Məhkəmə qərarları › İş №2-2(107)-98/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-98/2023

28.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-98/2023 28.11.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra- cavabdeh) qarşı borc tələbinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 20 sentyabr 2023-cü il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları “X2” MMC(sifarişçi) ilə Cavabdeh(icraçı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 007-S nömrəli “soya paxlası istehsalı və alğı-satqısı” barədə müqaviləyə əsasən, icraçı sifarişçinin sifarişi əsasında Oğuz rayonu Muxas kəndi ərazisində 10 ha sahədə soya paxlası əkinlərinin həyata keçirilməsi və sifarişçiyə təhvil verilməsi öhdəliyini üzərinə götürmüşdür. Müqavilə üzrə hər hektardan 3 ton olmaqla, cəmi 30 ton soya paxlası istehsal edilməsi və satışı nəzərdə tutulmuşdur(bənd 1.2). Keyfiyyət tələblərinə tam uyğun olan məhsulun hər tonunun bazar qiyməti 1000 manat, müqavilənin ümumi dəyəri 30.000 manat təşkil edir(bənd 2.1). Müqaviləyə 1 saylı əlavə ilə soya paxlasının keyfiyyətinə dair tələblər, 2 saylı əlavə ilə 1 hektarda soya paxlası becərilməsi üzrə gəlirlər və xərclər və 3 saylı əlavə ilə soya paxlasının becərilməsi üzrə texnoloji tədbirlərin yerinə yetirilməsi müddətləri və ardıcıllığı müəyyənləşdirilməklə tərəflərin imzaları və möhürlə təsdiq edilmişdir. Müqavilənin icrası ilə əlaqədar GP seriyalı 26 nömrəli malların təhvil qəbul aktı ilə 700 kq toxum, GP seriyalı 6 nömrəli malların təhvil qəbul aktı ilə 1500 kq nitra amofos, 1500 kq amofos, 1000 kq karbomit, 1000 kq amonium nitrat gübrələri icraçıya təhvil verilmişdir. Qeyd edilən təhvil aktları ilə təqdim edilən gübrələrlə bağlı xx.xx.2022-ci il tarixli elektron qaimədən müəyyən edilir ki, 480,02 manat dəyərində karbamit, 1947 manat dəyərində nitra amofska, 2775 manat dəyərində amofos, 1200 manat dəyərində amonium nitrat, eyni zamanda xx.xx.2022-ci il tarixli elektron qaimə ilə 700 kq toxum dəyəri 2660 manat, cəmi 9062,02 manat dəyərində gübrə və toxum icraçıya təhvil verilmişdir. Eyni zamanda işdə olan bank sənədlərinə əsasən icraçıya xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli ödəniş tapşırıqları ilə 7000 manat məbləğində avans verilmişdir. Cavabdeh tərəfindən təqdim edilən xx.xx.2022-ci il tarixli 751363 və 750872 nömrəli, xx.xx.2023-cü il tarixli 996767 nömrəli elektron qaimələrdən müəyyən edilir ki, 95 manat, 629,6 manat və 13.187,29 manat dəyərində soya paxlası iddiaçıya təhvil verilmişdir. Kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, “X2” MMC-nin adı dəyişdirilərək İddiaçı MMC olmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı, cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 007-S nömrəli, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 2150,11 manat qalıq borc məbləğinin və 60 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “X2”(hazırkı adı İddiaçı MMC) ilə Cavabdeh arasında soya paxlası istehsalı və alğı-satqısı barədə 007-S nömrəli, 10 mart 2022-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, Cavabdeh Oğuz rayonu, Muxas kəndində 10,0 ha torpaq sahəsində soya paxlası əkininin həyata keçirilməsi, hər hektardan 3 ton olmaqla, cəmi 30 ton məhsulun istehsal edilərək sifarişçi “X2” MMC-yə təhvil verilməsi barədə öhdəlik götürmüşdür. Müqavilənin şərtlərinə əsasən, Sifarişçi tərəfindən Cavabdeh 8337,40 manat dəyərində toxum, gübrə, dərman və avans qismində 7000 manat nağd pul olmaqla, ümumilikdə 15.337,40 manat məbləğində vəsait verilmişdir. Lakin Cavabdeh üzərinə düşən öhdəlikləri tam icra etməmiş və Sifarişçiyə Müqavilənin 1.1 və 1.2-ci bəndləri ilə nəzərdə tutulmuş miqdarda məhsul təhvil verməmişdir. Belə ki, avans qismində ilkin ödəniş daxil olmaqla ümumilikdə ödənilmiş 15.337,40 manat məbləğində vəsaitin qarşılığında təhvil verilmiş məhsulun dəyəri 13.187,29 manat təşkil etmişdir. Bununla da, Müqavilə şərtlərinin pozulması nəticəsində Cavabdeh İddiaçı MMC-yə 2150,11 manat borcu yaranmışdır. Borcun ödənilməsi ilə bağlı həm poçt təşkilatı vasitəsilə, həmçinin vergi ödəyicisinin elektron kabinetinə xəbərdarlıq (pretenziya) məktubu göndərilmiş, lakin bu vaxtadək həmin vəsait İddiaçı MMC-yə ödənilməmişdir. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində əkini aparmış, güclü leysan yağış yağmasına baxmayaraq, məhsul bitişi yaxşı olmuşdur. 10 ha soya əkdiyi sahə hər ay 2-3 dəfə suvarılmışdır. Müqavilə bağlanmamışdan əvvəl bitkinin susuzluğa davamlı olduğu bildirilmişdir, buna baxmayaraq 8 dəfə suvarılma aparılmışdır. xx.xx.2022-ci il tarixində məhsul biçiminə başlanılmış, 900 kq-dək biçilmiş məhsulu yararsız kimi özünə qaytarmışlar. 15 gün keçdikdən sonra xx.xx.2022-ci il tarixində yenidən sahənin biçilməsi barədə tapşırıq verilmiş, həmin gün günortadan sonra bir maşın (4950 kq), xx.xx.2022-ci il tarixində iki maşın (5450 kq və 3450 kq, cəmi 8900 kq) məhsulu təhvil vermişdir. Lakin həmin məhsulun yekun cavabları xx.xx.2023-ci ildə təhvil verilmiş, analiz cavabları isə ümumiyyətlə təhvil verilməmişdir. Bu iş üzrə iddiaçı ziyan çəkibsə o da çəkib. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. İddiaçı cavabdehin etirazına münasibət bildirərək qeyd etmişdir ki, , cavabdehdən alınan məhsulun miqdarı 3 ədəd yük avtomobilində müvafiq olaraq 4950 kq, 5450 kq və 3450 kq olmuşdur. Mallar təhvil verilmiş miqdarda qəbul edilmiş və təhvil alındıqdan sonra geri qaytarma faktı mövcud olmamışdır. Cavabdehin təqdim etdiyi mədaxil aktlarında məhsulun qeyd olunmuş keyfiyyət göstəriciləri isə iddiaçının Qax qəbul məntəqəsində aparılmış və əl aparatı ilə müəyyən edilmiş ilkin göstəricilərdir. Belə ki, müqavilənin 4.3-cü bəndinə əsasən, məhsul qəbul məntəqəsində çəkildikdən sonra hər yük avtomobilindən 1 nümunə götürülmüş və laborator analizə göndərilmişdir. Yekun analiz göstəriciləri əsasında məhsulun qiyməti müəyyən edilmişdir. Odur ki, cavabdehin etirazları əsassızdır. Şəki Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e- 2-2(117)-923/2023 nömrəli iş üzrə qəbul etdiyi 20 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh 2150,11 manat borc və 60 manat məbləğində mediasiya xərcinin tutularaq İddiaçı MMC-yə ödənilməsi, ödənilməmiş 41,50 manat dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, tərəflər aralarında qarışıq tipli müqavilə bağlanmışdır. Müqavilələrin alınmış avans dəyərinin soya paxlası şəklində qaytarılması hissəsi podrat müqaviləsi, yetişdirilmiş paxlanın qalan hissəsinin satışı isə alğı-satqı müqaviləsi olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, təhvil verilmiş paxlanın dəyəri avans verilən borc və satılmış gübrə və toxumun dəyərini tam ödəməmiş və bu səbəbdən mübahisə yaranmışdır. İddianın hüquqi əsasına münasibətdə məhkəmə qeyd etmişdir ki, “X2” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 007-S nömrəli “soya paxlası istehsalı və alğı-satqısı” barədə müqavilənin predmeti sifarişçinin sifarişi əsasında icraçı tərəfindən Oğuz rayonu Muxas kəndi ərazisində 10 ha sahədə soya paxlası əkinlərinin həyata keçirilməsi və sifarişçiyə təhvil verilməsindən ibarətdir. Müqavilə üzrə hər hektardan 3 ton olmaqla cəmi 30 ton soya paxlası istehsal edilməsi və satışı nəzərdə tutulmuşdur. İcraçı tərəfindən istehsal olunacaq və sifarişçi tərəfindən təhvil alınacaq məhsul bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə razılaşdırılan “soya paxlasının keyfiyyətinə dair tələblərə cavab verməlidir. Keyfiyyət tələblərinə tam uyğun olan məhsulun hər tonunun baza qiyməti 1000 manat, müqavilənin ümumi dəyəri 30.000 manat təşkil edir. Məhsulun yekun təhvil təslim qiyməti bu müqavilənin 4-cü bəndində göstərilən şərtlər əsasında müəyyən ediləcəkdir. Müqaviləyə 1 saylı əlavə ilə soya paxlasının keyfiyyətinə dair tələblər, 2 saylı əlavə ilə 1 hektarda soya paxlası becərilməsi üzrə gəlirlər və xərclər və 3 saylı əlavə ilə soya paxlasının becərilməsi üzrə texnoloji tədbirlərin yerinə yetirilməsi müddətləri və ardıcıllığı müəyyənləşdirilməklə tərəflərin imzaları və möhürlə təsdiq edilmişdir. Müqavilənin icrası ilə əlaqədar GP seriyalı 26 nömrəli malların təhvil qəbul aktı ilə 700 kq toxum, GP seriyalı 6 nömrəli malların təhvil qəbul aktı ilə 1500 kq nitra amofos, 1500 kq amofos, 1000 kq karbomit, 1000 kq amonium nitrat gübrələri təhvil verilmişdir. Qeyd edilən təhvil aktları ilə təqdim edilən gübrələrlə bağlı xx.xx.2022-ci il tarixli iddiaçı tərəfindən təqdim edilən elektron qaimədən müəyyən edilir ki, 480,02 manat dəyərində karbamit, 1947 manat dəyərində nitra amofska, 2775 manat dəyərində amofos, 1200 manat dəyərində amonium nitrat, eyni zamanda xx.xx.2022-ci il tarixli elektron qaimə ilə 700 kq toxum dəyəri 2660 manat, cəmi 9062,01 manat dəyərində gübrə və toxum Cavabdeh təhvil verilmişdir. Eyni zamanda işdə olan bank sənədlərinə əsasən xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli ödəniş tapşırıqları ilə 7000 manat məbləğində avans Cavabdeh verilmişdir. Cavabdeh tərəfindən təqdim edilən xx.xx.2022-ci il tarixli, 751363 və 750872 nömrəli, xx.xx.2023-cü il tarixli 996767 nömrəli elektron qaimələrdən müəyyən edilir ki, 95 manat, 629,6 manat və 13.187,29 manat dəyərində soya paxlası iddiaçıya təhvil verilmişdir. Müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehə ümumi dəyəri 9602 təşkil edən gübrə, toxum təhvil vermiş, 7000 manat isə bank hesabına avans ödənişi etmişdir. Belə olan halda cavabdeh tərəfindən ödənilməli olan 16 062,01 manat məbləğ müqabilində cəmi, 13 911,89 manat (95+629,60+13.187,29=13.911,89) borcdan təhvil verdiyi məhsulun dəyəri çıxılmaqla (16.062,01-13.911,89), ümumilikdə 2150,11 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir Birinci instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.2, 448.1, 448.2, 752.1, 752.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 81, 119, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İddia ərizəsi formal mülahizələr əsasında verilmiş və həqiqəti özündə əks etdirməmişdir. Belə ki, iddiaçı ilə aramızda bağladığımız müqavilə üzrə mənim üzərimə düşən öhədlikləri tam şəkildə yerinə gətirdiyim (əkini həyata keçirməyim, müvafiq qulluqları etməyim) iş materialları ilə (hətta iddiaçı tərəfin özünün təqdim etdiyi sənədlərlə) tam şəkildə sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi isə həmin hallara heç bir hüquqi qiymət verməmişdir. Onu da diqqətinizə çatdırıram ki, məhsula qulluq edilməsi yetişdirmə barədə bütün göstərişlər iddiaçı təşkilatın əməkdaşları tərəfindən verilmiş və tərəfimizdən həmin göstərişlər olduğu kimi icra edilmişdir. xx.xx.2022-ci il tarixində iddiaçının nümayəndəsinin göstərişi əsasında məhsul biçiminə başlanılmış (xüsusi ilə diqqətinizə çatdırıram ki, biçini həyata keçirən kombaynı iddiaçı şirkətin özü göndərmişdir), sahənin bir hissəsi biçildikdən sonra məhsulun nəm vəziyyətdə olduğu bildirilərək biçin dayandırılmışdır. Həmin vaxt sahədən təxminən 900 kq məhsul əldə edilmişdir. Mən həmin məhsulu iddiaçı təşkilatın əməkdaşlarına təqdim etsəm də, onlar məhsulun nəm olduğunu, tam yetişmədiyini bildirərək qəbul etməmişlər. Daha sonra təxminən 15 gün keçdikdən sonra, xx.xx.2022-ci ildə yenidən sahədə biçin işləri başlanılmış və tərəfimizdən həmin gün 4950 kq çəkidə bir maşın, xx.xx.2022-ci ildə isə 5450 kq və 3450 kq çəkidə iki maşın soya bitkisi biçilərək iddiaçı təşkilata təhvil verilmişdir. Bununla da sahədə biçin işləri başa çatmışdır. Hesab edirəm ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, obyektiv həqiqətin üzə çıxarılması üçün cəhd edilməmişdir. Hazırki vəziyyətdə məndə belə bir sual yaranır ki, tərəfimdən müqavilə üzrə üzərimə götürdüyüm bütün öhdəliklərə əməl edildiyi halda niyə mən əlavə xərcə cəlb edilməliyəm. Həmçinin onu da diqqətinizə çatdırıram ki, mənim iddiaçıya təqdim etdiyim soya bitkiləri eyni sahədən biçilməsinə baxmayaraq, hər bir maşında olan soya məhsulunun çəkisinə ayrı-ayrı qiymətlər müəyyən edilmişdir. Məhkəmə həmin halı da araşdırmamış, göstərdiklərimə heç bir hüquqi qiymət verməmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası(bundan sonra- Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya şikayətində birinci instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən və qətnamənin tam ləğvi xahiş edildiyindən məhkəmə aktının əsaslılığı və qanuniliyi tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442.1. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, soya paxlası istehsalı və alğı-satqısı barədə tərəflər arasında 2022-ci il 10 mart tarixli, 007-S nömrəli müqavilə bağlanılmışdır. Müqavilənin şərtlərinə əsasən icraçı(hazırki iş üzrə cavabdeh) sifarişçinin(hazırki iş üzrə iddiaçı) sifarişi əsasında Oğuz rayonu Muxas kəndi ərazisində 10 ha sahədə soya paxlası əkinlərinin həyata keçirilməsi və sifarişçiyə təhvil verilməsi öhdəliyini üzərinə götürmüşdür. Müqavilə üzrə hər hektardan 3 ton olmaqla, cəmi 30 ton soya paxlası istehsal edilməsi və satışı nəzərdə tutulmuşdur. Keyfiyyət tələblərinə tam uyğun olan məhsulun hər tonunun bazar qiyməti 1000 manat, müqavilənin ümumi dəyəri 30.000 manat təşkil edir. Hazırda iddiaçı bildirir ki, cavabdehə 8337,40 manat dəyərində toxum, gübrə, dərman və avans qismində isə 7000 manat nağd pul olmaqla, ümumilikdə 15.337,40 manat məbləğində vəsait vermişdir. Cavabdeh isə üzərinə düşən öhdəliyi tam icra etməmiş və sifarışmiyə 13.187, 29 manat dəyərində məhsul təhvil vermişdir. Cavabdehin müqavilə şərtlərini pozması nəticəsində 2150,11 manat borcu yaranmışdır. Cavabdeh iddiaçının bu tələbi ilə razılaşmır və bildirir ki, onun iddiaçı qarşısında icra edilməmiş öhdəliyi yoxdur. Çünki xx.xx.2022-ci il tarixində iddiaçının nümayəndəsinin göstərişi əsasında məhsul biçiminə başlanılmış, sahənin bir hissəsi biçildikdən sonra məhsulun nəm vəziyyətdə olduğu bildirilərək biçin dayandırılmışdır. Həmin vaxt sahədən təxminən 900 kq məhsul əldə edilmişdir. Həmin məhsulu iddiaçı təşkilatın əməkdaşlarına təqdim etsə də, onlar məhsulun nəm olduğunu, tam yetişmədiyini bildirərək qəbul etməmişlər. Məhkəmə qeyd edir ki, mülki işlərə baxılması zamanı bir qayda olaraq “sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktiki hallara, yəni iddia tələbinin faktiki əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Həm də nəzərə alınmalıdır ki, iş üçün əhəmiyyət kəsb edən sübutların qiymətləndirilməsi iş üzrə toplanmış sübutetmə materialının qanunun tələbinə uyğunluğunun, tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məzmunu işin faktiki hallarına uyğun olmayan məlumatlardan təşkil edilən sübutlar əsasında çıxarılmış qətnamə isə əsaslı hesab edilə bilməz. Cavabdeh etirazının əsaslarını təsdiq edən sübutları, yəni 900 kq məhsul əldə etməsini, həmin məhsulun ona geri qaytarılmasını və iddiaçının təqsirli hərəkətləri nəticəsində məhsulun keyfiyyətinin aşağı düşməsini təsdiq edən sübutları məhkəmələrə təqdim edə bilməmişdir. Apellyasiya şikayətinin digər dəlili isə ondan ibarətdir ki, cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş soya bitkiləri eyni sahədən biçilməsinə baxmayaraq, hər bir maşında olan soya məhsulunun çəkisinə ayrı-ayrı qiymətlər müəyyən edilmişdir. Apellyasiya şikayətinin bu dəlili ilə bağlı Məhkəmə bildirir ki, Müqavilənin “məhsulun təhvil-qəbulu və dəyərinin ödənilməsi şərtləri” adlanan 4. bəndində qeyd olunur ki, məhsul tərəzidə çəkildikdən sonra sifarışçinin nümayəndəsi hər yük maşınından bir nümunə götürür və sifarişçinin müəyyən etdiyi laboratoriyada analizə verir(bənd 4.3). Laboratoriya analizinin nəticələri məhsulun qiymətinin və ödəniş həcminin müəyyən edilməsi üçün əsasdır və mübahisə obyekti ola bilməz(bənd 4.4). Cavabdeh tərəfindən təhvil verilən məhsulun dəyərinin müəyyən edilməsi tərəflər arasında bağlanmış müqavilənin 1 nömrəli əlavəsində qeyd edilən keyfiyyət parametrləri ilə əlaqələndirilmişdir ki, bunun da məhsulun dəyərinə təsir göstərməsi istisna edilmir. Bundan başqa iş materialları ilə müəyyən olunur ki, iddiçı tərəfindən laboratoriya analizinin nəticələri birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, müzakirə olunan hissədə də cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 20 sentyabr 2023-cü il tаrixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar