Məhkəmə qərarları › İş №2-2(113)-1384/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-1384/2020

15.09.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-1384/2020 15.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X4 Baman qızının katibliyi ilə, Cavabdeh açıq səhmdar cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh açıq səhmdar cəmiyyətinə qarşı bolcun silinməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil arvadı X3 mülkiyyətində olmuşdur. Sonradan ev plana düşdüyü üçün sökülmüş və yerində yeni bina tikilməyə başlanmışdır. Bina sökülməmişdən əvvəl mənzildə su sayğacı olmamışdır. Sayğac olmadığı halda bu hesablamanın necə aparıldığı da iddiaçıya heç cürə aydın deyildir. İddiaçı həmin mənzilin ünvanına aid müəssisə işlətmişdir və həmin müəsssisəyə də aid bütün kommunal xərcləri vaxtı-vaxtında ödəmişdir. Lakin hazırda iddiaçıya 2017-ci ilin əvvəlindən su borcu hesablamışlar və bu borc 6.758.80 manat təşkil edir. Bu vaxtında tələb edilməli olsaydı iddiaçı bu barədə tədbiri görərdi. Həmin borcun iddiaçıdan tələb olunması əsassız və qanunsuzdur. İddiaçı su işlətdiyi müddətdə artıq sərfiyyata yol verməmiş, həmişə istifadə etdiyi su sərfıyatının pulunu vaxtında ödəmişdir. Halbuki, iddiaçı orada yaşadığı vaxtdan nə qədər su işlətmişdisə vaxtı-vaxtında su pulun ödəmiş və bu barədə onun qəbzləri də vardır. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, iddiaçının borcu vardır və bu borc 2012-ci ildən yaranmışdır. İddiaçı borcun ödənişini tam şəkildə həyata keçirmir. Borc 2012-ci ildən 2020-ci ilə kimi istehlak olunmuş suya görə yaranmış borcdur. Sonda cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: xx xxxxxx 2011-ci il tarixli 054372 saylı “Su təchizatı və kanalizasiya xidmətlərinə dair” müqavilənin surətindən görünür ki, cavabdeh iddiaçını məişət (təsərrüfat) – içməli və istehsalat məqsədli su ilə təmin etməyi və tullantı sularının fasiləsiz qəbulunu həyata keçirməyi, iddiaçı isə cavabdeh tərəfindən göstərilmiş xidmətlərin haqqını hesab-fakturada göstərilmiş müddətdə ödəməyi öhdələrinə götürmüşlər. Abonent haqqında məlumatdan görünür ki, iddiaçının cavabdehə olan 6758,80 manat borc iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən obyektə hesablanmış və iddiaçının su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi üzrə sərfiyyat borcudur. Məhkəmə iş materiallarını tədqiq edib, cavabdehin nümayəndəsinin izahatını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 61ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Su təchizatı və kanalizasiya müəssisəsi mövcud qanunvericiliyə müvafiq olaraq faktiki göstərilən xidmətə görə ödənişi, obyektdən istifadənin dayandırılması haqqında istehlakçının azı dörd iş günündən gec olmayaraq su təchizatı və kanalizasiya müəssisəsinə məlumat verməsi halı istisna olmaqla, istehlakçı tərəfindən obyektdən istifadə dayandırıldıqdan sonra da alına bilər. Həmin Qanunun 62-ci maddəsinə əsasən qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 4.1.2-ci və 4.1.3-cü bəndlərinə əsasən STKM ilə bağlanılmış müqavilənin şərtlərini yerinə yetirmək və bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifələridir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçının cavabdehə olan 6758,80 manat borc iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən obyektə hesablanmış və iddiaçının su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi üzrə 2012-ci ildən 2020-ci ilədək yaranmış sərfiyyat borcudur. Göründüyü kimi iddiaçı tərəfindən mübahisələndirilən borc, istehlak olunmuş su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış borcdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması müəyyən olunmadığından iddia təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən dövlət büdcəsinin nəfinə 10 manat məbləğində dövlət rüsumu iddiaçıdan tutulmalıdır. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Dövlət büdcəsinin nəfinə 10 manat məbləğində dövlət rüsumu İddiaçı tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar