Məhkəmə qərarları › İş №2-2(107)-83/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-83/2025

01.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-83/2025 01.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyаsiyа Məhkəməsinin Kommersiya Kollegiyаsının iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə QƏTNAMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X6 qızının katibliyi ilə, iddiaçı Azərbaycan Respublikasi Kənd Təsərrüfati Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 10 fevral 2025-ci il tarixli e-2-2(117)- 61/2025 nömrəli qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfati Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ:

1. İşin halları

İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi 27 noyabr 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh (VÖEN **********) qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, 12 oktyabr 2017-ci il tarixli 2038-GL/17 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi 21 noyabr 2024-cü il tarixə hesablanmış 19400 (on doqquz min dörd yüz) manat gecikdirilmiş borc, 34922,68 (otuz dörd min doqquz yüz iyirmi iki manat 68 qəpik) manat cərimə borcu və hüquqi yardımla bağlı ödənilmiş 500 (beş yüz) manat olmaqla, cəmi 54822,68 (əlli dörd min səkkiz yüz iyirmi iki manat 68 qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, lizinq verən "xxxx" ASC ("xxxx" ASC) ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan lizinq alan Cavabdeh arasında bağlanmış 12 oktyabr 2017-ci il tarixli 2038-GL/17 nömrəli müqaviləyə əsasən borclu (lizinq alan) satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə kənd təsərrüfatı texnikasını lizinqə götürmüşdür. Lakin, Lizinq Alan (cavabdeh) müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və nəticədə onun maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə xx.xx.2017-ci il tarixli 2038-GL/17 nömrəli müqavilə üzrə 19400 manat gecikdirilmiş borcu və hesablanmış 34922,68 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdeh öhdəlikləri vaxtında icra etməməklə, Mülki Məcəllənin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə, kreditor qarşısında məsuliyyət daşıyır. Yenə həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə görə lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Tərəflər arasında bağlanmış müqavilələrin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələr dövlət rüsumunu ödəməkdən azaddır. Eləcə də, hazırkı iddia ərizəsi ilə əlaqədar hüquqi yardım göstərilməsi üçün vəkilə də müraciət edilmiş və hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən hüquqi yardıma görə haqqın məbləği 500 (beş yüz) manat məbləğində müəyyənləşdirilmişdir. Bu məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda qeyd olunur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanına əsasən "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir (ötürülmüşdür). İddiaçı tərəfindən iddia tələbinin əsaslılığının sübutu kimi aşağıda qeyd olunan sənədlər iddia ərizəsi ilə birlikdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim olunmuşdur: - Lizinq verən "xxxx" ASC (hal-hazırda "xxxx" ASC) ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan lizinq alan Cavabdeh (VÖEN **********) arasında bağlanmış “ "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi” barədə 12 oktyabr 2017-ci il tarixli 2038-GL/17 nömrəli Müqavilə (Güzəştli): - Həmin Müqavilənin şərtlərinə görə Lizinq verən 49500 manat məbləğində olan ilkin dəyərinin 40%-nə güzəşt tətbiq etməklə və güzəştdən sonrakı ümumi qalıq məbləği 19400 manat olan kənd təsərrüfatı texnikasını (kombaynı) qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir (Müqavilənin 1-ci bəndi), lizinq alan texnikanın qalıq məbləğini Ödəniş Qrafikinə uyğun olaraq ödəməyi öhdəsinə götürür (Müqavilənin 1.2-ci bəndi), lizinq alan Texnikanın istifadəsinə görə bu Müqavilənin tərkib hissəsi olan Ödəniş Qrafikinə (Əlavə № 2) uyğun olaraq ödənişləri həyata keçirir (Müqavilənin 4.1-ci bəndi), lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1% həcmində cərimə tələb edir (Müqavilənin 4.2-ci bəndi), bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və müqavilənin tələblərindən əmələ gələn öhdəliklər tam yerinə yetirilənədək qüvvədədir (Müqavilənin 9-cu bəndi); - 12 oktyabr 2017-ci il tarixli 2038-GL/17 nömrəli lizinq Müqaviləsinin spesifikasiyası: Həmin sənəddən görünür ki, ilkin dəyəri 49500 manat məbləğində olan və ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilən və güzəştdən sonrakı ümumi qalıq məbləği 19400 manat olan bir ədəd taxılyığan kombayn 12 oktyabr 2017-ci il tarixli 2038-GL/17 nömrəli lizinq Müqaviləsinə əsasən lizinq ödənişlərinin ödəmə müddəti 5 il olmaqla lizinq alan Cavabdeh lizinqə verilmişdir. - Lizinq verən "xxxx" ASC ilə lizinq alan Cavabdeh arasında bağlanmış 12 oktyabr 2017-ci il tarixli 2038-GL/17 nömrəli Lizinq Müqaviləsinin 4.1-ci bəndinə əsasən tərtib edilərək, hər iki müqavilə tərəfinin imzalamış olduğu 12 oktyabr 2017-ci il tarixli Ödəniş Qrafiki (Əlavə № 2): - X3 görünür ki, cəmi 19400 manat məbləğində lizinq ödənişlərinin Lizinq Alan tərəfindən ödənilməsi qaydası və məbləğləri (hər rübdə 2156 manat və xx.xx.2021-ci ildə ödənilməsi nəzərdə tutulan sonuncu ödəniş 2152 manat olmaqla) müəyyən edilmişdir (ödənişin son tarixi 30 sentyabr 2021-ci il tarixi müəyyən olunmuşdur); - 16 aprel 2014-cü il tarixli təhvil-təslim aktı: - Həmin Aktdan görünür ki, SK-5 ME-1 markalı, 10D573 dövlət qeydiyyat nömrəli kombayn (şassi nömrəsi: 188135; mühərrik nömrəsi: 087815) lizinq alan Cavabdeh təhvil verilmişdir; - 21 noyabr 2024-cü il tarixli maliyyə arayışı: - Həmin Arayışda göstərilir ki, lizinq alan X4 12 oktyabr 2017-ci il tarixli 2038-GL/17 nömrəli müqavilə üzrə müəyyən edilmiş 19400 manat məbləğində pul vəsaitindən ödəniş etməmiş və onun 21 noyabr 2024-cü il tarixinə 19400 manat məbləğində gecikdirilmiş qalıq əsas borcu və gecikdirilmiş borca görə hesablanmış 34922,68 manat cərimə borcu mövcuddur; - Hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunması ilə əlaqədar nümayəndənin (vəkilin) göstərdiyi hüquqi xidmət üçün 500 (beş yüz) manat məbləğində pul vəsaitinin ödənilməsi barədə sənədlər; - İddia ərizəsinə əlavə edilmiş “pretenziya” məktubu və digər sənədlərlə müəyyən olunur ki, iddia ərizəsində tələb olunan pulun ödənilməsi barədə cavabdehə müvafiq qaydada müraciət olunsa da, mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Hazırkı iddia ərizəsi üzrə məhkəmə prosesi başlandıqdan sonra Cavabdeh nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil2 07 yanvar 2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ilə müraciət edib, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi üzrə işin icraatına xitam verilməsini xahiş etmiş və həmin ərizəsini onunla əsaslandırmışdır ki, MPM-nin 261-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa, hakim iş üzrə icraata xitam verir. Hazırki iş üzrə iddiaçı eyni predmet barəsində 2022-ci ildə də eyni cavabdehə qarşı iddia qaldırmış və həmin iddia üzrə Şəki Kommersiya Məhkəməsi xx.xx.2022-ci il tarixli 2-2(117)-70/2022 saylı qətnamə qəbul etmiş və həmin qətnamə qanuni qüvvəsini almışdır. Həmin ərizə ilə birlikdə Cavabdeh nümayəndəsi tərəfindən məhkəməyə Şəki Kommersiya Məhkəməsinin 10 mart 2022-ci il tarixli e-2-2(117)-70/2022 nömrəli qətnaməsini təqdim etmişdir: Həmin Qətnamənin məzmunu ilə müəyyən olunur ki, 12 oktyabr 2017-ci il tarixli 2038-GL/17 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi 26 avqust 2021-ci il tarixə hesablanmış 17248 manat əsas borcun və 12431,5 manat cərimə borcunun Cavabdeh tutulması üçün iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuş və həmin iddia ərizəsi əsasında qəbul edilmiş Şəki Kommersiya Məhkəməsinin 10 mart 2022-ci il tarixli e-2-2(117)-70/2022 nömrəli qətnaməsi ilə 17248 manat əsas borcun, 500 manat cərimənin və 80 manat məbləğində hüquqi xidmət haqqının Cavabdeh tutularaq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi qət edilmişdir. Həmin Qətnamə qanuni qüvvəsini almışdır. Bundan sonra, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi 14 yanvar 2025-ci ildə, yəni iş üzrə məhkəmə hazırlıq mərhələsində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinin həcminin azaldılması” barədə ərizə təqdim edərək, 12 oktyabr 2017-ci il tarixli 2038-GL/17 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi 21 noyabr 2024-cü il tarixə hesablanmış 2152 (iki min yüz əlli iki) manat gecikdirilmiş borc, 2431,76 (iki min dörd yüz otuz bir manat 76 qəpik) manat cərimə borcu və hüquqi yardımla bağlı ödənilmiş 500 (beş yüz) manat olmaqla, cəmi 5083,76 (beş min səksən üç manat 76 qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş və həmin ərizə ilə birlikdə məhkəməyə “xx.xx.2024-cü il tarixli maliyyə arayışının dəqiqləşməsinə dair” tərtib edilmiş 09 yanvar 2025-ci il tarixli yeni maliyyə arayışını təqdim etmişdir. İddiaçı tərəfindən “iddia tələbinin həcminin azaldılması” barədə ərizəi onunla əsaslandırılmışdır ki, Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət olunduqdan sonra aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh ilə bağlanmış xx.xx.2017-ci il tarixli 2038-GL/17 nömrəli lizinq müqaviləsi üzrə gecikdirilmiş borc öhdəliyinin ödənilməsi məqsədilə Agentlik tərəfindən daha öncə Şəki Kommersiya Məhkəməsinə müraciət edilmişdir. Həmin vaxt Agentlik tərəfindən Cavabdeh qarşı “17248 manat əsas borc və 12431,50 manat cərimə məbləği vəsaitinin cavabdehdən tutulması” iddia tələbi irəli sürülmüş və həmin iddia tələbi xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən müəyyən edilərək, həmin məbləğ ödəniş qrafiki üzrə 2021-ci ilin 2-ci rübü daxil olmaqla tərtib edilmişdir. Yəni, həmin arayış 2021ci ilin 3-cü rübün əvvəlinədək olan dövrü əhatə etmişdir. Hal-hazırda isə 26 avqust 2021-ci il tarixli maliyyə arayışının əhatə etdiyi dövrdən sonrakı, yəni ödəniş qrafikinin 2021-ci ilin 3-cü rübü üzrə ödənişin də vaxtı keçmişdir. X7 Məhkəməsinin icraatında olan Cavabdeh qarşı “pul məbləğinin ödənilməsi” tələbinə dair e-2-2(117)-61/2025 nömrəli iş üzrə xx.xx.2017-ci il tarixli "2038-GL/17" nömrəli lizinq müqaviləsinə əsasən cavabdehə qarşı tələb edilən 2152 (iki min yüz əlli iki) manat əsas borc və həmin borca hesablanmış 2431,76 (iki min dörd yüz otuz bir manat 76 qəpik) manat cərimə məbləği əvvəlki iddia tələbindən sonraki dövrü, yəni ödəniş qrafikinin 2021-ci ilin 3-cü rübünü əhatə edir. Yuxarıda qeyd edilmiş səbəblərdən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması və iddia ərizəsinə (iddia tələbinə) dəqiqləşmə verilməsi zərurəti yaranmışdır. “İddia tələbinin həcminin azaldılması” barədə ərizəyə əlavə edilmiş “xx.xx.2024-cü il tarixli maliyyə arayışının dəqiqləşməsinə dair” tərtib edilmiş 09 yanvar 2025-ci il tarixli yeni maliyyə arayışı: - Həmin Arayışda göstərilir ki, müqavilə məbləği 19400 manat olmuş 12 oktyabr 2017-ci il tarixli 2038-GL/17 nömrəli lizinq müqaviləsi üzrə hazırkı iddia tələbi üzrə gecikdirilmiş borcun məbləği 2152 manat, cərimə borcunun məbləği isə 2431,76 manatdır və Şəki Kommersiya Məhkəməsinin 10 mart 2022-ci il tarixli e-2-2(117)-70/2022 nömrəli qətnaməsi ilə tutulan 17248 manat əsas borc bu maliyyə arayışında nəzərə alınmır. Bundan sonra isə Cavabdeh nümayəndəsi Vəkil2 14 yanvar 2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə iddia tələbinə qarşı “Etiraz” təqdim etmiş və həmin Etirazda göstərmişdir ki, iddiaçı “tələbin azaldılmasına dair” ərizədə qeyd edir ki, “Guya məhkəmə 2022-ci ildə qətnamə qəbul edərkən xx.xx.2021-ci il tarixədək olan, yəni 2021-ci ilin 2-ci rübü daxil olmaqla olan dövrü əhatə edən borc məbləğini göstərmişdir. Lakin müqavilə və ona olan əlavədən görünür ki, 2022-ci ildə məhkəmə işə baxarkən müqaviləyə olan əlavədə göstərilmiş bütün məbləğə dair qətnamə qəbul etmişdir. Belə ki, məhkəmənin qətnaməsindən görünür ki, müqavilədəki ümumi məbləğ 19400 manatdır. Həmin məbləğin 2156 manatını Cavabdeh ödəmişdir və müqavilə üzrə ödənilməmiş 17248 manat əsas borca dair qətnamə qəbul olunmuş və həmin əsas borcdan da Cavabdeh xx.xx.2022-ci ildə 200 manat, xx.xx.2024cü il tarixdə isə 500 manat pul ödəmişdir. Lakin iş üzrə iddiaçının ümumiyyətlə ödənişlərdən heç bir xəbəri yoxdur. Bundan başqa, 2022-ci ildə məhkəmə qətnaməsi ilə müqaviləyə xitam verilməsə də, müqavilədə göstərilən bütün məbləğə dair qətnamə qəbul edildiyindən və eyni zamanda cərimə müəyyən edildiyindən, hal-hazırda müqavilə üzrə ödəniləcək əsas borc məhkəmənin müzakirə mövzusu olmadığına görə və məhkəmə qəbul edən qətnamədə əsas borc göstərilməsi mümkün olmadığına görə mövcud olmayan məbləğə isə cərimənin hesablanması qanunsuz olardı. Beləliklə, iddia təmin edilə bilməz. Buna görə də hüquqi yardıma görə ödənilən məbləğ də tələb oluna bilməz. Müqavilədə göstərilən ümumi məbləğ üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğu halda, həmin müqavilədən irəli gələn mübahisələrə təkrar məhkəmə iclasında baxıla bilməz və işin icraatına xitam verilməlidir. Bundan əlavə, Cavabdeh nümayəndəsi Vəkil2 10 fevral 2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə təqdim etmiş və həmin ərizədə göstərmişdir ki, iddiaçı, Cavabdeh qarşı “iddia tələbinin həcmini azaldaraq” cavabdehdən 2152 manat əsas borc və 2431 manat 76 qəpik hesablanmış cərimə borcu, eyni zamanda 500 manat hüquqi yardımla bağlı xidmət pulu tələb edir. Aşağıdakılara əsasən iddia tələbi rədd edilməlidir: 1. Mübahisə predmeti olan müqaviləyə məhkəmə bir dəfə qiymət vermişdir. 2. Əsas borcdan çox əsas borca hesablanmış cərimə tələb olunur. Bu Mülki Məcəllənin 462 və 467-ci maddələri ilə tənzimlənməlidir. Necə ola bilər ki, 2100 manat üçün 2400 manat cərimə tutulsun. 3. İddiaçı hüquqi şəxs olmaqla, eyni zamanda dövlət təşkilatıdır. Hər bir dövlət təşkilatının tərkibində hüquqi məsələlərin həll olunması ilə bağlı xüsusi şöbələr və uyğun vəzifələrdə çalışan dövlətdən əmək haqqı alan dövlət qulluqçuları vardır. Belə olan halda dövlət təşkilatının hüquqi xidmət üçün kənar bir şəxsə pul ödəməsi və həmin pulu da məhkəmədə cavabdehdən tələb etməsi ən azından qanunlara riayət edilməməsi deməkdir. Bu barədə Kənd Təsərrüfatı Nazirliyini məlumatlandırmaq lazımdır. 4. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuşdur ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə kənd təsərrüfatı texnikasının lizinqə vermə barədə müqavilə bağlamış, müqavilənin şərtlərinə görə 1 ədəd kombayn ilkin olaraq 40% güzəşt tətbiq edilməklə, qalan 19400 manat məbləğində pul isə xx.xx.2022-ci il tarixədək müvafiq mövsüm üzrə 2156 manat məbləğində ödəniş etməklə cavabdehin istifadəsinə vermişdir. Buradan görünür ki, müqavilənin ümumi məbləği 19400 manatdır və bu məbləğdən 2156 manatı Cavabdeh ödəniş etməklə, onun 17248 manat borcu qalmışdır. Həmin 17248 manat borc məbləği də məhkəmə qətnaməsi ilə tutulmuş və müqavilə üzrə mübahisəyə tam qiymət verilmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq iddianın rədd edilməsi xahiş olunur.

2. Birinci instansiya məhkəməsində icraat

Birinci instansiya məhkəməsində aparılan icraat zamanı iş üzrə qəbul edilmiş Şəki Kommersiya Məhkəməsinin 10 fevral 2025-ci il tarixli e-2-2(117)-61/2025 nömrəli qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikasi Kənd Təsərrüfati Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “borcun tutulması” barədə iddia tələbi, yəni “12 oktyabr 2017-ci il tarixli 2038-GL/17 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi 21 noyabr 2024-cü il tarixə hesablanmış 2152 (iki min yüz əlli iki) manat gecikdirilmiş borc, 2431,76 (iki min dörd yüz otuz bir manat 76 qəpik) manat cərimə borcu və hüquqi yardımla bağlı ödənilmiş 500 (beş yüz) manat olmaqla, cəmi 5083,76 (beş min səksən üç manat 76 qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi” barədə iddia tələbi təmin edilməmişdir (hakim Hüseynova Elnarə). Şəki Kommersiya Məhkəməsinin 10 fevral 2025-ci il tarixli e-2-2(117)-61/2025 nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmış və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Beləliklə, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış lizinq müqaviləsindən irəli gəlir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdu ki, lizinqverən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixli 2038GL/17 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təssərüfatı texnikalarını lizinqə verilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə müvafiq olaraq lizinq predmeti kimi 19400 manat dəyərində olan kənd təsərrüfatı texnikası cavabdehə təhvil verilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xx.xx.2025-ci il tarixə tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına dəqiqləşməsinə əsasən Cavabdeh xx.xx.2017-ci il tarixli 2038-GL/17 nömrəli müqavilə üzrə 2152 manat gecikdirilmiş borcu ödənilməmiş və həmin tarixə hesablanmış 2431,76 manat cərimə borcu yarandığı qeyd olunsa da, lakin bu hal iş materiallarında olan sübutlarla öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 2038-GL/17 nömrəli lizinq müqaviləsindən irəli gələn mübahisəyə xx.xx.2022-ci il tarixdə Şəki Kommersiya Məhkəməsi tərəfindən baxılmış və məhkəmənin e-2-2(117)-70/2022 nömrəli qətnaməsi ilə iddia əsas borcun tələb edilməsi hissəsində təmin edilərək 17248 manat borcun, qalan hissədə qismən təmin edilərək 500 manat cərimənin və 80 manat məbləğində hüquqi xidmət haqqının Cavabdeh tutularaq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi qət edilmişdir. Sözügedən qətnamədə həmçinin müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 2038-GL/17 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilənin şərtlərinə görə iddiaçı 1 ədəd kombaynı ilkin olaraq 40% güzəşt tətbiq edilməklə qalan 19400 manat məbləği xx.xx.2022-ci il tarixədək müvafiq mövsüm üzrə 2156 manat məbləğində ödəniş etməklə cavabdehin istifadəsinə vermişdir. Hazırda iddiaçı tələbini azaldaraq cavabdehdən həmin lizinq müqaviləsi üzrə (19400-17248) 2152 manat gecikdirilmiş borc, hesablanmış 2431,76 manat cərimə borcunun, hüquqi yardımla bağlı 500 manat olmaqla, cəmi 5083,76 manat pul vəsaitinin ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi “cavabdehən gecikdirilmiş 2152 manat əsas borcun tutulması” hissəsində əsassız olduğundan rədd edilməlidir. Belə ki, Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-70/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsində tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 2038-GL/17 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə üzrə cavabdeh tərəfindən iddiaçıya 2152 manat məbləğində pulun ödənilməsi öz əksini tapmışdır. Həmin ödəniş texnikanın lizinqə verilməsilə bağlı cavabdeh tərəfindən edilmiş ilkin ödənişdir. Bu hal qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş fakt olduğundan mübahisələndirilmir və yenidən sübut edilməsinə lüzum qalmamışdır. Məhkəmə lizinq müqaviləsi üzrə dəbbə pulunun tələb edilməsi ilə bağlı qeyd edir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilələrin 4.2-ci bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 %-i həcmində cərimə tələb edə bilər. Məhkəmə lizinq müqaviləsi üzrə dəbbə pulunun tələb edilməsinə münasibətdə hesab edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində əsassız olduğundan, iddiaçı cərimə borcunu da tələb etməkdə haqlı deyildir. Bu səbəbdən iddia həmin hissədə də rədd edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddia rədd edildiyindən hüquqi yardımla bağlı ödənilmiş 500 manat pul iddiaçıya aid edilməli və iddia bu hissədə də təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Vəkillər X1 28 iyun 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi barədə Qaydalara əsasən bu Qaydalar vəkilə müştəri tərəfindən ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi ilə bağlı məsələləri tənzimləyir. Bu Qaydaların məqsədi vəkillərin maliyyə hesabatlılığının şəffaflaşdırılması yolu ilə vəkillik fəaliyyətinin səmərəli təşkilindən ibarətdir. Hüquqi yardım göstərilməsi haqqında 2374 nömrəli, xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfati Nazirliyi yaninda Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən vəkil Nümayəndə hüquqi yardıma görə 500 manat məbləğində pul ödənilməsi barədə razılıq imzalanmışdır. Məhkəmə hüquq xidmətlərinin göstərilməsi ilə bağlı hüquqi yardım haqqının ödənilməsi təşkili barədə xx.xx.2024-cü il tarixli saziş üzrə xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, 5 saylı Vəkil Bürosuna 500 manat məbləğində pul ödənilmişdir. Məhkəmə nəticə etibarı ilə qeyd edir ki, işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər hansı dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Hazırki iş üzrə iddiaçı iddia etdiyi halları sübut etməli olduğu halda iddia dəlillərini sübut edə bilməmiş və bu halı təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbi isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Birinci instansiya məhkəməsi, həmin qətnamədə gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.2, 448.2, 462.1, 747.1, 747.3, 748-1.12 və 748-1.12.4-cü maddələrinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 82.3, 88, 119.1, 121.1, 217.1 və 217.4-cü maddələrinə istinad etmişdir.

3. Apellyasiya şikayəti və ona etiraz

3.1) İş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şəki Kommersiya Məhkəməsinin 10 fevral 2025-ci il tarixli e-2-2(117)-61/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(117)-61/2025 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi haqqında yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra-Agentlik) Cavabdeh xx.xx.2017-ci il tarixli, 2038-GL/17 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə hesablanmış 19400 manat gecikdirilmiş borc və hesablanmış 34 922,68 manat cərimə borcu və hüquqi yardımla bağlı 500 manat olmaqla, cəmi 54822,68 manat pul vəsaitinin Cavabdeh tutularaq Agentliyə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh aid xx.xx.2017-ci il tarixli, "2038-GL/17" nömrəli lizinq müqaviləsi üzrə gecikdirilmiş borc öhdəliyinin ödənilməsi məqsədilə Agentlik tərəfindən daha öncə Şəki Kommersiya Məhkəməsinə müraciət edilmiş və Agentlik tərəfindən Cavabdeh qarşı “17248 manat əsas borc və 12431,50 manat cərimə məbləği vəsaitinin cavabdehdən tutulması” barədə iddia tələbi irəli sürülmüşdür. Həmin iddia tələbi xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən müəyyən edilmiş və həmin məbləğ ödəniş qrafiki üzrə 2021-ci ilin 2-ci rübü daxil olmaqla tərtib edilmiş, yəni həmin borc 3-cü rübün əvvəlinədək olan dövrü əhatə etmişdir. xx.xx.2021-ci il tarixli maliyyə arayışının əhatə etdiyi dövrdən sonrakı, yəni ödəniş qrafikinin 2021-ci ilin 3cü rübü üzrə ödənişin də vaxtı sonradan keçmişdir. Hazırda Cavabdeh qarşı “pul məbləğinin ödənilməsi” tələbinə dair e-2-2(117)-61/2025 nömrəli iş üzrə xx.xx.2017-ci il tarixli "2038-GL/17" nömrəli lizinq müqaviləsinə əsasən cavabdehdən tələb edilən 2152 (iki min yüz əlli iki) manat əsas borc və həmin borca hesablanmış 2431,76 (iki min dörd yüz otuz bir manat 76 qəpik) manat cərimə məbləği əvvəlki iddia tələbindən sonraki dövrü, yəni ödəniş qrafikinin 2021-ci ilin 3-cü rübünü əhatə edir. Ona görə də, yekun olaraq xx.xx.2017-ci il tarixli 2038-GL/17 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə hesablanmış 2152 (iki min bir yüz əlli iki) manat gecikdirilmiş borcun və hesablanmış 2431,76 (iki min dörd yüz otuz bir manat 76 qəpik) manat cərimə borcunun və hüquqi yardımla bağlı 500 (beş yüz) manat pul vəsaitinin Cavabdeh tutularaq Agentliyə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Lakin, birinci instansiya məhkəməsi tərəfindən Agentliyin Cavabdeh qarşı pul tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Məhkəmənin iddianın rədd edilməsi ilə bağlı mövqeyi qanunsuz və əsassızdır. Məhkəmə öz qətnaməsində qeyd etmişdir ki, iddia tələbi “cavabdehdən gecikdirilmiş 2152 (iki min bir yüz əlli iki) manat əsas borcun tutulması hissəsində əsassız olduğundan rədd edilməlidir. Belə ki, Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-70/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsində tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 2038-GL/17 nömrəli kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilə üzrə cavabdeh tərəfindən iddiaçıya 2152 (iki min bir yüz əlli iki) manat məbləğində pulun ödənilməsi öz əksini tapmışdır. Həmin ödəniş texnikanın lizinqə verilməsilə bağlı cavabdeh tərəfindən edilmiş ilkin ödənişdir. Bu hal qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş fakt olduğundan mübahisələndirilmir və yenidən sübut edilməsinə lüzum qalmamışdır”. Məhkəmənin diqqətinə çatdırılır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 2038-GL/17 nömrəli müqavilənin şərtlərində ilkin ödəniş edilməsi nəzərdə tutulmamışdır və müqavilənin 4.1-ci bəndinə əsasən, lizinq alanın texnikanın istifadəsinə görə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (Əlavə № 2) uyğun olaraq, ödənişləri həyata keçirməsi nəzərdə tutulmuşdur. Qeyd edilən ödəniş qrafikindən göründüyü kimi, Cavabdeh güzəşt tətbiq edildikdən sonra 19400,00 manat borcu olmuşdur. Şəki Kommersiya Məhkəməsinine-2-2(117)-70/2022 nömrəli məhkəmə işi üzrə Agentlik cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə xx.xx.2017-ci il tarixli, 2038-GL/17 nömrəli müqavilə üzrə Agentliyə yaranmış 17248 (on yeddi min iki yüz qırx səkkiz) manat gecikdirilmiş borcu və həmin borca hesablanmış 12431,50 (on iki min dörd yüz otuz bir manat 50 qəpik) manat cərimə borcunu tələb etmişdir. Yəni, əvvəlki iddia tələbi xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən müəyyən edilmiş və həmin məbləğ ödəniş qrafiki üzrə 2021-ci ilin 2-ci rübü daxil olmaqla tərtib edilmiş və 3-cü rübün əvvəlinədək olan dövrü əhatə etmişdir. xx.xx.2021-ci il tarixli maliyyə arayışının əhatə etdiyi dövrdən sonrakı, yəni ödəniş qrafikinin 2021-ci ilin 3-cü rübü üzrə ödəniş isə Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-70/2022 nömrəli məhkəmə işi üzrə tələb edilməmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(117)-70/2022 nömrəli qətnaməsinə əsasən, Cavabdeh 17248 (on yeddi min iki yüz qırx səkkiz) manat əsas borcu, həmin borca hesablanmış 500 (beş yüz) manat cərimə borcu və 80 manat məbləğində xidmət haqqının tutularaq Agentliyə və 179,04 (bir yüz yetmiş dörd manat 04 qəpik) dövlət rüsumunun cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Göründüyü kimi, xx.xx.2017-ci il tarixli 2038-GL/17 nömrəli müqaviləyə əlavə edilmiş ödəniş qrafiki üzrə 2021-ci ilin 2-ci rübü daxil olmaqla tərtib edilmiş və 3-cü rübün əvvəlinədək olan dövrü əhatə edən borcun tutulması barədə qəbul edilmiş Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(117)-70/2022 nömrəli qətnaməsində 2152 (iki min bir yüz əlli iki) manat məbləğində pul vəsaiti nəzərdə tutulmamışdır. Həmçinin, Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-70/2022 nömrəli məhkəmə işi üzrə Agentlik iddia ərizəsində xx.xx.2017-ci il tarixli 2038-GL/17 nömrəli müqavilə üzrə 17248 manat gecikdirilmiş əsas borcu və 12431,5 manat hesablanmış cərimə borcunun və hüquqi yardımla bağlı ödənilmiş 350 manat pul vəsaitinin cavabdehdən tutularaq Agentliyə ödənilməsini xahiş etsə də, məhkəmə texniki yanlışlığa yol verərək qətnaməsində 17248 (on yeddi min iki yüz qırx səkkiz) manat məbləğini “əsas borc” kimi qeyd etmişdir. Cavabdehin 2152 (iki min bir yüz əlli iki) manat gecikdirilmiş borcunu ödəməsi sübuta yetirilmədiyi halda, məhkəmənin borcun tamamilə ödənilməsini əsas gətirərək, iddianı rədd etməsi qanunvericiliyin tələblərini pozur. Bundan əlavə, "xxxx" ASC ("xxxx" ASC) ilə Cavabdeharasında bağlanmış müqavilənin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Qanunvericiliyin tələblərinə və müqavilə şərtlərinə müvafiq olaraq, cavabdeh müqavilə üzrə ödənişləri gecikdirdiyinə görə, hesablanmış 2431,76 manat cərimə borcu da cavabdehdən tutularaq Agentliyə ödənilməlidir. Eyni zamanda, hüquqi yardım göstərilməsi üçün vəkilə də müraciət edilmişdir. Hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən hüquqi yardıma görə haqqın məbləği 500 (beş yüz) manat müəyyənləşdirilmişdir. Bu məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş materiallarında olan hüquqi yardım göstərilməsi haqqında 2374 nömrəli, xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Agentlik tərəfindən vəkil Nümayəndə hüquqi yardıma görə 500 manat məbləğində pul ödənilməsi barədə razılıq imzalanmışdır. Hüquq xidmətlərinin göstərilməsi ilə bağlı hüquqi yardım haqqının ödənilməsi təşkili barədə xx.xx.2024-cü il tarixli saziş üzrə xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, 5 saylı Vəkil Bürosuna 500 manat məbləğində pul ödənilmişdir. Məhkəmə əlavə olaraq qətnaməsində qeyd etmişdir ki, iddiaçı iddia etdiyi halları sübut etməli olduğu halda, iddia dəlillərini sübut edə bilməmiş və bu halı təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Bununla əlaqədar bildirilir ki, iş materiallarına əlavə olunmuş maliyyə arayışı 2152 (iki min bir yüz əlli iki) manat gecikdirilmiş borcun və hesablanmış 2431,76 (iki min dörd yüz otuz bir manat 76 qəpik) manat cərimə borcunun olduğunu sübuta yetirir.

3.2) Apellyasiya şikayətinə qarşı etiraz

Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

4. İş üzrə apellyasiya icraatı: 4.1) Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinə baxılması ilə əlaqədar kommersiya işi üzrə 01 may 2025-ci il tarixinə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmələrinə baxmayaraq, apellyasiya şikayətini vermiş iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi və Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərini nəzərə alaraq, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur.

4.2). Apellyasiya baxışının hədləri

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən hazırkı apellyasiya şikayətində “Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(117)-61/2025 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi haqqında yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.

4.3). Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. ... 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 430.1. Əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.12.4. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-10.2. Lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. 748-10.4. Lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.

9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi - məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 385.1.4. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi - məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini iş materialları və işin konkret halları ilə əlaqəli şəkildə araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilib, Şəki Kommersiya Məhkəməsinin 10 fevral 2025-ci il tarixli e-2-2(117)-61/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Cavabdeh (VÖEN **********) qarşı verilmiş “borcun tutulması” barədə iddia tələbi, yəni “12 oktyabr 2017-ci il tarixli 2038-GL/17 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi 21 noyabr 2024-cü il tarixə hesablanmış 2152 (iki min yüz əlli iki) manat gecikdirilmiş borc, 2431,76 (iki min dörd yüz otuz bir manat 76 qəpik) manat cərimə borcu və hüquqi yardımla bağlı ödənilmiş 500 (beş yüz) manat olmaqla, cəmi 5083,76 (beş min səksən üç manat 76 qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi” barədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş üzrə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə olan məlumatlarla, iş materiallarında olan sənədlərlə və işin konkret halları ilə müəyyən olunur ki, lizinq verən "xxxx" ASC (hal-hazırda "xxxx" ASC) ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan lizinq alan Cavabdeh (VÖEN **********) arasında bağlanmış “ "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi” barədə 12 oktyabr 2017-ci il tarixli 2038-GL/17 nömrəli Müqavilə (Güzəştli) əsasında ilkin dəyəri 49500 manat məbləğində olan və ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilərək, güzəştdən sonrakı ümumi qalıq məbləği 19400 manat olan bir ədəd taxılyığan kombayn lizinq ödənişlərinin ödəmə müddəti 5 il olmaqla lizinq alan Cavabdeh lizinqə verilmiş və həmin Müqavilədə Lizinq verənin Lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1% həcmində cərimə tələb etmək hüququ nəzərdə tutulmuşdur. Həmin 12 oktyabr 2017-ci il tarixli 2038-GL/17 nömrəli Lizinq Müqaviləsinin 4.1-ci bəndinə əsasən tərtib edilərək, hər iki müqavilə tərəfinin imzalamış olduğu 12 oktyabr 2017-ci il tarixli Ödəniş Qrafikində (Əlavə № 2) cəmi 19400 manat məbləğində lizinq ödənişlərinin Lizinq alan tərəfindən ödənilməsi qaydası və məbləğləri, hər rübdə 2156 manat, 2021-ci ilin 3-cü rübü üçün müəyyən olunmuş və xx.xx.2021-ci ildə ödənilməsi nəzərdə tutulan sonuncu ödəniş isə 2152 manat olmaqla müəyyən edilmişdir. Yəni, müqavilə üzrə ödənilməli olan 19400 manat məbləğində ödəniş üzrə sonuncu ödənişin 30 sentyabr 2021-ci il tarixində 2152 manat olmaqla edilməsi nəzərdə tutulmuşdur. Şəki Kommersiya Məhkəməsinin 10 mart 2022-ci il tarixli e-2-2(117)-70/2022 nömrəli qətnaməsinin məzmunu ilə müəyyən olunur ki, 12 oktyabr 2017-ci il tarixli 2038- GL/17 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi 26 avqust 2021-ci il tarixə hesablanmış 17248 manat əsas borcun və 12431,5 manat cərimə borcunun Cavabdeh tutulması üçün iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuş və həmin iddia ərizəsi əsasında qəbul edilmiş Şəki Kommersiya Məhkəməsinin 10 mart 2022-ci il tarixli e-2-2(117)-70/2022 nömrəli qətnaməsi ilə 17248 manat əsas borcun, 500 manat cərimənin və 80 manat məbləğində hüquqi xidmət haqqının Cavabdeh tutularaq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi qət edilmişdir (həmin Qətnamə qanuni qüvvəsini almışdır). Lakin, həmin qətnamə ilə məlum lizinq müqaviləsinə xitam verilməmiş və Lizinq verən tərəfindən kombayn geri tələb edilməmişdir. Hazırkı iş üzrə isə iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi 27 noyabr 2024-cü ildə məhkəməyə təqdim etdiyi iddia ərizəsi və 14 yanvar 2025-ci ildə məhkəməyə təqdim etdiyi “iddia tələbinin həcminin azaldılması” barədə ərizədə Şəki Kommersiya Məhkəməsinin 10 mart 2022-ci il tarixli e-2-2(117)-70/2022 nömrəli qətnaməsində nəzərdə tutulmayan dövrə aid, yəni Müqavilə üzrə sonuncu ödəniş kimi 30 sentyabr 2021-ci ildə 2152 manat məbləğində nəzərdə tutulan və lizinq alan tərəfindən ödənilməyən əsas borc və həmin borca hesablanmış 2431,76 manat cərimənin Cavabdeh tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Göründüyü kimi, 12 oktyabr 2017-ci il tarixli 2038-GL/17 nömrəli Lizinq Müqaviləsi üzrə lizinqə verilmiş və güzəştdən sonra cəmi lizinq ödənişi 19400 manat məbləğində müəyyən edilmiş bir ədəd taxılyığan kombayna görə lizinq alan Cavabdeh Ödəniş Qrafiki ilə nəzərdə tutulan qaydada ödəniş etmədiyindən, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin iddia ərizəsi əsasında qəbul edilmiş və qanuni qüvvəsini almış Şəki Kommersiya Məhkəməsinin 10 mart 2022-ci il tarixli e-2-2(117)-70/2022 nömrəli qətnaməsinə əsasən 26 avqust 2021-ci il tarixə hesablanmış 17248 manat əsas borc, 500 manat cərimə və 80 manat məbləğində hüquqi xidmət haqqı Cavabdeh tutulmuşdur. Lakin, həmin iddia ərizəsi verilərkən lizinq predmeti olan kombayn Lizinq alandan tələb edilərək geri alınmamış və eyni zamanda, həmin qətnamə ilə məlum lizinq müqaviləsinə xitam verilməmişdir. Yəni, tərəflər arasında bağlanmış məlum Lizinq Müqaviləsi üzrə lizinq münasibətləri davam etdirilmişdir. Həmin Qətnamədə tutulan 17248 manat məbləğində əsas borc 26 avqust 2021-ci il tarixədək edilməli olan ödənişlər əsasında hesablanmış gecikdirilmiş borc olduğundan, həmin tarixdən sonrakı dövrə aid ödənilməsi nəzərdə tutulan qrafik ödənişi məlum qətnamədə nəzərə alınmamış və həmin borca qiymət verilməmişdir. Bu borc ödənişi isə Ödəniş Qrafiki üzrə sonuncu ödəniş olaraq 30 sentyabr 2021-ci ildə ödənilməsi nəzərdə tutulan 2152 manat məbləğində lizinq ödənişidir və hazırkı iş üzrə cavabdehdən həmin əsas borc və ona hesablanmış cərimə tələb olunur. Qeyd etmək lazımdır ki, 12 oktyabr 2017-ci il tarixli 2038-GL/17 nömrəli Lizinq Müqaviləsi üzrə ilkin ödəniş nəzərdə tutulmamış və birinci instansiya məhkəməsində aparılan araşdırma zamanı cavabdeh tərəfin ümumi borca rəğmən az miqdarda ödənişlər barədə təqdim etdiyi qəbzlərdə göstərilən ödənişlərin isə hazırkı iddia tələbinə aid olması müəyyən edilmir. Çünki, yuxarıda qeyd olunduğu kimi, cavabdehdən “17248 manat əsas borcun, 500 manat cərimənin və 80 manat məbləğində hüquqi xidmət haqqının tutulması” barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olduğundan, qeyd olunan həmin ödənişlərin həmin borc üzrə silinməsi istisna olunmur. Yuxarıda təsvir olunanlara və işin konkret hallarına görə müəyyən olunur ki, 12 oktyabr 2017-ci il tarixli 2038-GL/17 nömrəli Lizinq Müqaviləsi üzrə 26 avqust 2021-ci il tarixindən sonrakı dövrə aid 2152 (iki min yüz əlli iki) manat məbləğində əsas borcun Cavabdeh iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması barədə hazırkı iş izrə verilmiş iddia tələbi əsaslıdır və həmin hissədə iddia təmin olunmalıdır. Eləcə də, məhkəmə kollegiyası hesab edir ki, iddianın Cavabdeh iddiaçının 2431,76 (iki min dörd yüz otuz bir manat 76 qəpik) manat məbləğində cərimənin tutulması tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları, o cümlədən də cavabdehin kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olması nəzərə alınmaqla, tələb edilən cərimə məbləği azaldılaraq, cavabdehdən cəmi 110 (yüz on) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmçinin, qeyd etmək lazımdır ki, iddiaçı tərəfindən hesablanmış cərimə məbləği azaldılarkən digər hallarla yanaşı, tərəflər arasında bağlanmış Lizinq Müqaviləsinin tələblərinə görə lizinqə verilmiş kənd təsərrüfatı texnikalarının dəyərinin ödənilmə müddətinin və qaydasının dəqiq müəyyən edilməsinə baxmayaraq, Ödəniş Qrafikinə riayət olunmadığı halda - iddiaçı tərəfindən bununla bağlı tərəflər arasında bağlanmış Müqavilə şərtlərinə və qanunvericilik normalarına uyğun müvafiq tədbirlər görülməyərək uzun müddət sonra məhkəməyə müraciət edilməsi və bununla əlaqədar hesablanmış cərimə məbləğinin də yüksək həddə artması və bu cərimə məbləğinin artmasına iddiaçı tərəfin hərəkətsizliyinin də səbəb olması nəzərə alınmalıdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəllənin 425.2-ci maddəsinin tələblərinə görə, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Bundan əlavə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın tələblərinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə məhkəmə proseslərində iştirak edən nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərcin “ağlabatan məbləğdə və zərurətlə xərcləndiyi” halda tutulmasına yol verilir. Bu halda, iddiaçı tərəfindən cavabdehdən tələb olunan “hüquqi yardımla əlaqədar ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqının tutulması”, yəni hüquqi xidmətlərə görə 500 manat məbləğində pul vəsaiti - hazırkı iş üzrə ağlabatan və zərurətlə xərclənən məbləğ hesab edilə bilməz və ona görə də həmin məbləğin hamısı deyil, yalnız hazırkı iş üzrə mövcud şəraitdə və dövrdə xərclənməsi ağlabatan hesab edilən hissəsi cavabdehə aid edilə bilər. Odur ki, hüquqi yardıma görə cavabdehdən tələb olunan 500 (beş yüz) manat məbləğində pulun həqiqətən və zərurətlə xərcləndiyi sübut edilmədiyindən və bu məbləğ yuxarıda təsvir olunan işin konkret hallarına və həcminə görə ağlabatan və əsaslı olmadığından, həmin hissədə iddia tələbi qismən təmin edilməli və cavabdehdən hüquqi xidmətlərlə əlaqədar çəkilmiş xərcə görə ağlabatan məbləğdə, yəni 300 (üç yüz) manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 121.1-ci maddəsinin tələblərinə əsasən, məhkəmə - nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara ala bilər. Yəni, bu normanın tələbinə görə fiziki şəxs olaraq işdə iştirak edən nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərcin - konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, ağlabatan məbləğdə tutulmasına yol verilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov və Ağazadə Azərbaycana qarşı” iş üzrə 18 dekabr 2008-ci il tarixli qərarında da qeyd olunur ki, ərizəçi - xərc və məsrəflərin ödənilməsi hüququna yalnız o halda malikdir ki, onların həqiqətən və zərurətlə xərcləndiyi göstərilsin və bu məbləğlər həcminə görə əsaslı olsun. Beləliklə də, məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara, apellyasiya baxışında işin araşdırılmış hallarına və işin digər konkret hallarına əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və Şəki Kommersiya Məhkəməsinin 10 fevral 2025-ci il tarixli e-2-2(117)-61/2025 nömrəli qətnaməsi tamamlə ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli, yeni qətnamədə iddia tələbi, işin halları, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin tələbləri və apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla, iddia qismən təmin edilərək, cavabdeh Cavabdeh (VÖEN **********) 12 oktyabr 2017-ci il tarixli 2038-GL/17 nömrəli lizinq müqaviləsi üzrə 26 avqust 2021-ci il tarixindən sonrakı dövrə aid hesablanmış 2152 manat məbləğində əsas borc, 110 manat məbləğində cərimə və hüquqi yardımla əlaqədar ödənilmiş xidmət haqqının 300 manat hissəsi iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulmalı və iddia qalan hissədə təmin edilməməlidir. Cavabdeh dövlət nəfinə 42,62 (qırx iki manat 62 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Həmçinin, hazırkı iddia tələbinin təmin olunmuş hissəsi üzrə hesablanan 42,62 (qırx iki manat 62 qəpik) manat məbləğində dövlət rüsumu da Cavabdeh dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 119.6-cı maddəsinə əsasən, yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin 10 fevral 2025-ci il tarixli e-2-2(117)-61/2025 nömrəli qətnaməsi tamamlə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh Cavabdeh (VÖEN **********) 12 oktyabr 2017-ci il tarixli 2038-GL/17 nömrəli lizinq müqaviləsi üzrə 26 avqust 2021-ci il tarixindən sonrakı dövrə aid 2152 (iki min yüz əlli iki) manat məbləğində əsas borc, 110 (yüz on) manat məbləğində cərimə və hüquqi yardımla əlaqədar ödənilmiş xidmət haqqının 300 (üç yüz) manat hissəsi olmaqla, cəmi 2562 (iki min beş yüz altımış iki) manat məbləğində pul vəsaiti iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət nəfinə 42,62 (qırx iki manat 62 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar