Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-1149/2020 30.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Xasayeva İradə Ədalət qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ASC cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 137.477,91 manat məbləğində əsas borc, 20.404,90 manat cərimə borcu və 30 manat dövlət rüsumunun, cəmi 157.912,81 manat pul vəsaitinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 22 sentyabr tarixli 226 nömrəli qərarı ilə təsdiq olunmuş “Dövlət vəsaiti hesabına idxal olunan damazlıq heyvanların 50 faiz güzəştlə lizinq yolu ilə heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına satılması Qaydaları”na müvafiq olaraq İddiaçı ASC ilə “X2” MMC arasında bağlanmış müqavilələr əsasında 271 baş Holştin-friz cinsli heyvan və onların xx xxx 2018-ci il tarixinə qalan lizinq qrafiki üzrə öhdəlikləri xx xxxxxx 2019-cu il tarixli 01-ÖT/19 nömrəli öhdəliklərin ötürülməsi barədə müqavilə ilə “xxxx” ASC-nin “xxxx” MMC-nə verilmişdir. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, heç bir ödəniş etməmişdir. Nəticədə müqavilə üzrə əsas borc 137.477,91 manat və lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış cərimə 20.404,90 manat məbləğində olmuşdur. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Belə ki, bağlanmış müqavilənin 2.2.2-ci bəndinə əsasən cavabdeh lizinq ödənişlərini vaxtında və tam həcmdə ödəməyi öhdəsinə götürmüşdür. Bununla da cavabdeh İddiaçı ASC ilə bağladığı müqavilənin həmin bəndi ilə nəzərdə tutulmuş lizinq ödənişlərinin qrafik üzrə vaxtında və tam ödənilməsinə dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh tərəfindən ödənişlər yerinə yetirilməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı ASC xx.xx.2020-ci il tarixdə xx.xx.2019-cu il tarixli qərardadından şikayət verərək, həmin qərardadının ləğv edilməsini və İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsinin icraata götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ləğv edilmiş, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək 235.082,45 manat məbləğində əsas borcun, 20.404,90 manat məbləğində cərimənin və 30 manat dövlət rüsumunun, cəmi 255.517,35 manat məbləğində pul vəsaitinin “xxxx” MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi dəqiqləşdirilmiş iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti təhvil verilmiş heyvanların dəyərinin tərəflərindən ödənilmədiyini bildirmiş, lakin iddiaçı ilə barışmaq üçün tərəflərə vaxt verilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən barışıq əldə edilməsi üçün vaxt verilməsinə baxmayaraq barışıq əldə edilməmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 01-ÖT/19 öhdəliklərin ötürülməsi barədə müqaviləyə əsasən AR Prezidentinin 2017-ci il 4 dekabr tarixli 1704 nömrəli fərmanına əsasən “xxxx” QSC BOKT problemli aktivlərin (borcların) əvəzinə “X2” MMC-dən xx xxx 2018-ci il tarixli aktla təhvil alınmış 271 baş Holstin-friz cinsli damazlıq heyvanların qalıq dəyəri “xxxx” MMC tərəfindən ödəniş qrafikinə uyğun tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra borclunun mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Həmin müqavilənin: 1.2-ci bəndinə əsasən həmin müqavilənin 1.1-ci və 1.4-cü bəndlərinə əsasən 271 baş Holstin-friz cinsli damazlıq heyvanları üzrə xx xxx 2018-ci il tarixə olan qalıq borcun 62.393,91 manat məbləğində hissəsini 2019-cu ilin yanvar ayının sonunadək və damazlıq heyvanların qalıq dəyərindən 195.211,59 manat məbləğində ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Borclu tərəfindən ödənilmiş məbləğ heç bir halda ona geri qaytarılmır. Maliyyə arayışına əsasən xx.xx.2019-cu il tarixli 01-ÖT/19 nömrəli müqavilə üzrə müqavilə məbləği: 257.606,27 manat, lizinq alanın maliyyə borcu cəmi: 157.882,81 manat (o cümlədən, gecikdirilmiş borc: 137.477,91 manat, hesablanmış cərimə: 20.404,90 manat) təşkil edir. “xxxx” QSC BOKT-dan “xxxx” ASC-nin balansına verilən dövlət əmlakının təhviltəslimi ilə bağlı yaradılmış işçi qrupu tərəfindən “X2” MMC-nin aktivlərinin dəyərinin, xammal və hazır məhsul qalığının, debitor-kreditor borclarının xx.xx.2018-ci il tarixə olan vəziyyətinin yoxlanılmasına dair aktdan görünür ki, İddiaçı ASC ilə “X2” MMC arasında bağlanmış müqavilələr üzrə lizinq obyekti olan 271 baş heyvan təhvil alınmışdır. İddiaçı ASC tərəfindən ASC/P-64 saylı xx.xx.2019-cu il tarixli pretenziya məktubu ilə təsdiq edilir ki, cavabdehə mübahisəli müqavilə üzrə borcun ödənilməsi təklif edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə “xxxx” MMC arasında bağlanılmış xx xxxxxx 2019-cu il tarixli 01-ÖT/19 nömrəli öhdəliklərin ötürülməsi barədə müqavilə ilə İddiaçı ASC ilə “X2” MMC arasında bağlanmış lizinq müqavilələri əsasında “X2” MMC-yə təhvil verilmiş 271 baş Holştin-friz cinsli heyvan və “X2” MMC-nin xx xxx 2018-ci il tarixinə qalan lizinq qrafiki üzrə öhdəlikləri “xxxx” ASC-nin “xxxx” MMC-yə verilmişdir. Həmin müqavilə üzrə “X2” MMC-nin İddiaçı ASC-yə olan cəmi 257.606,27 manat məbləğində pulun ödənilməsi öhdəliyi “xxxx” MMC-yə ötürülmüşdür. Cavabdeh “xxxx” MMC həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, nəticədə cavabdehin müqavilə üzrə 235.082,45 manat məbləğində əsas borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1. maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanlımalı olduğunu müəyyən edir. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 522.1-ci maddəsinə görə kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. 522.2-ci maddəsinə görə əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Belə olan halda məhkəmə cavabdeh “xxxx” MMC-nin tərəflər arasında bağlanmış müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini, nəticədə İddiaçı ASC-yə 235.082,45 manat məbləğində borcunun yarandığını, İddiaçı ASC-nin isə həmin borcun ödənilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, əsas borcunun tutulması tələbinə dair hissədə iddia təmin edilməli, cavabdehdən 235.082,45 manat məbləğində əsas borc tutulmalıdır. İddianın cərimə borcunun tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddənin məzmunundan göründüyü kimi öhdəliyin icrasının gecikdirilməsinə görə borclunun kreditora cərimə ödəməli olması tərəflər arasında bağlanmış müqavilədə müəyyənləşdirilməlidir. İş materiallarına əlavə edilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 01-ÖT/19 öhdəliklərin ötürülməsi barədə müqavilədə isə öhdəliyin icra edilməsinin gecikdirilməsinə görə cərimənin hesablanması barədə şərt yer almamış Belə olan halda məhkəmə hesab edir ki, dəbbə pulunun ödənilməsi tələbinə dair hissədə iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 5 manat hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 25 manat məbləğində pul vəsaiti cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən 235.082,45 manat (iki yüz otuz beş min səksən iki manat qırx beş qəpik) məbləğində əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 (iyirmi beş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İddia verilərkən ödənilmiş dövlət rüsumunun 5 (beş) manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-2(113)-1149/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-1149/2020
30.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver