Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-90/2025 25.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, iddiaçı “X2 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “Team Gubaljecic” d.o.o.Gradacac xarici hüquqi şəxsə qarşı “borcun tutulması” tələbi barədə kommersiya işi üzrə qəbul edilmiş Şəki Kommersiya Məhkəməsinin 07 mart 2025-ci il tarixli e-2-2(117)-55/2025 nömrəli qərardadından iddiaçı “X2 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) apellyasiya qaydasında yazılı icraatda baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “X2 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin 26 noyabr 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh “Team Gubaljecic” d.o.o.Gradacac xarici hüquqi şəxsə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair e-2-2(117)-55/2025 nömrəli kommersiya işi üzrə qəbul edilmiş Şəki Kommersiya Məhkəməsinin 07 mart 2025-ci il tarixli e-2-2(117)- 55/2025 nömrəli qərardadına əsasən həmin iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı “X2 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə həmin qərardaddan şikayət vermiş və şikayətində Şəki Kommersiya Məhkəməsinin 07 mart 2025-ci il tarixli e-2- 2(117)-55/2025 nömrəli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş Şəki Kommersiya Məhkəməsinin 04 aprel 2025-ci il tarixli qərardadına əsasən Şəki Kommersiya Məhkəməsinin 07 mart 2025-ci il tarixli e-2-2(117)- 55/2025 nömrəli qərardadından iddiaçı “X2 Təsərrüfatı” MMC tərəfindən verilmiş şikayət təmin edilməmiş və həmin şikayət Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 269.3-cü maddəsinin tələblərinə uyğun olaraq işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 269-cu maddəsinin tələblərinə əsasən, qərardadan verilmiş şikayətə - qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır (maddə 269.1), şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir (maddə 269.2) və əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403- 1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir (maddə 269.3). Həmin Məcəllənin 397.1-ci maddəsinə əsasən, Mülki-Prosessual Məcəllənin 269.3cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələblərinə uyğun olaraq Şəki Kommersiya Məhkəməsinin 07 mart 2025-ci il tarixli e-2-2(117)-55/2025 nömrəli qərardadından iddiaçı “X2 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxılmasını mümkün saymışdır. Qərardaddan verilən şikayətə qarşı yazılı etiraz verilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır (maddə 372.1) və apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır (maddə 372.7). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə, aşağıdakıları etmək hüququ vardır: - məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək (maddə 398.0.1); qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək (maddə 398.0.2); qərardadı tam və ya qismən ləğv edib, qərardadla həll edilməli olan məsələni həll etmək (maddə 398.0.3); qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək (maddə 398.0.4). Məhkəmə kollegiyası, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, Şəki Kommersiya Məhkəməsinin 07 mart 2025-ci il tarixli e-2-2(117)-55/2025 nömrəli qərardadından iddiaçı “X2 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin həmin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, e-2-2(117)-55/2025 nömrəli kommersiya işinin materialları və həmin iş üzrə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə olan sənəd və məlumatlarla müəyyən olunur ki, iddiaçı “X2 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh “Team Gubaljecic” d.o.o.Gradacac xarici hüquqi şəxsə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, “cavabdeh “Team Gubaljecic” d.o.o. Gradacac-dan 53700 ABŞ dolları, 91290 manat borcun, habelə ödənilmiş 363,87 manat dövlət rüsumunun tutularaq iddiaçı “X2 Təsərrüfatı” MMC-yə ödənilməsi” barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən həmin iddia ərizəsi icraata götürülüb, iş üzrə müvafiq qaydada məhkəmə hazırlıq iclasları təyin edilərək, iddiaçı tərəflə iddianın məhkəmə baxışına hazırlanması məqsədilə müvafiq prosessual hərəkətlər edilmiş olsa da, məhkəmə tərəfindən kifayət qədər səy göstərilib, bütün mümkün prosessual imkanlardan istifadə olunmasına baxmayaraq, Mülki-Prosessual Qanunvericiliyin tələbləri baxımından iddiaçı tərəfin üzərinə düşən sənədləri lazımi qaydada məhkəməyə təqdim etməməsi və bununla bağlı məhkəmənin tövsiyyə və tələblərini yerinə yetirməməsi səbəbindən - işin məhkəmə baxışına verilməsi mümkün olmamışdır. Odur ki, iş üzrə 4-cü dəfə 07 mart 2025-ci ildə keçirilən məhkəmə hazırlıq iclasında da işin məhkəmə baxışına hazırlanaraq məhkəmə baxışına verilməsi mümkün olmadığından, Şəki Kommersiya Məhkəməsinin 07 mart 2025-ci il tarixli e-2-2(117)-55/2025 nömrəli qərardadı ilə iddiaçı “X2 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “Team Gubaljecic” d.o.o.Gradacac xarici hüquqi şəxsə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair e-2-2(117)-55/2025 nömrəli kommersiya işi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 14 dekabr 2023-cü il tarixli 15/2023 nömrəli Qərarına istinad olunmaqla, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən baxılmamış saxlanılmış və eyni zamanda, iddiaçı “X2 Təsərrüfatı” MMC tərəfindən xx.xx.2024-cü il tarixli **********79 nömrəli qəbzlə ödənilmiş 363,87 manat dövlət rüsumunun dövlət büdcəsindən iddiaçıya qaytarılması qərara alınmışdır. Birinci insytansiya məhkəməsi tərəfindən həmin qərardadda “iddia ərizəsinin baxılmamış saxlanması” onunla əsaslandırılmışdır ki, məhkəmənin əvvəlki iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkilinə izah edilmişdir ki, cavabdeh “Team Gubaljecic” d.o.o.Gradacaca-nın hüquqi ünvanı Bosniya və Hersoqovina Respublikası olduğundan, onun hal-hazırda mövcud olmasını (ləğv olunmamasını) və fəaliyyət göstərdiyini müəyyən edən sənədlər iddia ərizəsinə əlavə edilməlidir. Həmin sənədlərin məhkəməyə təqdim edilməsi iddiaçı tərəfə təklif edilmiş. Lakin qeyd olunan sənədlər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, cavabdeh “Team Gubaljecic” d.o.o.Gradacaca-nın iddia ərizəsində ünvanı Bosniya və Hersoqavina Respublikası göstərilsə də, müvafiq xarici ölkənin hüquqi şəxslərinin dövlət reyestrindən verilmiş çıxarış və ya səlahiyyətli dövlət orqanının verdiyi sənəd əsasında xarici hüquqi şəxsin qeydiyyata alındığı ölkədə mövcud olmasını (ləğv olunmamasını) və fəaliyyət göstərdiyini müəyyən edən sənədlər iddia ərizəsinə əlavə edilməmişdir. Bu səbəbdən cavabdeh kimi göstərilən xarici hüquqi şəxsin mövcud olmasını (ləğv olunmamasını) və fəaliyyət göstərdiyini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə cavabdeh qismində “Team Gubaljecic” d.o.o.Gradacac elektron ərizənin məzmununda göstərilsə də, lakin onun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə uyğun olaraq şəxsi məlumatları və adı elektron iddia ərizəsində qeyd edilməmiş, həmçinin iddiaçı tərəfindən o, Elektron Məhkəmə İnformasiyaları Sisteminə “cavabdeh” qismində əlavə edilməmişdir. Nəticə etibarı ilə məhkəmə hesab edir ki, iddia ərizəsinin forma və məzmununa iddiaçı tərəfdən riayət olunmamışdır. Lakin, iddiaçı “X2 Təsərrüfatı” MMC bu qərardadla razılaşmayıb, həmin qərardaddan şikayət vermiş və Şəki Kommersiya Məhkəməsinin 04 aprel 2025-ci il tarixli qərardadına əsasən Şəki Kommersiya Məhkəməsinin 07 mart 2025-ci il tarixli e-2-2(117)-55/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməyərək, həmin şikayət Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 269.3-cü maddəsinin tələblərinə uyğun olaraq işlə birlikdə apellyasiya qaydasında baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir və həmin Məcəllənin 149.2-ci maddəsinin tələblərinə görə iddia ərizəsində aşağıdakılar da göstərilməlidir: - 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); - 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; Həmin Məcəllənin 150.1-ci maddəsinə əsasən, iddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: - 150.1.4. bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd; - 150.1.6. müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir). - 150.2. Kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 14 dekabr 2023-cü il tarixli 15/2023 nömrəli Qərarı: 1.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikitərəfli və çoxtərəfli beynəlxalq müqavilələrdə fərqli qayda nəzərdə tutulmamışdırsa, xarici şəxslərin prosessual hüquq və fəaliyyət qabiliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi əsasında müəyyən edilir. 1.6. Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılmış hüquqi şəxsin xarici hüquqi şəxs olması nəzərə alınaraq (“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsi), həmin hüquqi şəxsin tərəf qismində iştirak etdiyi məhkəmə mübahisələrində məhkəmələr, müvafiq xarici ölkənin hüquqi şəxslərinin dövlət reyestrindən verilmiş çıxarış və ya səlahiyyətli dövlət orqanının verdiyi sənəd əsasında xarici hüquqi şəxsin qeydiyyata alındığı ölkədə mövcud olmasını (ləğv olunmamasını) və fəaliyyət göstərdiyini müəyyən etməlidirlər.
4. Xarici elementli mübahisələrdə xarici ölkələrdə verilmiş rəsmi sənədlərə dair tələblər: 4.1. Xarici elementli mübahisələrə baxılarkən, müvafiq xarici ölkədə verilmiş sənədlərin lazımi qaydada rəsmiləşdirilməsinə diqqət yetirilməlidir. 4.2. Beynəlxalq hüququn ümumi prinsiplərinə görə, hər hansı ölkənin ərazisində verilmiş və hüquqi qüvvəyə malik olan sənədlər müvafiq qaydada rəsmiləşdirildikdən sonra digər ölkənin ərazisində istifadə oluna bilər. Belə rəsmiləşdirmənin iki növü mövcuddur: 1) sənədlərin apostil edilməsi; 2) konsul leqallaşdırılması. 4.3. Xarici elementli mübahisələrdə apostil edilməsi tələb olunan rəsmi sənədlərin dairəsi, Azərbaycan Respublikasının 2004-cü il 5 mart tarixində tərəfdar çıxdığı “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən” 1961-ci il 5 oktyabr tarixli Haaqa Konvensiyası (bundan sonra - mətndə Konvensiya) ilə müəyyən edilmişdir. Sənədlərin apostil edilməsi həmin Konvensiyaya üzv olan dövlətlərdə verilmiş sənədi imzalamış şəxsin imzasının, habelə lazım gəldikdə həmin sənədə vurulmuş möhür və ya ştampın həqiqiliyini, bu şəxsin kim qisimdə çıxış etdiyini təsdiq edir. 4.4. Konvensiyanın tələbinə görə, imzanın həqiqiliyini, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallıq həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən şəhadətnamənin əlavə edilməsidir. Şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, onu verən orqanın rəsmi dilində tərtib edilə bilər. 4.5. Konvensiyanın 1-ci maddəsinin müvafiq yarımbəndlərində nəzərdə tutulan aşağıdakı sənədlərin apostil edilməsinə diqqət yetirilməlidir: - dövlət orqanından və ya dövlətin məhkəməsi və ya iqtisadi məhkəməsi ilə əlaqəsi olan vəzifəli şəxsdən alınan sənədlər, o cümlədən dövlət ittihamçısından (prokurordan), məhkəmə katibindən, məhkəmə icraçısından alınan sənədlər üzrə məhkəmə aktları (qətnamə, qərardad, hökm və qərar), məhkəmə tapşırıqları, icra qeydi, icra vərəqəsi (“a” yarımbəndi); - inzibati sənədlər üzrə - inzibati orqanların və bələdiyyələrin sərəncamları, qərarları, inzibati orqan və bələdiyyə rəhbərlərinin əmrləri, inzibati orqanlar tərəfindən verilmiş şəhadətnamələr, lisenziyalar, icazələr, mülkiyyət, doğum, ölüm və sair faktlar haqqında şəhadətnamələr, digər hüquqmüəyyənedici sənədlər (“b” yarımbəndi); - notarial aktlar üzrə notarial qaydada rəsmiləşdirilən və verilən bütün sənədlər (“c” yarımbəndi); 4.7. Azərbaycan Respublikasından kənarda Azərbaycan Respublikasının vətəndaşı və ya hüquqi şəxsləri, yaxud əcnəbilər barədə verilmiş, tərtib edilmiş və ya xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən müəyyən edilmiş qaydada təsdiq edilmiş sənədlər, əgər qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmamışdırsa, konsul orqanları tərəfindən qanuniləşdirildikdən sonra Azərbaycan Respublikasının məhkəmələri tərəfindən qəbul edilir (MPM-in 457-ci maddəsi). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: - 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; - 152.1.4. kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə; - 152.1.6. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə; Həmin Məcəllənin 259.0-cı maddəsinə əsasən, məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: - 259.0.12. Ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli 12 nömrəli Qərarının 5-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Göründüyü kimi, iddiaçı xarici hüquqi şəxs olan cavabdehə qarşı hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət edərkən Mülki-Prosessual Qanunvericiliklə və eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 14 dekabr 2023cü il tarixli 15/2023 nömrəli Qərarı ilə təqdim edilməsi zəruri olan sənədləri lazımi qaydada hazırlayıb məhkəməyə təqdim etməmiş və bunun üçün məhkəmə tərəfindən dəfələrlə vaxt verilməsinə və məhkəmə hazırlıq iclaslarının təxirə salınmasına baxmayaraq, iddiaçı həmin çatışmamazlıqları aradan qaldırmamışdır. Çünki, yuxarıda qeyd edilənlərlə müəyyən olunur ki, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılmış hüquqi şəxsin “xarici hüquqi şəxs” olması nəzərə alınaraq, həmin hüquqi şəxsin tərəf qismində iştirak etdiyi məhkəmə mübahisələrində məhkəmələr – iddia ərizəsi ilə məhkəməyə müraciət olunduğu vaxt müvafiq xarici ölkənin hüquqi şəxslərinin dövlət reyestrindən verilmiş çıxarış və ya səlahiyyətli dövlət orqanının verdiyi sənəd əsasında xarici hüquqi şəxsin qeydiyyata alındığı ölkədə mövcud olmasını (ləğv olunmamasını) və fəaliyyət göstərdiyini - müəyyən etməlidirlər. Bundan ötrü də, xarici elementli mübahisələrə baxılarkən, müvafiq xarici ölkədə verilmiş sənədlərin lazımi qaydada rəsmiləşdirilməsinə, sənədlərin apostil edilməsinə və yaxud, konsul leqallaşdırılmasına riayət edilməsinə diqqət yetirilməli və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 14 dekabr 2023cü il tarixli 15/2023 nömrəli Qərarında qeyd olunan digər tələblər üzrə sənədlərin yoxlanılması təmin edilməlidir. Eyni zamanda, hazırkı şikayətin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, iddiaçı tərəf məhkəməyə cavabdeh olan xarici hüquqi şəxsin mövcudluğu ilə əlaqədar 2010-cu il və yaxud 2016-cı il tarixlərinə aid sənədlərin kserosurətini əlavə etmiş olsa da, iddia ərizəsi verildiyi dövrə uyğun olaraq müvafiq qaydada apostil edilmədiyindən həmin sənədlərin cavabdeh xarici hüquqi şəxsin halhazırda da mövcud olmasını (ləğv olunmamasını) təsdiq edən rəsmi sənədlər kimi nəzərə alınması mümkün deyildir. Bundan əlavə, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilmiş iddia ərizəsinin Giriş hissəsində (“Tərəflər” bölməsində) iddiaçı ilə eyni qaydada, cavabdeh hüquqi şəxsin də adı, ünvanı (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), elektron poçt ünvanı, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları (MPM-nin 149.2.2-ci maddəsi) və iddia ərizəsinin məzmununda (iddianın əsaslandırıldığı hissədə) isə digər hallarla yanaşı, iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi fakt və hallar (MPM-nin 149.2.3-cü maddəsi) da göstərilməli və eyni zamanda, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən Mülki-Prosessual Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd və müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) - iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə məhkəməyə təqdim olunmalıdır. Eləcə də, hazırkı şikayətin dəlilləri ilə əlaqədar məhkəmə qeyd etməyi lazım bilir ki, iddia ərizəsinin Mülki-Prosessual Məcəllənin tələblərinə, o cümlədən də 149-150-ci maddələrinin tələblərinə uyğun tərtib edilərək məhkəməyə təqdim olunması - iddiaçının vəzifəsidir və iddia ərizəsində Mülki-Prosessual Məcəllədə nəzərdə tutulan tələblərdən (qaydalardan) hər hansı birinə riayət edilməməsi mübahisənin məhkəmədə baxılmasını mümkünsüz edir. Çünki, iddia ərizəsinin tərtibi və məhkəməyə təqdim olunması ilə əlaqədar Mülki-Prosessual Məcəllədə müəyyən edilmiş tələblərin müvafiq qaydada yerinə yetirilməməsi - gələcəkdə hazırkı mübahisəni mahiyyəti üzrə həll edəcək məhkəmə aktının qanuniliyini və əsaslılığını şübhə altına ala biləcəyindən - iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən Mülki-Prosessual Məcəllənin 149-150-ci maddələrinin müvafiq tələblərinin lazımi qaydada yerinə yetirilməsi iddiaçının maraq və mənafeyinə uyğun tələblərdir. Həmçinin, həmin tələblər - qanuni və icrası mümkün olan tələblərdir və həmin tələblərdən hər hansı birinin yerinə yetirilməməsi və yaxud, mübahisə yaradacaq dərəcədə düzgün yerinə yetirilməməsi - prosessual qanunvericiliyin tələblərinin pozulmasıdır. Ona görə də, iddia ərizəsinin verilməsinin və icraata qəbul edilməsinin prosessual qaydalarını müəyyən edən Mülki-Prosessual Məcəllənin tələbləri - iddiaçı tərəfindən müvafiq qanunvericilik və prosessual normalarda nəzərdə tutulan qaydada yerinə yetirilməlidir. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsində də "bütün fiziki və hüquqi şəxslərin özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malik olmaları" təsbit olunmuşdur və Mülki-Prosessual Məcəllədə qanunla müəyyən edilmiş qaydada verilməyən iddia ərizələrinin qaytarılması və yaxud, baxılmamış saxlanılması institutları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2.2-ci maddəsinin tələblərinə görə, mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verməlidir. Beləliklə də, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə görə iddia ərizəsinin forma və məzmununa aid iddiaçı tərəfindən yerinə yetirilməsi zəruri olan tələblər yerinə yetirilmədikdə - məhkəmə tərəfindən iddia ərizəsinin qaytarılması və yaxud, işin hazırlıq mərhələsində həmin çatışmamazlıqlar aradan qaldırılmadıqda isə məhkəmə tərəfindən iddia ərizəsinin baxılmamış saxlanması (MPM-nin 259.12-ci maddəsi) nəzərdə tutulmuşdur. Ona görə də, yuxarıda təsvir olunanlara və işin konkret hallarına əsasən müəyyən olunur ki, iddiaçı “X2 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Şəki Kommersiya Məhkəməsinin 07 mart 2025-ci il tarixli e-2-2(117)-55/2025 nömrəli qərardadından verdiyi hazırkı şikayətin dəlilləri əsassızdır və Şəki Kommersiya Məhkəməsinin 07 mart 2025-ci il tarixli e-2-2(117)-55/2025 nömrəli qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında (maddə 402.2.1), kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında (maddə 402.2.2), kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə (maddə 402.2.3) və iş üzrə icraata xitam verilməsi barədə (maddə 402.2.4) qərardadlarından kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 395-398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Şəki Kommersiya Məhkəməsinin 07 mart 2025-ci il tarixli e-2-2(117)-55/2025 nömrəli qərardadından iddiaçı “X2 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 07 mart 2025-ci il tarixli e-2-2(117)-55/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və qərardaddan kassasiya şikayəti verilə bilməz.