Məhkəmə qərarları › İş №2-2(107)-88/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-88/2023

17.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-88/2023 17.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - podrat müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı - İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “014-S saylı xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 34987,41 manat qalıq borc məbləği və 200 manat mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 31 iyul 2023-cü il tarixli, e-2-2(117)-704/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. “X1” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 014-S nömrəli soya paxlası istehsalı və alqı-satqısı barədə müqavilənin predmeti sifarişçinin sifarişi əsasında icraçı tərəfindən Qax rayonu Oncalı kəndi ərazisində 25 ha sahədə soya paxlası əkinlərinin həyata keçirilməsi və sifarişçiyə təhvil verilməsindən ibarətdir.

2. Müqavilə üzrə hər hektardan 3 ton olmaqla cəmi 75 ton soya paxlası istehsal edilməsi və satışı nəzərdə tutulmuşdur. İcraçı tərəfindən istehsal olunacaq və sifarişçi tərəfindən təhvil alınacaq məhdul bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə razılaşdırılan “soya paxlasının keyfiyyətinə dair tələblərə cavab verməlidir. Keyfiyyət tələblərinə tam uyğun olan məhsulun hər tonunun baza qiyməti 1000 manat, müqavilənin ümumi dəyəri 75000 manat təşkil edir. Məhsulun yekun təhvil təslim qiyməti bu müqavilənin 4-cü bəndində göstərilən şərtlər əsasında müəyyən ediləcəkdir.

3. Müqaviləyə 1 saylı əlavə ilə soya paxlasının keyfiyyətinə dair tələblər, 2 saylı əlavə ilə 1 hektarda soya paxlası becərilməsi üzrə gəlirlər və xərclər və 3 saylı əlavə ilə soya paxlasının becərilməsi üzrə texnoloji tədbirlərin yerinə yetirilməsi müddətləri və ardıcıllığı müəyyənləşdirilməklə tərəflərin imzaları və möhürlə təsdiq edilmişdir.

4. Müqavilənin icrası ilə əlaqədar GP seriyalı 12 nömrəli malların təhvil qəbul aktı ilə 3750 manat dəyərində amafos, 3750 manat dəyərində nitra amafos və 1750 manat dəyərində toxum, GP seriyalı 41 nömrəli malların təhvil qəbul aktı ilə 2500 manat dəyərində amonium nitrat, GP seriyalı 48 nömrəli malların təhvil qəbul aktı ilə 2500 manat dəyərində karbomit, xx.xx.2222-ci il tarixli, 53 nömrəli tələblə 850 manat dəyərində toxum təhvil verilmiş və xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 11250 manat məbləğində avans verilmişdir.

5. Müqavilə şərtlərinə əsasən cavabdeh götürdüyü avans vəsaitin və təhvil aldığı malların dəyərini ödəməli və borcunu bağladıqdan sonra təhvil verməli olduğu soya paxlasının qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi.

6. Lakin, cavabdeh müqavilənin şərtlərini tam yerinə yetirmədiyindən ödənilməmiş borcu qalmışdır. Cavabdehin qeyd olunan məbləğdə avans götürməsi, ona yuxarıda qeyd olunan adlarda və məbləğdə mallar təhvil verilməsi malların təhvil qəbul aktları və ödəniş tapşırıqları ilə öz təsdiqini tapır.

7. İşdə olan kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, “X1” MMC-nin adı dəyişdirilərək İddiaçı MMC olmuşdur.

8. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş və tələbini onunla əsaslandırmışdır ki, avans qismində ilkin ödəniş də daxil olmaqla cavabdehə ümumilikdə 37192,05 manat məbləğində vəsait ödənilməsinə baxmayaraq sonuncu tərəfindən təhvil verilmiş məhsulun dəyəri 2204,64 manat təşkil etmişdir. Bununla da cavabdeh müqavilə öhdəliyini yerinə yetirmədiyindən onun ödənilməmiş 34987,41 manat qalıq borcu qalmışdır.

II. İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

9. Birinci instansiya məhkəməsinin iclasında ididaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

10. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh verdiyi izahatında bildirmişdir ki, 25 hektar əraziyə soya əkmiş, iddiaçı tərəfdən bununla bağlı 11250 manat avans almışdır. Ona verilən gübrə, toxum, dərman kimi məhsulların dəqiq dəyərini bilmir. Əkdiyi 25 hektardan 12 hektar ərazi yararsız olmuşdur. Bu yararsız olan ərazi ilə bağlı akt tərtib olunacağını bildirsələr də, lakin heç nə tərtib olumamışdır. Bundan başqa verilən gübrənin də endirimli olacağı deyilsə də, ona həmin gübrə 80 manat olmasına baxmayaraq 100 manatdan hesablanaraq verilib. Bundan başqa torpağa görə hər hektara 600 manatdan çox icarə haqqı verirdi. Lakin iddiaçı torpaq icarəsi üçün ona hektara 300 manat pul vermişlər. Qalan pulu isə öz hesabına qoymuşdu. Hətta öz adına da 25000 manat kredit almışdır. 2022-ci ilin noyabr ayında məhsul yığımı olmuş, lakin məhsulun böyük bir hissəsi yerdə itib-batmışdır. 80 manat olan gübrənin ona 100 manatdan hesablanmasını başqa fermer yoldaşlardan eşitmişdir.

11. Şəki Kommersiyа Məhkəməsinin (hakim Rüfət Məcidov) 31 iyul 2023-cü il tarixli, e-2-2(117)-704/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək Cavabdeh 24145,36 manat borc və 139,62 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, ödənilməmiş 194,96 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, təhvil verilmiş paxlanın dəyəri avans verilən borc və satılmış gübrə və toxumun dəyərini tam ödəmədiyindən, tərəflər arasında alqı-satqı olmamış, yalnız podrat müqaviləsindən irəli gələn münasibətlər mövcud olmuşdur.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.2, 448.1, 448.2, 752.1 və 752.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

14. Cаvаbdeh Cavabdeh həmin qətnamədən apellyasiya şikаyəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: tərəflər arasında bağlanmış müqavilə, malların qəbul təhvil aktları, ödəniş tapşırıqları və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.

III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

16. Cаvаbdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və düzgün tətbiq olunmamışdır. Qətnamədən görünür ki, məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.2-ci maddəsinin tələbini nəzərə almadan yəni iddia ərizəsində tələb edilən borc məbləğinin iddiaçıya ödənilməməsində onun təqsirli olub-olmadığını araşdırmadan əsassız olaraq onun iddiaçı qarşısında borclu olmağım qənaətinə gələrək iddianı təmin etmişdir. Halbuki, iddiaçı ilə aralarında bağlanmış 10 mart 2022-ci il tarixli, 014-S nömrəli müqavilənin müddəti 01 oktyabr 2022-ci il tarixdə başa çatmasına və həmin müqavilənin 4.1 və 6.6-cı bəndlərinə əsasən sifarişçi məhsulu icraçıdan (yəni ondan) məhsul biçildikdən sonra əkin sahəsində yerində təhvil almalı olmasına baxmayaraq, sifarişçi məhsulu biçdikdən təxminən bir ay sonra təhvil alaraq məhsulun orta keyfiyyət göstəricilərinin qəsdən aşağı düşməsinə səbəb olmuş və nəticədə məhsulu təhvil almaqdan imtina etmişdir. Bundan başqa, həmin müqavilənin 6.5-ci bəndinə əsasən əkinlərin sığorta haqqını ödəmək sifarişçinin vəzifəsidir. Müqavilənin bu bəndindən də görünür ki, əkinlərin sığortalanmasını təşkil etmək və sığorta haqlarını ödəmək vəzifəsini Sifarişçinin üzərinə qoyulmuşdur. Ümumiyyətlə sifarişçi müqaviləni bağlayarkən hüquqi savadsızlığından istifadə edərək müqavilənin bu bəndi barədə mənə heç bir məlumat verməmişdir. Eyni zamanda həmin müqavilənin 6.12-ci bəndində qeyd olunur ki, sifarişçinin nümayəndəsi ayda 1 dəfədən az olmamaq şərti ilə məhsul istehsalının yerinə yetirildiyi əraziyə səfər etməli və əkinlərin monitorinqi və qiymətləndirilməsini həyata keçirməli idi. Həmin müqavilənin 6.13-cü bəndinə əsasən məhsul istehsalının yerinə zamanı texnoloji xəritədən ciddi kənarlaşma və nöqsanlar aşkar edilərsə sifarişçi bu barədə icraçıya, (6.13.1.) birinci dəfə şifahi xəbərdarlıq edir və nöqsanların aradan qaldırılmasını tələb edir, (6.13.2.) İkinci dəfə yazılı xəbərdarlıq məktubu göndərir və zərurət yaranarsa, nöqsanların aradan qaldırılması üçün öz heyəti, avadanlığı və vəsaitləri hesabına tədbirlər görür. Tədbirlərin dəyəri müqavilənin yekun dəyərindən çıxılır. (6.13.3.) Üçüncü dəfə müqavilə şərtləri pozulduğu halda müqavilənin ləğv edilməsini və ödənilmiş vəsaitlərin geri qaytarılmasını tələb edir. Müqavilənin 6.12 və 6.13-cü bəndlərindən görünür ki, sifarişçi məhsul istehsalının yerinə yetirilməsi zamanı nümayəndəsini ayda bir dəfədən az olmayaraq göndərməli, nöqsanlar olduğu təqdirdə 6.13-cü bənddəki tədbirləri görməli idi. Halbuki, sifarişçi müqavilənin bu bəndlərinə riayət etməmiş, yəni məhsulun istehsalı zamanı nəzarət funksiyasını yerinə yetirməmişdir. Hər hansı nöqsan olduğu halda bu barədə bizə heç bir xəbərdarlıq etməmişdir. Eyni zamanda Müqaviləyə 3 saylı Əlavəyə əsasən məhsulun nəmlik dərəcəsi 13-14% faiz olduqda biçilməli olduğu halda, müqavilənin vaxtı başa çatdığı vaxtda iddiaçının nümayəndələri biçin yerinə gələrək dənin nəmlik faizini yoxlayaraq yetişmədiyini bildirmiş və məhsulun biçinə hazır olmadığını bildirərək biçinə icazə verməmişdir. Daha sonra dəfələrlə çağırılmasına baxmayaraq iddiaçının nümayəndələri biçinə gəlməmiş və məhsulu vaxtında yerində təhvil almamışdır. Nəticədə məhsul sahədə xarab olmuş, bundan yığılmış məhsulu aşağı keyfiyyətli olması səbəbindən təhvil almaqdan imtina etmişdir. Buradan görünür ki, müqavilənin bəndlərinin pozulmasında sifarişçinin yəni iddiaçının marağı olmuşdur. Qətnamədən görünür ki, məhkəmə Mülki Məcəllənin 5.3-cü və 16.1-ci maddəsinin tələblərinə mülki hüquq subyektləri tərəfindən riayət olunub olunmadığı, yəni müqavilə üzrə tərəflərin öz hüquq və vəzifələrini vicdanla həyata keçirib keçirmədiyini araşdırmamışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsassız, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunsuzdur. Göstərilənlərə əsasən Şəki Kommersiya Məhkəməsinin 31 iyul 2023-cü il tarixli, e-2- 2(117)-704/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

18. Məhkəmə kollegiyasının iclasında İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, Şəki Kommersiya Məhkəməsinin 31 iyul 2023-cü il tarixli, e-2-2(117)-704/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

19. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

20. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

22. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

23. İş üzrə cavabdeh tərəf apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı apellyasiya şikayətinə münasibəətdə tam olaraq yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasınınn Mülki Məcəlləsi

24. Maddə 14.2.1. Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.

25. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

26. Maddə 386.1. Öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin olmаsıdır.

27. Maddə 442. Öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür.

28. Maddə 445.2.1 Öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır.

29. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir.

30. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

31. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

32. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

38. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

39. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

40. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

41. Maddə 384.0.1 Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

42. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 31 iyul 2023-cü il tarixli, e-2- 2(117)-704/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

44. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

45. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

46. İlk növbədə birinci instansiya məhkəməsi göstərmişdir ki, tərəflər aralarında bağlanmış müqaviləni alqı-satqı müqaviləsi adlandırsalar da, onlar arasında qarışıq müqavilə bağlanmışdır. Müqavilənin alınmış avans dəyərinin soya paxlası şəklində qaytarılması hissəsi podrat müqaviləsi, borc qaytarıldıqdan sonra yetişdirilmiş paxlanın qalan hissəsinin satışı isə alqı-satqı müqaviləsi olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, təhvil verilmiş paxlanın dəyəri avans verilən borc və satılmış gübrə və toxumun dəyərini tam ödəmədiyindən, tərəflər arasında alqı-satqı olmamış, yalnız podrat müqaviləsindən irəli gələn münasibətlər mövcud olmuşdur.

47. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin hüquqi mövqeyini əsaslı hesab edir.

48. Müəyyən edilmişdir ki, “X1” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 014-S nömrəli soya paxlası istehsalı və alqısatqısı barədə müqavilənin predmeti sifarişçinin sifarişi əsasında icraçı tərəfindən Qax rayonu Oncalı kəndi ərazisində 25 ha sahədə soya paxlası əkinlərinin həyata keçirilməsi və sifarişçiyə təhvil verilməsindən ibarətdir. Müqavilə üzrə hər hektardan 3 ton olmaqla cəmi 75 ton soya paxlası istehsal edilməsi və satışı nəzərdə tutulmuşdur. İcraçı tərəfindən istehsal olunacaq və sifarişçi tərəfindən təhvil alınacaq məhdul bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə razılaşdırılan “soya paxlasının keyfiyyətinə dair tələblərə cavab verməlidir”. Keyfiyyət tələblərinə tam uyğun olan məhsulun hər tonunun baza qiyməti 1000 manat, müqavilənin ümumi dəyəri 75000 manat təşkil edir. Məhsulun yekun təhvil təslim qiyməti bu müqavilənin 4-cü bəndində göstərilən şərtlər əsasında müəyyən ediləcəkdir.

49. Müqaviləyə 1 saylı əlavə ilə soya paxlasının keyfiyyətinə dair tələblər, 2 saylı əlavə ilə 1 hektarda soya paxlası becərilməsi üzrə gəlirlər və xərclər və 3 saylı əlavə ilə soya paxlasının becərilməsi üzrə texnoloji tədbirlərin yerinə yetirilməsi müddətləri və ardıcıllığı müəyyənləşdirilməklə tərəflərin imzaları və möhürlə təsdiq edilmişdir.

50. Müqavilənin icrası ilə əlaqədar GP seriyalı 12 nömrəli malların təhvil qəbul aktı ilə 3750 manat dəyərində amafos, 3750 manat dəyərində nitra amafos və 1750 manat dəyərində toxum, GP seriyalı 41 nömrəli malların təhvil qəbul aktı ilə 2500 manat dəyərində amonium nitrat, GP seriyalı 48 nömrəli malların təhvil qəbul aktı ilə 2500 manat dəyərində karbomit, xx.xx.2222-ci il tarixli, 53 nömrəli tələblə 850 manat dəyərində toxum təhvil verilmiş və xx.xx.2022-ci il tarixli ödəniş tapşırığı ilə 11250 manat məbləğində avans verilmişdir. Beləliklə də, icraçının avans pul və aldığı gübrə və toxumun dəyəri olmaqla ümumilikdə 26350 manat dəyərində borcunun olması iş materiallarında olan mallatın təhvil qəbul aktı və ödəniş tapşrığı ilə öz təsdiqini tapır.

51. Müqavilə şərtlərinə əsasən cavabdeh götürdüyü avans vəsaitin və təhvil aldığı malların dəyərini ödəməli və borcunu bağladıqdan sonra yerdə qalan məhsulu da iddiaçıya təhvil verərək onun dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin, cavabdeh müqavilənin şərtlərini yerinə yetirməməklə avans vəsaitin və təhvil aldığı malların dəyərini ödəməmişdir.

52. Məhkəmə kollegiyası apellyasiya şikayətinin “iddiaçının məhsulu biçdikdən təxminən bir ay sonra təhvil alaraq məhsulun orta keyfiyyət göstəricilərinin qəsdən aşağı düşməsinə səbəb olması və nəticədə məhsulu təhvil almaqdan imtina etməsi” ilə bağlı dəililinə münasibətdə qeyd edir ki, cavabdeh tərəfindən həmin halları təsdiq edən sübutlar işə baxan məhkəmələrə təqdim edilməmişdir.

53. Eyni zamanda tərəflər arasında bağlanmış müqavilədə məhsulun məhz iddiaçı tərəfindən biçilməsi ilə bağlı onun üzərinə öhdəlik qoyulmamış, sadəcə olaraq müqavilədə 3 nömrəli əlavədə məhsulun biçini ilə bağlı qiymət göstərilmiş və cavabdeh də həmin qiymətlə razılaşmışdır. Tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən zərurət yarandığı halda cavabdehin müraciəti əsasında dəyəri ödənilmək şərtilə sifarişçi olan iddiaçı məhsulun biçinini həyata keçirə bilər.

54. Bundan başqa müqavilənin 4.1-ci bəndinə, əsasən sifarişçi məhsulu icraçıdan məhsul biçildikdən sonra əkin sahəsində təhvil almalıdır. Göründüyü kimi, məhsulun mütləq qaydada sifarişçi olan iddiaçı tərəfindən biçilməli olması ilə bağlı tərəflər arasında heç bir razılaşma mövcud olmamışdır. Cavabdeh (icraçı) yalnız məhsulun sifarişçi cəmiyyət tərəfindən vaxtında biçilməməsinə və təhvil alınmamasına istinad edir ki, həmin dəlillərə münasibətdə kollegiya qeyd edir ki, icraçı Cavabdeh tərəfindən sifarişçi cəmiyyətə məhsulun biçini ilə bağlı müraciət edilməsini təsdiq edən sübutlar təqdim edilməmişdir.

55. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının cavabdehə soya məhsulunun istehsalı zamanı sonuncu tərəfindən əlavə çəkilmiş xərclər üçün 6050 manat maddi zərər və 18828,21 manat əldən çıxmış fayda olmaqla cəmi 24878,81 manat məbləğlərdə maddi zərər vurması barədə dəlillərini də əsassız sayır. Belə ki, cavabdeh həmin xüsasatları təsdiq edən sübutları təqdim etməmişdir.

56. Apellyasiya şikayətinin dəlillərindən biri də iddiaçının tərəflər arasında bağlanmış müqavilənin 6.5-ci bəndinin tələblərinə əməl etməməsi ilə bağlıdır. Müqavilənin həmin bəndində göstərilmişdir ki, sifarişçi əkinlərin sığorta haqqını ödəyir. Sığorta ödənişi ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, müqavilənin qeyd olunan bəndinə əsasən əkinlərin sığorta haqqını ödəmək sifarişçinin vəzifəsidir. Lakin icraçı əkin sahəsinin sığortalanması ilə bağlı heç bir sənəd təqdim etməmişdir ki, belə olan halda da iddiaçı tərəfindən sığorta haqqının ödənilməsindən söhbət gedə bilməz. Cavabdeh sığorta şirkəti ilə sığorta müqaviləsini bağlamalı və iddiaçı isə onun dəyərini ödəməlidir.

57. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehə verilən gübrə, toxum, dərman kimi məhsulların dəqiq dəyərini bilmədiyi, soya əkdiyi 25 ha torpaq sahəsinin 12 ha hissəsinin yararsız olduğunu, bu yararsız olan ərazi ilə bağlı akt tərtib olunacağını bildirsələr də, lakin heç nə tərtib olunmadığı, bundan başqa verilən gübrənin də endirimli olacağı deyilsə də, ona həmin gübrə 80 manat olmasına baxmayaraq 100 manatdan hesablanaraq verildiyi, bundan başqa torpağa görə hər hektara 600 manatdan çox icarə haqqı verdiyi, lakin iddiaçı torpaq icarəsi üçün ona hektara 300 manat pul veriildiyi, qalan pulu isə öz hesabına ödədiyi, hətta öz adına 25000 manat kredit də aldığı, 2022-ci ilin noyabr ayında məhsul yığımı olduğu, lakin məhsulun yığımı gecikdiyinə görə böyük bir hissəsinin sahədə itib-batdığı barədə dəlilləri bağlı qeyd edir ki, cavabdeh həmin xüsusatları təsdiq edən sübutları təqdim etməmiş və təqdim edə bilməmişdir.

58. İş materiallarında iddiaçı tərəfindən yerində monitorinq keçirilməsi barədə aqronomik hesabatlar və fotoşəkillər olduğundan kollegiya apellyasiya şikayətinin sifarişçi tərəfindən məhsulun istehsalı zamanı nəzarət funksiyasını yerinə yetirməməsi barədə dəlili ilə də razılaşmır.

59. Nəhayət, məhkəmə kollegiyası apellyasiya şikatəyinin müqavilənin bəndlərinin pozulmasında sifarişçinin, yəni iddiaçının marağı olması barədə dəlilini də əsassız sayır. Belə ki, iddiaçı 11250 manat məbləğində avans və 15100 manat məbləğində toxum, gübrə və dərman vasitələri olmaqla cəmi 26350 manat ödədiyi halda, onun tərəfindən müqavilə şərtlərinin pozulmasında hansısa marağının olması inandırıcı olmamaqla yanaşı, ağlabatan da deyildir.

60. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir.

61. Beləliklə, məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə cavabdehin dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur. Apellyasiya şikayətində göstərilən dəlilləri təsdiq edən sübutlar təqdim olunmamışdır.

62. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.

63. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.

64. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

65. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.

66. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir.

67. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin Şəki Kommersiyа Məhkəməsinin 31 iyul 2023-cü il tarixli, e-2-2(117)- 704/2023 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cаvаbdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiyа Məhkəməsinin 31 iyul 2023-cü il tarixli, e-2-2(117)- 704/2023 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar