Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-91/2023 17.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Məlikov Vəzirxan İsgəndər oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı “5946 manat əsas borcun, 1782 manat dəbbə pulunun və 100 manat mediasiya xərcinin cavabdehdən tutulması tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiyа Məhkəməsinin 06 dekabr 2022-ci il tаrixli, e-2-2(117)-1549/2022 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə yazılı icraat qaydasında baxılmışdır. I. İşin halları
1. xx.xx.2019-cu il tarixdə İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən, satıcı İddiaçı MMC müqavilədə göstərilən malları alıcı Cavabdeh satmağı, alıcı isə öz növbəsində həmin malları qəbul edərək malların dəyərini bu müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür.
2. Həmin Müqavilənin 2.5-ci bəndinə əsasən, bu müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə gecikdirilmiş hər gün üçün icrası gecikdirilən öhdəliyin dəyərinin 0,5 faizi həcmində dəbbə pulu hesablanacaqdır.
3. Satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, alıcı aldığı malların dəyərini tam ödəməmiş və nəticədə 5946 manat məbləğində ödənilməmiş borcu qalmışdır.
4. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “Üzləşmə aktı”ndan görünür ki, xx.xx.2020-ci il tarixə Cavabdeh iddiaçıya 6456 manat borcu vardır və bu akt hər iki tərəfin imzası ilə təsdiq edilmişdir.
5. Qeyd olunan məbləğdən müəyyən qədər ödənişlər edildikdən sonra, bugünkü günə olan borc məbləği 5946 manat təşkil edir.
6. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
II. Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı iddia tələbini yuxarıda göstərilən hallarla əsaslandırmışdır.
8. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır.
9. Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 06 dekabr 2022-ci il tаrixli, e-2-2(117)-1549/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh 5946 manat əsas borc, 178 manat cərimə borcu və 79,24 manat mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilməsi, Cavabdeh 97,85 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2, 385.1, 386.1, 389.1, 406.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 567 və 600-cü maddəsinin 1-ci və 3-cü bəndlərinə istinad etməklə əsaslandırılmışdır.
11. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 Şəki Kommersiya Məhkəməsinin 06 dekabr 2022-ci il tаrixli, e-2-2(117)-1549/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.
III. Apellyasiya instansiya məhkəməsində icraat
a) apellyasiya şikayətinin dəlilləri
12. Cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi cavabdehin Konstitusion hüquqlarının pozulmasına baxmayaraq əsl həqiqətin müəyyən edilməsinə nail olmadan iddiaçının əsassız irəli sürdüyü tələblərə əsaslanmış və qəbul etdiyi qətnaməni yalnız müqavilə anlayışının qanunda nəzərdə tutulmuş şərhi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnamənin əsaslandırıcı hissəsində yalnız iddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə istinad edərək bir tərəfli mövqe nümayiş etdirmişdir. Halbuki işin həqiqi halları ondan ibarətdir ki, qeyd olunan və məhkəmə icraatı dövründə Cavabdeh həbsdə olmuş və xx.xx.2023-cü il tarixdə barəsində bəraət hökmü çıxarılmışdır. Şərh olunanlar təsdiq edir ki, hazırkı kommersiya işi üzrə iş üçün əhəmiyyəti olan hallar aydınlaşdırılmamış, nəticədə məhkəmə tərəfindən işin halları tam tədqiq edilməmişdir. Bu halda isə iş üzrə obyektiv, tam, hərtərəfli araşdırmanın aparılması mümkün deyildir. Bu cür baxılmış kommersiya işi üzrə isə qanuni və əsaslı qətnamənin qəbul edilməsi mümkün deyildir. Nəticədə kommersiya işi üzrə aparılmış araşdırma natamam, qeyri-obyektiv və hətta cavabdehə münasibətdə qərəzli olmuşdur. Odur ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, işə apellyasiya qaydasında baxılarkən obektiv, tam və hərtərəfli araşdırma aparıldıqdan sonra yeni qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən Şəki Kommersiya Məhkəməsinin 06 dekabr 2022-ci il tаrixli, e- 2-2(117)-1549/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
14. Apellyasiya instansiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq qətnamədən verilən apellyasiya şikayətinə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
15. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
16. İş üzrə cavabdeh tərəf apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
17. Maddə 14.2.1. Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.
18. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
19. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
21. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
22. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.
23. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
24. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
25. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;
26. Maddə 567 Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 27.Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
28. Maddə 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
34. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
35. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
36. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
37. Maddə 394-1.1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilirsə, məhkəmə onun daxil olduğu vaxtdan 5 iş günü ərzində apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri işdə iştirak edən şəxslərə rəsmi qaydada verir.
38. Maddə 394-1.2. İşdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildiyi vaxtdan 10 iş günü müddətində apellyasiya şikayətinə qarşı əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri məhkəməyə göndərə bilər.
39. Maddə 394-1.3. Apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
40. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
41. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
42. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
43. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdehin nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şəki Kommersiya Məhkəməsinin 06 dekabr 2022-ci il tаrixli, e-2-2(117)- 1549/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
46. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
47. Müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixdə İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı MMC müqavilədə göstərilən malları alıcı Cavabdeh satmağı, alıcı isə öz növbəsində həmin malları qəbul edərək malların dəyərini bu müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Satıcı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, alıcı aldığı malların dəyərini tam ödəməmiş və nəticədə 5946 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması tərəflərin imzaları ilə təsdiq edilmiş xx.xx.2020-ci il tarixli “Üzləşmə aktı” ilə də təsdiq edilir.
48. İş materialında olan xx.xx.2020-ci il tarixli “Üzləşmə aktı”ndan görünür ki, xx.xx.2020-ci il tarixə Cavabdeh iddiaçıya 6456 manat borcu vardır və bu akt hər iki tərəfin imzası ilə təsdiq edilmişdir.
49. Qeyd olunan məbləğdən müəyyən qədər ödənişlər edildikdən sonra, bugünkü günə olan borc məbləği 5946 manat təşkil edir.
50. Göründüyü kimi iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh aldığı malların dəyərini tam ödəməmiş və nəticədə 5946 manat məbləğində ödənilməmiş borcu qalmışdır.
51. Apellyasiya şikayətinin əsas dəlili cavabdehin cinayət məsuliyyətinə cəlb olunmasına görə, müqavilə öhdəliklərini yerinə yetirə bilməməsi barədədir.
52. Məhkəmə kollegiyası həmin dəlillə bağlı qeyd edir ki, şəxsin sonradan cinayət məsuliyyətinə cəlb edilməsi onun müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirməkdən azad etmir. Həm də apellyasiya şikayətində də göstərildiyi kimi cavabdehə qarşı irəli sürülən ittiham sübuta yetmədiyinə görə onun barəsində 25 iyul 2023-cü il tarixdə bəraət hökmü çıxarılmışdır.
53. Beləliklə birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, 5946 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
54. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir.
55. Məhkəmə kollegiyası apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə dəlili ilə razılaşmır. Belə ki, apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur.
56. Ona görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir.
57. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır.
58. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.
59. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun
60. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
61. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
62. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Şəki Kommersiya Məhkəməsinin 06 dekabr 2022-ci il tаrixli, e-2-2(117)-1549/2022 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
63. Hazırkı kommersiya mübahisəsinə dair iş üzrə mübahisələndirilən məbləğ on min manatdan az olduğuna görə iş üzrə çıxarılmış qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 06 dekabr 2022-ci il tаrixli, e-2-2(117)-1549/2022 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov