Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-94/2024 20.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “əsas borc, dəbbə pulu, əldən çıxmış fayda, vəkil xərci və dövlət rüsumu” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: iddia ərizəsinin geri qaytarılması, aidiyyət məsələsi) X1 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X3 ibarət tərkibdə, X2 iclas katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “əsas borc, dəbbə pulu, əldən çıxmış fayda, vəkil xərci və dövlət rüsumu” tələbinə dair kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 22 iyul 2024-cü il tarixli, 2-2(117)-1029/2024 nömrəli qərardadından iddiаçı İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 10312,50 manat əsas borcun, 2475 manat dəbbə pulunun, 4021,85 manat əldən çıxmış fayda məbləğinin, 2400 manat vəkil qonorarı xərcinin və 180 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin (hakim Rüfət Məcidov) 22 iyul 2024-cü il tarixli, e-2- 2(117)-1029/2024 nömrəli qərardadı ilə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılmışdır. İş üzrə qərardaddan iddiаçı İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə şikayət vermişdir. Şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə əsassız olaraq ərizəni geri qaytarmışdır. Belə ki, Cavabdeh fərdi sahibkardır və vergi ödəyicisi kimi ********** nömrə (VÖEN) ilə dövlət qeydiyyatına alınmışdır. Təsərrüfat subyekti kimi, cavabdehin fəaliyyət göstərdiyi yer vergi orqanında Mingəçevir şəhəri, Nəriman Nərimanov küçəsi ev 33, mənzil 19 kimi qeydiyyata alınıb. Yəni Cavabdeh fiziki şəxs kimi qeydiyyatda olduğu ünvan Abseron rayonu, Xırdalan səhəri, Heydər Əliyev prospekti, məhəllə 30, ev 4, mənzil 95 olsada, bu gün də təsərrüfat subyekti kimi Cavabdeh fəaliyyət göstərdiyi yer Mingəçevir şəhəridir. Belə olan təqdirdə məhkəmə ərazi aidiyyəti düzgün olaraq Şəki Kommersiya Məhkəməsi seçilmişdir. Şəki Kommersiya Məhkəməsi üçün 180 (yüz səksən) manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia ərizəsinin geri qaytarılması səbəbindən iddiaçıya əlavə olaraq 180 manat zərər yetirilmişdir. Şəki Kommersiya Məhkəməsinin (hakim Rüfət Məcidov) 31 iyul 2024-cü il tarixli, 2- 2(117)-1029/2024 nömrəli qərardadı ilə, Şəki Kommersiya Məhkəməsinin 22 iyul 2024-cü il tarixli, 2-2(117)-1029/2024 nömrəli qərardadından iddiаçı İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1 maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Hazırkı şikayət də birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb, sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qeyd edilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. xüsusi elementləri ehtiva edir. Konstitusiyanın bu maddəsinə uyğun olaraq, məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Həmçinin, qeyd olunan normalar işə istənilən məhkəmə tərəfindən deyil, səlahiyyətləri qanunla əvvəlcədən müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən baxılmasını nəzərdə tutur. Oxşar normalar həmçinin, İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddələrində də nəzərdə tutulmuşlar. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” 2013-cü il 28 mart tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunmalıdır. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənlik yaranması ilə yanaşı, məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iddiaçının şikayətinin dəlillərinə hüquqi qiymət verərək qeyd edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən geri qaytarmaqda haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qanunvericiliyə əsasən məhkəmə aidiyyəti üç prinsip - ərazi üzrə məhkəmə aidiyyəti, predmet üzrə məhkəmə aidiyyəti, həmçinin şəxsi aidiyyət prinsipləri əsasında müəyyən edilir. Bu prinsiplər müstəsna və ya elektiv (seçimli) qaydada tətbiq olunur. Mülki prosessual qanunvericiliyin ərazi aidiyyətinə dair normalarından görünür ki, qanunvericinin ərazi aidiyyətinin müəyyənləşdirilməsində başlıca məqsədi: - şəxslərin məhkəməyə əlçatanlığının; - işlərə ağlabatan müddətdə baxılmasının; - prosessual qənaət prinsipinin; - ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Şikayətdə cavabdehin təsərrüfat subyekti kimi fəaliyyət göstərdiyini və onun təsərrüfat subyekti kimi fəaliyyət göstərdiyi yerin Mingəçevir şəhəri, Nəriman Nərimanov küçəsi ev 33, mənzil 19 olduğu qeyd edilmişdir. Şikayətdə daha sonra qeyd edilmişdir ki, iş üzrə cavabdeh təsərrüfat subyekti kimi fəaliyyət göstərdiyindən hazırki qaldırılmış iddia aidiyyət baxımından da Mülki Prosessual Məcəllənin 35.2-ci maddəsinin təsir dairəsinə düşür. Məhkəmə kollegiyası şikayətin dəlillərinə qiymət verən zaman birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşır və əlavə olaraq qeyd edir ki, prosessual məcəllənin 35.2-ci maddəsi hüquqi şəxslərə münasibətdə qaldırılan iddia tələblərinə aiddir. Qanunvericiliyə əsasən, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır (Mülki Məcəllə 43.1). Hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır (Mülki Məcəllə 45.1). Eyni zamanda, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.2-ci maddəsinə görə, hüquqi şəxs - Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs statusunda yaradılmış müəssisə və təşkilatlar. Yuxarıda sadalanan qanunvericilik normalarından da göründüyü kimi, hazırki iş üzrə Cavabdeh hüquqi şəxs yox, vergi ödəyicisi olan fiziki şəxsdir. Bundan başqa, Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh qeydiyyat ünvanı ünvan 1vanıdır. Şəxsin rəsmi qeydə alındığı yer dedikdə şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tələbləri baxımından qeydə alındığı yeri nəzərdə tutulur. Şəxsin vergi orqanlarında olan qeydiyyatı şəxsin yaşayış yeri və rəsmi qeydə alındığı yer hesab olunmur. Belə ki, Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Hazırki iş üzrə isə cavabdehin şəxsiyyət vəsiqəsi ilə müəyyən edilən onun yaşayış və rəsmi qeydə alındığı yer ünvan 1vanıdır. Bununla yanaşı, iş üzrə ümumi qaydadan fərqli ərazi aidiyyətinin nəzərdə tutulmasına əsas verən hallar (iddiaçının seçiminə görə aidiyyət, müqavilə və ya müstəsna aidiyyət və s.) da mövcud olmamışdır. Bu səbəbdən də Cavabdeh vergi ödəyicisi olan fiziki şəxs olduğundan və ona qarşı irəli sürülən tələb MPM-nin 35.2-ci maddəsinin təsir dairəsinə düşmədiyindən hazırki işə cavabdehin qeydiyyat ünvanı üzrə səlahiyyətli məhkəmə tərəfindən baxılmalıdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində də göstərilmişdir ki, işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. “İcra haqqında Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 2012-ci il 4 aprel tarixli Qərarında isə göstərmişdir ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunmalıdır. Məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməməsi məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənliyə səbəb olmaqla yanaşı, məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. Bundan başqa, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq tənzimlənməsinin vacibliyini xüsusi vurğulamışdır. Belə ki, Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 2010-cu il 16 sentyabr tarixli Qərarda qeyd edilmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60cı maddəsinin İ hissəsi). Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Bu maddə təsbit edilmiş məhkəmə müdafiəsi hüququ, hər kəsin məhkəməyə müraciət etmək hüququ ilə yanaşı, səlahiyyətli milli məhkəmələr tərəfindən işinin ədalətli araşdırılmasını, eləcə də məhkəmə aktlarından qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququnu da ehtiva edir. Bununla yanaşı, məhkəmə müdafiəsi mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. Məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər ədalət mühakiməsinin maraqlarının da daxil olduğu legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli və qanuni məqsəd daşımalıdırlar. Eləcə də, istifadə edilən vasitələrlə çatılmaq istənilən məqsəd arasında ağlabatan mütənasiblik olmalıdır. Bu məhdudiyyətlər hüquq və azadlıqların əsas mahiyyətinə toxunmamalı, onların əsl mahiyyətini zədələyəcək şəkildə və miqyasda həyata keçirilməməlidir. Məhkəmələrə müraciət etmək hüququ xarakterinə görə dövlət tərəfindən tənzimlənmə tələb edir və belə tənzimləmə cəmiyyətin və fərdlərin ehtiyaclarına və resurslarına uyğun olaraq zamana və məkana görə dəyişilə bilər. Bununla belə, tətbiq edilən məhdudiyyətlər, şəxslərin məhkəməyə müraciət hüququnu, bu hüququn mahiyyətinə xələl gətirəcək formada və ya həddə məhdudlaşdırmamalıdır. Əgər məhdudiyyət legitim məqsəd güdmürsə və istifadə edilən vasitələrlə nail olmaq istənilən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi yoxdursa, məhdudiyyət Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olmayacaqdır (bax, Zubac Xorvatiyaya qarşı (Böyük Palata), xx.xx.2018, No.40160/12, §77-78). Hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət edir. Eyni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 24 iyul tarixli Qərarı). Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsi məhkəməyə təqdim edilərkən qanunvericiliyin qeyd edilən müddəalarına riayət edilməmiş və yuxarıda göstərilən nöqsanlarla məhkəməyə təqdim edilmişdir. Odur ki, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytarmaqda haqlı olmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-nin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bundan başqa, MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263, 264, 397, 398, 400 və 402-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı Qərаrааldı: Şikayət təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 22 iyul 2024-cü il tarixli, e-2-2(117)-1029/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(107)-94/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-94/2024
20.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver