Məhkəmə qərarları › İş №2-2(113)-1563/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(113)-1563/2022

03.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(113)-1563/2022 03.03.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlu, İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi” tələbinə dair iş materiallarını Bakı Kommersiya Məhkəməsinin inzibati binasında iş materiallarını nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı – cavabdeh tərəfindən qanunsuz olaraq itirilmiş qaz sərfiyyatına görə hesablanmış 5997,40 manat məbləğində borcun silinməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli, 2(011)-405/2022 saylı qərardadına əsasən, mülki iş məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, mübahisə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin fəaliyyətindən irəli gəlir. Bakı şəhəri Xətai Rayon Məhkəməsi 11 yanvar 2022-ci il tarixli, 2(011)-405/2022 saylı qərardadında hüquqi əsas kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2, 26.1-ci maddəsinə, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 3, 11, 12, 13 və 20-ci bəndlərinə istinad etmişdir. Hazırda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.3-cü maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) həmin Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Belə ki, MPM-in 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir MPM-in 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. MPM-in 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar Qeyd olunan normaların müqayisəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir. Qərardadda hazırki mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olması qeyd edilsə də, işdə iştirak edən şəxslərin subyektiv tərkibi tam araşdırılmamışdır. Belə ki, iş üzrə iddiaçı olan İddiaçı adına Cavabdeh İB-də sahibkarlıq fəaliyyətini həyata keçirən şəxs kimi abonent kodu verilsə də, qeyd edilən hal onun sahibkar statusu olması anlamına gəlmir. Belə ki, İddiaçı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi barədə VÖEN sahibi deyildir. Məhkəmə qeyd olunan halı araşdıraraq qeyd edir ki, “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi barədə elektron sistem” vasitəsilə və elektron məhkəmə informasiya sistemində şəxsin adına “yoxlama məlumatları” qrafasında da adına heç bir VÖEN olmadığı məlum olmuşdur. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 12-ci bəndinə əsasən, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Qeyd olunmalıdır ki, sahibkarlıq fəaliyyəti sahəsində münasibətlər “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənmişdir. Qanunun sahibkarlıq subyektlərinin dairəsini müəyyən edən 3-cü maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasının qanunvericilik aktlarında nəzərdə tutulmuş hallar istisna edilməklə fəaliyyət qabiliyyəti olan Azərbaycan Respublikasının hər bir vətəndaşı da sahibkarlıqla məşğul ola bilər. Bu Qanunun 10-cu maddəsinə əsasən hüquqi şəxs yaratmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin dövlət qeydiyyatını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir. Vergi Məcəlləsinin 6.1.2-ci maddəsinin tələbinə əsasən vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq da vergi ödəyicisinin vəzifələri sırasındadır. Vergi ödəyicilərinin, o cümlədən fərdi sahibkarların vergi ödəyicisi qismində uçota (qeydiyyata) alınmasının məcburiliyi, bu prosedurun həyata keçirilməsi qaydası və müddətləri isə Vergi Məcəlləsinin 33.4 və 34-cü maddələrində müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18 sentyabr 2020-ci il tarixli, 10 saylı qərarında qeyd olunmuşdur ki, hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmasına baxmayaraq, fərdi sahibkar statusuna malik olmayan, yəni vergi uçotuna alınmamış fiziki şəxsin qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrə, İddianın həmin şəxs və yaxud ona qarşı (iddianı qaldıran digər şəxsin fəaliyyəti qanuni olsa da) qaldırılmasından asılı olmayaraq ümumi məhkəmələr baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Məhkəmə hesab edir ki, hazırda məhkəmələr arasında məhkəmə aidiyyətinin müəyyən edilməsi barədə fikir ayrılığı yarandığından İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi” tələbi barədə iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 45, 263-264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi” tələbinə dair iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar