Məhkəmə qərarları › İş №2-2(107)-95/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-95/2024

02.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - İşguzar nüfuzun müdafiəsi ilə bağlı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-95/2024 02.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “işgüzar nüfuzun ləkələnməsi, şərəf və ləyaqətin alçaldılmasına görə kompensasiyanın ödənilməsi, X1 cavabdeh tərəfindən yayılmış yalan məlumatların təkzib edilməsi, cavabdehin yazılı formada üzr istəmə vəzifəsinin qoyulması” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: işgüzar nüfuzun ləkələnməsi) Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X3 ibarət tərkibdə, X2 iclas katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə3, İddiaçı MMC-nin direktoru Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 və Cavabdeh MMC-nin direktoru Serhan Keltepenin iştirakları ilə, Şəki Kommersiya Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, e-2-2(117)-546/2024 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi: İşin halları İddiaçı "Agrovit” MMC 2019-cu ildən etibarən Respublika ərazisində kənd təsərrüfatı bitkilərinin toxumları, gübrə və bitki mühafizəsi dərmanlarının satışı ilə məşğul olur. Hər il ölkə ərazisinə rəsmi və sertifikatlı "super elit”, elit toxumları idxal edir. İdxal olunan toxumlar arasında "Pioner qarğıdalı Hibrid” toxum növü də vardır. "Agrovit” MMC ilə "Pioner Hi-Bred” (Şwitzerland) şirkəti arasında PRAZE 21/12 saylı müqavilə imzalanmışdır. Müqaviləyə əsasən 2024-cü ilin yaz mövsümü əkinləri üçün 5000 (beş min) kisə toxumun alışı üçün razılaşma əldə olunmuşdur. Həmin razılaşmaya əsasən 3056 (üç min əlli altı) kisə qarğıdalı toxumu artıq ölkə ərazisinə idxal olunmuşdur. Cavabdeh də qeyd edilən toxumları idxal edərək satışı ilə məşğuldur. Cavabdeh tərəfindən “Pioner” firmasının “P 2088” markalı məhsulu barədə videoçarx hazırlanmışdır. İddiaçı hazırlanmış videoçarxın onların işinə mənfi təsir etdiyini və həmin videoçarxın onların şirkətini nüfuzdan salmaq üçün hazırlandığını qeyd edir. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, “işgüzar nüfuzun ləkələnməsi, şərəf və ləyaqətin alçaldılmasına görə 200000 manat məbləğində kompensasiyanın ödənilməsi, X1 cavabdeh tərəfindən yayılmış yalan məlumatların təkzib edilməsi, cavabdehin yazılı formada üzr istəmə vəzifəsinin qoyulması və 494 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC 2019-cu ildən etibarən Respublika ərazisində kənd təsərrüfatı bitkilərinin toxumları, gübrə və bitki mühafizəsi dərmanlarının satışı ilə məşğul olur. İllərdir ölkə ərazisinə rəsmi və sertifıkatlı "super elif‘. toxumları idxal edir. İdxal olunan toxumlar arasında “Pioner qarğıdalı Hibrid" toxum növüdə vardır. "xxxx" MMC ilə "Pioner Hi-Bred" (Şwitzerland) şirkəti arasında PRAZE 21/12 saylı müqavilə imzalanmışdır. Müqaviləyə əsasən 2024-cü ilin yaz mövsümü əkinləri üçün 5000 (beş min) kisə toxumun alışı üçün razılaşma əldə olunmuşdur. Həmin razılaşmaya əsasən 3056 (üç min əlli altı) kisə qarğıdalı toxumu artıq ölkə ərazisinə idxal olunmuşdur. “Balakən Toxum MMC "xxxx" MMC-nin işgüzar nüfuzunu ləkələyəcək, şərəf və ləyaqətini alçaldacaq, saxta toxum satışı ilə bağlı video çəkilişlər etmişlər və həmin görüntüləri X1 paylaşaraq əhali arasında yaymışlar. Cavabdehin qanunsuz və əsassız olaraq, eyni zamanda böhtan xarakterli məlumatların yayılması nəticəsində "xxxx" MMCnin satışlarının kəskin şəkildə azaldığı müşahidə olunmuşdur. Bununla da əhali arasında "xxxx" MMC-və qarşı güvənsizlik yaranmışdır. İddiaçını X1 nüfuzdan salaraq və ləvaqətini alçaldaraq əhalidə onlara qarşı nifrət hissi oyatmışlar. Halbuki yayılan məlumatlar tam əsassız və qanunsuzdur. Qeyd olunan xüsusatlarla bağlı cavabdeh ona vurulmuş maddi və mənəvi zərəri qarşılamalıdır. Çünki qeyd etdikləri sübut növü olaraq işin obvektiv araşdırılması üçün əsas verir. "xxxx" MMC-nin rəhbəri Serhan Keltepe dəfələrlə belə paylaşımlar etmişdir və iddiaçını nüfuzdan salmağa müvəffəq olmuşdur. Hal-hazırda iddiaçının qanunla qorunan hüquqlarım pozulmaqdadır. Buna görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Şəki Kommersiya Məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2-2(117)-546/2024 nömrəli qətnaməsi ilə, iddia tələbi rədd edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən Lot nömrəsi TR17221210R5613635 olan, 105 ədəd kisə, hər kisədə 80000 ədəd toxum olmaqla "P 2088” markalı qarğıdalı toxumu idxal edilmişdir. Məhkəmə hesab etmişdir ki, video çarxda saxta olduğu göstərilmiş məhsul kodu altında olan Quar kodun (QR) sağ hissəsində olan MN5WN4W kodu altında olan məhsul paketinin konkret olaraq məhz həmin kisə ilə bağlı çəkiliş aparıldığından iddiaçı tərəf məhz həmin kod altında olan məhsulun ona məxsus olmasını təsdiq edəcək sübutları təqdim etməmişdir. Məhkəmə iclasında eksperiment üçün təqdim edilən kisələr üzərində olan LOT nömrəsi ümumi qeyd edilsə də, məhsulu fərdiləşdirəm məhz QK hissənin sağ hissəsində yerləşən yaşıl rəng altında yerləşən koddur ki, bu kodun yoxlanması zamanı həmin məhsulun saxtalığı müəyyənləşdirilə bilər. İddiaçı qeyd edir ki, Lot nömrəsi F1554D214280 olan nömrənin video çarxda işıqlandırldığından həmin kod isə iddiaçıya aid olduğundan cavabdeh məhz iddiaçıya qarşı yalan məlumat yaydığını və onun işgüzar nüfuzunu ləkələmişdir. Yoxlanış aparılan məhsulun (kodlu kisənin) iddiaçı "Agrovit” MMC-yə məxsus olması təsdiq edilməmiş və həmin məhsulun QR kodunun yoxlanılması zamanı həqiqətən çəkilmiş videoda göstərilən formada çıxmasının (Saxta olması ehtimalı) əksi də sübuta yetirilməmişdir. Məhkəmə qeyd edir ki, məhz həmin məhsul paketi və ya həmin məhsula dair konkret məhsul üzrə sənədlər təqdim edilsəydi, yəni kodu: MN5WN4W olan məhsul təqdim edilsəydi və yoxlama zamanı videoçarxda göstərilən kimi, yəni "Saxta olma ehtimalı” deyil, başqa nəticə versəydi cavabdehin məsuliyyəti qaçılmaz olardır. Lakin bu hallar sübuta yetirilmir. Bundan əlavə cavabdeh də qeyd edilən video çarxın yayımlanmasının onun tərəfindən aparıldığını da inkar etmir. Lakin bu hərəkətləri hansısa hüquqi şəxsin işgüzar nüfuzunun ləkələnməsinə yönəlməmişdir. Məhkəmə gəldiyi nəticənin hüquqi əsaslandrması üçün - Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 23, 23.2, 23.3, 23.4, 23.5, 23.6, 1097.1 və 1097.3-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2.1, 2.2, 8.1, 9.1, 47.1, 77.1, 81, 119.1, 217.3 və 217.4-cü maddələrinə - istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə3 birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC "xxxx" MMC-nin işguzar nüfuzunu ləkələyəcək saxta toxum satışı ilə bağlı video çəkilişlər edilmiş və həmin görüntüləri whatsapp sosial platforması vasitəsilə paylaşaraq əhali arasında yaymışlar. Bu faktı məhkəmə iclaslarında Cavabdeh MMC-nin rəhbəri də nümayəndəsi də etiraf etmişlər. Cavabdehin qanunsuz və əsassız olaraq, eyni zamanda böhtan xarakterli şəkildə azaldığı müşahidə olunmaqdadır. Bununla da əhali arasında "xxxx" MMC-yə qarşı güvənsizlik yaranmışdır. İddiaçını X1 nüfuzdan salaraq və ləyaqətinii alçaldaraq əhalidə onlara qarşı nifrət hissi oyatmışlar. Halbuki yayılan məlumatlar tam əsassız və qanunsuzdur. Xüsusilə qeyd etmişdir ki, video görüntüdə saxta olaraq reklam olunan "P2088" nömrəli qarğıdalı toxumu xx.xx.2024-cü il tarixli gömrük bəyənnaməsinə əsasən rəsmi olaraq ölkəyə idxal olunmuşdur. Buradan da görünür ki, cavabdehin etdiyi hərəkətlər heç də maarifləndirmə məqsədi daşımamışdır. Əgər belə olsa idi marifləndirmə üçün istifadə olunan məhsulun eyniləşdirmə nömrələri gizlədilərək icra edilərdi. Burada isə sırf iddiaçının idxal etdiyi məhsulun saxta olması barədə paylaşım edilmiş və bu paylaşım da əhali arasında yayılmışdır. Qeyd olunan xüsusatlarla bağlı onlara vurulmuş maddi və mənəvi zərəri qarşılamalıdır. Çünki qeyd etdikləri sübut növü olaraq işin obyektiv araşdırılması üçün əsas verir. Bundan əlavə "xxxx" MMC-nin rəhbəri Serhan Keltepe dəfələrlə belə paylaşımlar etmişdir və iddiaçını nüfuzdan salmağa müvəffəq olmuşdur. Nəticədə onların qanunla qorunan hüquqlarımız pozulmuşdur. Məhkəmənin mövqeyini əsaslı hesab etməmişdir. Belə ki, tərəfimizdən təqdim edilən arayışlarda sözügedən məhsulların hansı ki, cavabdeh tərəfindən yayılan videoda əks olunan malın eyniləşdirmə nömrəsinin iddiaçının idxal etdiyi mal olması əks olunur. Məhkəmə iclasında eksperiment üçün təqdim edilən kisələr üzərində olan LOT nömrəsi ümumi qeyd edilsə də, məhsulu fərdiləşdirəm məhz QK hissənin sağ hissəsində yerləşən yaşıl rəng altında yerləşən koddur ki, bu kodun yoxlanması zamanı həmin məhsulun saxtalığı müəyyənləşdirilə bilər. İddiaçı qeyd edir ki, Lot nömrəsi F1554D214280 olan nömrənin video çarxda işıqlandırldığından həmin kod isə iddiaçıya aid olduğundan cavabdeh məhz iddiaçıya qarşı yalan məlumat yaydığını və onun işgüzar nüfuzunu ləkələmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz Apellyasiya şikayətinə qarşı cavabdeh "xxxx" MMC yazılı etiraz göndərərək, ofislərinə gələn müştəriləri birbaşa, həm də Whatsapp statusu vasitəsilə maarifləndirici video çəkdiklərini qeyd edir. Həmin video çarxda kisənin sırf QR code olan hissəsi maarifləndirmə üçün xüsusi əhəmiyyətli olduğundan yoxlamanı özlərinə aid anbarda heç bir kəsin adını çəkmədən etdiklərini bildirmişlər. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə3 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, Cavabdeh MMC-nin rəhbəri Sərkan bəy öz “whatsapp statusunda” fermerləri marifləndirici video paylaşmışdır. “P2088” kodu İddiaçı idxal etdiyi məhsulların üzərində qeyd olunub. İş materiallarında gömrük sənədləri də vardır ki, ordanda görünür ki, həqiqətəndə xarici şirkət tərəfindən “P2088” kodlu məhsul İddiaçınə satılmışdır. Bundan başqa, həmin videoda olan məhsulun satışı İddiaçınə məxsusdur. Alıcılar tərəfindən aldadıldıqları barədə narazılıqlarını da bildirirlər. Həmin videonun paylaşımından sonra polislər iddiaçı şirkətdə olmuşlar və barəsində araşdırma aparılmışdır. Həm maddi həm də mənəvi zərər tələb edirlər. Videosujetdən sonra müştərilərin iddiaçı şirkətdən məhsul almaqdan imtina etmişlər. Halhazırda MN5WN4W nömrəli məhsulun sertifikatı onlarda yoxdur. Əlavə olaraq bildirir ki, Cavabdehun da “P2088” nömrəli Pioner markalı məhsulun idxal etməsindən məlumatları olmuşdur. onların məhkəməyə müraciət etməkdə məqsədi iddiaçının işgüzar nüfuzunun müdafiəsi vurulmuş zərərin bərpası ilə bağlı olmuşdur. Odur ki, məhkəmədən apellyasiya şikayətinin təmin, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək işgüzar nüfuzları pozulması və zərərə uğradıqları üçün iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı MMC-nin direktoru Nümayəndə1 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, İddiaçı MMC şirkəti ona məxsusdur. Cavabdeh MMC özünü onların şirkətinə rəqib sayır. Alıcılar malı onlardan aldıqdan sonra aparıb cavabdehin şirkətində malın saxta olub-olmamasını yoxlatmışlar. Onlarda telefon vasitəsilə malın üzərində olan kodu telefonda yazaraq məhsulun saxta olub-olmamasını dərhal üzə çıxarmışdır. Həmin məhsul orada yoxlanılmış və malın orijinallığına şübhə yaranmışdır. Paketlərin üzərində olan kodlardan aydın olur ki, həmin məhsul nə vaxt istehsal olunub və hansı ölkəyə idxal olunub. İşin içərisində olan materiallardan da aydın olur ki, “P2088” nömrəli məhsul Azərbaycana yalnız iddiaçı şirkət olaraq onlar idxal edirlər. Cavabdeh onların satdığı paketlərin videosunu paylaşaraq üzərindəki kodların yoxlanıldığını və saxta olduğunu qeyd edirlər. Bundan sonra anbarlarında polislər gəlib baxış keçirir. O, Serhan bəylə əlaqə saxlayıb videoda əks olunan məhsulun onlara məxsus olduğunu bildirmiş və bununla əlaqədar onunla görüşmək istəmişdir. Lakin, görüş baş tutmamışdır. Həmin videodan sonra fermerlər arasında onların satdığı məhsula qarşı şübhələr yaranmış və satışları zəifləmişdir. Fermerlərdə onlara qarşı etibarsızlıq yaranmışdır. Fermerlər artıq onlardan məhsul almaq istəmirlər. Saxta mal satırlar deyə işgüzar nüfuzlarına xələl gəlmişdir. Video xx.xx.2024-cü il tarixdə çəkilib və paylaşılıb. İddiaçı MMC “P2088” nömrəli məhsul xx.xx.2024-cü il tarixdə idxal etmişdir. MN5WN4W nömrəli məhsulun özlərinə aid olduğunu bilir və qeyd edir ki, həmin məhsul saxta çıxa bilməz. MN5WN4W nömrəli məhsulun sertifikatı onlarda vardır və o, sertifikatı məhkəməyə təqdim edəcəkdir. Əlavə olaraq xx.xx.2024-cü il tarixli məhkəmə iclasında bildirdi ki, üzərində videosujet hazırlanmış MN5WN4W nömrəli məhsulu xx.xx.2024-cü il tarixdə anbara boşaldaraq elə həmin gün də satmışdır. MN5WN4W nömrəli məhsulu onlardan alan şəxs isə həmin günü cavabdeh şirkətə apararaq yoxlatdırmışdır. Odur ki, məhkəmədən apellyasiya şikayətinin təmin, birinci instansiya məhkəməsinin qətnaməsinin isə ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh şirkətin direktoru Serhan Keltepe apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, onun şirkəti uzun illərdi toxum istehsalı və idxalı ilə məşğuldur. Onların çəkdiyi video yalnız maarifləndirici xarakter daşımışdır və təxmini iki ildirki belə maarifləndirici videosujetlər çəkirlər. Həmin məhsulların satışı ilə istənilən şəxs məşğul ola bilər. Yəni, istər xaricdən, istərsədə daxili bazarda alıb-sata bilərlər. Belə ki, onun şirkəti də Pioner markalı “P2088” nömrəli məhsulu idxal edir və müvafiq gömrük bəyannamələri də iş materiallarına əlavə edilmişdir. Hal-hazırda bazarda kifayət qədər saxta məhsul satan şəxslər vardır. Məhsulun etiketlərini və qablaşdırılmasını saxtalaşdırmaq mümkündür, yalnız paketlərin ürəzində olan QR kodu heç kim saxlaşdıra bilməz. Çünki həmin kodlar fabrikdən çıxışda hər paketin üzərinə ayrı qaydada və bir dəfə olmaqla kodlaşdırılır. Bu kodların hansı paketlərin üzərində qeyd edilməsi isə heç bir sənəddə qeyd olunmur. İstehsalçı məhsulunun yoxlamaq üçün xüsusi bir proqram hazırlamışdır və QR kodu qeyd etməklə məhsulun saxta olub-olmamasını müəyyən etmək olur. Paylaşılmış videoda da qeyd edilir ki, məhsulu hardan alırsınızsa rəsmi sənəd tələb edin. Videoda iddiaçının adını çəkilməmişdir. Videonu paylaşmaqla gələcəkdə minlərlə saxta toxumun bazarlarda satılmasına mane olmuşlar. İddiaçı şirkət özü də həmin paketlərin üzərində olan QR kod vasitəsilə toxumların yoxlanılmasını məhkəmə zalında öyrənmişdir. Xüsusilə qeyd edir ki, məhsulun saxta olmasını onlar demir, həmin məlumatı yalnız üzərindəki QR kodu daxil etdikdən sonra şirkətin internet üzərindən sistemi təyin edir. MN5WN4W nömrəli məhsulu bir fermer yoxlama üçün gətirmişdir. Onlar da, həmin məhsulu yoxlamış və məhsul saxta çıxmışdır. Həmin yoxlamayla bağlı olan videosujetdə maarifləndirici video kimi paylaşılmışdır. Yoxlama bitdikdən sonra isə yoxlama üçün məhsulu bizə təqdim edən şəxs onu götürüb özü ilə aparmışdır. Ümumiyyətlə məhsulu yoxlamaq üçün onlara təqdim etmiş şəxs həmin məhsulun İddiaçı MMC-yə məxsus olmasını bildirməmişdir. Bir daha qeyd edir ki, videosujetdən də göründüyü kimi yoxlama “P2088” markalı MN5WN4W nömrəli məhsulu üzərində aparılmış və ən asası doğrudan da həmin məhsul saxta çıxmışdır. Əlavə olaraq qeyd edir ki, MN5WN4W nömrəli məhsul iddiaçıya məxsus olmuşsa və iddiaçı şirkətdə də doğrudan da MN5WN4W nömrəli məhsulun sertifikatı varsa onda şirkət həmin sertifikatı müştərilərinə təqdim edə və məhsulun saxta olmadığını sübut edə bilər. Eyni zamanda qeyd edir ki, iddiaçı tərəf həm birinci instansiya məhkəməsində həm də apellyasiya məhkəməsində MN5WN4W nömrəli məhsulun onlara məxsus olduğunu və həmin məhsulun sertifikatını məhkəməyə təqdim edəcəyini bildirsə də, bugünədək sertifikatları təqdim etməmişdir. Odur ki, məhkəmədən apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsinin isə dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, cavabdeh şirkət öz məhsulunu saxtakarlardan qorumaq üçün yalnız məhsullarının üzərinə QR kodla kodlaşdırmış və internet üzərindən yoxlanılmasını təmin edəcək proqramla təchiz etmişdir. Saxta məhsulun bazarlarda satılması ilə bağlı ümumilikdə fermerlər, alıcılar və nəticədə ölkə də ziyan görür. Onların paylaşdığı video xx.xx.2024-cü il tarixə təsadüf edir, lakin qarşı tərəfin gömrük sənədlərindən görünür ki, onlar sifarişi xx.xx.2024-cü il tarixdə verilmişdir. Onlar doğru olaraq marifləndirici video çəkmiş, qarşı tərəf isə deyir ki, çəkdiyiniz doğru videonu səhv kimi təkzib edək. Əlavə olaraq qeyd edir ki, hər kisənin üzərində olan QR kod yalnız həmin məhsula aiddir. İddiaçının təqdim etdiyi məktub isə sadəcə ağ kağıza yazılmış sözlərdən ibarət olmaqla heç bir sübut əhəmiyyəti daşımır. İddiaçı tərəf əgər iddia edirsəki MN5WN4W nömrəli məhsulu özü satıb onda həmin malın satış çekini (və/vəya qaimə fakturasını) təqdim etsin. Lakin, iddiaçı tərəf MN5WN4W nömrəli məhsulu özünün qeyd etdiyi kimi xx.xx.2024-cü ildə satması ilə bağlı bugünədək məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Odur ki, məhkəmədən apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsinin isə dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

24. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi. İ. İnsan ləyaqəti qorunur və ona hörmət edilir. İİİ. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. 4 6 . Şərəf və ləyaqətin müdafiəsi hüququ. İ. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. İİ. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. 4 7 . Fikir və söz azadlığı. İ. Hər kəsin fikir və söz azadlığı vardır. İİ. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. 5 7 . Müraciət etmək hüququ. İİ. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır. Təhqir və böhtan tənqid sayıla bilməz.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. 23.2. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar mediada yayılmışdırsa, həmin mediada da təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. 23.3. Mediada hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş (yayımlanmış) fiziki şəxsin həmin mediada öz cavabının dərc edilməsi (yayımlanması) hüququ vardır. 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. 23.5. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin. 23.6. Bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Penumunun 3 noyabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki: “.....Fiziki şəxslərin işgüzar nüfuzunu ləkələyən məlumatların yayılması ilə bağlı mənəvi zərərin ödənilməsini tənzimləyən qaydalar sahibkarlar barəsində belə məlumatların yayılması hallarına da şamil edilir.”

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Penumunun 24 aprel 2020-ci il il tarixli qərarında göstərilmişdir ki: “...... Bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir.”

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Penumunun 31 may 2002-ci il il tarixli qərarında göstərilmişdir ki: “...... Mülki Məcəllənin 23.4-cü maddəsində şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ nəzərdə tutulmuşdur. Bu qaydalar həmçinin hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir (maddə 23.6). Lakin burada göstərilən zərərin maddi və yaxud mənəvi olduğu birbaşa göstərilməmişdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin "Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” xx.xx.1999-cu il tarixli qərarının 3-cü bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki: "...... məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır”.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarında müəyyən edilmişdir ki: “... Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. ...”

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının həddi

Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək, apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. İddia tələbinin mahiyyətindən müəyyən edilir ki, İddiaçı Cavabdehnə qarşı işgüzar nüfuzun ləkələnməsinə görə zərərin ödənilməsi, X1 cavabdeh tərəfindən yayılmış yalan məlumatların təkzib edilməsini və cavabdehin üzr istəməsini tələb etmişdir. İşdən müəyyən edilir ki, iddiaçı əslində işgüzar nüfuzunun müdafiəsi ilə əlaqədar iddia qaldırmışdır. Belə ki, mübahisə cavabdeh tərəfindən sosial şəbəkədə iddiaçı şirkətin satdığı məhsulun saxta olması və bu səbəbdən də şirkətin işgüzar nüfuzuna zərər vurulması və onun işgüzar nüfuzunu ləkələməsi, eyni zamandada ona dəymiş maddi zərərlə bağlıdır. Kollegiya bildirir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Penumunun 24 aprel 2020-ci il il tarixli qərarında göstərilmişdir ki, “...... bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir.” “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Penumunun 3 noyabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “..... fiziki şəxslərin işgüzar nüfuzunu ləkələyən məlumatların yayılması ilə bağlı mənəvi zərərin ödənilməsini tənzimləyən qaydalar sahibkarlar barəsində belə məlumatların yayılması hallarına da şamil edilir”. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verən zaman birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşır və əlavə olaraq qeyd edir ki, mülki qanunverciliyə görə, şərəf, ləyaqət və işgüzar nüfuz şəxsi xarakterli qeyriəmlak hüquqları hesab edilir. Onlar səlahiyyəti şəxsin, yəni həmin hüquq sahibinin, hüquq daşıyıcısının şəxsiyyətini fərqləndirməyə yönəlir. Şərəf, ləyaqət və işgüzar nüfuz hüquqları bir qayda olaraq, onunla xarakterizə olunur ki, həmin hüquqlar şəxsiyyətin özündən ayrılmaz olur, özgənikiləşdirilmir. Şərəf dedikdə - şəxsə verilən müəyyən ictimai (sosial) qiymət başa düşülür. Burada söhbət müsbət ictimai qiymətdən gedir. Deməli, şərəf şəxsiyyətə verilən müsbət ictimai qiyməti ifadə edir və şərəf, şəxsin obyektiv ictimai xüsusiyyətidir. O, cəmiyyətin şəxsə olan münasibətini müyyənləşdirir. Şəxsin ictimai-mənəvi və ictimai-əxlaqi statusu məhz onunla müəyyən edilir. Şərəf- şəxsə olan obyektiv ictimai münasibəti əks etdirir. O, hər bir halda şəxsin cəmiyyətdə tutduğu mövqeyə təsir göstərir. Ləyaqət şəxsin özünün öz ictimai keyfiyyətlərinə (mənəvi-əxlaqi, digər ictimai keyfiyyətlərinə) verdiyi qiymət başa düşülür. Ləyaqət, şərəflə sıx surətdə bağlı olan kateqoriyadır. Əgər şərəf şəxsiyyətin obyektiv, ictimai və xarici meyarıdırsa, ləyaqət onun subyektiv, fərdi və daxili meyarıdır. Onların hər ikisi şəxsiyyətin vacib mənəvi keyfiyyətləridir. İşgüzar nüfuz işgüzarlıq və professionallıq baxımından şəxsin yaxşı (müsbət) və qüsurlu (mənfi) keyfiyyətləri barədə yaranmış ictimai rəyə deyilir. Müdafiə hüququ dedikdə - hüquq sahibinə (hüquq daşıyıcısına, səlahiyyətli şəxsə) öz pozulmuş şərəf, ləyaqət və işgüzar nüfuz hüquqlarını bərpa etmək məqsədilə hüquqqoruyucu xarakterli tədbirlər tətbiq olunması üçün verilən imkan başa düşülür. Eyni zamanda, “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: - məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; - həmin məlumatların doğru olmaması; - bu məlumatların yayılması. Məhkəmələrə izah edilsin ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. Sözügedən Plenum qərarında məhkəmənin ortaya qoyduğu hüquqi mövqeyə görə, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı, yəni məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi, həmin məlumatların doğru olmaması, bu məlumatların yayılması aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir. Göründüyü kimi, yuxarıda adı çəkilmiş plenum qərarında ilkin olaraq aydınlaşdırılmalı olan üç haldan ən vaciblərindən biri yayılmış məlumatların doğru olmamasıdır. Belə ki, plenum qərarında da vurğulandığı kimi məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması başa düşülür. Kollegiya xususilə qeyd edir ki, videogörüntüdən açıq şəkildə aydın olur ki, üzərində eksperiment aparılmış MN5WN4W nömrəli məhsul saxta çıxmışdır. Belə ki, videogörüntü zamanı MN5WN4W nömrəli məhsul QR kod vasitəsi ilə internet portalı üzərindən sorğulanır və sorğuya cavab olunur ki, üzərində eksperiment aparılmış məhsul saxtadır. Məhkəmə həmçinin diqqətə çatdırır ki, videogörüntü zamanı sorğulanmış MN5WN4W nömrəli məhsulun saxta olmasını cavabdeh yox, məhsulu istehsal edən şirkətin internet portalı müəyyən etmişdir. Bundan başqa, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Penumunun 24 aprel 2020-ci il il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 23-cü maddəsinə uyğun olaraq, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktiki məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar X1 yayılmışdırsa, həmin X1 də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. X1 hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş fiziki şəxsin həmin X1 öz cavabının dərc edilməsi hüququ vardır. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin. Bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. Mülki Məcəllənin 1097.1 və 1097.3-cü maddələrinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqazidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Mülki Məcəllənin 14-cü maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Başqa şəxsə zərər vurulması həmin maddə ilə hüquq və vəzifə doğuran əsas kimi nəzərdə tutulmuşdur (Mülki Məcəllənin 14.2.6-cı maddəsi). Bu hüquq normasındakı “qanunvericilikdə nəzərdə tutulmasa da” ifadəsi isə bilavasitə Məcəllə ilə nəzərdə tutulmayan hallarda belə mənəvi zərərin ödənilməsi ilə bağlı tələbin irəli sürülməsi üçün əsas yaradır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Penumunun 3 noyabr 2008-ci il tarixli qərarında daha sonra göstərilmişdir ki, hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması (təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması və s.) nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər. Kollegiya bildirir ki, işgüzar nüfuzun ləkələnməsi həmin şəxsin fəaliyyət göstərdiyi sahədə zərər görməsini ehtiva edir. Zərər həm də bu iş üzrə iddia tələbinin hüquqi əsası olan 1096.1-ci maddəsinin zəruri dispozisiya şərtlərindən biridir. Nəzərə alınmalıdır ki, mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin məqsədi məhz zərər çəkənin zərərini qarşılamaqdır. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Qanunvericiliyin müddəalarının tələblərindən görünür ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələbdə ilk öncə zərərin mövcudluğu və həmin zərərin onu vuran şəxsə aid edilməsi nəzərdə tutulur. Zərər öz qanunazidd davranışı ilə onun yaranmasına səbəb olmuş şəxsə, yaxud şəxslərə aid edilir. Yəni şəxsin fəaliyyəti ilə zərərin yaranması arasında səbəbli əlaqə mövcud olmalıdır. Çünki zərərin yaranmasının əsasında bir şəxsin başqasının mülkiyyət hüquqlarının pozulmasına yönələn təqsirli hərəkəti və ya hərəkətsizliyi dayandığı halda, təqsiri olan şəxs həmin zərərin əvəzini ödəmək öhdəliyini daşıyır. Güman və yaxud ehtimal edilən hadisə və hərəkətlər məsuliyyətin yaranması ilə nəticələnmir. Sübut hüququnun prinsiplərinə görə iş üzrə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yəni, cavabdehin istənilən davranışına görə iddiaçıya dəyən zərərin əvəzinin ödənilməsi üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: - törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; - ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Odur ki, hazırki iş üzrə iddiaçı özünün işgüzar nüfuzun ləkələnməsinə istinad etdikdə bununla bağlı düşdüyü zərərin nədə ifadə olunduğunu göstərməli və istinad etdiyi halları sübuta yetirməlidir . Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, iddiaçı barəsində videosujet çəkilmiş MN5WN4W nömrəli məhsulun da onlara məxsus olması ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, tərəf (və/və ya hansısa dəlili irəli sürən) iş üzrə qarşı tərəfin tələbinin əsasları ilə bağlı verdiyi etirazın dəlillərini sübut etmə yükünü daşıyır. Yəni, tərəf irəli sürdüyü dəlilləri sübut etməlidir. Məhəkəm kollegiyası qeyd edir ki, sübutetmə yükünün düzgün bölüşdürülməsi işin araşdırılması zamanı mühüm əhəmiyyətə malikdir. Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, sübutetmə yükü barədə qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcud olduğunu və ya olmadığını (baş verib-vermədiyini) sübut etmək hüquqi nəticədən xeyir görən tərəfə aiddir. Həmçinin, mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Yuxarıda göstərilən normaların tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aiddir. Qayda olaraq sübutetmə yükü əvvəlcə iddiaçının üzərinə düşür. Lakin bu ümumi qaydanın bəzi istisnaları vardır. Əgər sübutetmə yükü qanunla başqa tərəfin üzərinə qoyulubsa, yaxud şəxs qanuni və ya faktiki prezumpsiyaya, yaxud normal bir vəziyyətin əksi olan hala istinad edirsə ümumi qayda işləmir və bu zaman iddiaçının əksi olan hala istinad edən şəxs həmin halları sübut etməlidir. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Məhkəmə iclasında Agrovit” MMC-nin direktoru Nümayəndə1 izahat verərək bildirmişdir ki, P2088 nömrəli məhsul Azərbaycana yalnız iddiaçı şirkət olaraq onlar idxal edirlər. İddiaçı tərəf daha sonra isə bildirmişdir ki, cavabdeh şirkətin də Pioner markalı P2088 nömrəli məhsulu idxal etməsindən xəbərdardır. İddiaçı əlavə olaraq xx.xx.2024-cü il tarixli məhkəmə iclasında bildirmişdir ki, üzərində videosujet hazırlanmış MN5WN4W nömrəli məhsulu xx.xx.2024-cü il tarixdə anbara boşaldaraq elə həmin gün də satmışdır. MN5WN4W nömrəli məhsulu onlardan alan şəxs isə həmin günü cavabdeh şirkətə apararaq yoxlatdırmışdır. Məhkəmə iclasında cavabdeh şirkətin direktoru Serhan Keltepe bildirmişdir ki, onun şirkəti də Pioner markalı P2088 nömrəli məhsulu idxal edir və müvafiq gömrük bəyannamələri iş materiallarına əlavə edilmişdir. MN5WN4W nömrəli məhsul onlara bir fermer tərəfindən təqdim edilmişdir. Onlar həmin məhsulun kimə məxsus olmasını ümumiyyətlə bilməmişlər. Əlavə olaraq bildirmişdir ki, onlar belə videosujetləri iki ildən artıqdır insanları maarifləndirmək üçün çəkirlər. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiyasında işə baxılan zaman iddiaçıdan dəfələrlə MN5WN4W nömrəli məhsulun özünə məxsus olması ilə bağlı hər hansı sənəd təqdim edilməsi tələb edilsə də iddiaçı həmin məhsulun ona məxsus olmasını və sertifikatları təqdim edəcəyini bildirsə də, məhkəməyə heç bir mötəbər sübut (sertifikat) təqdim edə bilmədi. Bundan başqa, iş materiallarına əlavə edilmiş gömrük bəyannamələrindən görünür ki, həm iddiaçı, həm də cavabdeh şirkət Pioner markalı P2088 nömrəli məhsulu idxal etmişdir. Lakin, MN5WN4W nömrəli məhsulun isə məhz iddiaçı şirkətə məxsus olması sübut olunmur. Bundan başqa, məhkəmə tərəfindən iş üzrə tərəflərin vəsatəti olmasa da ədalətli məhkəmə araşdırılması aparılması baxımından “QR codu MN5WN4W” olan məhsulun İddiaçı MMC və ya direktoru Nümayəndə1 tərəfindən idxal edilib-edilməməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə sorğu göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2024-cü il tarixli, 3- 33/2-014508/2024 məktubu ilə İddiaçı MMC-yə məxsus bütün sənədlər məhkəməyə göndərilmişdir. Lakin, həmin sənədlərin içərisində “QR codu MN5WN4W” olan məhsulun İddiaçı MMC-yə məxsus olması barədə heç bir sənəd olmamışdır. Göründüyü kimi, Dövlət Gömrük Komitəsində də, “QR codu MN5WN4W” olan məhsulun İddiaçı MMC-yə məxsus olması barədə heç bir sənəd olmamışdır. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfin çəkdiyi videosujet məhz MN5WN4W nömrəli məhsulla bağlı olmuş, iddiaçı tərəf isə həmin məhsulun onlara məxsus olması ilə bağlı məhkəmələrə heç bir sənəd təqdim etməmişdir. Bundan başqa, tərəflərin iştirakı ilə iş materiallarına əlavə edilmiş yaddaş kartına (flash karta) baxış keçirilmişdir. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, həmin videosujetdə yoxlama prosedurunun nəticəsi olaraq “Pioner şirkətinin” internetdə göndərdiyi cavab da əks edilmişdir və həmin cavabda malın saxta olması vurğulanmışdır. Yəni, həmin görüntələrdən müəyyən edilir ki, internet portalında tədqiqat aparılan MN5WN4W nömrəli məhsull doğrudan da saxta olmuşdur. Bundan başqa, videosujetdə ümumiyyətlə iddiaçı şirkətin və ya onun rəhbərinin adı heç zaman çəkilməmişdir. Bundan başqa, məhkəmə kollegiyası paylaşılmış videosujetin vaxtı ilə bağlı müəyyən məsələləri qeyd etməyi vacib hesab edir. Belə ki, məhkəmə iclasında Agrovit” MMC-nin direktoru Nümayəndə1 izahat verərək bildirmişdir ki, video xx.xx.2024 paylaşılmışdır. İddiaçı rəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş gömrük bəyannamələrindən isə görünür ki, İddiaçı MMC P2088 nömrəli məhsul xx.xx.2024 idxal etmişdir. Bundan başqa, iddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında əlavə olaraq bildirmişdir ki, üzərində videosujet hazırlanmış MN5WN4W nömrəli məhsulu xx.xx.2024-cü il tarixdə anbara boşaldaraq elə həmin gün də satmışdır. MN5WN4W nömrəli məhsulu onlardan alan şəxs isə həmin günü cavabdeh şirkətə apararaq yoxlatdırmışdır. Göründüyü kimi, iddiaçı həm iddia ərizəsində həm də apellyasiya şikayətində MN5WN4W nömrəli məhsulun daxil olduğu mal partiyasının xx.xx.2024-cü il tarixdə idxal edildiyini bildirmişdir. Apelyasiya məhkəməsində isə, iddiaçı MN5WN4W nömrəli məhsulun daxil olduğu mal partiyasının xx.xx.2024-cü il tarixdə daxil olduğunu bildirmiş və bununla bağlı məhkəməyə bəyannamələr təqdim etmişdir. Daha sonra isə, iddiaçı MN5WN4W nömrəli məhsulu xx.xx.2024-cü il tarixdə satdığını bildirsə də, həmin şəxsi (məhsulun satıldığı şəxsi) şahid qismində dindirmək üçün məhkəməyə təqdim etməmişdir. Kollegiya qeyd edir ki, iddiaçı hər məhkəmədə fərqli-fəqli fikirlər bildirmiş və söylədiklərini sübuta yetirə bilməmişdir. Kollegiya qeyd edir ki, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. İşin hallarından görünür ki, İddiaçı MMC 2019-cu ildən etibarən Respublika ərazisində kənd təsərrüfatı bitkilərinin toxumları, gübrə və bitki mühafizəsi dərmanlarının satışı ilə məşğul olur. Hər il ölkə ərazisinə rəsmi və sertifikatlı “super elit”, elit toxumları idxal edir. İdxal olunan toxumlar arasında “Pioner qarğıdalı Hibrid” toxum növü də vardır. İddiaçı MMC ilə “Pioner Hi-Bred” (Şwitzerland) şirkəti arasında PRAZE 21/12 saylı müqavilə imzalanmışdır. Müqaviləyə əsasən 2024-cü ilin yaz mövsümü əkinləri üçün 5000 (beş min) kisə toxumun alışı üçün razılaşma əldə olunmuşdur. Həmin razılaşmaya əsasən 3056 (üç min əlli altı) kisə qarğıdalı toxumu artıq ölkə ərazisinə idxal olunmuşdur. Cavabdeh də həmçinin qeyd edilən toxumları Türkiyə Respublikasından idxal edərək satışı ilə məşğuldur. Cavabdeh rəhbərliyi tərəfindən xüsusi video çarx hazırlanmış, böhtan xarakterli məlumatlar yayılmış və həmin görüntülərdə saxta olaraq reklam olunan “P 2088” nömrəli qarğıdalı toxumu xx.xx.2024-cü il tarixində gömrük bəyannaməsinə əsasən rəsmi olaraq ölkəyə idxal olunmuşdur. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən Lot nömrəsi TR17221210R5613635 olan, 105 ədəd kisə, hər kisədə 80000 ədəd toxum olmaqla “P 2088” markalı qarğıdalı toxumu idxal edilmişdir. Bundan baçqa, iddiaçı tərəfindən məhkməyə təqdim olunmuş gömrük bəyannaməsi və qoşma vərəqindən aydın olur ki, idxal edilmiş məhsulun Lot nömrəsi F1554D214280 olmuşdur. Eyni zamanda, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsindən görünür ki, Cavabdeh MMC tərəfindən də 400 kisə, 6800 kiloqram “P 2088” markalı qarğıdalı toxumu idxal edilmişdir. Yəni, eyni məhsulu cavabdeh şirkət iddiaçıdan daha əvvəl və daha çox idxal etmişdir. İddiaçı tərəf iddia edir ki, lot nömrəsi F1554D214280 olan nömrənin video çarxda işıqlandırldığından həmin kod iddiaçıya aid olduğundan cavabdeh məhz iddiaçıya qarşı yalan məlumat yaydığını və onun işgüzar nüfuzunu ləkələmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, lot nömrələri ilə bağlı birinci instansiya məhkəməsi haqlı olaraq göstərmişdir ki, lot nömrəsi ilə bağlı Sertifikat və həmin lot altında olan məhsulun satış tarixçəsi (kisələrin sayı) ilə bağlı məlumatlar təqdim edilməmişdir. Bu sənədlər iddiaçıdan həm birinci instansiya, həm də apellyasiya məhkəməsində işə baxan zaman tələb edilmiş, lakin iddiaçı tərəf təqdim etməmişdir. Xüsusilə qeyd edilməlidir ki, gömrük bəyannaməsindən də müəyyən edildiyi kimi lot nömrəsi ümumi (müəyyən partiyaya aid) məlumat olmaqla hər hansı şəxs tərəfindən saxtalaşdırıla bilər. Belə ki, lot nömrəsi sadəcə rəqəmlərdən ibarətdir və saxta məhsul satmaq istəyən şəxs orijinal (həqiqi) məhsulun üzərində lot nömrəsini alaraq öz saxta məhsulunun üzərinə qoya bilər. Ancaq məhsulun üzrərində olan QR kod isə hər kisəyə ayrıca vurulmaqla yalnız həmin kisəyə məxsus olduğundan onun saxtalaşdırılması (kopya edilməsi yəni, üzü çıxarılaraq digər kisəyə köçürülməsi) qeyri-mümkündür. Yəni, saxta məhsul satmaq istəyən şəxs tərəfindən QR kodun üzü çıxarılaraq başqa kisəyə köçürülsə belə, orijinallığı (həqiqiliyi) yoxlanan zaman həmin məhsulun saxta olduğu üzə çıxacaqdır. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, lot nömrəsi ümumi yəni, müəyyən partiyaya aid məlumat olsa da QR kod yalnız bir məhsula (kisəyə) aiddir və yoxlama zamanı da MN5WN4W nömrə ilə olan məhsul saxta çıxmışdır. Bundan başqa, “QR code”larda məhsulun istehsal yeri və tarixi, istifadəsinə dair tövsiyyələr, əks əlaqə üçün istehsalçının rekvizitləri və s. məlumatları şifrələnmiş halda yerləşdirmək olur. Göründüyü kimi, araşdırma aparılan məhsulun (kodlu kisənin) İddiaçı MMC-yə məxsus olması təsdiq edilməmiş və həmin məhsulun QR kodunun yoxlanılması zamanı həqiqətən videoda göstərilən formada çıxmasının (Saxta olması ehtimalı) əksi də sübuta yetirilməmişdir. İddiaçı isə ümumiyyətlə MN5WN4W nömrə ilə olan məhsulun ona məxsus olmasını sübut edə bilməmişdir. Bundan əlavə cavabdeh beynəlxalq aləmdə qəbul edilmiş məhsulun istehsalına, bununla bağlı digər məlumatların öyrənilməsi üçün müvafiq video hazırlayaraq yayması iddiaçının işgüzar nüfuzuna toxunduğu ilə bağlı arqumentləri sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası bildirir ki, MN5WN4W olan məhsul paketi təqdim edilsəydi və yoxlama zamanı videoda göstərilən kimi, “Saxta olma ehtimalı” deyil, başqa nəticə versəydi cavabdehin məsuliyyəti qaçılmaz olardır. Hal-hazırda isə, bu hallar sübuta yetirilmir. Bundan başqa, iddiaçı tərəf birinci instansiya məhkəməsində bildirmişdir ki, həmin videosujetdən sonra polis əməkdaşları onun şirkətinə gələrək araşdırma aparmışlar. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ümumiyyətlə apellyasiya şikayətində də bu haldan söz etməmişdir. Buna baxmayaraq, videosujetlə bağlı iddiaçının şirkətində hər hansı araşdırma aparılıb-aparılmaması ilə bağlı apellyasiya məhkəməsi tərəfindən müvafiq olaraq polis və prokurorluq orqanlarına sorğular verilmişdir. Belə ki, sorğuya cavab olaraq Balakən rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilir ki, 2023-2024-cü illərdə Balakən rayon Polis Şöbəsində "xxxx" MMC və Cavabdeh MMC barəsində hər hansı araşdırma materialı olmamışdır. Zaqatala rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilir ki, 2023-2024-cü illərdə "xxxx" MMC və Cavabdeh MMC barəsində rayon prokurorluğunda material üzrə araşdırma olmamışdır. Daha sonra, Zaqatala rayon Polis Şöbəsi tərəfindən “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarı və ona əlavə edilmiş sənədlər məhkməyə göndərilmişdir. Həmin sənədlərdən də Cavabdeh MMC-nin iddiaçı barədə hər hansı məlumat yayması müəyyən edilməmişdir. Göründüyü kimi, iddiaçının hətta şifahi qaydada söylədiyi hal barədə də kollegiya tərəfindən araşdırma aparılmış lakin, hamin hal öz təsdiqini tapmamışdır. Bundan başqa, birinci instansiya məhkəməsində cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş şəxsin ifadəsinə də münasibət bildirərək qeyd edir ki, xx.xx.2024-cü il tarixli iclas protokolunda olan sual-cavablarda şahid cavabdeh şirkətin rəhbəri Serhan bəyin məhsulun hansısa şirkətə xüsusən də iddiaçı "xxxx" şirkətinə məxsus olmasını bildirməmiş, iddiaçı şirkətin adını heç yerdə çəkməmişdir. Göründüyü kimi, iddiaçı tərəfin təqdim etdiyi şahid özü də cavabdehin rəhbərinin iddiaçı şirkətin adını çəkmədiyini bildirmişdir. Bundan başqa eyni şahid ifadəsində daha sonra qeyd etmişdir ki, cavabdeh şirkətin paylaşımından sonra artıq vətəndaşlar onlardan malı “QR” kodla yoxladıb alırdılar. Kollegiya qeyd edir ki, bu hal özü də cavabdeh şirkətin məqsədinin vətəndaşları marifləndirmək olduğunu təsdiq edir və aydın olurki cavabdeh şirkət maarifləndirmə ilə bağlı öz məqsədinə nail olmuşdur. Məhkəmə kollegiyası şahid ifadəsi ilə bağlı son olaraq onuda qeyd edir ki, ifadədən iddiaçı və şahidin mal alıb-satmaları müəyyən edilir və bu səbəbdən də həmin şəxs iş üzrə maraqlı olmuşdur. Bundan başqa, məhkəmə kollegiyası apellyasiya şikayətininin digər dəlili olan satışların kəskin azalması ilə bağlı hissəsinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə əsassızdır. Belə ki, iddiaçı məhkəmə iclasında verdiyi izahatında videosujetdən sonra müştərilərin onlardan mal almaqdan imtina etdiklərini bildirsə də, həmin halı təsdiq edən heç bir sübut və ya şahidi məhkəməyə təqdim etməmişdir. Yəni, iddiaçı ona məhz nə qədər zərər dəyməsi ilə bağlı məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Bundan başqa, məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlili olan əhalidə iddiaçı şirkətə qarşı nifrət hissi yaranması hissəsinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, iddiaçı məhkəmə iclasında verdiyi izahatında videosujetdən sonra əhalidə şirkətə qarşı nifrət hissi yarandığını bildirsə də, həmin halı da təsdiq edə bilməmiş, öz dediklərini ümumi sözlərlə əsaslandırmışdır. Beləliklə iş üzrə iddiaçı, işgüzar nüfuzunun zədələnməsinin nəticələrini sübut etməlidir. Hazırki vəziyyətdə isə iddiaçı hüquqi şəxs cavabdeh tərəfindən onun fəaliyyətinə və işgüzar nüfuzuna zərər gətirəcək hərəkətlərin edilməsi (ifadələrin işlənilməsi) nəticəsində müştərilərinin sayında azalmanın olmasını və ya bu məlumatların yayılması nəticəsində mövcud müştərilərlə hər hansı problemlərin yaşanması hallarını hansı sübutlarla təsdiqləndiyini göstərməmiş, bu xüsusat üzrə sübutları prosessual qanunvericiliyə uyğun olaraq məhkəmələrə təqdim etməmişdir. Bundan başqa, cavabdeh də qeyd edilən videonun yayımlanmasının onun tərəfindən aparıldığını da inkar etmir. Lakin bildirir ki, bu hərəkətləri hansısa hüquqi şəxsin işgüzar nüfuzunun ləkələnməsinə yönəlməmiş və maarifləndirici xarakter daşımışdır. Göründüyü kimi, cavabdehin sosial şəbəkədə yayımladığı videoda hansısa bir məhsulun saxta olduğunu göstərsə də, əslində cavabdehin əsas məqsədi alıcıları maarifləndirmək və əsl məhsulla saxta məhsulun ayırd edilməsini öyrətmək olmuşdur. Eyni zamanda həmin videoda İddiaçı MMC-yə aid heç bir məlumat qeyd olunmamış və İddiaçı MMC-nin işgüzar nüfuzuna heç bir xələl gətirilməmişdir. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, videogörüntüdə MN5WN4W nömrəli məhsulun saxta çıxdığı açıq şəkildə görünür. Belə olan halda kollegiya hesab edir ki, yayılmış məlumatlar həqiqətə uyğun olmuşdur. Məhkəmə kollegiyası əlavə olaraq bildirir ki, malın saxta olmasını cavabdeh yox məhsulu istehsal edən şirkətin internet portalı müəyyən etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia ərizısində “P 2088” markalı və içərisinə MN5WN4W nömrəli məhsulunda daxil olduğu məhsul partiyası xx.xx.2024-cü il tarixdə Gömrükdə bəyan edilmişdir. Eyni zamanda, iddiaçının iddia ərizəsinə əlavə etdiyi xx.xx.2024-cü il tarixli Gömrük bəyannaməsindən də göründüyü kimi “P 2088” markalı məhsul xx.xx.2024-cü il tarixdə bəyan edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddia ərizəsində həm də birinci instansiya məhkəməsində iddiaçı üzərində videosujet çəkilmiş malın xx.xx.2024-cü il tarixdə daxil olmuş mal olduğunu bildirmişdir. Hazırda isə iddiaçı tərəf məhkəmə araşdırılması zamanı videonun xx.xx.2024-cü ildə paylaşıldığı müəyyən edildikdən sonra malın xx.xx.2024-cü ildə satıldığını bildirmişdir. Daha sonra, yəni apellyasiya məhkəməsində keçirilən ikinci məhkəmə iclasında iddiaçı tərəf MN5WN4W nömrəli məhsulun onlara məxsus olması ilə bağlı möhürsüz, tarixi göstərilməmiş məktub təqdim etmiş və qeyd etmişdir ki, həmin məktub İddiaçı MMCyə məhsul aldıqları “Corteva” şirkətinin Bakı ofisindən göndərilmişdir. Məhkəmə məktubun əslini tələb etdikdə iddiaçı tərəf növbəti iclasda həmin məktubun “Corteva” şirkətindən əslini gətirəcəklərini bildirmişdir. Lakin, sonuncu məhkəmə iclasında da, iddiaçı tərəf həmin məktubun əslini məhkəməyə təqdim etməmişdir. Əksinə, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, QR kod yoxlanılması - heçbir idxalatçı, ixracatçı və ya distribyutorun məlumatlarını ifşa etməz. Məhkəmə kollegiyası ilkin olaraq həmin tarixsiz və möhürsüz məktubla bağlı qeyd edir ki, həmin məktub hazırlıq iclası yekunlaşana qədər birinci instansiya məhkəməsinə təqdim edilməli idi. Belə ki, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Özləri üçün zəruri sübutların təqdim edilməsinin nəticə etibarı ilə mümkün olmayacağından və ya çətin olacağından ehtiyat etməyə əsası olan şəxslər, o cümlədən arbitraj icraatının tərəfləri və ya arbitraj məhkəməsi bu sübutların təmin olunmasını məhkəmədən xahiş edə bilərlər. Hakim yeni sübutun təqdim və ya tələb edilməsi barədə vəsatəti yalnız o halda təmin edir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər həmin vəsatətin verilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (Mülki Prosessual Məcəllə 78, 85.1, 184.3). Göründüyü kimi, iddiaçı tərəf MN5WN4W nömrəli məhsulun özünə məxsus olması ilə bağlı ən vacib sübutu (hərçənd həmin sənədin həqiqiliyi təsdiq edilmir) birinci instansiya məhkəməsində deyil, apellyasiya məhkəməsinin ikinci baxış iclasında təqdim etmiş və sənədin nə səbəbdən birinci instansiya məhkəməsinə təqdim edilməməsini əsaslandırmamışdır. Hətta həmin sənədin də həqiqiliyi sübuta yetirilmir. Belə ki, təqdim edilmiş məktub rəsmi blankda olmamış, eyni zamanda məktubda möhür və tarixdə qeyd edilməmişdir. Həmçinin məktubun kimin göndərdiyi və ən əsası kimə göndərildiyi müyyən edilmir. Sadəcə iddiaçı bildirmişdir ki, həmin məktub onlara email vasitəsi ilə Bakı ofisindən daxil olmuşdur. Cavabdeh tərəfin nümayəndəsi də həmin məktubla bağlı izahat verərək bildirmişdir ki, hər kisənin üzərində olan QR kod yalnız həmin məhsula aiddir. İddiaçının təqdim etdiyi məktub sadəcə ağ kağıza yazılmış sözlərdən ibarət olmaq heç bir sübut əhəmiyyəti daşımır. Belə olan halda isə məhkəmə kollegiyası iddiaçının təqdim etdiyi tarixsiz, möhürsüz və kimə göndərildiyi məlum olmayan məktubu mötəbərliyi sübuta yetirilmədiyindən iş üzrə sübut kimi qəbul etmir. Bundan başqa, cavabdeh tərəfindən malın satışı zamanı vergi orqanından əldə edilən satış çeki məhkəməyə təqdim etmiş və tələb etmişdir ki, iddiaçı tərəf də əgər iddia edirsəki MN5WN4W nömrəli məhsulu özü satıb onda həmin malın satış çekini (və/vəya qaimə fakturasını) təqdim etsin. Lakin, iddiaçı tərəf MN5WN4W nömrəli məhsulu özünün qeyd etdiyi kimi xx.xx.2024-cü ildə satması ilə bağlı bugünədək məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Ümumiyyətlə məhkəmə araşdırmasından belə müəyyən edilmişdir ki, iddiaçı sadəcə MN5WN4W nömrəli məhsulun ona məxsus olmasını zənn etmiş və dəqiq bu barədə məlumata malik olmamışdır. Belə ki, hətta iddiaçının özündə də MN5WN4W nömrəli məhsulun ona məxsus olması ilə bağlı heç bir qeyd dəftəri və ya başqa bir sənəd olmamışdır. Əgər olsaydı kollegiya hesab edir ki, iddiaçı həmin qeydləri iki instansiya məhkəməsindən birinə təqdim edərdi. Məhkəmə kollegiyası son olaraq xüsusilə qeyd edir ki, hətda məhsulun iddiaçının olması fərz olunsa da (hərçənd bu hal iş materialları ilə öz təsdiqini tapmamışdır), videosujetdə iddiaçı şirkətin adı çəkilmədiyindən hansısa rəqəmlər və ya QR kodla heç kim (videoya baxan şəxslər) müəyyən edə bilməzdiki məhsul iddiaçıya məxsus olmuşdur. Belə ki, videosujetin heç bir yerində iddiaçı şirkətin adı çəkilmir. Belə olan halda isə, heç kim hansısa rəqəmlər və ya QR kodlarla məhsulun kimə məxsus olduğunu bilə bilməzdi. Nəticədə isə hansısa məlumatın yayılması baş verməmişdir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, apellyasiya şikayətində sadəcə olaraq birinci instansiya məhkəməsinin hüquqi mövqeyi sadalanmış və əlavə olaraq heç bir hala istinad edilməmişdir. Bundan başqa, apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir və ümumilikdə apellyasiya şikayətinin dəlillərində qeyd olunan məsələlərə birinci instansiyası məhkəməsi tərəfindən də hamısına qiymət verilmişdir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olmaqla iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını nəzərə alınmaqla, mübahisə tam, hərtərəfli və obyektiv araşdırılmaqla düzgün nəticəyə gəlinmiş, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiya məhkəməsi tərəfindən faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, eyni zamanda mahiyyəti üzrə düzgün olan qətnamə qəbul edilmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında” da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 1994-cü il 9 dekabr tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyatorun verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Q Ə T E T D İ:

"Agrovit” MMC-nin nümayəndəsi və vəkili Nümayəndə3 apellyasiya şikayəti təmin edilməsin. Şəki Kommersiya Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, e-2-2(117)-546/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə). Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar