Məhkəmə qərarları › İş №2-2(113)-1295/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-1295/2024

18.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-1295/2024 18.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: borcun silinməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (Cavabdeh ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında itirilmiş sayğacın yenidən quraşdırılması və naməlum 907,24 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 201-cü ildə ünvan 2 ünvanında tikinti və abadlıq işləri ilə əlaqədar iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsinin sökülməsi zərurəti yaransa da, nəticədə sökülmədi. Nərimanov Sukanal idarəsinin əməkdaşları ona məlumat vermədən, heç bir akt tərtib etmədən obyektə məxsus sayğacı aparmışdılar. Eyni zamanda Nərimanov Sukanal idarəsi həmin dövrdə qeyri-yaşayış sahəsinə naməlum 907,24 manat borc yazıb. xx.xx.2023-cü ildə borcun silinməsi ilə bağlı Sukanal idarəsinə müraciət etsə də, həmin idarə 27 fevral tarixində müraciətə cavabında Ağa Nemətulla küçəsi 27 ünvanda su təchizatı və tullantı sularının axıdılmasına görə 907,24 manat borc olduğunu və onu ödəməli olduğunu bildirmişdi. Cavabdeh tərəfindən təqdim olunan abonent kartından görünür ki, 43448 saylı abonent kodunda yaranmış borc 201-cü ilədək olan borcdur.

3. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə naməlum 907,24 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.3-cü maddəsinə istinad olunmuşdur.

5. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.

Tədqiq olunan sübutlar:

6. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. Cavabdehin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia tələbinə etiraz etdi və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

8. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh ASC SÖCİT və SSM ilə İddiaçı arasında “Cavabdeh ASC-nin su təchizatı sistemindən su buraxılması və kanalizasiya xidmətlərinə dair” xx.xx.2006-cı il tarixli müqavilə bağlanmışdır.

9. Cavabdeh ASC-nin Nərimanov rayon Sukanal İdarəsi tərəfindən İddiaçı xx.xx.2023-cü il tarixli məktub ünvanlanaraq bildirilmişdir ki, su təchizatı və çirkab sularının axıdılması xidmətlərindən istifadəyə görə hesablanmış 907,24 manat borcu var və ödənilməsi məqsədəuyğundur.

10. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, vergi orqanında vergi ödəyicisi kimi vergi uçotunda olması barədə məlumat aşkar edilməmişdir. Vergi uçotu xx.xx.2015-ci il tarixdən ləğv edilmişdir.

11. xx.xx.2024-cü il tarixli abonent haqqında məlumatdan görünür ki, iddiaçının cari tarixə qalıq borcu 907,24 manat təşkil edir. Eləcə də abonent haqqında məlumatdan görünür ki, həmin borc 201-cü il tarixədək yaranmış və həmin tarixdən sonra iddiaçı tərəfindən nə hər hansı bir ödəniş edilmiş, nə də sudan istifadə edilmişdir.

12. Cavabdeh ASC-nin Nərimanov rayon Sukanal İdarəsi tərəfindən İddiaçı xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, ünvan 3 ünvanında yerləşən obyektlə su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəsinə görə hesabatın aparılması üçün xx.xx.2002-ci il tarixində 19209517 nömrəli müqavilə bağlanaraq, 091833 saylı abonent kodu açılmışdır. Sözügedən obyektə ötən illər ərzində istifadə edilən su və kanalizasiya xidmətlərinə görə hesablanan sərfiyyat üzrə tam şəkildə ödəniş edilmədiyindən abonent hesabında qalıq borcların yığılması səbəbilə debitor borc yaranmışdır. Hazırda su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə abonent hesabınızda yaranmış borc 907,24 manat təşkil edir. Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Təsdiq Edilmiş “Sudan istifadə Qaydaları”nın: 2.1.4-cü bəndinə əsasən istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq STKM-in vəzifəsidir. 4.1.3-cü bəndinə əsasən bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçıların vəzifəsidir. 5.1.5-ci bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüququdur. 7.2-ci bəndinə əsasən STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir).

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Məhkəmənin mövqeyi

15. İddia tələbi cavabdeh tərəfindən iddiaçıya hesablanan, mənbəyi məlum olmayan 907,24 manat borcun silinməsindən ibarətdir.

16. Cavabdeh iddia tələbini qəbul etməyərək mübahisəli borc məbləğinin debitor borc olduğunu bildirmiş, lakin məhkəmə icraatının gedişində həmin borc məbləğinin yaranma mənbəyi, dövrü barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin müəyyən olunur ki, 201-cü ildən sonra iddiaçı cavabdehin xidmətlərindən istifadə etməmişdir.

17. Məhkəmə cavabdehin etirazını əsassız hesab edir. Belə ki, məhkəməyə təqdim olunmuş abonent haqqında məlumatdan görünür ki, 201-cü ilin yanvar ayının 1-nə sərfiyyata görə qalıq borcun məbləği 907,24 manat olaraq qeyd edilmişdir. Lakin həmin sənəd borc məbləğinin yaranma mənbəyini, dövrünü, əsasını təsdiq edən sübut kimi qəbul oluna bilməz.

18. Belə olan təqdirdə məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv hüquqi qiymət verərək hesab edir ki, borcun silinməsinə dair iddia təmin edilməli, cavabdeh tərəfindən su təchizatı və kanalzasiya xidmətlərindən istifadəyə görə hesablanmış 907,24 manat (doqquz yüz yeddi manat iyirmi dörd qəpik) məbləğində borc İddiaçı abonent hesabından silinməlidir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, məhkəmə icraatının gedişində həmin borc məbləğinin yaranma mənbəyi, dövrü, əsaslarına dair hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir.

19. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı aid Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, ev 27 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzrə su təchizatı və kanalzasiya xidmətlərindən istifadəyə görə Cavabdeh ASC tərəfindən hesablanmış 907,24 (doqquz yüz yeddi manat iyirmi dörd qəpik) manat borc İddiaçı abonent hesabından silinsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar