Məhkəmə qərarları › İş №2-2(113)-1200/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-1200/2025

02.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-1200/2025 02.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: sığorta müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi X5, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı X6 cavabdeh "xxxx" ASC (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21025 manat zərərin cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, etibarnamə əsasında “Nissan Patrol”minik markalı, ** AR *** dövlət nömrə nişanlı abtomobili idarə edir. Avtomobil İddiaçı MMC-nin mülkiyyətindədir. İdarə etdiyi avtomobillə əlaqədar "xxxx" ASC ilə aralarında xx.xx.2023-cü il tarixdən kasko sığorta müqaviləsi bağlanmışdır. xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı idarə edilən avtomobilə maddi zərər dəymişdir. Zərərin ödənilməsi ilə əlaqədar cavabdeh sığorta şirkətə müraciət olunmuşdur. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, avtomobilə dəymiş zərərlə bağlı 2430 manat ödənilməsinə razılıq verilməsi qeyd olunmuşdur. Qeyd olunan məbləğin ödənilməsi ilə razı deyil, belə ki, avtomobilə daha çox zərər dəymişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qüsur aktından görünür ki, “Nissan Patrol”minik markalı, ** AR *** dövlət nömrə nişanlı avtomobillə bağlı 4980 manat məbləğində işlərin görülməsi məsləhət görülmüşdür. Arayışın qeyd hissəsində göstırilmişdir: Qeyd: təmir prosesində nəzərdə tutulmuş ehtiyyat hissələrinin ilə təmin olundu. Bundan əlavə digər ehtiyyat hissələri hazırda anbarda olmadığından sifariş əsasında gəlir. Həmin ehtiyyat hissələrinin adları və bu günə olan sifariş qiymətləri aşağıdakılardır: təkərin hava təzyiqini göstərən datçik 1 ədəd-245 azn, disk 2 ədədqabaq və arxa sol-1 ədədi 2990 azn, 2 ədədi 5980 azn, arxa bufer- 480 azn, ön bufer- 560 azn, padnoşkalar 1 ədədi- 2650 azn, ön fara 1 ədəd 3300 azn, arxa buferin salaskası- 30 azn. Yuxarıda sifariş olunan ehtiyyat hissələrinin dəyişdirilməsi üçün zəhmət haqqı 300 azn olacaq. Arxa bufer dəyişdirildikdən sonra əlavə parlaq arxa sol ölü zona radarı qoyulacaqdır. Arxa ölü zons radarının qiyməti 2120 azn olacaq. Ölü zona radarların dəyişdirilmə xərci 30 azn. Proqramlaşdirma 350 azn olacaq. Hesab edilir ki, yuxarıda qeyd olanan cəmi məbləğ 21025 azn cavabdehdən tutulub iddiaçının xeyrinə ödənilməlidir.

3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)- 2110/2024 saylı qərardadı ilə iddiaçı X6 əsl İddiaçı MMC (bundan sonra – iddiaçı) ilə əvəz edilmişdir.

4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)- 2110/2024 saylı qəradadı ilə iş baxılması üçün aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir.

5. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək iddianın qismən, 7105 manat miqdarında (500 manat azadolma tətbiq edilməklə) təmin edilməsini, qalan hissədə təmin edilməməsini xahiş etmişdir.

6. Etiraz onunla əsaslandırılmışdır ki, Elnur Hüseynov tərəfindən məhkəməyə təqdim edilən M0720/23 saylı sığorta şəhadətnaməsi İddiaçı MMC-yə məxsus “BMW 740 İM sport hibrid” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilə aiddir. “Nissan Patrol” markalı **-AR-*** dövlət nömrə nişanlı avtomobilin sığorta şəhadətnaməsi isə M0756/23 saylı sığorta şəhadətnaməsidir (Qoşmaya əlavə olunur). M0720/23 saylı sığorta şəhadətnaməsi M0756/23 saylı sığorta şəhadətnaməsindən aşağıdakı fərqləri mövcuddur: M0720/23 saylı sığorta şəhadətnaməsində azadolma 1000 (min) manat, M0756/23 saylı sığorta şəhadətnaməsində isə 500 (beş yüz) manatdır; M0720/23 saylı sığorta şəhadətnaməsinin 9-cu bəndinə əsasən hər hansı bir hadisə nəticəsində zədələnmiş və bərpası mümkün olan ehtiyyat hissələrinin yalnız bərpa xərcləri, bərpası mümkün olmadıqda eynisi ilə əvəz olunma xərcləri bu şərtlərin 4-cü bəndinin tələbləri nəzərə alınmaqla sığortaçı tərəfindən ödənilir və təmir işləri “BMW”-nin rəsmi təmir müəssisələrində həyata keçirilir. M0756/23 saylı sığorta şəhadətnaməsinin 9-cu bəndinə əsasən hər hansı bir hadisə nəticəsində zədələnmiş və bərpası mümkün olan ehtiyyat hissələrinin yalnız bərpa xərcləri, bərpası mümkün olmadıqda eynisi ilə əvəz olunma xərcləri bu şərtlərin 4-cü bəndinin tələbləri nəzərə alınmaqla sığortaçı tərəfindən ödənilir və təmir işləri sığortaçı tərəfindən təyin olunmuş təmir müəssisələrində həyata keçirilir. Göründüyü kimi, hər iki sığorta şəhadətnaməsində hər hansı bir hadisə nəticəsində zədələnmiş və bərpası mümkün olan ehtiyyat hissələrinin sığortaçı tərəfindən yalnız bərpa xərclərinin ödənilməsi öhdəlik kimi qəbul edilmişdir. Əlavə olaraq M0720/23 saylı sığorta şəhadətnaməsindən fərqli olaraq M0756/23 saylı sığorta şəhadətnaməsində (“Nissan Patrol” markalı **-AR-*** dövlət nömrə nişanlı avtomobilə) sığortaçı tərəfindən rəsmi servis təminatı verilməmişdir. “Nissan Patrol” markalı **-AR-*** dövlət nömrə nişanlı avtomobilə rəsmi servis təminatı verilmədiyi halda avtomobilə faktiki sahiblik edən şəxs Elnur Hüseynov "xxxx" MMC-dən qüsur aktı əldə edərək məhkəməyə təqdim etmiş, məhkəmədə ekspertiza keçirilən zaman həmin qüsur aktını ekspertə təqdim etmişdir. xx.xx.2024-cü il tarixli, 9/8377 saylı ekspert rəyi də yalnız xx.xx.2024-cü il tarixli "xxxx" MMC-nin qüsur aktına istinad etməklə avtomobilə dəymiş zərərin miqdarını müəyyən etmişdir. Bu səbəbdən ekspert rəyi mötəbər hesab edilə bilməz. Ümumiyyətlə, M0756/23 saylı sığorta şəhadətnaməsinin 9-cu bəndinə əsasən hər hansı bir hadisə nəticəsində zədələnmiş və bərpası mümkün olan ehtiyyat hissələrinin yalnız bərpa xərcləri, bərpası mümkün olmadıqda eynisi ilə əvəz olunma xərcləri sığortaçı tərəfindən ödənilir və təmir işləri sığortaçı tərəfindən təyin olunmuş təmir müəssisələrində həyata keçirilir. Göründüyü kimi həmin avtomobilin zədələnmiş hansı ehtiyyat hissələrinin bərpa edilməsinin mümkünlüyü araşdırılmamışdır. Halbuki, M0756/23 saylı sığorta şəhadətnaməsinin 9-cu bəndinə əsasən zədələnmiş və bərpası mümkün olan ehtiyyat hissələrinin sığortaçı tərəfindən yalnız bərpa xərclərinin ödənilməsi öhdəlik kimi qəbul edilmişdir. Həmçinin M0756/23 saylı sığorta şəhadətnaməsinin 13-cu bəndinə əsasən zədələnmiş nəqliyyat vasitəsinin təmirinə Sığortaçı tərəfindən nəzarət aparılacaq və təmirlə bağlı qərarlar (ehtiyyat hissəsinin dəyişdirilməsi və ya təmir edilməsi, detalın boyanması və ya cilalaması və s.) sığortaçı ilə razılaşdırılmalıdır. Digər tərəfdən M0756/23 saylı sığorta şəhadətnaməsin həmin avtomobilə rəsmi servis təminatı verilməməsi də nəzərə alınmamışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 9/8377 saylı ekspert rəyi əsaslı olmadığından həmin avtomobilin fotoşəkilləri əsasında onun zədələnmiş ehtiyyat hissələrinin dəyərini, işçilik xərclərini və hansı ehtiyyat hissələrinin bərpa edilməsinin mümkünlüyünün araşdırılması zəruri olduğundan cavabdeh tərəfindən sığorta bazarına nəzarət edən dövlət orqanın- Azərbaycan Respublikasının Mərkəzi Bankının reyesterində qeydiyyatda olan müstəqil ekspertlərə müraciət edilmişdir. Qoşmaya əlavə edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankının reyesterində qeydiyyata alınan "xxxx" MMCnin xx.xx.2024-cü il tarixli müstəqil sığorta eksperti rəyinə əsasən həmin nəqliyyat vasitəsinə dəymiş zərərin miqdarı 7605 manat, xx.xx.2024-cü il tarixli digər müstəqil sığorta eksperti rəyinə əsasən isə dəymiş zərərin miqdarı 7365 manat müəyyən edilmişdir. Göründüyü kimi "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli müstəqil sığorta eksperti rəyindəki zərərin miqdarı digər müstəqil sığorta eksperti rəyindən sığortalının xeyrinə fərqlənir. Bu səbəbdən "xxxx" MMC-nin xx.xx.2024- cü il tarixli müstəqil sığorta eksperti rəyi məhkəməyə sübut qismində qiymətləndirilməsi üçün təqdim edilir. "xxxx" MMC-nin 14.11,2024-cü il tarixli müstəqil sığorta eksperti rəyinin xx.xx.2024-cü il tarixli, 9/8377 saylı ekspert rəyindən aşağıdakı fərqlən mövcuddur: Sol ayaqaltı xx.xx.2024-cü il tarixli, 9/8377 saylı ekspert rəyində 2650 manat olduğu halda "xxxx" MMC-nin 14.11,2024-cü il tarixli müstəqil sığorta eksperti rəyində 2000 manatdır. Həmin ekspert rəyi Elnur Hüseynov tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2024-cıı il tarixli "xxxx" MMC-nin qüsur aktına istinad etməklə rəy verdiyi üçün sol ayaqaltının qiyməti 2650 manat müəyyən edilmişdir, lakin qeyd etmək lazımdır ki, həmin ehtiyyat hissəsi rəsmi servis olan "xxxx" MMC-də bu qiymətə təklif edilir. Hər bir halda nəzərə alınmalıdır ki, M0756/23 saylı sığorta şəhadətnaməsində (“Nissan Patrol” markalı **-AR-*** dövlət nömrə nişanlı avtomobilə) Sığortaçı tərəfindən rəsmi servis təminatı verilməmişdir. Bu səbəbdən həmin ehtiyyat hissəsinin (sol ayaqaltının) dəyəri müəyyən olunduğu zaman "xxxx" MMC-də təklif edilən qiymət istisna edilməli, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli müstəqil sığorta eksperti rəyində göstərilən orta bazar qiyməti nəzərə alınmalıdır. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli müstəqil sığorta eksperti rəyində arxa ölü zona radarı zədələnmiş ehtiyyat hissəsi kimi qeyd edilməmişdir. Belə ki, həmin ehtiyyat hissəsi blokdan ibarətdir və arxa buferin salaskasının arxasında yerləşir. Məhkəməyə tədim edilmiş fotoşəkillərdən aydın olur ki, arxa buferin salaskası avtomobilin üzərindədir. Bu səbəbdən onun arxasında yerləşən blokun (arxa ölü zona radarı) zədələnməsi qeyrimümkündür. xx.xx.2024-cü il tarixli, 9/8377 saylı ekspert rəyində disk, arxa bufer, ön bufer, ön fara ehtiyyat hissələrinin yenisinin rəsmi servis qiyməti qeyd olunmuşdur, lakin "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli müstəqil sığorta eksperti rəyində həmin ehtiyyat hissələrinin təmir edilməsi yolu ilə bərpası mümkün olduğundan işçilik xərclərinə əlavə edilmiş və nəticədə işçilik xərcləri 2250 manat təşkil etmişdir. Belə ki, xx.xx.2024-cü il tarixli, 9/8377 saylı ekspert rəyində işçilik xərcləri 1215 manat müəyyən edilmişdir. Nəzərə almaq lazımdır ki, xx.xx.2024-cü il tarixli, 9/8377 saylı ekspert rəyində "xxxx" MMC-də təklif edilən ehtiyyat hissələrinin yenisinin qiyməti əks edilmişdir. Digər tərəfdən Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-2110/2024 saylı qərardadında ekspertə hansı ehtiyyat hissələrinin təmir edilməsi yolu ilə bərpasının mümkün olması sualı qoyulmamışdır. M0756/23 saylı sığorta şəhadətnaməsinin 9-cu bəndində əks edilmiş (hər hansı bir hadisə nəticəsində zədələnmiş və bərpası mümkün olan ehtiyyat hissələrinin yalnız bərpa xərcləri, bərpası mümkün olmadıqda eynisi ilə əvəz olunma xərcləri bu şərtlərin 4-cü bəndinin tələbləri nəzərə alınmaqla sığortaçı tərəfindən ödənilir və təmir işləri sığortaçı tərəfindən təyin olunmuş təmir müəssisələrində həyata keçirilir.) müddəadan çıxış edərək həmin ehtiyyat hissələrinin təmir edilməsi yolu ilə bərpasının mümkün olduğundan yenisi ilə əvəz edilməməlidir, təmir edilməklə bərpa edilməlidir. Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericilyinin tələblərinə əsasən hazırki mülki iş üzrə "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli müstəqil sığorta eksperti rəyi xx.xx.2024-cü il tarixli, 9/8377 saylı ekspert rəyi ilə yanaşı qiymətləndirilməlidir. Lakin hər bir halda məhkəməyə aydın olmalıdır ki, aşağıda qeyd edilən əsaslar üzrə xx.xx.2024-cü il tarixli, 9/8377 saylı ekspert rəyi mötəbər rəy hesab edilə bilməz: Həmin avtomobilə rəsmi servis təminatı verilmədiyi halda ekspert xx.xx.2024-cü il tarixli "xxxx" MMC-nin qüsur aktına istinad etməklə ehtiyyat hissələrinin rəsmi servis qiymətini müəyyən etmişdir; Ekspertizanın aparılması zamanı həmin nəqliyyat vasitəsinə baxış keçirilmədiyindən həmin avtomobilin hansı ehtiyyat hissələrinin zədələnməsini dəqiq müəyyən edilməmişdir, belə ki avtomobilin yuxarıda qeyd edilən səbəblərdən arxa ölü zona radarı zədələnməsi istisna edilir. Göstərilənlər nəzərə alınaraq AR MPM-in 103.2-ci maddəsinə əsasən hesab edilir ki, məhkəmə xx.xx.2024-cü il tarixli, 9/8377 saylı ekspert rəyi ilə razılaşmamalıdır və "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli müstəqil sığorta eksperti rəyinə əsaslanmalıdır. Ümumiyyətlə, həmin ekspert rəyi "xxxx" ASC ilə İddiaçı MMC arasında bağlanılan M0756/23 saylı sığorta şəhadətnaməsində qeyd edilən sığorta münasibətləri nəzərə alınmamaqla hadisələrin təsadüfi axarı zəminində verilmiş və təyin edilmişdir. “Nissan Patrol” markalı **-AR-*** dövlət nömrə nişanlı avtomobilin hər hansı ehtiyyat hissəsi dəyişdirilərsə onun zədələnmiş ehtiyyat hissəsi sığortaçıya məxsusdur. Lakin bir sıra ehtiyyat hissələrinin bərpası mümkün olduğundan və sığortalının yalnız onların təmir xərclərini qarşıladığından həmin qalıqların (ehtiyyat hissələrinə) cavabdehə qaytarılması ilə bağlı qarşılıqlı iddia verilməsinə zərurət yoxdur. Keçirilən məhkəmə iclaslarında avtomobilə faktiki sahiblik edən şəxs Elnur Hüseynov "xxxx" MMC-nin qüsur aktında göstərilən dəyişdirilməli olan ehtiyyat hissəsini dəyişmiş, bəzi ehtiyyat hissələrini isə sifariş etdiyini qeyd etmişdir. Lakin ondan bu işlərin görülməsini təsdiq edən sənədlərin cavabdeh tərəfindən məhkəməyə təqdim edilməsinin tələb edilməsinə baxmayaraq o, həmin ödənişi müxtəlif bəhanələrlə məhkəməyə təqdim etməkdən imtina etmişdir. Nəticə etibarı ilə o, həmin avtomobilin rəsmi servis təminatı olmadığı və bəzi ehtiyyat hissələrinin dəyişdirmədən bərpası mümkün olduğu halda cavabdeh və İddiaçı MMC arasında olan sığorta münasibətlərindən sui-istifadə etməklə sığorta münasibətlərini əsassız varlanmanın predmeti kimi istifadə etmək niyyətindədir. Disk, arxa bufer, ön bufer, ön fara ehtiyyat hissələrinin dəyişdirilmədən bərpası mümkün olduğundan sığortaçı olaraq həmin ehtiyyat hissələrinin yenisi ilə dəyişdirilməsinə razılıq bildirilmir, M0756/23 saylı sığorta göstərilən hüquqdan istifadə edərək onların bərpa edilməsinə razılıq verilir.

II. Tərəflərin mövqeləri:

7. Məhkəmə iclasında iddiaçının nümayəndəsi A.Musayeva iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

8. Məhkəmə iclasında cavabdehin nümayəndəsi S.Allakhveranova iddia ərizəsinə yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin qismən, 7105 manat hissəsində təmin edilib, qalan hissədə rədd edilməsini xahiş etdi.

9. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxs E.Hüseynov məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

10. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

11. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

12. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “X11” markalı 77AR969 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçının xüsusi mülkiyyətindədir.

13. M0756/23 nömrəli avtonəqliyyat vasitələrinin kompleks sığortası şəhadətnaməsinə görə İddiaçı MMC-yə məxsus “X11” markalı 77AR969 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-xx.xx.2024 müddəti üçün sığorta edilmişdir.

14. İddiaçı (alıcı) ilə X6 (satıcı) arasında bağlanmış xx.xx.2023-cü il tarixli lizinq obyektinin alqı-satqı müqaviləsinə görə satıcı 2022-ci il buraxılışlı “X11” markalı 77AR969 dövlət qeydiyyat nişanlı avtomobilin alıcıya satılmasını, alıcı isə həmin əmlakın bu müqavilənin 3.1-ci bəndində müəyyən edilmiş qiymətinin satıcıya ödənilməsini və onun qəbul edilməsini öhdəsinə götürür.

15. İddiaçı (lizinq verən) X7 (lizinq alan) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, A804 nömrəli daxili maliyyə lizinqi müqaviləsinə görə lizinq verən 2022-ci il buraxılışlı “X11” markalı 77AR969 dövlət qeydiyyat nişanlı avtomobili lizinq alanın istifadəsinə verməyi, lizinq alan isə bu müqavilədə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür.

16. İddiaçı tərəfindən X4 verilmiş xx.xx.2024-cü il tarixli etibarnaməyə görə sonuncuya xx.xx.2024-cü il tarixədək iddiaçının mülkiyyətində olan “X11” markalı 77AR969 dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi səlahiyyəti verilmişdir.

17. Bakı şəhər DYPİ-nin polis kapitanı X8 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola görə X6 “X11” markalı 77AR969 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün inzibati məsuliyyətə cəlb edilmişdir.

18. Bakı şəhər DYPİ-nin polis kapitanı X8 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərara görə X6 “X11” markalı 77AR969 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 40 manat cərimə inzibati tənbeh növü tətbiq edilmişdir.

19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 9/8377 nömrəli ekspert rəyinin nəticə hissəsinə görə "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktı məlumatlarına əsasən 2022-ci il buraxılışlı “X11” markalı 77AR969 dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə təmir-bərpa xərci təxminən 21025 manat (dəyişilməli hissələrin qiyməti-19810 manat, təmir-bərpa işlərinin qiyməti-1215 manat) müəyyən edilmişdir.

20. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 9/893 nömrəli ekspert rəyinin nəticə hissəsinə görə avtoehtiyat hissələrinin təmir-bərpa xərclərinin dəyəri avtoservislərin xidmət səviyyəsindən, həmin ehtiyyat hissələrinin zədələnmə dərəcəsindən və sair asılı olaraq müxtəlif qiymətlərə olur. Həmçinin, avtoehiyyat hissələrinin təmir-bərpa xərclərinin məbləği sifarişçi ilə sifarişi yerinə yetirən tərəf arasında qarşılıqlı razılılaşma əsasında müəyyən edilir. Bakı şəhəri avtohissələr satışı bazarlarında, mağazlarında (Nurgün Motorosdan əldə edilmiş məlumat) və Məhkəmə Ekspertizası Mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan istifadə edilməklə 2022-ci il buraxılışlı “X11” markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilin ayaqaltının (padnoşka) hal-hazırki dövrə sifariş əsasında orta bazar qiyməti nəzəri qaydada təxminən 2485 manat (ƏDV daxil) müəyyən edilir. İddiaçı MMC-nin mülkiyyətində olan 2022-ci il buraxılışlı “X11” markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobildə zədələnmiş detalların dəyişdirilib-dəyişdirilməməsinin müəyyən edilməsi məhkəmə-əmtəəşünaslıq ekspertizasının predmetinə aid deyil. Qeyd edilir ki, həmin sual sahə üzrə ixtisaslaşmış mütəxəssislər (dəmirçi, armaturçu, çilingər, rəngsaz və sair) tərəfindən cavablandırıla bilər.

21. Məhkəmə nümayəndələrin izahatlarını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

23. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.

24. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.

25. 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir.

26. 922.3-cü maddəsinə əsasən sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır.

27. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

28. İşin araşdırılan hallarından məlum olur ki, iddiaçının mülkiyyətində olan nəqliyyat vasitəsinə dair tərəflər arasında xx.xx.2023-cü il tarixdə könüllü sığorta müqaviləsi bağlanmış, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində (xx.xx.2024-cü il tarixdə) sığorta hadisəsi baş vermiş və sözügedən avtomobilə ziyan dəymiş, iddiaçı tərəfindən sığorta ödənişin ödənilməsi ilə bağlı cavabdehə müraciət edilmiş, cavabdeh tərəfindən iddiaçıya 7105 manat miqdarında (500 manat azadolma tətbiq edilməklə) sığorta ödənişi təklif edilmiş, iddiaçı həmin məbləğlə razılaşmamışdır.

29. Məhkəmə hesab edir ki, sığorta hadisəsinin baş verməsi işin mübahisəsiz halı olduğundan iddiaçı hazırda cavabdehdən sığorta ödənişinin verilməsini tələb etməkdə haqlıdır. Yuxarıda göstərilən maddi hüquq normalarına görə sığorta hadisəsi baş verdiyinə görə cavabdehin iddiaçı qarşısında sığorta ödənişini vermək öhdəliyi yaranmışdır.

30. Məhkəmə qeyd edir ki, iddiaçıya məxsus əmlaka dəymiş zərərin məbləği Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən (sol ayaqaltı-padnoşkanın qiyməti istisna olmaqla) müəyyən edilməli, ayaqaltı-padnoşkanın qiyməti isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyinə uyğun müəyyən edilməlidir.

31. Materiallarda olan M0756/23 nömrəli avtonəqliyyat vasitələrinin kompleks sığortası şəhadətnaməsinə əsasən sığorta ödənişinin yuxarı həddi 150000 manat, azadolma məbləği 500 manat müəyyən edilmişdir.

32. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, sığorta müqaviləsi üzrə tərəflər arasında razılaşdırılmış 500 manat azadolma məbləği nəzərə alınmaqla, iddiaçıya məxsus nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 20360 manat (xx.xx.2024-cü il tarixli ekspert rəyi ilə müəyyən edilmiş zərər (18375 manat) + xx.xx.2025-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmiş zərər (2485 manat) – 500 manat azadolma məbləği) məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

34. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 151,08 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 3,92 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

35. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizalarının xərclərinə dair bildirişlərdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 100 manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza xərci cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.

V. Nəticə:

36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 20360 manat məbləğində pul, 151,08 manat dövlət rüsumu, ümumilikdə 20511,08 (iyirmi min beş yüz on bir manat səkkiz qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 3,92 (üç manat doxsan iki qəpik) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Cavabdeh "xxxx" ASC-dən aparılmış ekspertiza tədqiqatı ilə bağlı 100 (bir yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X3 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar