Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-99/2022 20.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh X1 qarşı (açar sözlər: borcun cavabdehdən tutulması) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; İddiaçı Cavabdeh qarşı “2839,17 manat borcun və ilkin mediasiya sessiyasında iştirakla bağlı ödənilən 60 manat məbləğində pulun (48,39 manatın dövlət rüsumuna aid etməklə) cavabdehdən tutularaq ödənilməsi tələbi”nə dair kommersiya mübahisəsi üzrə Şəki Kommersiyа Məhkəməsinin 26 oktyаbr 2022-ci il tаrixli, e-2-2(117)-1469/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə yаzılı icrааt qаydаsındа baxılmışdır. I.İşin halları
1. İş materiallarında olan “X2” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 28 nömrəli müqaviləyə əsasən istehsalçı mülkiyyət hüququ ilə özünə məxsus olan icarəyə götürdüyü (torpağa mülkiyyət, istifadə və ya icarə hüquqlarını təsdiq edən sənədlərin notarial qaydada, yaxud yerli icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş surəti bu müqaviləyə əlavə olununur) Ağdaş rayon Ərəbocaq kəndində yerləşən 18,5 ha torpaq sahəsində yüksək keyfiyəti pambıq əkib becərməyi və əldə edilmiş məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə “X2” MMC-yə təhvil verməyi, MMC isə məhsulu qəbul etməyi və onun dəyərini İstehsalçının borclarını çıxmaq şərtilə istehsalçıya ödəməyi öhdəsinə götürmüşdür.
2. Həmin Müqavilənin 6.2-ci bəndinə əsasən, bu müqavilə imzalandığı gündən qüvvəyə minir və 1 il müddətinə qüvvədədir.
3. Həmin Müqavilənin 2.4-cü bəndinin c yarımbəndinə əsasən, pambıq Cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixindən gec olmamaq şərti ilə son məhsulunu yığıb “X2” MMC-yə təhvil verməlidir.
4. Həmin Müqavilənin 2.4-cü bəndinin e yarımbəndinə əsasən Cavabdeh MMC-dən aldığı borcu tam həcmdə 1 dekabr 2018-ci il tarixədək ödəyir.
5. İddiaçı tərəfindən cavabdehin sifarişi əsasında 4386,56 manat dəyərində mal verilmiş, işlər görülmüş və xidmətlər göstərilmiş, lakin cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər tam yerinə yetirilməmiş və nəticədə 2839,17 manat ödənilməmiş borcu qalmışdır. Borcun olması iş və xidmətlərin görülməsi barədə akt və ödəniş qəbzləri ilə öz təsdiqini tapır.
6. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş və tələbini onunla əsaslandırmışdır ki, cavabdeh müqavilə öhdəliyini yerinə yetirmədiyindən onun ödənilməmiş 2839,17 manat borcu qalmışdır.
7. İş materiallarına əlavə olunmuş maliyyə arayışından da görünür ki, cavabdeh tərəfindən 1547,39 manat məbləğində xam-pambıq təhvil verilmiş, 2839,17 manat ödənilməmiş borcu qalmışdır.
8. İş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, xx.xx.2018-ci il tarixdə 1050 manat, xx.xx.2018-ci il tarixdə 497,07 manat pul xam pambıq üçün Cavabdeh tərəfindən ödənilmişdir.
9. İş materiallarında olan Kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxaışdan görünür ki, İddiaçı MMC hüquqi şəxs olaraq xx.xx.2018-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmış, digər kənd təsərrüfatı müəsissələrinin, həmçinin “X2” MMC-nin qoşularaq yenidən təşkil edilməsi nəticəsində yaranmışdır.
II. İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “2839,17 manat borcun və ilkin mediasiya sessiyasında iştirakla bağlı ödənilən 60 manat məbləğində pulun (48,39 manatın dövlət rüsumuna aid etməklə) cavabdehdən tutularaq ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçı tələbini qətnamənin §§ 1-9-da göstərilənlərlə əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, cavabdeh müqavilənin şərtlərini pozaraq mövsüm başa çata da 1547, 39 manat məbləğində xam pambıq təhvil vermiş, bununla iddiaçıya 2839,17 manat borcu qalmışdır.Cavabdehin borclu qalması iş və xidmətlərin görülməsi barədə akt, ödəmə tapşırıqları və üzləşmə aktı ilə təsdiq olunur. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq cavabdeh iddiaçıya olan borcunu ödəməkdən üzrsüz səbəblərdən yayınmşdır. Qeyd olunanlara əsasən iddianı təmin edilməsini xahiş etmişdir.
12. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək bildirmişdir ki, hazırki iddia üzrə 3 illik iddia müddəti ötürülmüşdür. Belə ki, müqavilə 1 il müddətinə bağlanmış və xx.xx.2019-cu il tarixdə müddəti bitmişdir. Həmin tarixdən isə 3 ildən çox müddət ötmüşdür. Odur ki, iddia tələbi üzrə iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir.
13. Şəki Kommersiyа Məhkəməsinin ( hakim Mübariz Hüseynov) 26 oktyаbr 2022-ci il tаrixli, e-2-2(117)-1469/2022 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
14. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır.
15. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı tərəfindən cavabdehin sifarişi əsasında 4386,56 manat dəyərində mal verilmiş, işlər görülmüş və xidmətlər göstərilmiş, lakin cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər tam yerinə yetirilməmiş və nəticədə 2839,17 manat ödənilməmiş borcu qalmışdır. Borcun olması iş və xidmətlərin görülməsi barədə akt və ödəniş qəbzləri ilə öz təsdiqini tapır.
16. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmənin yalnız pozulmuş hüquqları və qanuni maraqları qorumaq vəzifəsi olduğundan, iddiaçının tələbi tərəflər arasında bağlanmış müqavilə münasibətinə əsaslansa da, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə təqdim etdiyindən və hazırki iş üzrə iddia müddəti ötürüldüyündən iddia tələbi rədd edilməlidir.
17. İddiaçı həmin qətnamədən apellyasiya şikаyəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Sübutlar məhkəmələrə təqdim olunmuşdur. Həmin sübutlara: iş və xidmətlərin görülməsi barədə akt, maliyyə arayışı, cavabdehin etirazı, ödəniş qəbzləri və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
19. İddiaçı apellyasiya şikayətini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 374.1-ci maddəsinə əsasən, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Maddənin məzmunundan göründüyü kimi iddia müddətlərinin hesablanması qaydaları ilə bağlı qanunvericilikdə nəzərdə tutulan normalar, məcburiimperativ norma kimi nəzərə alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanunu ilə Mülki Məcəlləyə edilmiş 24 iyun 2005-ci il tarixli qanununa əsasən iddia müddətlərinin müəyyənləşdirilməsi və onların hesablanması qaydalarına dəyişiklik edilərək, normanın məzmununa dizpozitiv xarakter verməklə, iddia müddətlərinin və onların hesablanmasında fərqli qaydalar müəyyən edilmişdir. "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə xx.xx.2018-ci il tarixdə bağlanmış müqavilənin 6.2-ci maddəsində müqavilənin imzalandığı gündən qüvvəyə minməklə bir il müddətinə qüvvədə olması, həmçinin, bu müqavilənin müddəti başa çatdıqdan sonra maliyyə öhdəlikləri ilə bağlı müddəaların həmin öhdəliklər tam yerinə yetirilənədək qüvvədə qalması ilə bağlı şərtləri müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən tərəflər arasında bağlanmış müqavilənin 6.2-ci maddəsinin ilk cümləsinə-müqavilənin imzalandığı gündən qüvvəyə minməsi və bir il müddətində qüvvədə qalmasına dair hissəsinə istinad etmiş, lakin həmin bəndin digər hissəsi olan müqavilənin müddəti başa çatdıqdan sonra tərəflərin maliyyə öhdəliklərinin tam yerinə yetirilənədək qüvvədə qalmasına dair dizpozitiv şərtlərinə əhəmiyyət verməmiş və maddi hüquq normalarını düzgün tətbiq etmədən, hüququn tətbiqində səhvə yol vermişdir. Müqavilənin imzalandığı gündən qüvvəyə minməsi və bir il müddətində qüvvədə olmasına dair müddəaları, həmin mövsüm üçün bağlanmış müqaviləni nəzərdə tutmaqla, maliyyə öhdəliklərinin tam olaraq yerinə yetirilənədək icra edilməsini zəruri şərt kimi nəzərdə tutmuş və tərəflər arasında razılaşdırılmaqla, imzalanmışdır. Lakin işə baxan məhkəmə hüquq normasının tətbiqində səhvə yol verməklə, müddəti tətbiq etməklə, iddianı rədd etmişdir. Göstərilənlərə əsasən, Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-1469/2022 saylı xx.xx.2022 tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
21. Məhkəmə kollegiyаsı Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 394-1.3-cü mаddəsinə əsаsən işə yаzılı icrааt qаydаsındа, yəni məhkəmə iclаsı keçirilmədən və tərəflər izаhаtlаrı dinlənilmək üçün çаğırılmаdаn, tərəflərin təqdim etdiyi iş mаteriаllаrındа olаn sənədlər əsаsındа bаxmışdır.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
22. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. İş üzrə iddiaçı tərəf apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikasınınn Mülki Məcəlləsi
24. Maddə 14.2.1. Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
25. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.
26. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
27. Maddə 386.1. Öhdəliyin əmələ gəlməsinin əsаslаrındаn biri kimi tərəflər аrаsındа müqаvilənin olmаsıdır.
28. Maddə 442. Öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür.
29. Maddə 445.2.1 Öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır.
30. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir.
31. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
32. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
33. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.
34. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
35. Maddə 376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir.
36. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
37. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
38. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
39. Maddə 14.2-ci Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 42.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
43. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 44.Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
45. Maddə 394-1.1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilirsə, məhkəmə onun daxil olduğu vaxtdan 5 iş günü ərzində apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri işdə iştirak edən şəxslərə rəsmi qaydada verir.
46. Maddə 394-1.2. İşdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildiyi vaxtdan 10 iş günü müddətində apellyasiya şikayətinə qarşı əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri məhkəməyə göndərə bilər.
47. Maddə 394-1.3. Apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 48.Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
49. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
50. Maddə 384.0.1 Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
51. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 06 may 2022-ci il tarixli, e-2-2(117)-227/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
53. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, tərəflər arasında podrat, xidmət və alqı-satqı münasibətlərindən əmələ gələn qarışıq müqavilə bağlanmışdır.
54. "X2” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 28 nömrəli müqaviləyə əsasən İstehsalçı mülkiyyət hüququ ilə özünə məxsus olan icarəyə götürdüyü (torpağa mülkiyyət, istifadə və ya icarə hüquqlarını təsdiq edən sənədlərin notarial qaydada, yaxud yerli icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş surəti bu müqaviləyə əlavə olununur) Ağdaş rayon Ərəbocaq kəndində yerləşən 18,5 ha torpaq sahəsində yüksək keyfiyyətli pambıq əkib becərməyi və əldə edilmiş məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə "X2” MMC-yə təhvil verməyi, MMC isə məhsulu qəbul etməyi və onun dəyərini İstehsalçının borclarını çıxmaq şərtilə İstehsalçıya ödəməyi öhdəsinə götürmüşdür.
55. İddiaçı tərəfindən cavabdehin sifarişi əsasında 4386,56 manat dəyərində mal verilmiş, işlər görülmüş və xidmətlər göstərilmiş, lakin cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər tam yerinə yetirilməmiş və nəticədə 2839,17 manat ödənilməmiş borcu qalmışdır. Borcun olması iş və xidmətlərin görülməsi barədə akt və ödəniş qəbzləri ilə öz təsdiqini tapır.
56. İş materiallarına əlavə olunmuş maliyyə arayışından da görünür ki, cavabdeh tərəfindən 1547,39 manat məbləğində xam-pambıq təhvil verilmiş, 2839,17 manat ödənilməmiş borcu qalmışdır.
57. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirsə də cavabdeh öhdəliyini lazımınca yerinə yetirməmiş və onun iddiaçıya 2839,17 manat ödənilməmiş borcu qalmışdır. Göründüyü kimi iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmuşdur.
58. Lakin, cavabdeh tərəf iddia müddətinin tətbiqi barədə ərizə verdiyindən və iddiaçı qanunvericiliyin tələbinə görə birinci instansiya məhkəməsi hazırkı iddaya idiia müddətini tətbiq etmişdir.
59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009- cu il tarixli və s. Qərarlar).
60. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarı).
61. Qanunvericiliyin tələbi baxımından hazırkı mübahisə üzrə iddia müddətinin başlanğıcı müqavilənin müddətinin bitmə anı ilə müəyyən edilir ki, müqavilə xx.xx.2018-ci il tarixdə 1 il müddətinə bağlanmış və alqı-satqı müqaviləsinin qüvvədə olma müddəti xx.xx.2019-cu il tarixdə bitmişdir. Cavabdehin sonuncu ödənişi xx.xx.2018-ci il tarixdə olduğundan, həmin tarixdən xx.xx.2018-ci il tarixədək ümumiyyətlə ödəniş edilmədiyindən müqavilənin icra müddətinin bitmə tarixi olan xx.xx.2019-cu il tarixdən hesablanır.
62. İddia müddəti xx.xx.2019-cu il tarixdə başlanmış və xx.xx.2022-ci il tarixdə bitmişdir ki, iddiaçı iddia müddəti ərzində məhkəməyə müraciət etməmiş və sonuncunun hazırki iddia tələbi ilə ilkin məhkəməyə müraciəti elektron kabinet vasitəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur.
63. Göründüyü kimi iddiaçı iddiia müddətinin ötürdükdən sonra məhkəmədə iddia qaldırmışdır.
64. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir.
65. Beləliklə məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə iddiaçının dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur.
66. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu müqavilənin müddəti başa çatdıqdan sonra maliyyə öhdəlikləri ilə bağlı müddəaların həmin öhdəliklər tam yerinə yetirilənədək qüvvədə qalmasına dair şərti ilə bağlı qeyd edir ki, həmin şərt Mülki Məcəllənin tələblərinə uyğun deyildir.
67. Mülki Məcəllənin iddia müddətləri və iddia müdətlərinin tətbiqi ilə bağlı normaları imperativ xarakterə malikdir.
68. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq tərəflər arasında bağlanmış müqavilənin 6.2-ci bəndinin birinci cümləsinə istinad etməklə (bu müqavilə imzalandığı gündən qüvvəyə minir və 1 il müddətinə qüvvədədir) hazırkı mübahisəyə iddiia müddətini tətbiq etmişdir.
69. Apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.4.4-cü maddəsinin tələblərini pozması barədə dəlilini də əsassız sayaraq qeyd edir ki, hazırkı mübahisəyə iddia icraatında baxılmasına əsas verən hallar yaranmamışdır.
70. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.
71. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.
72. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
73. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir
74. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin Şəki Kommersiyа Məhkəməsinin 26 oktyаbr 2022-ci il tаrixli, e-2-2(117)-1469/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
75. Hazırkı kommersiya mübahisəsi üzrə üzrə mübahisələndirilən məbləğ on min manatdan az olduğuna görə iş üzrə çıxarılmış qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır Nəticəvi hissə:
Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiyа Məhkəməsinin 26 oktyаbr 2022-ci il tаrixli, e-2-2(117)- 1469/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz.