qədirov vergi orqanı tərəfindən 1 ay müddətinə bloklanmışdır. Bu səbəbdən də onun VÖEN-i müvəqqəti aktivləşdirilmiş və sonradan dayandırılmamışdır. VÖEN-in yenidən aktivləşdirilməsi üçün müraciəti özü etməmişdir. X6 həyata keçirmişdir. 2018-ci ildə ilk dəfə VÖEN-i şəxsən açdıranda ona parol verilmişdir. Sonraki aktivləşdirmə prosesində özü iştirak etməmiş, sadəcə VÖEN-in aktivləşdirilməsi üçün sənədlərini şirkətin müdriyyətinə vermiş və Pərviz Qədimov da həmin prosesi həyata keçirib. Onun VÖEN-i vasitəsilə iddiaçıdan mal alınması barədə məlumatı olmamışdır. Sonradan məlumatı olduqda şirkətə müraciət edərək bildirmişdir ki, müqavilələri ondan xəbərsiz Pərviz Qədimov bağlamışdır. Elektron qaimələrlə bağlı bildirir ki, Pərviz Qədimovla birlikdə özünün adına ASAN imza əldə etmişlər və həmin ASAN imzanı Pərvizə vermişdir. 3 il ərzində sözügedən imza Pərviz Qədimovda olub, o, işlətməmişdir. Onun VÖEN-i, şəxsi kabinetinə giriş üçün məlumatlar və özünə məxsus ASAN imza-hamısı Pərviz Qədimovda olmuşdur, onlardan Pərviz istifadə etmişdir Mübahisəli müqavilənin bağlanması, ümumiyyətlə, iddiaçı ilə əməkdaşlıq edilməsi üçün VÖEN-in Pərviz Qədimova verməyində onun heç bir şəxsi qazancı və xeyiri olmamışdır. Aralarında da qohumluq əlaqələri yoxdur. O,sadəcə şirkətin işçisi olmuşdur, Pərviz Qədimov da orada mühasib vəzifəsində işləyirdi. Malların alqı-satqısını, onun adına olan bank hesabından ödənişləri və sair işləri Pərviz Qədimov həyata keçirmişdir. Ona məxsus ASAN imza da həmin şəxsdə olduğundan iddiaçının elektron qaimələrinin təsdiqlənməsini də o həyata keçirmişdir. Şirkətin fəaliyyətində narahatçılıqlar yarandıqda iddiaçının nümayəndəsi müraciət edərək malların ona satıldığını bildirmişdir. O da iddiaçının nümayəndəsinə müraciət edərək mübahisəli müqavilənin Pərviz Qədimovun adına keçirilməsini xahiş etmişdir. Bununla bağlı iddiaçının nümayəndəsi və Pərviz Qədimov arasında ilkin razılıqlar olmasına baxmayaraq, sonuncu qısa müddət ərzində ölkədən getmişdir.

81. Göründüyü kimi tərəflər arasında malların şıfahi nisyə alq-satqı münasibətləri formalaşmış, bu zaman cavabdeh şüurlu şəkildə öz razılığı ilə özünə məxsus VÖEN-i və ASAN imzanı başqa şəxsə vermişdir. Bundan sonra cavabdehin adına göndərilmiş elektron qaimələri başqa şəxs qəbul etmiş, həmin şəxs satış fakturaları və təhvil təslim aktlarını imzalayaraq malları qəbul etmişdir. Qəbul edilmiş malların bir hissəsinin dəyəri cavabdehin bank hesabı vasitəsi ilə ödənilmişdir. İlkin iddia tələbində göstərilən məbləğ ödənilməmiş qalmışdır.

82. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 25 fevral 2025-ci il tarixli, 2-2(107)-117/2024 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizаnın аpаrılmаsının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilməsi və iş üzrə rəy alınanadək mülki işin icraatının dayandırılması qərara alınmışdır.

83. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/1975 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının ekspert rəyində qeyd olunur ki; 1-ci sual üzrə: - Ekspertiza təyini haqqında qərardadda ekspert qarşısında qoyulmuş 1-ci suala cavab olaraq bildirilir ki, iş materiallarında öz əksini tapmış malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalardan göründüyü kimi, İddiaçı MMC tərəfindən Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ümumilikdə 466.568,64 manat (395.397,15 manat ƏDV-siz) dəyərində mal verilmişdir. 2-ci sual üzrə: - Mülki iş mateirallarında olan “Azərbaycan Beynəlxalq Bankı” ASC və "xxxx" ASC tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatlarından göründüyü kimi Cavabdeh tərəfindən İddiaçı MMC-yə ümumilikdə 136953,82 manat məbləğində ödəniş həyata keçirilmişdir. 3-cü və 4-cü sual üzrə: - Ekspert qarşısında qoyulmuş üçüncü və dördüncü suallara cavab olaraq bildirilir ki, hazırki ekspertiza tədqiqatı zamanı, iş materiallarında öz əksini tapmış malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalar, hesabdan çıxarış məlumatları nəzərə alınmaqla Cavabdeh tərəfindən İddiaçı MMC-yə ödənilməli olan borc məbləği ümumilikdə 258.443,33 manat ƏDV-siz (395.397,15 - 136953,82 = 258.443,33) məbləğində müəyyən edilir.

84. Bundan başqa apellyasiya baxışı zamanı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər İdarəsinə müvafiq sorğu verilmişdir.

85. Həmin sorğuya cavab olaraq 11 saylı Ərazi Vergilər İdarəsinin 25 iyul 2025-ci il tarixli, 3-21-2-17/2-99741/2025 saylı məktubda qeyd edilmişdir ki; - Məlumat-uçot bazasına əsasən Cavabdeh özünün şəxsi müraciəti əsasında təqdim etdiyi ərizəyə əsasən ********** VÖEN ilə xx.xx.2018-ci il tarixdə vergi uçotuna alınmışdır. - Vergi ödəyicisinin onlayn qaydada təqdim etdiyi “Fiziki şəxsin fəaliyyətinin dayandırılması barədə” arayışlara əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2058-ci il tarixədək fəaliyyəti dayandırılmışdır. xx.xx.2020ci il tarixdə təqdim etdiyi bəyannaməyə əsasən fəaliyyəti xx.xx.2020-ci il tarixdən aktivləşmişdir.

86. İddiaçının nümayəndəsi ekspert rəyində göstərilənlərlə iddia tələbində göstərilən məbləğdə olan fərqlə bağlı bildirmişdir ki, onlarda geri qaytarılmış mallar olmuş, yəni verdikləri malların müəyyən hissəsi geri qaytarılmışdır. Bundan başqa da, çox alış-veriş edən müştərilərilərə 10-20% məbləğində güzəştlər tətbiq edilir. xx.xx.2025-ci il tarixli, 9/1975 nömrəli ekspert rəyində göstərilmiş 258 443,33 manat məbləğ cavabdehin o qədər borcunun olması demək deyildir. Belə ki, ekspertiza təqdim olunmuş sənədlərə, o cümlədən bank hesabından çıxarış və elektron qaimələrə əsasən keçirilmişdir. Lakin qeyd olunan fərq geri qaytarılmış mallar və tətbiq olunmuş güzəştlərə, endirimlərə görə yaranmışdır. Ona görə də cavabdehin faktiki olaraq borcu iddia ərizəsində göstərildiyi kimi, yəni 130700 manat təşkil edir. Cavabdehə qarşı iddia ərizəsində göstərilən tələbdən artıq tələbləri yoxdur, gələcəkdə də olmayacaq.

87. Vergi orqanına edilmiş sorğuya cavabdan da göründüyü kimi, cavabdeh özünün şəxsi müraciəti əsasında təqdim etdiyi ərizəyə əsasən xx.xx.2018-ci il tarixdə vergi uçotuna alınmış, onun onlayn qaydada təqdim etdiyi arayışlara əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2058-ci il tarixədək fəaliyyəti dayandırılmışdır. Onun xx.xx.2020-ci il tarixdə təqdim etdiyi bəyannaməyə əsasən fəaliyyəti xx.xx.2020-ci il tarixdən aktivləşmişdir.

88. Qeyd olunanlar bir daha təsdiq edir ki, cavabdeh könüllü şəkildə özünə məxsus VÖEN və ASAN imzanı başqa şəxsə vermiş və həmin şəxs tərəfindən malların alqı-satqı əməliyyatları həyata keçirilmişdir. Malların bir hissəsinin dəyəri də cavabdehin bankda olan şəxsi hesab vasitəsi ilə ödənilmişdir.

89. Belə olan halda, biirinci instansiya məhkəməsinin satış fakturalarında müəyyən alqı-satqı münasibətlərinin olduğu görünsə də, Cavabdeh proseslərin heç birində iştirak etməməsi barədə gəldiyi nəticə əsassız olmuşdur.

90. Göründüyü kimi, cavadeh heç bir sənədə şəxsən imza etməsə də, onun adından alqı-satqı əməliyyatlarının aparıldığını bilmişdir. Bunun edilməsi yalnız onun öz şəxsi razılığı və iradəsi ilə mümkün ola bilərdi.

91. Beləliklə də, aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, tərəflrələr arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 55-003051/22 saylı alqı-satqı müqaviləsi cavabdeh tərəfindən deyil başqa şəxs tərəfindən imzalanmış, cavabdehin həmin müqavilənin mövcudluğundan məlumatı olmamış, lakin tərəflər arasında şifahi razılıq (müqavilə) əsasında malların nisyə alqı-satqısı həyata keçirilmiş, malların dəyərinin bir hissəsi cavabdeh tərəfindən ödənilmiş, qalan hissəsi ödənilməmiş qalmışdır.

92. Həmin faktlar iş üzrə alınmış xx.xx.2024-cü il tarixli 4/503 nömrəli məhkəmə xətşünaslıq və xx.xx.2025-ci il tarixli, 9/1975 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının ekspert rəyləri ilə təsdiq olunur.

93. Sözügedən ekspert rəyləri hazırkı real vəziyyəti əks etdirdiyi üçün məhkəmə kollegiyası da həmin rəyləri əsaslı sayır. 94.Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Kollegiya səlahiyyətli orqan tərəfindən verilmiş ekspert rəylərini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylərlə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyləri sübut kimi qəbul edilməlidir.

95. “X3rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.

96. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları).

97. Lakin birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, yalnız cavabdeh tərəfindən irəli sürülən dəlillərə və onun izahatına istinad etməklə yekun məhkəmə aktı qəbul etmişdir. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir.

98. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

99. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

100. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

101. Mülki işin apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin qismən ləğv olunmasına və apellyasiya şikayətinin qismən təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilmişdir.

102. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi ilk iddia tələbini təmin etməməkdə məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmədiyindən və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi səbəbindən, eyni zamanda işdə qətnаmənin аpellyаsiyа qаydаsındа qismən ləğv edilməsi üçün əsаslаr olduğundan İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Şəki Kommersiya Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, e-2-2(117)-283/2024 saylı qətnaməsi qismən - ilk iddianın rədd edilməsi hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilərək ilk iddia tələbi təmin edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

103. İş üzrə məhkəmə xərci olan məhkəmə ekspertiza tədqiqatlarının dəyəri təşkil edən - 227 (iki yüz iyirmi yeddi) manat məbləğinin 127 (bir yüz iyirmi yeddi) manatı İddiaçı MMC-dən, 100 (bir yüz) manatı isə Cavabdeh tutulmalı və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE********************) hesabına ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, e-2-2(117)-283/2024 saylı qətnaməsi qismən, ilk iddianın rədd edilməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilərək ilk iddia tələbi təmin edilsin. Cavabdeh 130700 manat məbləğində pul vəsaiti və 420.70 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə verilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə məhkəmə xərci olan məhkəmə ekspertiza tədqiqatlarının dəyəri təşkil edən - 227 (iki yüz iyirmi yeddi) manat məbləğinin 127 (bir yüz iyirmi yeddi) manatı İddiaçı MMCdən, 100 (bir yüz) manatı isə Cavabdeh tutulsun və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE********************) hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar