Məhkəmə qərarları › İş №2-2(113)-1322/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-1322/2020

01.10.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-1322/2020 01.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Rzazadə İqbal Kamil oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon ünvanında yerləşən restoranın sahibi İddiaçı adına (abonent kodu **********00000) əsassız olaraq borc kimi yazılmış olan 6480 m3 qazın dəyərinin Cavabdeh tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon ünvanında yerləşən restoran faktiki olaraq iddiaçının istifadəsindədir. Həmin ünvanda abonent kodu **********00000 olan obyekt Cavabdeh tərəfindən qazla təmin olunmaqdadır. 2019-cu ilin 23 oktyabr tarixində cavabdehin əməkdaşları qaz cihazlarında təbii qazdan guya qeyri-qanuni, sayğacdan kənar istifadə olunmasını aşkar etmişlər. Bununla bağlı ******* saylı xx.xx.2019 il tarixli təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib olunmuş, həmin aktda dəymiş ziyanın hesablanması və kənar kənar xəttin ləğv edilməsi qeyd olunmuşdur. Həmin akta əsasən iddiaçıya xx xxxxxxx 2019-cu il tarixli tələbnamə təqdim olunmuş və həmin tələbnamədə vurulmuş ziyanın əvəzi olaraq 6480 m3 qazın dəyərinin ödənilməsi tələb olunmuşdur. Hesab edir ki, ******* saylı, xx.xx.2019 il tarixli akt kobud qanun pozuntusu ilə tərtib edilmiş və bu səbəbdən də istifadə etdiyi qazın dəyərini təşkil edən məbləğdən başqa, hər hansı ziyanın ödənilməsi barədə tələb qanunsuzdur. Belə ki, ******* saylı xx.xx.2019 il tarixli akt tərtib olunan zaman iddiaçının iştirakı təmin edilməmiş, restorana baxış qanunsuz həyata keçirilmişdir və sayğacdan guya kənar olan xəttin aşkar olunması heç nə ilə təsdiq edilməmişdir. Həmin akta əlavə olunan fotoşəkillərin həqiqətən də iddiaçının istifadəsində olan restoranda çəkilməsi subut olunmur. Aktı istehlakçının nümayəndəsi əvəzinə P. Hüseynov adlı şəxs imzalamışdır. Həmin şəxsin iddiaçının əvəzinə hər hansı sənəd imzalamağa hüququ yoxdur. Hesab edir ki, əsassız olaraq borc kimi yazılmış olan 6480 m2 qazın dəyərinin Cavabdeh tərəfindən silinməsi barədə qətnamə qəbul olunmalıdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edib iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin dəlillərindən fərqli izahat verərək akta əlavə edilmiş foto şəkillərin ona məxsus obyektdə çəkildiyini, lakin həmin vaxtı obyektin işləmədiyini bildirdi. İş üzrə keçirilmiş əvvəlki məhkəmə iclasında isə İddiaçı obyektdə kənar xəttin olduğunu təsdiq etmiş, lakin hesablanmış cərimənin həddindən artıq yüksək olduğunu bildirmişdir. Cavabdeh məhkəmə iclasında bildirdi ki, iddiaçının istifadəsində olan obyektə baxış keçirilmiş və kənar xətt aşkar edilmişdir. Cavabdehin əməkdaşları tərəfindən akt tərtib edilərək, dəymiş ziyanın bərpası tələb edilmişdir. Akt tərtib edildikdən sonra iddiaçının smart kartı bloklanmış və həmin vaxtdan iddiaçı qazdan istifadə etmir. Sonda nümayəndə iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019-cu il tarixli, ******* saylı aktdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon ünvanında yerləşən İddiaçı istifadəsində olan obyektdə təbii qazdan qeyri-qanuni, sayğacdan kənar istifadə edildiyi aşkar edildiyindən itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması tələb edilmişdir. Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş xx xxxxxxx 2019-cu il tarixli sənaye üzrə inventar aktından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon ünvanında yerləşən İddiaçı istifadəsində olan obyektdə 1 ədəd PQ-4 (restoran tipli), 1 ədəd QSQ, 2 ədəd kombi və 1 ədəd təndir istifadə olunur. 1 ədəd PQ-4 (restoran tipli) və 1 ədəd QSQ qaz cihazları sayğacdan kənar qaz xəttinə qoşulub. Cavabdeh itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının üzvləri Elmir Bayramov, Orxan Cabbarlı və Ayvaz Bədəlov tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair xx xxxxxxx 2019-cu il tarixli tələbnamədən görünür ki, İddiaçı istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 174 ünvanda yerləşən restoranda “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. Qaz işlədicilərindən PQ4-ün (restoran tipli, duxovkalı) maksimal saatlıq qaz sərfi 4.5 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın 6480 m3 qazın dəyərində olması müəyyən edilmişdir. Abonent saldosundan görünür ki, İddiaçı Cavabdehnə 2019-cu ilin oktyabr ayında akta əsasən 1.295,50 manat borc hesablanmışdır. Smart kart tipli sayğacın abonent saldosundan görünür ki, 2018-ci ilin dekabr ayından başlayaraq İddiaçı smart karta pul yüklənilməmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, xx.xx.2019-cü il tarixdə Cavabdeh İB-nin nümayəndələri tərəfindən İddiaçı məxsus kafeyə baxış keçirilmiş, baxış nəticəsində obyektdə qeyri-qanuni qaz xəttindən istifadə edilməsi müəyyən edilmiş və bu barədə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019-cu il tarixli, ******* saylı akt tərtib edilmişdir. Akt əsasında itirilmiş qazın bərpası üçün hesabat aparılmış, dəymiş ziyanın 6480 m3 qazın dəyərində olması müəyyən edilmiş və iddiaçı 1295,5 manat məbləğində borc hesablanmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini nəzərdən keçirib iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işin yuxarıda göstərilən hallarından göründüyü kimi iddiaçının silinməsini tələb etdiyi 1295,50 manat borc məbləği qaz xəttinə sayğacdan kənar qoşulma nəticəsində qaz paylayıcıya dəymiş maddi zərərin əvəzi olaraq hesablanmışdır. Məhkəmə əvvəla qeyd edir ki, iddiaçının kənar xətdən istifadə etməsi Cavabdeh İBnin nümayəndələri tərəfindən tərtib edilmiş akt və ona əlavə edilmiş foto şəkillər ilə öz təsdiqini tapmışdır. Cavabdeh İddiaçı da nəhkəmə iclasında verdiyi izahatında akta əlavə edilmiş şəkillərin obyektdə çəkildiyini təsdiq etmişdir. Digər tərəfdən cavabdehə məxsus obyektdə kənar xətdən istifadə edilməsi həmçinin onunla təsdiq edilir ki, İddiaçı tərəfindən 2018-ci ilin dekabrından başlayaraq obyektə quraşdırılmış smart kart tipli sayğaca pul yüklənilməmişdir. Baxış keçirilərkən obyektin işləməməsi, bağlı olması barədə sonuncu İddiaçı məhkəmə iclasında istinad etdiyi dəlillərinə gəldikdə məhkəmə əvvəla qeyd edir ki, iddiaçı həmin dəlilləri təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən həmin dəlillər İddiaçı əvvəllər məhkəmə iclasında verdiyi izahatla və iddia ərizəsinin dəlilləri ilə ziddiyyət təşkil etməklə yanaşı, qazdan istifadə qaydalarının pozulması haqqında akta əlavə edilmiş şəkillərlə də təkzib edilir. Belə ki, həmin şəkillərdən göründüyü, obyekdə quraşdırılmış qaz plitəsinin üzərində su və dəm çaydanları qoyulmuş, yəni baxış keçirilərkən obyektdə quraşdırılmış qaz cihazlarından istifadə olunurdu. Mülki Məcəllənin 443.7-cü maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, hazırkı işdə İddiaçı məxsus qeyri-yaşayış sahəsində qaz xəttinə sayğacdan kənar qoşulma halının aşkar edilməsi, yəni iddiaçı tərəfindən təbii qazdan istifadə qaydaların pozulması və bunun nəticəsində cavabdehə maddi ziyan vurulması iş materialları ilə öz təsdiqini tapdığından cavabdeh ona dəymiş maddi ziyanın əvəzi olaraq iddiaçıya borc hesablamaqda haqlı olmuşdur. Hesablanmış ziyanın məbləğinə münasibətdə isə məhkəmə qeyd edir ki, İddiaçı tərəfindən 2018-ci ilin dekabrından başlayaraq obyektə quraşdırılmış smart kart tipli sayğacdan istifadə etməməsi cavabdehin ən azı həmin vaxtdan başlayaraq kənar xətdən istifadə etməsi barədə nəticəyə gəlməyə əsas verir. Digər tərəfdən 2018-ci ildə smart karta yüklənmiş məbləğlərdən aydın olur ki, 2018-ci il obyektdə bir ayda sərf olunan qazın dəyəri 50-100 manat arası olmuş, 2017-ci ildə isə həmin məbləğ daha yüksək olmuş, 2017-ci ilin yanvarında sərfiyyat 426 manat, fevralında 440 manat, martda 537 manat, apreldə 246 manat, oktyabr ayında 100, noyabrında 50 və dekabrında 101 manat təşkil etmişdir. Belə olan halda məhkəmə İddiaçı ən azı 2018-ci ilin dekabr ayından 2019-cu ilin oktyabr ayınadək olan 11 aylıq müddət ərzində kənar xətdən istifadə etdiyini və əvvəlki dövrdə obyektin aylıq qaz sərfiyyatının minimal olaraq 50-100 manat, maksimal olaraq 500 manat olduğunu nəzərə alaraq hesab edir ki, İddiaçı maddi ziyanın əvəzi olaraq hesablanmış 1295,5 manat məbləğində borc məbləği tənasübsüz surətdə yüksək görünmür. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı borcun silinməsi barədə iddia ərizəsi əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar