Məhkəmə qərarları › İş №2-2(107)-87/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-87/2022

01.11.2022 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-87/2022 01.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs oğluna qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Mustafayev Elvin Ağalar oğlunun katibliyi, ərizəçinin nümayəndəsi X1, maraqlı şəxsin nümayəndəsi və vəkili X2 iştirakı ilə, Ərizəçi 11 saylı Ərazi Vergilər Baş İdarəsi (bundan sonra - ərizəçi) Maraqlı şəxs (bundan sonra – maraqlı şəxs) qarşı “hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 18 avqust 2022-ci il tаrixli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Vergi ödəyicisi olan "xxxx" ASC öhdəliklərini yerinə yetirmədiyindən onun dövlət büdcəsinə vergi üzrə 39.598,38 manat, Dövlət Sosial Müdafiə Fonduna 19.239 manat borcu yaranmışdır. Müəssisənin qeydiyyat sənədlərinə əsasən Maraqlı şəxs "xxxx" ASC-nin rəhbəridir. Birinci instansiya məhkəməsində icraat Ərizəçi, maraqlı şəxsə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqi şəxsin dövlət büdcəsinə olan vergi üzrə 39.598,38 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 19.239 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri xx.xx.1972-ci il təvəllüdlü Mingəçevir şəhərində doğulmuş Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi AA seriyalı- 0496493, FİN nömrəsi – xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin vergi üzrə 39.598,38 manat, Dövlət Sosial Müdafiə Fonduna 19.239 manat məbləğində borcu vardır. Bu səbəbdən qeyd olunan borc məbləğinin ödənilməsinin təmin edilməsi üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Şəki Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e- 2-2(117)-1158/2022 nömrəli iş üzrə qəbul etdiyi 18 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim R.Məcidov) iddia tələbinin təmin edilməsi, xx.xx.1972-ci il təvəllüdlü Mingəçevir şəhərində doğulmuş Maraqlı şəxs ölkədən getmək hüququ hüquqi şəxsin dövlət büdcəsinə olan vergi üzrə 39.598,38 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 19.239 manat məbləğində borc ödənilənədək müvəqqəti məhdudlaşdırılması qət edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri, məcburi dövlət sosial sığorta haqqını ödəmək vəzifəsi qoyulduğundan və o, qeyd olunan öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdeh olduğundan iddia tələbi təmin edilməli və dövlət büdcəsinə olan borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə borc ödənilənədək maraqlı şəxsin ölkədən getmək hüququ məhdudlaşdırılmalıdır. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4, 16.1.1, 23.1.15-3, 77.1, 78.1-ci, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-1.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Maraqlı şəxs apellyasiya şikayəti verərək həmin qətnamənin tamamilə ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 23 fevral 2021-ci il tarixdə keçirilmiş hərracda "xxxx" səhmdar cəmiyyətinin səhmlərinin alınması barədə razılığa gəlinmiş və səhmlər axırıncı satış qiyməti ilə alınmışdır. Səhmdar cəmiyyətin səhmdarlarının ümumi yığıncağının protokoluna əsasən maraqlı şəxs səhmdar cəmiyyətin sədri seçilmişdir. Nə səhmlərin satışı üzrə hərracın yekun protokolunda, nə də səhmlərin alğı-satqı müqaviləsində səhmdar cəmiyyətin mədən vergisi borcunun olması göstərilməmişdir. Ümumiyyətlə hərrac keçirilən vaxt vergi borcunun olması və həmin borcun hansı qaydada hesablanması barədə maraqlı şəxsə hər hansı məlumat verilməmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Ərizəçi apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi X3 izahatında bildirmişdir ki, hüquqi şəxsin vergi borcu apellyasiya şikayətində qeyd olunduğu kimi mədən vergisi üzrə deyil, torpaq vergisi üzrə yaranmışdır. Maraqlı şəxs müraciət edəcəyi təqdirdə borcun hesablanması ilə bağlı sənədlərlə tanış ola və həmin vergi borcunu mübahisələndirə bilər. Lakin hazırda hüquqi şəxsə hesablanmış vergi borcu qüvvədədir və birinci instansiya məhkəməsi əsaslı olaraq iddia tələbini təmin etmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və birinci instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 71. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Maddə 73. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsi Maddə 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrindəndir. Maddə 23.1.15-3. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarındandır. Maddə 77.1. Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Maddə 78.1. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsi Maddə 9.1. Azərbaycan Respublikasının vətəndaşı (bundan sonra - vətəndaş) dövlət sərhədinin buraxılış məntəqələrindən keçərək sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququna malikdir. Maddə 9.3. ətəndaşın ölkədən getmək hüququ yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər: 9.3.6-1. vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 9-1.1. Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 355-5. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Maddə 355-7. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verməlidir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə salır. İşə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, işdə olan sənədlərdən görünür ki, vergi ödəyicisi olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixə vergi üzrə 39.598,38 manat, Dövlət Sosial Müdafiə Fonduna 19.239 manat məbləğində borcu vardır və bu borc ödənilmir. İşdə olan sənədlərdən görünür ki, yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisi olan ASC-yə xx.xx.2019-cu il və xx.xx.2022-ci il tarixlərdə bildirişlər göndərilmişdir. Hazırki iş üzrə ərizənin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayan maraqlı şəxs bildirir ki, ASC-nin səhmləri satın alınarkən nə səhmlərin satışı üzrə hərracın yekun protokolunda, nə də səhmlərin alğı-satqı müqaviləsində səhmdar cəmiyyətin mədən vergisi borcunun olması göstərilməmişdir. Ümumiyyətlə hərrac keçirilən vaxt vergi borcunun olması və həmin borcun hansı qaydada hesablanması barədə maraqlı şəxsə hər hansı məlumat verilməmişdir. Bu dəlil ilə bağlı Məhkəmə qeyd edir ki, işdə olan sənədlərdən də göründüyü kimi, vergi ödəyicisi olan "xxxx" ASC-nin dövlət büdcəsinə olan 39.598,38 manat borc ASC-nin istifadəsinə verilən torpaq sahəsinə görə hesablanmış torpaq vergi borcu, 19.239 manat isə Dövlət Sosial Müdafiə Fonduna ödənilməli olan borcudur. Həmin borcun mövcudluğu "xxxx" ASC tərəfindən mübahisələndirilməmişdir. Ümumiyyətlə hazırki mübahisə bu kimi borcun mövcudluğu ilə bağlı deyil. İşin hallarından müəyyən edilir ki, qeyd edilən borc maraqlı şəxsin rəhbəri olduğu ASC-nin vergi borcudur. Yuxarıda artıq qeyd edilən maddi və prosessual hüquq normalarının tələbindən də, göründüyü kimi, vergi ödəyicisi olan müəssisənin vergi ödəyicisinin rəhbərinin ölkədən getmək hüququ vergi borcuna görə müvəqqəti məhdudlaşdırıla bilər. Bu baxımdan Məhkəmə müzakirə edilən dəlili əsaslı hesab etmir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə mübahisəni düzgün həll etmişdir. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməklə iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün maraqlı şəxs tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Maraqlı şəxs apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 18 avqust 2022ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu maraqlı şəxsə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar