Məhkəmə qərarları › İş №2-2(107)-88/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-88/2022

01.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-88/2022 01.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X2 cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Mustafayev Elvin Ağalar oğlunun katibliyi ilə, iddiaçı X2 (bundan sonra - iddiaçı) cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra - cavabdeh) qarşı pul tələbinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 17 avqust 2022-ci il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı(satıcı) ilə cavabdeh(alıcı) arasında 15 sentyabr 2019-cu il tarixdə alğı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən satıcı 750.560 kiloqram qarğıdalının yaşıl kütləsini alıcaya satmağı, alıcı isə alınmış məhsulun dəyərini- 30.022 manat pulu mal alınandan sonra növbəti 3 ay ərzində hissə-hissə və ya birdəfəlik ödəməyi öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsində icraat İddiaçı, cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20.022 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 15 sentyabr 2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən cavabdehə ümumi dəyəri 30.022 manat olan 750.560 kq qarğıdalının yaşıl kütləsi satılmış və müqavilə şərtlərinə əsasən cavabdeh alınmış məhsulun dəyərini mal alınandan sonra növbəti 3 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə satılan malın dəyərindən 10.000 manat vəsait ödəmiş, 20.022 manatı isə ödəməmişdir. Şəki Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e- 2-2(117)-314/2022 nömrəli iş üzrə qəbul etdiyi 17 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim R.Məcidov) iddia tələbinin təmin edilməsi, 20.022 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, tərəflər arasında bağlanmış 15 sentyabr 2019-cu il tarixli müqavilə qanunvericiliyin tələblərinə zidd olmamaqla tərəflərin imza və möhürləri ilə təsdiqlənmiş, özündə malların alğı-satqısını ehtiva etmiş, tərəflərin iradə ifadəsi qanunvericliyə zidd olmamış və cavabdeh müqavilənin icrası ilə bağlı öhdəliyinin bir hissəsini icra edərək iddiaçının bank hesabına 10.000 manat pul ödəmişdir. Satıcı müqavilə üzrə öhədliklərini tam yerinə yetirsə də, alıcı öhdəliklərini lazımınca yerinə yetirməmiş, ödəməli olduğu 30.022 manat puldan xx.xx.2020-ci il tarixdə 10.000 manat ödəniş etmiş, nəticədə ödənilməmiş 20.022 manat borcu qalmışdır. Cavabdehin 20022 manat borcunun olması “X1” MMC-nin baş mühasibi Nümayəndə2 tərəfindən imzalanan borc sənədi ilə də təsdıq olunur. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2, 406.1, 385.1, 386.1, 389.1, 442, 445.2, 448.1, 448.2, 567, 600.1, 600.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin tamamilə ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsi iş üzrə heç bir araşdırma aparmamışdır. İddiaçı ilə bağlanmış müqavilə qanunvericiliyin tələblərinə riayət olunmadığından, tərəflərindən imzalanmadığından qanunsuz və əsassızdır. Bununla bağlı tərəflərindən verilmiş qarşılıqlı iddia ərizəsi məhkəmə tərəfindən qəbul edilməmişdir. İddiaçının istinad etdiyi üzləşmə aktı tərəflərindən imzalanmamışdır. Məhkəmənin iclaslarında iştirakları təmin edilməmiş və bu səbəbdən qeyd edilən əsaslar üzrə özünümüdafiə üçün imkanları olmamışdır. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və birinci instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Madə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448. Əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 185.Əgər işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar ediliblərsə, məhkəmə gəlməməyin səbəblərini üzrlü hesab etdikdə işə baxılmasını təxirə salır. Tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, iş materialarından müəyyən edilir ki, iş üzrə tərəflər arasında 15 sentyabr 2019-cu il tarixdə alğı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə iddiaçı və cavabdehin qanuni təmsilçisi tərəfindən imzalanmış, sonuncunun imzası MMC-nin möhürü ilə təsdiq edilmişdir. Həmin müqavilənin şərtlərinə görə, satıcı qismində çıxış edən iddiaçı tərəfindən alıcı qismində çıxış edən cavabdehə 30.022 manat dəyərində 750.560 kq qarğıdalının yaşıl kütləsinin satılması, cavabdeh isə mal alındıqdan sonra növbəti 3 ay ərzində alınmış malın dəyərini iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. Hazırda apellyasiya şikayəti vermiş cavabdeh bildirir ki, sözügedən müqavilə etibarsız əqdir. Çünki müqavilə cavabdeh tərəfindən imzalanmamış, müqavilə qanunvericiliyin tələblərinə ziddir. Cavabdeh hazırki icraat çərçivəsində müqavilənin etibarlılığını mübahisələndirsə də, məhkəmə qarşılıqlı iddia ərizəsini qəbul etməmişdir. Məhkəmə cavabdehin bu dəlili ilə bağlı bildirir ki, həqiqətən də cavabdeh onunla iddiaçı arasında bağlanmış 15 sentyabr 2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə birinci instansiya məhkəməsinə qarşılıqlı iddia ərizəsi təqdim etmişdir. Cavabdeh müqavilənin etibarsızlığını onunla əsaslandırmışdır ki, müqavilə cavabdeh tərəfindən imzalanmamış, cavabdehin möhürü ilə təsdiq olunmamışdır. Birinci instansiya məhkəməsi hazırki iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadla cavabdehin qarşılıqlı iddia ərizəsini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən geri qaytarılmışdır. Cavabdeh həmin qərardadı apellyasiya qaydasında mübahisələndirmiş, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2022-ci tarixli qərardadı ilə şikayət təmin olunmamış, qərardad dəyişdirilmədən saxlanılmışdır. Lakin sonradan cavabdeh yol verdiyi nöqsanları aradan qaldırmaqla iddiaçıya qarşı yenidən qarşılıqlı tələb irəli sürməmişdir. İş materiallarından görünür ki, müqavilənin etibarsız hesab edilməsi barədə cavabdehin qarşılıqlı iddia ərizəsi qaytarılmamışdan əvvəl birinci instansiya məhkəməsi müqavilənin etibarlılığı şərtlərini hazırki icraat çərçivəsində araşıdrmağa cəhd göstərmiş, müqavilədəki imzanın cavabdehin həmin vaxt qanuni təmsilçisi Tanıröver Cana aid olubolmamasının, habelə müqavilədəki möhürün cavabdeh MMC-yə aid olub-olmamasının müəyyən edilməsi üçün iş üzrə gələcəkdə məhkəmə-xətşünaslıq və sənədlərin texniki ekspertizasının təyin etmək niyyəti Tanıröver Canın sərbəst imza nümunələrini (müəssisənin arxivində saxlanılan və sonuncu tərəfindən imzalanmış) əks etdirən sənədlərin əsillərinin, habelə nümunə götürülməsi üçün müəssisənin möhürünün məhkəməyə təqlim olunması barədə cavabdehə dəfələrlə yazılı və şifahi (telefon vasitəsilə) qaydada müraciətlər olunmuşdur. Lakin cavabdeh tələb olunan sənədləri və möhürü birinci instansiya məhkəməsinə təqdim etməmiş, bu hərəkətsizliyi ilə özünün irəli sürdüyü dəlillərin yoxlanılmasına maneə törətmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə tərəflər arasında bağlanmış 15 sentyabr 2019cu il tarixli müqavilənin cavabehin iradə ifadəsini ifadə etməməsi (müqaviləni cavabdehin imzalamaması, möhürün cavabdehə aid olmaması) barədə cavabdeh tərəfin bildirdiklərini həqiqət kimi qəbul etmir. Çünki müqavilə həqiqətən də cavabdehin iradə ifadəsini əks etdirməmiş, qanunvericiliyin tələblərinə zidd olmuş olsaydı, cavabdeh bu halların aşkara çıxarılması üçün birinci instansiya məhkəməsinin tələb etdiyi sənədləri məhkəməyə təqdim edə, bu istqamətdə məhkəməyə fəal kömək göstərərdi. Lakin iş materiallarından müəyyən edilir ki, cavabdeh müqavilənin etibarsızlığını yalnız kağız üzərində sözlərlə ifadə etmiş, bu halı təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, qeyd olunan dəlilin araşdırılması üçün tələb olunan sənədləri məhkəməyə verməkdən yayınmışdır. Məhkəmə onu da qeyd edir ki, apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, cavabdehin nümayəndəsi apellyasiya instansiyası məhkəməsinə də gəlməmiş, məhkəmə iclasında iştirak etməmiş, yuxarıda qeyd edilən dəlillərini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, iş üzrə tərəflər arasında bağlanmış 15 sentyabr 2019-cu il tarixdə bağlanmış müqavilə etibarlı müqavilədir. İşdə olan sənədlərdən, o cümlədən cavabdeh MMC-nin mühasibi Nümayəndə2 tərəfindən imzalanmış borc sənədindən müəyyən edilir ki, iddiaçı 15 sentyabr 2019-cu il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş, 30.022 manat dləyərində 750.560 kq qarğıdalının yaşıl kütləsini cavabdehə satmışdır. İddiaçı öhdəliklərini mart 2020-xi il tarixdə tam yerinə yetirmişdir. Lakin buna baxmayaraq cavabdeh müqavilə öhdəliklərini lazımınca icra etməmiş, aldığı malın dəyərindən yalınz 10.000 manat məbləğində ödəniş etmiş, qalan 20.000 manatı isə iddiaçıya ödəməmişdir. Göründüyü kimi, cavabdehin 15 sentyabr 2019-cu il tarixli müqavilə üzrə iddiaçı qarşısında vaxtında və lazımi qaydada icra edilməmiş öhdəlikləri var və o, bu öhdəliklərin icra edilməməsinə görə məsuliyyət daşıyır. Bu baxımdan Məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı irəli sürdüyü hazırki iddia tələbi və bu tələbi təmin etmiş birinci instansiya məhkəməsinin mövqeyi əsaslıdır. Müzakirə olunan hissədə cavabdehin apelyasiya şikayətinin dəlilləri isə əsassızdır. Cavabdehin apellyasiya şikayətinin daha bir dəlili isə onunla bağlıdır ki, birinci instansiya məhkəməsi cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verməmişdir. Apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, apellyasiya şikayətinin bu dəlili də əsassızdır. Belə ki, iş materiallarından görünür ki, işə baxmış birinci instansiya məhkəməsi məhkəmə bildirişlərini cavabdehin elektron kabinetinə yerəlşdirmiş və bununla da cavabdehi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırması vəzifəsini icra etmişdir. Göründüyü kimi cavabdeh birinci instansiya məhkəməsinin iclasları barədə məlumatlı olsa da, nümayənədəsi təyin edilmiş iclaslara getməmişdir. Bunları nəzərə alan birinci instansiya məhkəməsi MPM-nin 185-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmiş və işə mahiyyəti üzrə baxaraq iş üzrə qətnamə qəbul etmişdir. Belə olan halda hesab edilməlidir ki, birinci instansiya məhkəməsi MPM-nin “Məhkəmə baxışı” adlı 15-ci Fəslində nəzərdə tutulmuş prosessual normalara riayət etmiş və işə cavabdehin iştirakı olmadan baxmağa haqlı olmuşdur. Qətnamə, çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilir. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 17 avqust 2022-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar