Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-89/2023 07.11.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - alqı-satqı müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, Cavabdeh - Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “11946,34 manat borc və 200 manat mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 31 iyul 2023-cü il tarixli, e-2-2(117)- 707/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. Hazırkı kommersiya mübahisəsi "xxxx" ASC (iddiaçı) ilə Cavabdeh (cavabdeh) arasında alkoqollu içkilərin nisyə alqı-satqısı ilə bağlı müqavilə öhdəliklərinin olub olmaması, müsbət halda öhdəliyin icra vəziyyəti ilə bağlıdır.
2. Satıcı qismində çıxış edən "xxxx" ASC ilə alıcı qismində çıxış edən Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən, satıcı müvafiq dövlət standartlarına və texniki şərtlərə cavab verən alkoqollu içkiləri satmağı, alıcı isə aldığı həmin malları qəbul etməyi bu müqavilənin şərtlərinə uyğun olaraq aldığı malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür.
3. Satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirərək xx.xx.2021-ci il tarixli elektron qaimə ilə dəyəri 1608,36 manat, xx.xx.2021-ci il tarixli elektron qaimə ilə dəyəri 3174,80 manat, xx.xx.2021-ci il tarixli elektron qaimə ilə dəyəri 3174,80 manat, xx.xx.2021-ci il tarixli elektron qaimə ilə dəyəri 11098 manat, xx.xx.2021-ci il tarixli elektron qaimə ilə dəyəri 5191,40 manat, xx.xx.2021-ci il tarixli elektron qaimə ilə dəyəri 5105,40 manat, xx.xx.2021-ci il tarixli elektron qaimə ilə dəyəri 4704,60 manat və xx.xx.2021-ci il tarixli elektron qaimə ilə ümumi dəyəri 4171,80 manat olan malları alıcıya təhvil vermiş, alıcı isə kassa mədaxil orderləri ilə qismən ödənişlər etmiş və sonuncunun nəticədə 11946,34 manat məbləğində ödənilməmiş borcu qalmışdır.
4. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması elektron qaimələr, 62.1 nömrəli hesabın kartı və kassa mədaxil orderləri ilə öz təsdiqini tapır.
5. İddiaçı tərəfindən borcun ödənilməsi ilə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmiş və tərəflər arasında hazırkı mübahisə yaranmışdır.
II. İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı iddia ərizəsi ilə Şəki kommersiya Məhkəməsinə müraciət edərək onun xeyrinə cavabdehdən 11946,34 manat borc və 200 manat mediasiya xərcinin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia ərizəsi işin yuxarıda göstərilən faktiki halları ilə əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, sözügedən müqavilənin ödəmə şərtlərini tənzimləyən 3.1-ci bəndinin tələbinə görə alıcı tərəfindən mal alındıqdan sonra 5 iş günü müddətində nağd və ya köçürmə yolu ilə satıcının hesabına ödənilməlidir. Qeyd olunan müqavilə imzalandığı gündən 1 il müddətində qüvvədə olmuşdur. Hazırkı vaxtadək iddiaçının yuxarıda sözügedən müqavilə üzrə satılan məhsulların dəyərinin 23108 manat məbləğində olan hissəsi cavabdeh tərəfindən iddiaçıya ödənilsə də, cavabdehə satılmış malların dəyərinin qalan hissəsi, yəni 11946,34 manatı bu günədək ödənilməmiş qalmışdır. Həmçinin cavabdehə müvafiq elektron qaimələr təqdim edilsə də, o, hazırkı vaxtadək müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini vaxtında və layiqincə icra etməmişdir.
8. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh izahatında bildirmişdir ki, o, "xxxx" ASC-dən mal almışdır. Aldığı mallara görə müəyyən ödənişlər etmişdir. qəbzlər ondadır, onları gələn məhkəmə iclasında təqdim edə bilər. İddia tələbində onun 11.946,34 manat borcunun olduğu bildirilib. Ancaq onun təxminən 8000 manat borcu vardır.
9. Şəki Kommersiyа Məhkəməsinin (hakim Rüfət Məcidov) 31 iyul 2023-cü il tarixli, e-2-2(117)-707/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək Cavabdeh 11946,34 manat borc, 200 manat mediasiya xərci tutularaq "xxxx" ASC-yə ödənilməsi, ödənilməmiş 125,84 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, satıcı "xxxx" ASC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən satıcı bu müqavilədə müəyyən olunmuş malı alıcıya satmağı, alıcı isə həmin malı qəbul edib dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 406.1, 329.2, 567, 385.1, 386.1, 389.1, 442, 445.2 və 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 600.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
12. Cаvаbdeh Cavabdeh оğlu həmin qətnamədən apellyasiya şikаyəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: alqı-satqı müqaviləsi, elektron qaimələr, kassa mədaxil orderləri və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
14. Cаvаbdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tədbiq etməmiş, nəticədə iddia tələbinin təmin edilməsi barədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir. Qətnamənin əsaslandırma hissəsində qeyd edilmişdir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqısatqı müqaviləsinə əsasən satıcı, yəni hazırkı iş üzrə iddiaçı "xxxx" ASC müqavilə şərtlərinə əsasən üzərinə düşən öhdəliklərini tam şəkildə yerinə yetirərək müştəriyə malı çatdırmış, lakin müştəri, yəni hazırkı iş üzrə Cavabdeh müavilə üzrə öhdəliklərini yerinə yetirməyərək aldığı malın dəyərini guya tam şəkildə ödəməmişdir və bütün bunlar kassa mədaxil orderləri və sairə ilə öz təsdiqini tapmışdır. Lakin məhkəmə elə həmin əsaslandırma hissəsində qeyd etmişdir ki, işə əlavə edilmiş elektron qaimələr orada adları qeyd edilən malların Cavabdeh tərəfindən qəbul edilməsini birbaşa təsdiq etmir. Mülki qanunverciliyin qeyd olunan normalarından da göründüyü kimi tərəflər arasında yaranmış müqavilə münasibətlərindən irəli gələrək iddiaçı tərəfin hazırda tələb etdiyi pulu tələb etməsi üçün hökmən həmin dəyərdə malın cavabdehə verilməsi ilə bağlı əsaslı sübutlar təqdim etməsi lazım. İddiaçının təqdim etdiyi sənədlər yalnız tərəfin birtərəfli qaydada tərtib etdiyi sənədlərdən ibarətdir və malların alınması ilə bağlı hesab fakturada göstərilən imzalar isə ona məxsus deyildir. İşə əlavə edilmiş xx.xx.2021-ci il tarixli, EBAY 654584 nömrəli, xx.xx.2021-ci il tarixli, EBAY 770007 nömrəli, xx.xx.2021-ci il tarixli, EBAZ 519794 nömrəli, xx.xx.2021-ci il tarixli, EBBC 127259 nömrəli, xx.xx.2021-ci il tarixli, EBBD 463749 nömrəli, xx.xx.2021-ci il tarixli, EBBF 054547 nömrəli və xx.xx.2021-ci il tarixli, EBBH 654584 nömrəli Elekrton qaimələrin heç birində malların onun tərəfindən təhvil alınmasını təsdiq edən imzlar mənə aid deyil. Bu iddiaçı ilə onun arasında bağlanmış 12 mart 2021-ci il tarixli alqı-satqı müaviləsindən də aydın görünür. Belə ki, müqavilədəki imza ilə elektron qaimələrdəki imzalar arasında çox böyük fərqin olması tam aşkardır. Bu isə iddia tələbi üzrə iddiaçının xeyrinə qətnamə çıxarılmasına əsas verməsə də, buna baxmayaraq birinci instansiya Məhkəməsi buna diqqət etməmiş, nəticədə qanunsuq qətnamə çıxarmışdır İddianın tam təmin edilməsi üçün heç bir əsas olmadığı halda iddianın tam təmin edilməsi barədə qətnamə çıxarmışdır. İddianın tam təmin edilməsi tamamilə əsassızdır. İddia tam təmin edilməməlidir. Göstərilənlərə əsasən Şəki Kommersiya Məhkəməsinin 31 iyul 2023-cü il tarixli, e-2- 2(117)-707/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. xx.xx.2023-cü il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən iddiaçı "xxxx" ASCnin İdarə Heyətinin sədri Nümayəndə tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmişdir.
16. Həmin etirazda qeyd edilmişdir ki; ...apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan apellyasiya şikayətinin təmin edilməməsi, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməməsi barədə qətnamə qəbul olunmalıdır. Qeyd edilməsi zəruridir ki, cavabdehin apellyasiya şikayətindəki dəlilləri onun özünün birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatı ilə uzlaşmır ki, bu da apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu təsdiq edir. Belə ki, cavabdeh xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında izahatında bildirmişdir ki, o, "xxxx" ATC-dən mal almış və aldığı mallara görə müəyyən ödənişlər etmişdir. Qəbzlər ondadır və həmin qəbzləri növbəti məhkəmə iclasında təqdim edə bilər. Daha sonra cavabdeh izahatında qeyd etmişdir ki, iddiaçı iddia tələbində onun 11.946,34 manat borcunun olduğu bildirilib. Ancaq onun təxminən 8000 (səkkiz min) manat borcu vardır. Cavadeh bununla da iddia tələbini etiraf etmiş iddiaya etirazının əsası kimi istinad etdiyi halları təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Birinci insatansiya məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində qeyd etmişdir ki, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun səbəbinin üzürlü sayılması barədə məhkəməyə hər hansı məlumat verməmiş və izahatında göstərdiklərini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bir daha qeyd etməyi zəruri hesab edirik ki, cavabdeh yuxarıda sözügedən qətnamədən verdiyi apellyasiya şikayətində heç bir hüquqi və faktiki əsası olmayan, formal və subyektiv mülahizələrini qeyd etmişdir. Göründüyü kimi cavabdeh borcunu ödəməkdən yayınmaq üçün müxtəlif, özü də biri-birini inkar edən dəlillərə və arqumentlərə əsaslanmağa cəhd etmişdir. Yuxarıda sadalanan xüsusatlardan görünür ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri və onun iddiaya etirazının arqumentləri formal və subyektiv mülahizələrə əsaslanmaqla birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən işin faktiki halları ilə ziddiyət təşkil edir. Hesab edirik ki, işə baxan birinci instansiya məhkəməsi iddia tələbi üzrə işin faktiki hallarını tam və hərtərəfli, eləcə də obyektiv olaraq araşdırmış, o cümlədən işin məhkəmədə müəyyən edilən faktiki hallarına uyğun olaraq maddi hüquq normalarını hazırkı mübahisəyə tətbiq etmiş, tətbiq etdiyi maddi hüququn tətbiqində və təvsirində və ya digər səhvə yol verməmişdir. Göstərilənləri nəzərə alıb, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
17. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayəti müdafiə edərək edərək şikayətin təmin edilməsini xahiş etdi.
18. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
19. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
21. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
22. İş üzrə cavabdeh tərəf apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikasınınn Mülki Məcəlləsi
23. Maddə 14.2.1. Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.
24. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
25. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.
26. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
27. Maddə 386.1. Öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin olmаsıdır.
28. Maddə 442. Öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür.
29. Maddə 445.2.1 Öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır.
30. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir.
31. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
32. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
33. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
39. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
40. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
41. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
42. Maddə 384.0.1 Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
43. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarı ...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 31 iyul 2023-cü il tarixli, e-2-2(117)-707/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Müəyyən edilmişdir ki, satıcı "xxxx" ASC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən satıcı bu müqavilədə müəyyən olunmuş malı alıcıya satmağı, alıcı isə həmin malı qəbul edib dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür.
47. Satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirərək xx.xx.2021-ci il tarixli elektron qaimə ilə dəyəri 1608,36 manat, xx.xx.2021-ci il tarixli elektron qaimə ilə dəyəri 3174,80 manat, xx.xx.2021-ci il tarixli elektron qaimə ilə dəyəri 3174,80 manat, xx.xx.2021-ci il tarixli elektron qaimə ilə dəyəri 11098 manat, xx.xx.2021-ci il tarixli elektron qaimə ilə dəyəri 5191,40 manat, xx.xx.2021-ci il tarixli elektron qaimə ilə dəyəri 5105,40 manat, xx.xx.2021-ci il tarixli elektron qaimə ilə dəyəri 4704,60 manat və xx.xx.2021-ci il tarixli elektron qaimə ilə ümumi dəyəri 4171,80 manat olan malları alıcıya təhvil vermiş, alıcı isə kassa mədaxil orderləri ilə qismən ödənişlər etmiş və nəticədə 11946,34 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması elektron qaimələr, 62.1 nömrəli hesabın kartı və kassa mədaxil orderləri ilə öz təsdiqini tapır.
48. Birinci instansiya məhkəməsi elektron qaimə fakturalara münasibətdə qeyd etmişdir ki, həmin elektron qaimələr orada adı qeyd olunan malların cavabdeh tərəfindən qəbul edilməsini birbaşa təsdiq etməsə də, iş materiallarındakı sənədlərlə, yəni hesabın çıxarışı, habelə cavabdeh tərəfindən aparılmış ödənişlərlə, yəni kassa mədaxil orderləri ilə əlaqəli şəkildə qiymətləndirildikdə müəyyən olunur ki, tərəflər arasında həqiqətən malların alğı-satqısı ilə bağlı münasibətlər olmuş, iddiaçı tərəfindən cavabdehə mal təhvil verilmişdir.
49. Ona görə də apellyasiya şikayətinin işə əlavə edilmiş elektron qaimələr orda adları qeyd edilən malların cavabdeh tərəfindən qəbul edilməsini təsdiq etməməsi barədə dəlili əsassızdır.
50. Cavabdeh apellyasiya şikayətində bildirir ki, işə əlavə edilmiş xx.xx.2021-ci il tarixli, EBAY 654584 nömrəli, xx.xx.2021-ci il tarixli, EBAY 770007 nömrəli, xx.xx.2021-ci il tarixli, EBAZ 519794 nömrəli, xx.xx.2021-ci il tarixli, EBBC127259 nömrəli, xx.xx.2021-ci il tarixli, EBBD 463749 nömrəli, xx.xx.2021-ci il tarixli, EBBF 054547 nömrəli və xx.xx.2021ci il tarixli, EBBH 654584 nömrəli elektron qaimələrin heç birində malların onun tərəfindən təhvil alınmasını təsdiq edən imzalar ona aid deyildir.
51. Lakin cavabdeh nəyə görə sözügedən qaimələrlərdə olan malların dəyərinin (35054,34 manat) əksər hissəsinin (23108 manat) hissəsinin müvafiq kassa mədaxil orderləri ilə iddiaçıya ödədiyinin ağlabatan izahını verə bilməmişdir.
52. Cavabdeh birinci instansiya məhkəməsinin məhkəmə hazırlıq iclasında və məhkəmə kollegiyasının iclasında verdiyi izahatlarında onun iddiaçı ilə alqı-satqı münasibətlərinin olduğunu və onun hesabatı ilə iddiaçıya təxminən 8000 manat borcunun olmasını etiraf etmişdir. Lakin apellyasiya şikayətində elekrton qaimələrdə göstərilən malların onun tərəfindən təhvil alınmadığını, onun iddiaçıya ümumiyyətlə heç bir borcunun olmadığını bildirmiş, ona görə də iddianın rədd edilməsini xahiş etmişdir.
53. Cavabdeh məhkəmə kollegiyasının iclasında qeyd olunan ziddiyyətlərin ağlabatan izahını verə bilməmişdir.
54. Eyni zamanda, cavabdeh onun iddiaçıya 11946,34 manat deyil, məhz 8000 manat borcunun olmasını təsdiq edən sübutları təqdim etməmişdir.
55. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir.
56. Beləliklə, məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə cavabdehin dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur. Apellyasiya şikayətində göstərilən dəlilləri təsdiq edən sübutlar təqdim olunmamışdır.
57. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.
58. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.
59. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
60. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
61. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir.
62. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin Şəki Kommersiyа Məhkəməsinin 31 iyul 2023-cü il tarixli, e-2-2(117)- 707/2023 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cаvаbdeh Cavabdeh оğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiyа Məhkəməsinin 31 iyul 2023-cü il tarixli, e-2-2(117)- 707/2023 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elçin Hüseynov