Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-9/2023 14.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin cavabdeh "xxxx" X2rşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Mustafayev Elvin Ağalar oğlunun katibliyi, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı (bundan sonrai- iddiaçı) cavabdeh "xxxx" X3 (bundan sonra - cavabdeh) qarşı pul tələbinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 31 oktyabr 2022-ci il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 017 nömrəli alğı satqı müqaviləsinə əsasən satıcı-iddiaçı alıcı-cavabdehə onun sifarişi əsasında qiymətlərin razılaşdırılması protokolunda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun vəziyyətdə olan malları satmağı, alıcı isə həmin malları qəbul etməyi və bunun müqabilində bu müqavilə ilə razılaşdırılmış məbləğdə malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 8.4-cü bəndinə əsasən malın məbləğinin vaxtında ödənilməməsi halında alıcı satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0,1%-i miqdarında (lakin malın dəyərinin 20%-dən artıq olmamaq şərtilə) cərimə ödənilməlidir. Müqavilənin 10.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan qüvvəyə minir və xx.xx.2020-ci il tarixədək qüvvədə qalır. Birinci instansiya məhkəməsində icraat İddiaçı, cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019cu il tarixli, 017 nömrəli alğı-satqı müqaviləsi üzrə 20.715,36 manat əsas borc, 22.683,31 manat cərimə, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış 3.107,30 manat faiz borcu, 449.1-ci maddəsinə əsasən hesablanmış 4.660,95 manat faiz borcu olmaqla, ümumilikdə 51.166,92 manat məbləğində pulun və 400 manat mediasiya xərcinin cavabdehdən tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC tərəfindən Cavabdeh MMMyə xx.xx.2019-cu il tarixli, 017 saylı alğı-satqı müqaviləsinə əsasən 2019-cu ilin aprel, may, sentyabr aylarında 20.715,36 manat dəyərində solod və digər mallar təqdim edilərək satılmışdır. Lakin indiyə qədər Cavabdeh MMM-yə satılmış həmin malların 20.715,36 manat məbləğində olan dəyəri İddiaçı MMC-yə ödənilməmişdir. Müqavilənin 8.4-cü bəndinə əsasən borcun ödənilməməsinə görə cərimə məbləği 22.683,31 manat təşkil edir. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin məbləğ hazırda 3.107,30 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitiniəsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Hazırda Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi internet saytında olan (https//www.cbar.az) məlumata əsasən bank uçot dərəcəsi 7,5 faizdir. Həmin məbləğ hazırda 4.660,95 manat təşkil edir. Cavabdeh iddia tələbinə qarşı etirazla məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçının iddia etdiyi pul məbləğinə dair məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. İddia ərizəsi üzrə məhkəməyə yalnız müqavilə və elektron qaimələr göndərilmişdir ki, bu da iddia tələbini əsaslandıracaq sübutlar deyildr. Elektron qaimənin verilməsi, göndərilməsi malın verilməsini təsdiq etmir. İddiaçı adi elektron qaimə verməklə guya onlara mal satdığını iddia edir, lakin bu heç də belə olmamış və ümumiyyətlə bu miqdarda mal onlara təhvil verilməmişdir. İddiaçı tərəfindən onlara mal verilməsi təsdiqini tapmamaqla, həmçinin iddiaçı tərəfindən iddia müddəti buraxılmışdır. Çünki iddiaçının tələb etdiyi müqavilə üzrə və istinad etdiyi elektron qaimələrə diqqət yetirilsə 2019-cu ilin aprel və may aylarına təsadüf edir. Hazırkı iş isə məhkəməyə 2022-ci ilin sentyabr ayında daxil olmuşdur. Bununla da iddiaçı həmçinin 3 illik iddia müddətini də ötürmüşdür. Şəki Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e- 2-2(117)-1409/2022 nömrəli iş üzrə qəbul etdiyi 31 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim R.Məcidov) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh MMM-dən xx.xx.2019-cu il tarixli, 017 nömrəli alğı-satqı müqaviləsi üzrə 20.715,36 manat əsas borc, 2.000 manat cərimə borcu və 264,90 manat mediasiya xərcinin tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, "xxxx" MMC ilə Cavabdeh MMM arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 017 nömrəli alqı satqı müqaviləsinə əsasən satıcı "xxxx" MMC alıcıya onun sifarişi əsasında qiymətlərin razılaşdırılması protokolunda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun vəziyyətdə olan malları satmağı, alıcı Cavabdeh MMM isə həmin malları qəbul etməyi və bunun müqabilində bu müqavilə ilə razılaşdırılmış məbləğdə malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirərək xx.xx.2019-cu il tarixli elektron qaimə ilə 12.208,36 manat, xx.xx.2019-cu il tarixli elektron qaimə ilə 11.794,80 manat və xx.xx.2020-ci il tarixli qaimə faktura ilə 8.680 ABŞ dolları məbləğində malları alıcıya satmış, alıcı 4.100 ABŞ dolları ödəniş etməklə malların dəyərini tam ödəməmiş və nəticədə ödənilməmiş 20.715,36 manat borcu qalmışdır. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması iddiaçı tərəfindən verilmiş, sistem və cavabdeh tərəfindən şəxsən qəbul edilməklə hazırki vaxtadək qüvvədə olan elektron qaimələrlə, habelə imzalarla təsdiq edilmiş qaimə-faktura ilə öz təsdiqini tapır. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, həmin borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinin 22.683,31 manat cərimənin ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh aldığı malın dəyərini ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, həm əsas borcun həm də cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır ki, hazırda tələb olunan cərimə məbləği əsas məbləğə münasibətdə tənasübsüz yüksəkdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 8.4-cü bəndinə əsasən malın məbləğinin vaxtında ödənilməməsi halında alıcı satıcıya gecikdirilən hər təqvim günü üçün borc məbləğinin 0,1%-i miqdarında (lakin malın dəyərinin 20%-dən artıq olmamaq şərtilə) cərimə ödəməlidir. Göründüyü kimi, cavabdeh tərəfindən ödənişlərin gecikdirilməsinə baxmayaraq iddiaçı üzərinə düşən hərəkətləri etməmiş və nəticədə dəbbə pulunun artmasına şərait yaratmışdır. Bu səbəbdən də, dəbbə pulunun artmasında iddiaçının təqsirini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, cavabdehdən 22.683,31 manat deyil, 2.000 məbləğində cərimə tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış 3107,30 manat faiz borcunun cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbi bu hissədə əsassızdır və rədd edilməlidir. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Göründüyü kimi, iddiaçı əgər digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb edə bilər. Hazırki iş üzrə iddiaçı, tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edilmiş qaydada dəbbə pulu tələb edir ki, belə olan halda gecikdirilmiş vaxt üçün faiz tələb edə bilməz. Belə ki, iddiaçı başqa əsasdan, yəni müqavilə əsasından çıxış edərək daha böyük məbləğ tələb edə bilir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia tələbi qiymət verilən hissədə rədd edilməlidir. Məhkəmə iddia tələbinin Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən 4660,95 manat faiz borcunun cavabdehdən tutulması hissəsinə münasibətdə onu qeyd etmişdir ki, iddia tələbi bu hissədə də əsassızdır və rədd edilməlidir. Belə ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2009-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MMin bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “qanunsuz istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. MM-in 449.1-ci maddəsində əksini tapmış “ondan faydalanmağa görə” müddəası özgəsinin pul vəsaitinin qanunsuz saxlanılması, onu qaytarmaqdan boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində MM-in 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Hazırki iş üzrə iddiaçı borcun gecikdirilməsi, pul vəsaitinin əsassız əldə edilməklə və ya toplamaqla ondan faydalanması, habelə əldən çıxmış fayda ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Bu səbəbdən iddia tələbi bu hissədə də rədd edilməlidir. Məhkəmə onu da qeyd etmişdir ki, cavabdehin vəkili ərizə ilə məhkəməyə müraciət edərək iddiaya etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, əvvəla elektron qaimələr borcun yaranmasına dair sübut qismində qəbul edilə bilməz. Habelə, mallar cavabdehə təhvil verilməmişdir və iddia müddəti ötürülmüşdür. Cavabdehin vəkilinin elektron qaimənin borcun yaranmasına dair sübut kimi qəbul edilməli olub-olmaması, habelə malların təhvil verilməməsi ilə bağlı etiraz dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, Vergi Məcəlləsinin 16.1.11-6-cı maddəsinə əsasən digər şəxslər tərəfindən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifəsidir. “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları” nın 3.2-ci bəndinə əsasən elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. 3.3-cü bəndinə əsasən cari elektron qaiməfaktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər. 3.4-cü bəndinə əsasən bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. 3.7-ci bəndinə əsasən elektron qaimə-faktura aşağıdakı müddətlərdə təqdim edilir: 3.7.1. malların təqdim edilməsi üzrə mallar göndərilən (verilən) vaxt; 3.7.2. əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 (beş) gün müddətində..... Göründüyü kimi, vergi qeydiyyatına alınmış fiziki və hüquqi şəxslər tərəfindən malların alğı-satqısı, qaytarılması və s. zamanı qanunvericiliklə müəyyən edilmiş qaydada və formada elektron qaimə-faktura tərtib edilməsi vergi ödəyicilərinin vəzifəsidir. Elektron qaimə-faktura elektron qaydada imza ilə təsdiq edilən, hüquq, vəzifələr və hüquq məsuliyyəti yaradan sənəddir, hansı ki, həmin qaimə-fakturalar nəzərə alınmaqla vergi orqanları tərəfindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicilərinin dövriyyəsi və gəlirləri müəyyən edilir. Bu səbəbdən hazırki iş üzrə iddiaçı tərəfindən verilmiş və statusu təsdiqlənmiş olan elektron qaimələr sübut qismində qəbul edilmişdir. Bundan başqa işin məhkəmə araşdırması zamanı 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********987500 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən Cavabdeh MMM-nə təqdim edilmiş xx.xx.2019- cu il tarixli elektron faktura qəbul edilərək sistem tərəfindən, xx.xx.2019-cu il tarixli elektron faktura isə qəbul edilərək vergi ödəyicisi tərəfindən təsdiqlənmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mallar təhvil verilməsəydi, bu zaman həmin malların dəyərini əks etdirən elektron qaimə də cavabdeh tərəfindən təsdiq edilməzdi. Sistem tərəfindən təsdiq edilmiş elektron qaiməyə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, həmin qaimə iddiaçı tərəfindən verildikdən sonra cavabdeh vergi orqanında olan elektron kabinetində qaiməni görmüş, ancaq imtina etməmiş, hətta onun sistem tərəfindən təsdiq edildiyindən məlumatlı olmuş, buna baxmayaraq həmin qaimə onun tərəfindən mübahisələndirilməmişdir. xx.xx.2020-ci il tarixli qaimə faktura isə malı təhvil alan tərəfindən imza edilmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, həmin mallar cavabdeh tərəfindən təhvil alınmışdır. Bundan əlavə cavabdehin iddia müddətinin ötürülməsi ilə bağlı etiraz dəlilinə qiymət verən məhkəmə qeyd etmişdir ki, hazırki iş üzrə tərəflər arasında xx.xx.2019-cu il tarixli, 017 nömrəli alğı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 10.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan qüvvəyə minir və xx.xx.2020-ci il tarixədək qüvvədə qalır. Müqaviləyə xitam verilməsi barədə müqavilə müddətinin bitməsinə 10 (on) iş günü qalmış tərəflərdən biri digərini yazılı şəkildə xəbərdar etməzsə müqavilə tərəflər arasında daha 6 (altı) ay müddətinə uzadılmış hesab olunur. Göründüyü kimi tərəflər arasında alğı-satqı müqaviləsi olmaqla iddiaçının hazırki tələbi həmin müqavilədən irəli gələn tələbdir. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Hazırki iş üzrə tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsi xx.xx.2020-ci il tarixədək qüvədə olduğundan həmin müqavilədən irəli gələn tələblər üzrə iddia müddəti xx.xx.2023-cü ildir. İddiaçı isə hazırki iddia tələbi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Eyni zamanda məhkəmə onu da qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 10.1-ci müqaviləyə xitam verilməsi barədə müqavilə müddətinin bitməsinə 10 (on) iş günü qalmış tərəflərdən biri digərini yazılı şəkildə xəbərdar etməzsə müqavilə tərəflər arasında daha 6 (altı) ay müddətinə uzadılmış hesab olunur. Göründüyü kimi, nə müqavilə müddətinin bitmə tarixi kimi göstərilmiş xx.xx.2020-ci il tarixdən, nə də müqavilənini 10.1-ci bəndinə əsasən uzadılmış tarixdən hesablandıqda iddia müddəti ötrülməmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2, 385.1, 386.1, 389.1, 427, 442, 445.2, 445.7, 448.1, 448.2, 449.1, 462.1, 462.3, 467, 567, 600.1, 600.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin tamamilə ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Məhkəmə qətnaməsinin təsviri hissəsində qeyd edilir: Satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirərək xx.xx.2019-cu il tarixli elektron qaimə ilə 12.208,36 manat, xx.xx.2019-cu il tarixli elektron qaimə ilə 11.794,80 manat, xx.xx.2020-ci il tarixli ******* nömrəli qaimə-fakura ilə 8.680 ABŞ dolları məbləğində malları alıcıya satmış, alıcı 4.100 ABŞ dolları ödəniş etməklə malların dəyərini tam ödəməmiş və nəticədə ödənilməmiş 20.715,36 manat borcu qalmışdır. Qətnamənin həmin hissəsindən belə aydın olur ki, məhkəmə və iddiaçı hesablama apara bilmir və ya ziddiyyətli sübutlar təqdim edir. Qeyd edilir ki, 2020-ci ildə 8.680 USD-lik mal alınıb, lakin onun 4.100 USD hissəsi ödənilib. Lakin ümumi borc əvvəlki iki - xx.xx.2019-cu il tarixli elektron qaimə ilə 12.208,36 manat , xx.xx.2019-cu il tarixli elektron qaimə ilə 11.794,80 manat, ümumilikdə isə 20.715,36 manat təşkil edir. Hesablamaya qalsa ümumi borc iki qaiməyə görə 24.003,16 manat etməlidir. Həmçinin 2020-ci ilin qaiməsində nəzərə alsaq daha çox edir. Məhkəmə hansı riyazi hesablama ilə iddiaçının iddiasını əsaslı hesab etmişdir anlamaq olmur. Bu onu göstərir ki, iddiaçının tələbi əsassızdır. Onlar bir qaimə üzrə mal veriblər, o da ödənilib. Digər qaimələr isə heç bir alış aktı, təhvil-təslim aktı yoxdur deyə əsaslı hesab edilə bilməz. Məhkəmə tərəfindən iddiaçı tərəfindən təqdim edilən elektron qaimələrin alış aktları və ya təhvil-təslim aktları tələb edilməyib və yalnız elektron qaimə əsasında qətnamə qəbul edilib. Bir elektron qaimə olub ki, tərəfimizdən təsdiqlənib onun da ödənişi edilmişdir. Hazırkı halda isə, iş materiallarında olan, iddiaçı tərəfindən cavabdehə göndərilmiş elektron qaimələrdə “əsas: xx.xx.2019 və xx.xx.2022” olaraq göstərilsə də, bunun elektron qaimələrin konkret olaraq hansı müqavilə və ya digər sənədlər əsasında göndərilməsi öz əksini tapmamışdır. Həmçinin məhkəmə tərəfindən iddiaçının müqavilə şərtlərini yerinə yetirib-yetirməməsi araşdırılmamışdır. Belə ki, iddiaçı müqaviləyə əsasən cavabdehə malı verməli və bundan sonra cavabdehin ona münasibətdə öhdəliyi yaranmalıdır. Lakin iş materiallarında malların iddiaçı tərəfindən müqavilə şərtlərinə əsasən verilməsi heç sübutla təsdiq edilmir. Bu səbəbdən də məhkəmə qətnamə qəbul edərkən Mülki Məcəllənin müqavilə şərtləri və ondan əmələ gələn öhdəliklə bağlı normalarını pozmuşdur. Müqavilənin 3.2.1-ci bəndinə əsasən malı alıcının mülkiyyətinə vermək satıcının vəzifəsidir. Müqavilənin 4-cü bəndində malın alcıya təhvil verilməsi şərtləri qeyd edilmişdir. Mal alıcıya təhvil-təslim aktı ilə verilməlidir. Lakin malın verilməsinə dair hər hansı sübut yoxdur. Bu da öz növbəsində məhkəmənin öz səlahiyətlərini aşaraq qərəzli birtərəfli qətnamə qəbul edilməsə gətirib çıxartmışdır. Məhkəmə işin faktiki hallarına deyil təqdim edilən sənədlərlə deyil, yalnız iddiaçının verdiyi sənədlərə əsasən qətnamə qəbul etmişdir. Məhkəmə tərəfindən sübutlar düzgün qiymətləndirilməyib və iddiaçının sübutları təhrif olunmuşdur. Məhkəmə özü qeyd edir ki, elektron qaimə biri cavabdeh tərəfindən şəxsən qəbul edilib, ancaq hər iki elektron qaiməni əsaslı hesab edir. Tərəfimizdən vəsatət verilməsinə baxmayaraq elektron qaimələrin alış aktları, təhvil-təslim aktları məhkəməyə təqdim edilməyib. Məhkəmə təqdim edilən sübutlar mötəbər sübutlar deyil. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, işə baxmış birinci instansiyası məhkəməsi iddia tələbinin bir qismini təmin etməsə də, iddiaçı qətnamədən apellyasiya şikayəti verməmişdir. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh isə, qətnamədən verdiyi apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, o, qətnamənin yalnız təmin edilməsi hissəsini mübahisələndirir; qətnamənin qalan hissəsini mübahisələndirmir. Odur ki, göstərilənləri və MPM-nin 372.6-cı maddəsinin tələbini nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.3. atıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi mübahisə ilə bağlı apelyasiya baxışının predmeti olan hissədə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, işdə olan sənədlərə əsasən müəyyən edilir ki, "xxxx" MMC ilə Cavabdeh MMM arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 017 nömrəli alğı-satqı müqaviləsinə əsasən satıcı "xxxx" MMC alıcıya onun sifarişi əsasında qiymətlərin razılaşdırılması protokolunda göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun vəziyyətdə olan malları satmağı, alıcı Cavabdeh MMM isə həmin malları qəbul etməyi və bunun müqabilində bu müqavilə ilə razılaşdırılmış məbləğdə malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirərək xx.xx.2019-cu il tarixli elektron qaimə ilə 12.208,36 manat, xx.xx.2019-cu il tarixli elektron qaimə ilə 11.794,80 manat, xx.xx.2020-ci il tarixli qaimə faktura ilə 8.680 ABŞ dolları məbləğində malları cavabdehə satmışdır. Cavabdeh isə alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməmiş, yalnız xx.xx.2020-ci il tarixli qaimə faktura üzrə 4.100 ABŞ dolları ödəniş etmişdir. İş üzrə tərəflər arasında alğı-satqı münasibətlərinin mövcud olduğunu təsdiq edən cavabdeh bildirir ki, onun iddiaçı qarşısında icra edilməmiş hər hansı öhdəliyi yoxdur. Cavabdeh iddiaçıdan aldığı malların dəyərini tam ödəmişdir. İşdə olan elektron qaimələr isə borcun yaranmasını sübut etmir. Məhkəmə, cavabdehin bu dəlili ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.11-6-cı maddəsinə əsasən digər şəxslər tərəfindən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə, bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifəsidir. “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları” nın 3.2-ci bəndinə əsasən elektron qaiməfaktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. 3.3-cü bəndinə əsasən cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər. 3.4-cü bəndinə əsasən bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. 3.7-ci bəndinə əsasən elektron qaimə-faktura aşağıdakı müddətlərdə təqdim edilir: 3.7.1. malların təqdim edilməsi üzrə mallar göndərilən (verilən) vaxt; 3.7.2. əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində..... Göründüyü kimi, vergi qeydiyyatına alınmış fiziki və hüquqi şəxslər tərəfindən malların alğı-satqısı, qaytarılması və s. zamanı qanunvericiliklə müəyyən edilmiş qaydada və formada elektron qaimə-faktura tərtib edilməsi vergi ödəyicilərinin vəzifəsidir. Elektron qaimə-faktura elektron qaydada imza ilə təsdiq edilən, hüquq, vəzifələr və hüquq məsuliyyəti yaradan sənəddir, hansı ki, həmin qaimə-fakturalar nəzərə alınmaqla vergi orqanları tərəfindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicilərinin dövriyyəsi və gəlirləri müəyyən edilir. Bu baxımdan hesab edilməlidir ki, iddiaçı, cavabdehə elektron qaimələrdə qeyd olunan məbləğdə mallar satmışdır. Bundan başqa işdə olan 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********987500 nömrəli məktubunda bildirilir ki, iddiaçının cavabdehə təqdim etdiyi xx.xx.2019-cu il tarixli elektron faktura qəbul edilərək sistem tərəfindən, xx.xx.2019-cu il tarixli elektron faktura isə vergi ödəyicisi tərəfindən təsdiqlənmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddia etdiyi kimi mallar ona təhvil verilmədiyi halda, malların dəyərini əks etdirən elektron qaimə də cavabdeh tərəfindən təsdiq edilməzdi. Sistem tərəfindən təsdiq edilmiş elektron qaimə ilə bağlı isə Məhkəmə bildirir ki, həmin qaimə iddiaçı tərəfindən göndərildikdən sonra, cavabdeh onu vergi orqanında olan elektron kabinetində görmüş, ancaq qaimənin qəbulundan imtina etməmiş, hətta onun sistem tərəfindən təsdiq edilməsindən məlumatlı olmuşdur. Lakin cavabdeh qaiməni mübahisələndirməmiş, qaimədə qeyd olunan məbləğlə razılaşmışdır. xx.xx.2020-ci il tarixli qaimə faktura isə malı təhvil alan tərəfindən imza edilmişdir. Bundan başqa, cavabdeh apellyasiya şikayətində qeyd edir ki, işdə olan qaimələrin hansı müqavilə üzrə verilməsini müəyyən etmək mümkün deyil, bu qaimələr cavabdehin iddiaçıya borcunun olmasını təsdiq etmir. Apellyasiya şikayətinin bu dəlilinin araşdırılması məqsədi ilə sədrlik edənin sualını cavablandıran cavabdehin vəkili və nümayəndəsi Vəkil2 bildirmişdir ki, iddiaçı və cavabdeh arasında yalnız xx.xx.2019-cu il tarixli, 017 nömrəli alğı-satqı müqaviləsi bağlanmışdır, başqa müqavilənin mövcudluğundan isə onun məlumatı yoxdur. Göstərilənlərə əsasən işin halları kimi müəyyən edilir ki, iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 017 nömrəli alqı-satqı müqaviləsinə əsasən iddiaçı dəyəri qaimələrdə əks olunan malları cavabdehə təhvil vermiş, lakin malların dəyəri sonuncu tərəfindən tam ödənilməmişdir. Bunun əksini apellyasiya şikayətində iddia edən cavabdehin dəlilləri əsassızdır. Beləliklə, müəyyən olunur ki, cavabdehin xx.xx.2019-cu il tarixli, 017 nömrəli alğı-satqı müqaviləsi üzrə iddiaçı qarşısında vaxtında və lazımi qaydada icra edilməmiş öhdəlikləri var və o, bu öhdəliklərin icra edilməməsinə görə məsuliyyət daşıyır. xx.xx.2019-cu il tarixli 017 nömrəli alğı-satqı müqaviləsi üzrə yaranmış və cavabdeh tərəfindən ödənilməmiş borcun məbləği ilə bağlı Məhkəmə bildirir ki, iddiaçı cavabdehdən 20.715,36 manat borcun tutulmasını tələb edir. Cavabdeh, apellyasiya şikayətində qeyd edir ki, işdə olan xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli elektron qaimələr üzrə borcun cəmi məbləği 24.003,16 manat olduğu halda, iddiaçının daha az məbləğdə pul tələb etməsi iddianın əsassız olduğunu təsdiq edir. Məhkəmə apellyasiya şikayətinin bu dəlili ilə bağlı bildirir ki, həqiqətən də iddiaçının birinci instansiyası məhkəməsinə təqdim etdiyi qaimələr üzrə borcun məbləği, cavabdehdən tələb olunan əsas borc məbləğindən daha çoxdur. Cavabdehə qarşı irəli sürələn tələbin həcmini müəyyən etmək isə iddiaçının müstəsna hüququdur. Məhkəmənin vəzifəsi isə verilən tələblər üzrə qətnamə çıxarmasıdır. İş materiallarından görünür ki, iddiaçı cavabdehdən əsas borca görə 20.715,36 manat məbləğində pulun tutulması barədə tələb irəli sürmüş, birinci instansiyası məhkəməsi də bu tələbi əsaslı hesab edərək, iddianı həmin hissədə təmin etmişdir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, iddiaçının daha az məbləğdə əsas borcun tutulmasını tələb etməsi iddianın əsassız olması anlamına gəlmir. İddianı həmin hissədə tam təmin edən birinci instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin bu barədə dəlili əsassızdır. Yuxarıda qeyd olunduğu kimi, cavabdehin iddiaçı qarşısında üzərinə götürdüyü müqavilə öhdəliklərinin icrasını gecikdirməsi aşkardır. İş materiallarından görünür ki, öhdəliyin gecikdirilməsini və müqavilənin şərtlərini nəzərə alan iddiaçı, ödənişin gecikdirilməsinə görə 22.683,31 manat cərimə hesablamış və həmin məbləğin onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə bildirir ki, qanunvericiliyə əsasən cərimənin məbləği müəyyən edilərkən məhkəmələr kreditorun və borclunun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə almalıdırlar. Məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi cərimə məbləği tənasübsüz surətdə yüksəkdir. Məhkəmə həmçinin onu da qeyd edir ki, cavabdeh müqavilə öhdəliklərirni lazımınca icra etməyərək, ödənişləri gecikdirsə də, iddiaçı uzun müddət sonra borcun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir ki, bu hal dəbbə pulunun artmasına şərait yaratmışdır. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi haqlı olaraq “cərimənin tutulması barədə” tələbi qismən təmin edərək, cərimə məbləğini azalmış və onu 2.000 manat məbləğində müəyyən etmişdir. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin apellyasiya baxışının predmeti olan hissədə tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh "xxxx" X1 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 31 oktyabr 2022-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(107)-9/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-9/2023
14.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver