Məhkəmə qərarları › İş №2-2(107)-92/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-92/2023

21.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-92/2023 21.11.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, X5 qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra- cavabdeh) qarşı “alğısatqı müqaviləsi üzrə pul tələbinə” dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 08 avqust 2023-cü il tаrixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli “2022-ci il mövsümü üzrə xam pambığın alğı-satqısına” dair 22274094 nömrəli müqaviləyə əsasən, iddiaçı 2022-ci il mövsümü üzrə xam pambığın istehsalı üçün zəruri olan vəsaitlər, mallar və aqrotexniki (aqronom məsləhətləri və kənd təsərrüfatı texnikası ilə sahədə aparılan işlər) xidmətləri cavabdehə təqdim etməyi, cavabdeh isə istehsal olunmuş xam pambıq həcmini bütövlüklə iddiaçıya təhvil verib satmağı, iddiaçı isə ümumi satış dəyərindən avanslar çıxıldıqdan sonra qalan hissəni cavabdehə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1.2-ci bəndinə əsasən cavabdeh 25,50 ha torpaq sahəsinə pambıq əkir və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi xam pambığı bütövlüklə mövcud standartlara və xx.xx.2007-ci il tarixdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş “Xam pambığın yığılması və tədarükünə dair Təlimat”ın tələblərinə əsasən Azərbaycan Elmi Tədqiqat X2 Sənayesi üzrə filialı tərəfindən hazırlanmış və iddiaçıda saxlanılan etalonlara uyğun olaraq kondisiya çəkidə müqavilədə qeyd olunmuş qiymətlərdə iddiaçının mülkiyyətinə tədarük mövsümü vaxtı, lakin xx.xx.2022-ci il tarixindən gec olmayaraq təhvil verməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixdə tərəflər arasında müqavilə üzrə pambıq əkiləcək torpaq sahəsinə dəyişikliklə bağlı razılaşma, 2 nömrəli əlavə imzalanaraq pambıq əkiləcək torpaq sahəsinin həcmi 3,80 hektara dəyişdirilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı, cavabdehə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, 11.595,86 manat əsas borc, 1.414,70 manat cərimə borcu və 200 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı MMC-nin Yevlax filialı və cavabdeh arasında bağlanmış 22274094 nömrəli “2022-ci il mövsümü üzrə xam pambığın alqısatqı müqaviləsinə” əsəsən, cavabdeh 3,8 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə iddiaçı tərəfindən cavabdehə avans olaraq cəmi 15.164,98 manat dəyərində zəruri vəsaitlər verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilənin 2.1.4-cü bəndinin şərtlərinə əsasən, tədarük mövsümü vaxtı cavabdehin aldığı avansın məbləği müəyyən olunmuş miqdarda təhvil verəcəyi xam pambığın dəyərindən çıxılmalıdır. Cavabdeh təhvil verəcəyi pambığın dəyəri avans məbləğin həcmini ödəmədiyi təqdirdə isə yaranan fərqin ödənilməsini öhdəsinə götürmüşdür. Nəticədə cavabdeh tərəfindən 3976,20 kq- 3180,96 manat dəyərində xam pambıq təhvil verilmişdir ki, bu da müqavilədə nəzərdə tutulan miqdardan az olmuşdur, bununla da iddiaçıdan təhvil götürdüyü cəmi avansın dəyəri tam ödənilməmişdir. Cavabdeh avans vəsaitlərin dəyərinə görə yaranmış borcundan 388,16 manat vəsaiti iddiaçıya geri qaytarmışdır. Son nəticədə cavabdehin təhvil götürdüyü avans vəsaitlərin dəyərinə görə iddiaçıya 11.595,86 manat əsas borcu yaranmışdır. Cavabdehin borclu qalması aparılan hesablaşma sənədləri qeydiyyat vərəqəsi ilə təsdiq edilir. Eyni zamanda müqavilənin 4.2 bəndinə əsasən, cavabdeh yaranmış əsas borcun ödənilməyən hissəsinin hər gecikdirilmiş gün üçün 0,1%-i məbləğində cərimə də ödəməlidir ki, bu cərimənin də məbləği 1.414,70 manat təşkil edir. Şəki Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e- 2-2(117)-571/2023 nömrəli iş üzrə qəbul etdiyi 08 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim R.Məcidov) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, iddiaçı iddia ərizəsində mübahisə predmeti olan 11.595,86 manat borcun 3,8 ha ərazidə əkilən xam pambıq üçün xərclənən vəsait qismində tələb etsə də, iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatında 3,8 ha torpaq sahəsində əkilmiş xam pambıq üçün cavabdehin heç bir borcu olmadığını, cavabdehlə əvvəl 25,50 ha torpaq sahəsinə müqavilə bağlandığını bildirmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddiaçı tələbində qeyd etdiyi kimi, 3,8 ha torpaq sahəsində əkilmiş xam pambıq üçün deyil, 25,50 ha torpaq sahəsində əkilmiş xam pambıq üçün çəkilmiş xərci cavabdehdən tələb edir. Məhkəmə onu da qeyd etmişdir ki, ümumiyyətlə 3,8 ha pambıq sahəsinin becərilməsi üçün tələb edilən məbləğ həddində xərc çəkilə bilməzdi. Belə ki, iddiaçı cəmiyyətin aqronomu tərəfindən hazırlanmış və iddiaçı tərəfindən sübut qismində məhkəməyə təqdim edilmiş məlumatdan göründüyü kimi, 1 ha pambıq sahəsinin tam sona kimi beçərilməsi (çiyid, gübrə, dərman, suvarma, katmanlama, aqrotexniki işlər – şum, mala, səpin, 3-5 dəfə kultivasiya işi, dərman və gübrə səpinləri, kombayn və s.) üçün təxmini 1.800-2.000 manat məbləğində xərc tələb edilir. Belə olan halda 3,8 ha pambıq sahəsinin becərilməsi üçün təxminən 6.840-7.600 manat məbləğində xərc tələb olunmalıdır ki, iddiaçı həmin məbləğdən təxminən 2 dəfə çox 15.164,98 manat dəyərində xərc çəkildiyini iddia edir. Bundan başqa məhkəmə onu da qeyd etmişdir ki, iddiaçı 25,50 ha torpaq sahəsinin becərilməsi üçün də cavabdehdən çəkdiyi xərci tələb etmək hüququna malik deyildir. Belə ki, iddiaçı cəmiyyətin işçisi olmuş və şahid qismində xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclasında dinlənilmiş Şahid ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixində MKT tərəfindən sahəyə səpin aparılmış, səpin 2- 3 gün ərzində yekunlaşmışdır. 21,7 ha və 3,8 ha ərazi əkilmişdir. May ayının əvvəlləri səpindən sonrakı vəziyyətə baxış keçirmək üçün MKT-yə müraciət etmiş, hər iki əraziyə baxılmışdılr. 21 ha sahənin bəzi yerlərində çıxış zəif, bəzi yerlərində isə normal olmuşdur. Sahənin suvarılması üçün göstəriş verilmışdır. Fermer sahənin 10 ha hissəni suvarmış, sonra yağış yağdığı üçün suvarmanı dayandırmışdır. Suvarmadan sonra MKT mütəxəssisləri əraziyə onsuz baxış keçirmişlər. Bundan sonra o, dərman və kultivator üçün MKT-yə müraciət etmiş, bu zaman onlar bildirmişlər ki, həmin əraziyə aqro-texniki xidmətləri dayandırmışlar, 21 ha ərazi silinməlidir. Bu səbəbdən də cavabdeh həmin ərazi üçün aqrotexniki xidmətlərlə bağlı “P-Aqro” ilə müqavilə bağlamışdır. Aqrotexniki xidmətlərə görə MKT-nin sildiyi 21 ha sahənin 10 ha hissəsindən 15 ton məhsul yığılmışdır. Əraziyə vaxtında qulluq olunsaydı, 10 ha-dan 25 ton məhsul yığıla bilərdi. Cavabdeh də məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, əkdiyi 21 ha ərazinin 10 ha-lıq hissəsində məhsuldarlıq olmamış, 11 ha-lıq hissəsində isə normal olmuşdur. Ona bildirmişlər ki, sığorta müqaviləsi bağlamışdır, sahəni suvarsın. O, sahəni suvarmağa başlamış, lakin yağan leysan yağış səbəbi ilə suvarmanı dayandırmışdır. Bunun nəticəsində 10 ha sahədə bitiş olmasa da, 11 ha sahədə orta bitiş olmuşdur. Təqdim etdiyi videodiskdə də görünür ki, sahədə pambıq bitmişdir. İddiaçı ona bildirmişdir ki, əkdiyi 21 ha əraziyə aqro-texniki xidmət göstərilməyəcək, əgər 3,8 ha-lıq əraziyə aqro-texniki xidmət göstərilməsini istəyirsə azalma barədə müqavilə bağlamalıdır. Əks təqdirdə 3,8 ha sahəyə də aqro- texniki qulluq göstərilməyəcəkdir. Şahid qismində məhkəmə iclasında dinlənilmiş şəxsin cavabdehlə onun lehinə ifadə verməsi üçün heç bir əlaqəsi, iddiaçı cəmiyyətlə onun əleyhinə ifadə verməsi üçün heç bir qərəzli münasibətləri olmadığından, habelə şahid əvvəllər cəmiyyətdə işləməklə baş verən hadisələrdən məlumatlı olduğundan məhkəmə şahid ifadəsini sübut kimi qəbul edərək qeyd etmişdir ki, həm şahidin ifadəsi, həm cavabdehin izahatı, həm Yevlax DAİM-nin mütəxəssisləri tərəfindən tərtib edilmiş akt, həm də iddiaçı tərəfindən tərtib və təsdiq edilmiş müqaviləyə 2 nömrəli əlavəyə əsasən torpaq sahəsinin miqdarının azaldılması ilə təsdiq olunur ki, iddiaçı cəmiyyət müqavilədə nəzərdə tutulmuş 25,50 ha torpaq sahəsi ilə bağlı bütün aqrotexniki xidmətləri dayandırmışdır. Halbuki adları çəkilən sənədlər və şahid ifadələri ilə də təsdiq edilir ki, əgər iddiaçı cəmiyyət həmin əraziyə aqrotexniki xidmət, qulluq göstərilməsini davam etdirsəydi bu zaman sahədən məhsul əldə etmək mümkün olardı. Göründüyü kimi, məhz iddiaçı cəmiyyət tərəfindən cavabdehin təqsiri olmadan sahəyə göstərilən aqrotexniki xidmət dayandırılmışdır ki, bunun nəticəsində də iddiaçı cəmiyyət cavabdehdən heç bir vəsait tələb edə bilməz və sonuncunun təqsirli hərəkətləri nəticəsində fermez özü ziyan cəkmişdir. Bundan başqa cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş, iddiaçı MMC-nin Yevlax filialının direktoruna ünvanlanmış sifariş ərizəsindən görünür ki, cavabdeh qiymətlərin razılaşdırma protokolunda göstərilən aqrotexniki xidmətlərin, o cümlədən müvafiq pestisit və aqrokimyəvi maddələrlə dərmanlanma işlərinin iddiaçı cəmiyyət tərəfindən göstərilməsini xahiş etmiş, görüləcək aqrotexniki xidmətlərin, o cümlədən müvafiq pestisit və aqrokimyəvi maddələrlə dərmanlama işlərinin dəyərinin gələcəkdə ödənilməsini, eyni zamanda pestisidlə iş zamanı texniki təhlükəsizlik qaydalarına dair təlimata riayət edilməsini öhdəsinə götürmüş, sığorta hadisəsi nəticəsində aqrar sığortanın predmeti olan kənd təsərrüfatı məhsullarının risklərdən qorunması məqsədilə aqrar sığorta müqaviləsinin bağlanmasını xahiş etmiş, aqrar sığorta müqaviləsi üzrə cəmiyyət tərəfindən ödənilmiş 466,65 manat məbləğində sığorta haqqını gələcəkdə xam pambığın alğı-satqısı üzrə təhvil verəcəyi məhsulun dəyəri hesabına əvəzləşdirilməsini öhdəsinə götürmüş, aqrar sığortanın tənzimlənməsi ilə bağlı Aqrar Sığorta Fondunun İdarə Heyətinin xx.xx.2021-ci il tarixli, 26/21 nömrəli qərarı ilə təsdiq edilmiş pambıq bitkisinin sığortası üzrə aqrar sığorta məhsulunun şərtləri ilə tanış olmuş, şərtlərlə razılaşmış və riayət edilməsini öhdəsinə götürmüşdür. İşin məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi məhkəmə iclasında suala cavab olaraq bildirmişdir ki, sığorta ərizəsini iddiaçı cəmiyyət cavabdehin müraciətinə əsasən yazdırmışdır ki, məhkəmə iddiaçının nümayəndəsinin cavabı ilə razılaşır. Belə ki, cavabdeh fermer olmaqla sifariş ərizəsinin yazılma qaydasını, formasını, ona hansı məbləğdə sığorta haqqı hesablandığını və ərizədə istinad olunan qanunvericilik aktlarının tarix və nömrələrini bilməyə bilər ki, bu halda da iddiaçı cəmiyyət həmin ərizəni hazırlaya və cavabdeh onunla tanış olaraq imza edə bilər. Lakin iddiaçının nümayəndəsi izahatında həmin sifariş ərizəsi xx.xx.2022-ci il tarixdə daxil olduğu üçün cavabdehlə sığorta müqaviləsi bağlanmadığını bildirir ki, məhkəmə bu halla razılaşmır. Belə ki, əvvəla iddiaçı cəmiyyət cavabdehə həmin sifariş məktubunu yazdırdığı zaman ayın tarixi ilə bağlı məlumatlı olmuşdur ki, belə olan halda tarix gec idisə, keçmişdirsə cavabdehə sifariş ərizəsi yazdırmamalı idi. Bundan başqa əgər tarix artıq gec idisə sığortadan imtina ilə bağlı cavabdehə hər hansı rəsmi məlumat təqdim edilməli idi ki, belə bir imtinanın mövcudluğu ilə bağlı məlumat və ya imtina məktubu məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə iddiaçı cəmiyyət həmin sifariş ərizəsini qeydə almadan cavabdehə məxsus 3,8 ha torpaq sahəsinə aqrotexniki xidmətlər göstərə, gübrə və dərman sata bilməzdi ki, göründüyü kimi, tarixin gec olması səbəbindən sığorta müqaviləsinin bağlanmaması ilə iddiaçının dəlili əsassızdır. İddiaçının nümayəndəsi sığorta müqaviləsinin bağlanmadığını birdirsə də, şifariş ərizəsinin məzmunu bunun əksini təsdiq edir. Əks təqdirdə iddiaçının sığorta pulunun cavabdehdən alınması etibardan sui-istifadə etməklə qazanc əldə etməyə gətirib çıxarır. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, həmin dövrdə ərazidə leysan yağışlar olmuşdur ki, bu da aqrar sığorta məhsulunun şərtlərinə daxildir. Göründüyü kimi, iddiaçı cəmiyyət 25,50 ha ərazidə pambıq bitkisinin əkilməsi ilə bağlı müqavilə bağlamasına, müqavilənin 2.2.2-ci bəndinə əsasən müqavilənin ayrılmaz hissəsini təşkil edən qiymətlərin razılaşma protokolunda müəyyən edilmiş qaydada şum, mala, səpin, kultivasiya, pambığın maşınla yığılması və s. aqrotexniki işlər apara bilməsinə dair müqavilə şərtinə və cavabdeh iddiaçıya bu işlərin aparılmasına dair sifarişinin olmasına baxmayaraq üzərinə düşən vəzifələrini yerinə yetirməmiş və üstün mövqeyindən çıxış edərək cavabdehi 3,8 ha torpaq sahəsi ilə bağlı xidmətlərin göstərilməsi ilə razılaşmanı imzalatmışdır. Halbuki cavabdehin izahatı, onun tərəfindən məhkəməyə təqdim etdiyi ərazinin video görüntüsündən və şahid ifadəsindən müəyyən edilmişdir ki, mübahisə predmeti olan ərazinin bir hissəsində (10-11 ha) pambıq yetişmiş və iddiaçı həmin əraziyə aqro-texniki xidmətlərin göstərilməsindən imtina etmişdir. Sonradan müqavilə ilə əkiləcək sahənin azaldılması ilə bağlı razılaşmanı cavabdehə imzalatmaqla yalnız həmin əraziyə xidmət göstərmiş və iddiaçının nümayəndəsinin məhkəmə iclasında izahatı ilə müəyyən edilmişdir ki, 3,8 ha ərazi ilə bağlı cavabdehin icra edilməmiş öhdəliyi qalmamışdır. Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində 3,8 ha ərazinin əkildiyini əsaslandırsa da, məhkəməyə 25,50 ha ilə bağlı bağlanmış müqaviləni təqdim etmişdir. Məhkəmə araşdırması zamanı isə müəyyən olunmuş hallardan sonra ərazinin azaldılması ilə bağlı razılaşmanı məhkəməyə təqdim etmişdir ki, sonuncunun bu hərəkətlərinin biri-digəri ilə uzlaşmamaqla yanaşı həqiqəti gizlətmək məqsədi daşımışdır. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.2, 448.1, 448.2, 752.1, 752.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən cavabdehin sahəsində göstərilən aqrotexniki xidmətlər dayandırıldığı üçün fermerə ziyan dəymiş və belə olan halda iddiaçı cavabdehdən heç bir vəsait tələb edə bilməz. Yuxarıda qeyd olunana münasibətdə bildiririk ki, tərəflər arasında mövcud olmuş müqavilənin 2.2.2-ci yarımbəndinə əsasən, iddiaçı tərəfindən cavabdehə avans kimi toxumluq çiyid, zəhərli kimyəvi preparatlar, gübrələr və nağd vəsait verilə bilər, həmçinin şum, mala, səpin, kultivasiya, pambığın maşınla yığılması və sair aqrotexniki işləri apara bilər və bu cür xidmətlərin aparılması barədə tərəflərin və ya nümayəndələrinin imzası ilə təsdiq olunmuş müvafiq akt tərtib olunmalıdır. Məhkəmənin istinad etdiyi, görülməli olan digər “dayandırılan işlər” barədə cavabdeh tərəfindən iddiaçıya heç bir sifariş forması rəsmi qaydada daxil olmamışdır. Birinci instansiya məhkəməsi yalnız cavabdehin formal mülahizələrinə istinad edərək, belə nəticəyə gəlmişdir ki, guya cavabdeh tərəfindən iddiaçıya sifariş forması təqdim edilmişdir. Halbuki məhkəmə icraatı zamanı cavabdeh tərəfindən sözügedən aqrotexniki tədbirlərin aparılması ilə bağlı sifarişin rəsmi qaydada iddiaçıya təqdim edilməsi ilə əlaqədar heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda iddiaçı tərəfindən dayandırılan aqrotexniki işlər səbəbindən fermerin zərərə düşməsindən söz gedə bilməz. Belə ki, dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair təlimatın 104-cü bəndinə əsasən, sənədin qeydə alınması, onun üzərinə qeydiyyat nömrəsinin qoyulması və qeydiyyat vərəqəsində həmin sənəd haqqında zəruri məlumatların göstərilməsidir. Həmin təlimatın 90-cı bəndində əsasən, daxil olmuş sənədlər qeydə alındıqdan və qeydiyyat ştampında nömrə qoyulduqdan sonra baxılmaq üçün təşkilatın və ya struktur bölməsinin rəhbərliyinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Əlavə olaraq məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həmin dövrdə ərazidə leysan yağışlar olmuşdur ki, bu da aqrar sığorta məhsulunun şərtinə daxildir. Həmin dövrdə leysan yağışların mövcud olması faktı, yalnız “Hidrometeorologiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə əsasən, hava şəraiti ilə bağlı dəqiq rəsmi məlumat vermək səlahiyyətinə malik Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Depertamentinin rəyi əsasında sübut edilə bilərdi. Aqrar Sığorta Fondunun İdarə Heyətinin 2021-ci il tarixli, 26/21 nömrəli qərarı ilə təsdiq edilmiş pambıq bitkisinin sığortası üzrə aqrar sığorta məhsulunun şərtlərinə əsasən, leysan-damcılarının diametri 1,00 mm-dən çox intensivliyi 1-3 mm/dəqiqə və daha çox olan lokal xarakterli yağıntıların təsiri nəticəsində dəyən zərərlər pambıq bitkisinin qozası açıldığı vaxtdan yığıma qədər olan dövrdə yağıntıların təsiri nəticəsində açılmış qozaların yerə düşməsi ilə bağlı yaranan zərərə görə verilir. Bundan başqa sığorta müqaviləsində tərəflər sığortaçı və sığortaolunandır. Bu səbəbdən də müqavilənin bağlanıb-bağlanmamasına görə iddiaçı heç bir cavabdehlik daşımır. Lakin məlumat üçün bildirmək istəyirik ki, cavabdehin dediyinə görə o, xx.xx.2023-cü il tarixdə sığorta müqaviləsinin bağlanması üçün müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə pambıq əkiləcək torpaq sahəsində dəyişiklik edilmişdir. Aqrar Sığorta Fondunun İdarə Heyətinin 2021-ci il tarixli, 26/21 nömrəli qərarı ilə təsdiq edilmiş pambıq bitkisinin sığortası üzrə aqrar sığorta məhsulunun şərtlərinə əsasən, sığorta müqaviləsi bağlamaq istəyən şəxslər Aqrar Sığorta İnformasiya Sistemindən qeydiyyatdan keçməlidirlər. Sığorta müqaviləsi bağlamaq istəyən şəxsin təqdim etdiyi məlumatların doğruluğu Elektron X1 məlumatlarla müqayisə edilərək yoxlandıqdan sonra onun müraciəti qəbul olunur. Bundan başqa, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən təqdim edilmiş Yevlax DAİM mütəxəssisləri tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli akta istinad edərək belə nəticəyə gəlmişdir ki, cavabdehin bələdiyyədən icarəyə götürdüyü 21,7 ha torpaq sahəsində əkdiyi pambıq əkinlərinin 10 ha hissəsində pambıq bitkisi yox dərəcəsində olmuşdur. Bununla bağlı bildiririk ki, məhsuldarlığın aşağı səviyyədə olmasının bir neçə səbəbləri ola bilər. Belə ki, səpin işlərinin iqlim şəraitinə uyğun aparılıb-aparılmaması, hava temperaturunun kəskin dəyişməsinin torpağa təsiri, gübrənin, aqrokimyəvi maddələrin və suvarma işlərinin vaxtında əkin sahəsinə tətbiq edilib-edilməməsi bilavasitə məhsuldarlığa təsir edən mühüm amillərdir və bu səbəblər yalnız bu sahədə xüsusi biliyə sahib olan mütəxəssis rəyinə əsasən, sübuta yetirilə bilər. Cavabdeh tərəfindən təqdim edilən video görüntünün sırf cavabdehə məxsus ərazidə çəkilməsi ilə bağlı iş materiallarına heç bir zəruri sübutlar əlavə edilməmişdir. Əfsuslar olsun ki, birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən işin hallarına hüquqi qiymət verilməmiş və ədalətli məhkəmə araşdırılması aparılmamışdır. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəfa Şərifova apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, o, müqavilənin şərtlərinə uyğun olaraq 25,50 hektar sahədə pambıq əkmişdir. Əkdiyi 21 ha ərazinin 10 ha hissəsində məhsuldarlıq olmamış, 11 ha hissəsində isə normal olmuşdur. Ona bildirmişlər ki, sığorta müqaviləsi bağlamışdır, sahəni suvarsın. O, sahəni suvarmağa başlamış, lakin yağan leysan yağış səbəbi ilə suvarmanı dayandırmışdır. Bunun nəticəsində 10 ha sahədə bitiş olmasa da, 11 ha sahədə orta bitiş olmuşdur. Təqdim etdiyi videodiskdən də görünür ki, sahədə pambıq bitmişdir. İddiaçı ona bildirmişdir ki, əkdiyi 21 ha əraziyə aqrotexniki xidmət göstərilməyəcək, əgər 3,8 ha əraziyə aqro-texniki xidmət göstərilməsini istəyirsə azalma barədə müqavilə bağlamalıdır. Əks təqdirdə 3,8 ha sahəyə də aqrotexniki qulluq göstərilməyəcəkdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, iddiaçı apellyasiya şikayətində qətnaməni tam mübahisələndirdiyindən Məhkəmə qətnaməni tam yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Ööhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442.1. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.1. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, işdə olan sənədlərdən və tərəflərin verdikləri məlumatlardan görünür ki, iddiaçı MMC və cavabdeh arasında özündə podrat və alğı-satqı müqaviləsinin şərtlərini ehtiva edən “2022-ci il mövsümü üzrə xam pambığın alqı-satqısına dair” 22 274 094 nömrəli xx.xx.2021-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə görə, iddiaçı MMC 2022-ci il mövsümü üzrə xam pambığın istehsalı üçün zəruri olan vəsaitlər, mallar və aqrotexniki (aqronom məsləhətləri və kənd təsərrüfatı texnikası ilə sahədə aparılan işlər) xidmətləri cavavbdehə təqdim etməyi, cavabdeh isə istehsal olunmuş xam pambıq həcmini bütövlüklə alıcıya (iddiaçı MMC-yə) təhvil verməklə satmağı, MMC isə ümumi satış dəyərindən avanslar çıxıldıqdan sonra qalan hissəni satıcıya (cavabdeh) ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1.2-ci bəndinə görə satıcı (cavabdeh) 25.50 ha torpaq sahəsinə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi xam pambığı bütövlüklə mövcud standartlara və xx.xx.2007-ci il tarixdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş “Xam pambığın yığılması və tədarükünə dair Təlimat”ın tələblərinə əsasən Azərbaycan Elmi Tədqiqat X2 Sənayesi üzrə filialı tərəfindən hazırlanmış və alıcıda (iddiaçı MMC) saxlanılan etalonlara uyğun olaraq kondisiya çəkidə müqavilədə qeyd olunmuş qiymətlərdə alıcının (iddiaçı MMC) mülkiyyətinə tədarük mövsümü vaxtı, lakin xx.xx.2022-ci il tarixindən gec olmamaqla təhvil verilir. Müqavilənin 2.1.5-ci bəndinə əsasən satıcı (cavabdeh) bütün aqrotexniki tədbirlərin tam və vaxtında aparılmasını öhdəsinə götürür. Müqavilənin 2.2.2-ci bəndinə görə aqrotexniki normaların tələblərinə uyğun olaraq alıcı (iddiaçı MMC) tərəfindən satıcıya (cavabdehə) avans kimi toxumluq çiyid, habelə mümkün olan halda zəhərli kimyəvi preparatlar, gübrələr nə nəğd pul vəsaiti verilə bilər. Bundan başqa, Müqavilənin ayrılmaz tərkib hissəsi olan “Qiymətlərin razılaşma protokolu”nda müəyyən edilmiş qaydada şum, mala, səpin, kultivasiya, pambığın maşınla yığılması və s. aqrotexniki işlər apara bilər və bu cür xidmətlərin aparılması barədə tərəflərin və ya nümayəndələrinin imzası ilə təsdiq olunmuş müvafiq akt tərtib olunur. İşdə olan “Qiymətlərin razılaşdırma protokolu”ndan görünür ki, tərəflər xx.xx.2021-ci il tarixdə xam pambığın növü, aqrotexniki işlərin adları, xam pambığın qurudulması, bardan və fartukun növləri üzrə qiymətlərdə razılaşaraq müqaviləyə əlavə olaraq “Qiymətlərin razılaşdırma protokolu”nu təsdiq etmişlər. İşdə olan “İş aktları”ndan görünür ki, xx.xx.2022-ci il tarixdə cavabdehə aid 12,13 ha ərazidə ripper işi, xx.xx.2022-ci il tarixdə 16,50 ha ərazidə ripper işi, xx.xx.2022-ci il tarixdə 4,16 ha ərazidə mala çəkmə, xx.xx.2022-ci il tarixdə 4,10 ha ərazidə mala çəkmə, xx.xx.2022-ci il tarixdə 4,05 ha ərazidə çiyid səpini, xx.xx.2022-ci il tarixdə 22 ha ərazidə mala çəkmə, xx.xx.2022-ci il tarixdə 21,55 ha ərazidə mala çəkmə, xx.xx.2022-ci il tarixdə 5 ha ərazidə çiyid səpini, xx.xx.2022-ci il tarixdə 8,99 ha ərazidə çiyid səpini, xx.xx.2022-ci il tarixdə 1,05 ha ərazidə çiyid səpini, xx.xx.2022-ci il tarixdə 6,83 ha ərazidə mala çəkmə, xx.xx.2022-ci il tarixdə 4,23 ha ərazidə çiyid səpini, xx.xx.2022-ci il tarixdə 1,61 ha ərazidə çiyid səpini, xx.xx.2022-ci il tarixdə 1,58 ha ərazidə çiyid səpini, xx.xx.2022-ci il tarixdə 2,06 ha ərazidə rotor mala çəkmə, xx.xx.2022-ci il tarixdə 2,36 ha ərazidə təkrar çiyid səpini işləri aparılmış və qaimələrlə toxumluq çiyid və gübrələr satılmışdır. xx.xx.2022-ci il tarixdə tərəflər arasında müqavilə üzrə pambıq əkiləcək torpaq sahəsinə dəyişikliklə bağlı razılaşma 2 nömrəli əlavə imzalanaraq pambıq əkiləcək torpaq sahəsinin həcmi 3,80 hektara dəyişdirilmişdir. Torpaq sahəsinin həcminin azaldılaraq 3,80 ha olması barədə tərəflər arasında xx.xx.2022-ci il tarixli razılaşma 2 nömrəli əlavə imzalandıqdan sonrakı tarixlərdə tərtib edilmiş “İş aktları”ndan görünür ki, xx.xx.2022-ci il tarixdə 2,28 ha ərazidə kultivasiya, xx.xx.2022-ci il tarixdə 4,09 ha ərazidə kultivasiya, xx.xx.2022-ci il tarixdə 2 ha ərazidə dərman səpini, xx.xx.2022-ci il tarixdə 1,99 ha ərazidə arat üçün sahədaxili şırım açılması, xx.xx.2022-ci il tarixdə 2.08 ha ərazidə arat üçün sahədaxili şırım açılması, xx.xx.2022-ci il tarixdə 4,04 ha ərazidə dərman səpini, xx.xx.2022-ci il tarixdə 4,02 ha ərazidə arat üçün sahədaxili şırım açılması, xx.xx.2022-ci il tarixdə 4,04 ha ərazidə dərman səpini, xx.xx.2022-ci il tarixdə 4,05 ha ərazidə 1-ci pambıq yığımı işləri aparılmış və gübrələr satılmışdır. İşdə olan "xxxx" ASC-nin verdiyi hesabdan çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək iddiaçı MMC tərəfindən cavabdehin hesabına müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə avans şəklində pul vəsaitləri göndərilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixdə 353288 nömrəli “Pambıq qəbulu qəbzi”nə əsasən müəyyən edilir ki, satıcı (cavabdeh) tərəfindən dəyəri 3.180,96 manat təşkil edən və kondisiya çəkisi 3976,20 kq olan xam pambıq alıcıya (iddiaçı MMC-yə) təhvil verilmişdir. Qeyd olunanlara əsaslanan iddiaçı MMC bildirir ki, onunla cavabdeh arasında 22274094 nömrəli "xxxx"nə əsasən, iddiaçı MMC üzərinə götürdüyü öhədlikləri yerinə yetirmiş, cavabdehə 15.164,98 manat dəyərində zəruri vəsaitlər vermiş, müxtəlif xidmətlər göstərmişdir. Lakin cavabdeh 3,8 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu iddiaçı MMC-yə satmağı öhdəsinə götürsə də, həmin öhdəliyi lazımınca yerinə yetirməmiş, iddiaçı MMC-yə yalnız dəyəri 3.180,96 manat olan 3976,20 kq çəkidə xam pambıq təhvil vermişdir. Nəticədə isə cavabdehin təhvil götürdüyü avans vəsaitlərin dəyərinə görə 388,16 manatı qaytarması nəzərə alınmaqla iddiaçı MMC-yə 11.595,86 manat əsas borcu yaranmışdır. Hazırda iddiaçı MMC cavabdehdən yaranmış həmin borcun ona ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddiaçı MMC-nin cavabdehə qarşı irəli sürdüyü həmin tələb əsassızdır. Belə ki, X6 İnkişaf Mərkəzinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən Yevlax DAİM mütəxəssisləri tərəfindən xx.xx.2022-ci il tarixdə sonuncunun icarəsində olan 64,1 ha torpaq sahəsinin 21.7 ha hissəsində əkdiyi pambıq sahəsinə baxış keçirilərək akt tərtib edilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, 21,7 ha sahədə əkilmiş pambıq əkinlərinin 10 ha hissəsində pambıq bitkisi yox dərəcəsindədir. İşə birinci instansiyası məhkəməsində baxlan zaman iddiaçı MMC-nin nümayəndəsi xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclasında verdiyi izahatda bildirmişdir ki, cavabdeh 25,50 ha ərazidə pambıq əkməsinə baxmayaraq, xx.xx.2023-cü il tarixində bağladığı azalma müqaviləsinə əsasən yalnız 3,8 ha ərazi üçün aqrotexniki xidmətlər göstərilmişdir. Cavabdehin sifariş ərizəsi MMC-yə xx.xx.2022-ci il tarixdə daxil olduğu üçün cavabdehlə sığorta müqaviləsi bağlanmamışdır. Daha sonra xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən iddiaçı MMC-nin nümayəndəsi izahatında bildirmişdir ki, cavabdehin əkdiyi sahədə pambığın az olması səbəbindən müqaviləni azaltmışlar. Cavabdehin müraciəti əsasında sifariş məktubunu MMC yazdırmışdır. Cavabdeh 3,8 ha ilə bağlı müqavilə öhdəliklərini icra etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclasında cavabdeh izahatında bildirmişdir ki, onun tərəfindən əkilmiş 21 ha ərazinin 10 ha-lıq hissəsində məhsuldarlıq olmamış, 11 ha-lıq hissəsində isə məhsuldarlıq normal olmuşdur. İddiaçı MMC tərəfindən ona bildirilmişdir ki, onunla sığorta müqaviləsi bağlanmışdır, sahəni suvarsın. O da sahəni suvarmağa başlamış, lakin yağan leysan yağışlar yağdığı üçün suvarmanı dayandırmışdır. Bunun nəticəsində 10 ha sahədə bitiş olmasa da, 11 ha sahədə orta bitiş olmuşdur. Bu hal, yəni 11 ha sahədə pambığın bitmçsi məhkəməyə təqdim etdiyi videodiskdə olan görüntü ilə də öz təsdiqi tapır. Cavabdeh daha sonra izahatında göstərmişdir ki, iddiaçı onun əkdiyi 21 ha əraziyə aqrotexniki xidmətin göstərilməyəcəyini, 3,8 ha-lıq əraziyə aqrotexniki xidmətin göstərilməsini istədiyi halda isə azalma barədə müqavilə bağlamalı olduğunu bildirmişdir. İddiaçı MMC-nin birinci instansiyası məhkəməsinə xx.xx.2023-cü il tarixdə təqdim etdiyi “Məlumat”dan görünür ki, Yevlax rayonunun Qarxun kəndində pambığa yararlı torpaq sahəsində əkilmiş pambığın məhsuldarlığı bütün aqrotexniki işlər normal şəkildə apardıqda 1 ha düşən məhsuldarlıq 30-35 sentner təşkil edər. Əgər torpaq pambıq məhsulu üçün uyğun deyilsə bütün aqrotexniki işlər aparılsa belə məhsuldarlıq 10-12 sentner olar. Pambıq məhsulunun əkininə görə 1 ha üçün toxumluq çiyid norması 1 kq-nın dəyəri 5 manat olmaqla 25 kq nəzərdə tutulur. 1 ha pambıq sahəsinin tam sona kimi beçərilməsi (çiyid, gübrə, dərman, suvarma, katmanlama, aqrotexniki işlər - şum, mala, səpin, 3-5 dəfə kultivasiya işi, dərman və gübrə səpinləri, kombayn və s.) üçün təxmini 1.800-2.000 manat məbləğində xərc tələb edilir. İşin birinci instansiyası məhkəməsində baxılması zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixində MKT tərəfindən sahəyə səpin aparılmış, səpin 2-3 gün ərzində yekunlaşmışdır. 21,7 ha və 3,8 ha ərazi əkilmişdir. May ayının əvvəlləri səpindən sonrakı vəziyyətə baxış keçirmək üçün MKT-yə müraciət etmiş, hər iki əraziyə baxılmışdır. 21 ha sahənin bəzi yerlərində çıxış zəif, bəzi yerlərində isə normal olmuşdur. Sahənin suvarılması üçün göstəriş verilmışdır. Fermer sahənin 10 ha hissəni suvarmış, sonra yağış yağdığı üçün suvarmanı dayandırmışdır. Suvarmadan sonra MKT mütəxəssisləri əraziyə onsuz baxış keçirmişlər. Bundan sonra o, dərman və kultivator üçün MKT-yə müraciət etmiş, bu zaman onlar bildirmişlər ki, həmin əraziyə aqrotexniki xidmətləri dayandırmışlar, 21 ha ərazi silinməlidir. Bu səbəbdən də cavabdeh həmin ərazi üçün aqrotexniki xidmətlərlə bağlı “P-Aqro” ilə müqavilə bağlamışdır. Aqrotexniki xidmətlərə görə MKT-nin sildiyi 21 ha sahənin 10 ha hissəsindən 15 ton məhsul yığılmışdır. Əraziyə vaxtında qulluq olunsaydı, 10 ha-dan 25 ton məhsul yığıla bilərdi. Göstərilənlərə əsasən müəyyən edilir ki, cavabdehin 3,8 ha ərazidə əkilən xam pambıq üçün xərclənən vəsaitlə bağlı iddiaçı MMC qarşısında icra edilməmiş öhdəliyi mövcud deyil. Belə ki, bu fakt iddiaçı MMC-ni birinci instansiyası məhkəməsində təmsil edən səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş izahatla təsdiq olunmuşdur. MMC-nin nümayəndəsi cavabdehə aid 3,8 ha ərazidə əkilən xam pambıq üçün xərclənən vəsaitlə bağlı cavabdehin MMC-yə heç bir borcunun olmadığını bildirmişdir. İddiaçı MMC-nin nümayəndəsinin həmin izahatı məhkəmə iclas protokolunda öz əksini tapmışdır. Bundan başqa, iş üzrə tərəflərin heç birinə münasibətdə hər hansı qərəzli münasibəti müəyyən olunmamış, əvvəllər iddiaçı MMC-də işləmiş və hazırki iş üzrə şahid qismində dindirilmiş Şahid ifadəsi ilə, habelə Yevlax DAİM-nin mütəxəssisləri tərəfindən tərtib edilmiş akt, həm də iddiaçı tərəfindən tərtib və təsdiq edilmiş müqaviləyə 2 nömrəli əlavəyə əsasən torpaq sahəsinin həcminin azaldılması faktı ilə təsdiq olunur ki, iddiaçı MMC müqavilədə nəzərdə tutulmuş 25,50 ha torpaq sahəsi ilə bağlı bütün aqrotexniki xidmətləri dayandırmış, bununla da müqavilə öhdəliklərini icra etməmişdir. Halbuki, adları yuxarıda qeyd olunan həmin sübutlarlarla müəyyən edilir ki, əgər iddiaçı MMC cavabdehin istifadəsində olan torpaq sahəsinə tələb olunan həcmdə və keyfiyyətdə aqrotexniki xidmət, qulluq göstərilməsini davam etdirsəydi, həmin sahədən proqnozlaşdırılmış məhsulu əldə etmək mümkün olardı. Bunlardan əlavə işdə olan cavabdehin iddiaçı MMC-nin Yevlax Filialının direktoruna ünvanlanmış xx.xx.2022-ci il tarixli sifariş ərizəsindən görünür ki, cavabdeh qiymətlərin razılaşdırma protokolunda göstərilən aqrotexniki xidmətlərin, o cümlədən müvafiq pestisit və aqrokimyəvi maddələrlə dərmanlanma işlərinin iddiaçı MMC tərəfindən göstərilməsini xahiş etmişdir. Cavabdeh görüləcək aqrotexniki xidmətlərin, o cümlədən müvafiq pestisit və aqrokimyəvi maddələrlə dərmanlama işlərinin dəyərinin gələcəkdə ödənilməsini, eyni zamanda pestisidlə iş zamanı texniki təhlükəsizlik qaydalarına dair təlimata riayət edilməsini öhdəsinə götürmüşdür. Cavabdeh sığorta hadisəsi nəticəsində aqrar sığortanın predmeti olan kənd təsərrüfatı məhsullarının risklərdən qorunması məqsədilə aqrar sığorta müqaviləsinin bağlanmasını xahiş etmiş, aqrar sığorta müqaviləsi üzrə cəmiyyət tərəfindən ödənilmiş 466,65 manat məbləğində sığorta haqqını gələcəkdə xam pambığın alqı-satqısı üzrə təhvil verəcəyi məhsulun dəyəri hesabına əvəzləşdirilməsini öhdəsinə götürmüş, aqrar sığortanın tənzimlənməsi ilə bağlı Aqrar Sığorta Fondunun İdarə Heyətinin xx.xx.2021-ci il tarixli 26/21 nömrəli qərarı ilə təsdiq edilmiş pambıq bitkisinin sığortası üzrə aqrar sığorta məhsulunun şərtləri ilə tanış olmuş, şərtlərlə razılaşmış və riayət edilməsini öhdəsinə götürmüşdür. İşə birinci instansiyası məhkəməsində baxılan zaman iddiaçı MMC-nin nümayəndəsi izahatında bildirmişdir ki, sığorta ərizəsini iddiaçı MMC cavabdehin müraciətinə əsasən cavabdehə yazdırmışdır. Lakin cavabdehin sifariş ərizəsi MMC-yə xx.xx.2022-ci il tarixdə daxil olduğu üçün cavabdehlə sığorta müqaviləsi bağlanmamışdır. Müzakirə olunan məsələ ilə bağlı Məhkəmə bildirir iki, sığorta müqaviləsinin bağlanması ilə bağlı cavabdehin adından yazılmış sifariş ərizəsinin həqiqətən də iddiaçı MMC tərəfindən cavabdehə yazdırılması ilə bağlı iddiaçının nümayəndəsinin bildirdiklərinin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Lakin həmin ərizənin MMCyə gec daxil olması səbəbindən cavabdehlə sığorta müqaviləsinin bağlanmaması inandırıcı deyil. Belə ki, iddiaçı MMC cavabdehə həmin sifariş ərizəsini (məktubu) yazdırdığı zaman ayın tarixi ilə bağlı məlumatlı olmuşdur ki, belə olan halda tarix sığorta müqaviləsinin bağlanması üçün gec idisə və ya keçmişdirsə cavabdehə sifariş ərizəsi yazdırılmamalı idi. Bundan başqa əgər tarix artıq gec idisə sığortadan imtina ilə bağlı cavabdehə hər hansı rəsmi məlumat təqdim edilməli idi. Lakin belə bir imtinanın mövcudluğu ilə bağlı məlumat və ya imtina məktubu məhkəmələrə təqdim edilməmişdir. Bundan əlavə iddiaçı MMC həmin sifariş ərizəsini qeydə almadan cavabdehə məxsus 3,8 ha torpaq sahəsinə aqrotexniki xidmətlər göstərə, gübrə və dərman sata bilməzdi. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, guya tarixin gec olması səbəbindən cavabdehlə sığorta müqaviləsinin bağlanmaması barədə iddiaçı MMC-nin dəlili əsassızdır. Həmin dəlili təsdiq edən sübutlar məhkəmələrə təqdim olunmamışdır. Bunlardan başqa, məhkəmələr tərəfindən işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, həmin dövrdə ərazidə leysan yağışlar olmuşdur ki, bu da aqrar sığorta məhsulunun şərtlərinə daxildir. Göründüyü kimi, cavabdehin, onun istifadəsində olan 25,50 ha torpaq sahəsində pambıq bitkisinin əkilməsi ilə bağlı iddiaçı MMC ilə müqavilə bağlamasına, müqavilənin ayrılmaz tərkib hissəsi olan “Qiymətlərin razılaşma protokolu”nda (2.2.2-ci bənd) müəyyən edilmiş qaydada şum, mala, səpin, kultivasiya, pambığın maşınla yığılması və s. aqrotexniki işlərin aparılması barədə MMC-yə sifariş verməsinə baxmayaraq, iddiaçı MMC müqavilə üzrə üzərinə götürmüş həmin öhdəlikləri lazımınca yerinə yetirməmiş, hətta üstün mövqeyindən çıxış edərək cavabdehi 3,8 ha torpaq sahəsi ilə bağlı xidmətlərin göstərilməsi barədə razılaşmanı imzalatdırmışdır. Halbuki, cavabdehin məhkəmələrə verdiyi məlumatlar, habelə Şahid ifadəsi ilə müəyyən edilmişdir ki, mübahisə predmeti olan ərazinin bir hissəsində (10-11 ha) pambıq becərilmiş, lakin iddiaçı MMC müqavilə şərtlərinə zidd olaraq həmin əraziyə aqrotexniki xidmətlərin göstərilməsindən imtina etmişdir. Sonradan müqavilə ilə əkiləcək sahənin 3,8 ha azaldılması ilə bağlı razılaşmanı cavabdehə imzalatdırmaqla yalnız həmin əraziyə xidmət göstərmişdir ki, birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi verdiyi izahatda 3,8 ha ərazi ilə bağlı cavabdehin MMC qarşısında icra edilməmiş öhdəliyinin olmadığını etiraf etmişdir. Yuxarıda qeyd edilənlərə əsasən müəyyən edilir ki, iddiaçının cavabdehdən 11.595,86 əsas borc, 1.414,70 manat cərimə borcu və 200 manat mediasiya xərcinin onun xeyrinə tutulması barədə iddiası əsassızdır və birinci instansiya məhkəməsi həmin iddianı rədd etməkdə haqlı olmuşdlur. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 08.08 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar