Məhkəmə qərarları › İş №2-2(113)-1641/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-1641/2023

07.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-1641/2023 07.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «borcun silinməsi» tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borcun silinməsi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçı iştirakı olmadan, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ASC-nin onun mülkiyyətində olan ünvan 1 ünvanında qeyri-yaşayış sahəsinə su sayğacı quraşdırılması vəzifəsinin qoyulması və cavabdeh tərəfindən ona yazılmış 7356,20 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

1. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyətindədir. 2012-ci il tarixdə ünvanda sayğac olduğu halda cavabdehin əməkdaşları tərəfindən əlavə sərfiyyatla bağlı 7356,20 manat cərimə yazılmışdır. Bununla bağlı cavabdeh quruma müraciət edilmiş, lakin smart sayğacın mexaniki ilə dəyişdirilməsini və borcun hissə-hissə ödənilməsini bildirmiş, lakin iddiaçı borcun səbəbsiz yazıldığı üçün bununla razılaşmamışdır. Məsələnin aydınlaşdırılması üçün cavabdehə məhkəməyə müraciət edilməsi təklif edilmiş, lakin cavabdeh bunu da etməmiş və su sayğacını götürərək suyu verilməsini dayandırmışdır. Cavabdeh orqana təkrar müraciət etmiş, amma eyni cavab verilmişdir.

2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 865/2023 saylı qərardadı ilə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “artıq hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

3. Sonradan iddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, Cavabdeh ASC tərəfindən hesablanmış 7356,20 manat borc məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, ilkin iddia ərizəsinə əlavə olaraq bildirir ki, məhkəmənin hazırlıq iclası zamanı yazılmış borcun bir hissəsinin dəymiş ziyan aktlarına əsasən tərtib olunması müəyyənləşdirilmişdir. Belə ki, 19 aprel 2017-ci il, 01 aprel 2019-cu il tarixlərində "xxxx" ASC-nin əməkdaşları ona məxsus Bakı şəhəri, Əhməd Rəcəbli 4/6 saylı qeyri-yaşayış obyektimə heç bir xəbərdarlıq edilmədən, özbaşına olaraq su təchizatına baxış keçirmək adı ilə daxil olmuşlar, heç bir əsas olmadan aktlar tərtib etmişlər. Sözügedən aktların aktların tərtib olunmasından, dəymiş ziyan hesablanmasından sonradan məlumat almışdır. İddiaçı istifadəsində olan qeyri-yaşayış sahəsində sudan istifadə ilə bağlı kənar xətt olmamışdır. Həmçinin sahibkarın məlumatı və iştirakı olmadan baxış keçirilməsi qanunsuzdur. Keçirilən yoxlama sahibkar kimi iddiaçının hüquqlarının pozulması ilə həyata keçirilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 262 nömrəli, xx.xx.2014-cü il tarixli “Sudan itifadə qaydalarını”nın təchizatı və kanalizasiya müəssisəsinin vəzifələri bölməsinin 2.2-ci bəndinə əsasən STKM-in səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" AR Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Həmin Qaydaların 6.18-ci STKM-in səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin su sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar su təchizatı və ya kanalizasiya sisteminə qanunsuz qoşulma (su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan sistemə qoşulma) hallarını müəyyən etdikdə, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiaəsi haqqında" Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitoinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Qanunun 2.3-cü maddəsinə əsasən Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1 -ci və 34.1-ci maddələri şamil edilir. Sözügedən Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra-qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011 -ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin aparılması qaydası haqqında" Əsasnamənin 1.4-cü bəndinə əsasən qanunvericiliyə uyğun olaraq sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra- yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müşahidə, müayinə, monitorinq, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci maddəsinə əsasən Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Əsasnamənin 1.7-ci bəndinə müvafiq olaraq Reyestrin informasiya resursu vahid məkanda saxlanılmaqla öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi (bundan sonra-Ədliyyə Nazirliyi) tərəfindən aparılır.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirdi ki, 19 aprel 2017-ci il, 01 aprel 2019-cu il tarixlərində "xxxx" ASC-nin əməkdaşları ona məxsus Bakı şəhəri, Əhməd Rəcəbli 4/6 saylı qeyri-yaşayış obyektinə heç bir xəbərdarlıq edilmədən, özbaşına olaraq su təchizatına baxış keçirmək adı ilə daxil olmuşlar, heç bir əsas olmadan aktlar tərtib etmişlər. Sözügedən aktların tərtib olunmasından, dəymiş ziyan hesablanmasından sonradan məlumatı olub, iştirakı olmadan baxış keçirilməsi qanunsuzdur. Keçirilən yoxlama sahibkar kimi hüquqlarını pozulması ilə həyata keçirilmişdir. Səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin su sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar su təchizatı və ya kanalizasiya sisteminə qanunsuz qoşulma (su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan sistemə qoşulma) hallarını müəyyən etdikdə, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. Sayğacım ola-ola Azərsu ASC tərəfindən sərfiyyatın hesablanması əsassızdır. Bundan əlavə, bildirdi ki, onun obyektinə smart sayğac 2015-ci ildə deyil, 2012-ci ildə quraşdırılıb. Ümumiyyətlə sayğacların quraşdırılması və çıxarılmasına dair, eyni zamanda labarotoriya dair Azərsu ASC-nin nümayəndəsi aktları təqdim etməli idi, lakin məhkəməyə təqdim edə bilmədi. Bundan başqa sayğac quraşdırılarkən, addan-ada keçərkən borcların sıfırlanması olur.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Dəymiş ziyanla bağlı inventar aktları tərtib edilənədək 2011-ci ildən 2017-ci ilə qədər iddiaçının qalıq borc məbləği 1168 manat olmuşdur. 7316 manat məbləğ bugünki tarixə olan borcdur. İddia tələbində göstərilən 7356 manat isə bugünə deyil, 2019-cu ilin sonuna olan məbləğdir. 2017-ci ildən 2019-cü ilədək 6193,75 manat yazılımış aktlar üzrə olan məbləğdir. Yerdə qalan 1122,45 manat məbləği isə 2011-ci ildən yaranan əsas borc məbləğidir. İddiaçının istifadəsində həmin dövrlərdə smart sayğac olmuşdur. Smart sayğac xarab olduğuna görə mexaniki hissəsindən istifadə edilməyə davam etmişdir. Quraşdırılma tarixi xx.xx.2015-ci ildə olmuşdur. 2017-ci ildə isə son göstərici tarixi olmuşdur. Smart sayğac quraşdırılana qədər isə sərfiyyat borcu borunun en kəsiyinə əsasən hesablanmışdır. 1122,45 manat sərfiyyatla bağlı borca dair hesab fakturaların, həmçinin inventar aktlarında qeyd olunan çəkilişə dair sübutların əldə edilməsi qeyri-mümkün olmuşdur, təqdim edə bilmir. İddia əsasız olduğu üçün rədd edilməsini xahiş edir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İşdən göründüyü kimi iddiaçı cavabdeh ASC tərəfidən qeyri-yaşayış sahəsində sayğac ola-ola sudan istifadəyə görə hesablanmış borcu, həmçinin yoxlama zamanı tərtib olunmuş inventar aktlarına görə dəymiş zərər kimi hesablanmış məbləğlərin əsassız olduğunu və onun silinməsini məhkəmədə mübahisələndirmişdir.

9. Cavabdeh ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş MXD-7189 saylı xx.xx.2017-ci il tarixli inventar aktdan görünür ki, “Su təchizatı və tullantı suları haqqında” AR Qanununun tələblərinə uyğun olaraq İddiaçı məxsus Nərimnov rayonu, Ə.Rəcəbli 4/6 ünvanında yerləşən obyektin (avtoyuyucu) su təchizatı və kanalizasiya sisteminə baxış keçirilmiş və baxış nəticəsində sayğaca birləşən su xəttini abonent kəsərək d=20 mm-lik boru ilə birbaşa elədiyi və obyektin su təchizatının dayandırılması Nərimanov Sukanal idarəsinə tapşırıldığı qeyd etmişdir.

10. (xx.xx.2017-ci il tarixli akta əsasən hesablanmış) qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatından görünür ki, su təchizatı və kanalizasiya xidmətlərindən qanunsuz istifadə edilən su borusunun diametri 20 mm, sudan sutkada istifadə vaxtı 5 saat, hesabat dövrü 12 ay (360 gün) götürülməklə hesabat aparılmış və sudan qeyri-qanuni istifadə nəticəsində Cavabdeh ASC-yə dəymiş zərərin əvəzi olaraq İddiaçı (2052 m3) 3997,75 manat məbləğində borc hesablanmışdır.

11. Cavabdeh ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş MXD-08752 saylı xx.xx.2019-cu il tarixli inventar aktdan görünür ki, “Su təchizatı və tullantı suları haqqında” AR Qanununun tələblərinə uyğun olaraq İddiaçı məxsus obyektin (avtoyuyucu) su təchizatı və kanalizasiya sisteminə baxış keçirilmiş və baxış nəticəsində obyektdə (diametri d=15 mm) sayğacdan kənar xəttən qeyri-qanuni istifadə olunduğu aşkarlanmışdır.

12. xx.xx.2019-cu il tarixli qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatından görünür ki, su təchizatı və kanalizasiya xidmətlərindən qanunsuz istifadə edilən su borusunun diametri 15 mm, sudan sutkada istifadə vaxtı 5 saat, hesabat dövrü 12 ay götürülməklə hesabat aparılmış və sudan qeyri-qanuni istifadə nəticəsində Cavabdeh ASC-yə dəymiş zərərin əvəzi olaraq İddiaçı (1098 m3) 2196 manat məbləğində borc hesablanmışdır.

13. Abonent haqqında məlumatlardan görünür ki, abonent İddiaçı Eyyəddin oğlunun sudan və tullantı sularının axıdılması xidmətindən istifadəyə görə 7316,20 manat borcu olduğu qeyd olunmuşdur.

14. Cavabdeh ASC-nin xx.xx.2022-ci il tarixli, 01-01/309 saylı “Suölçən borcun ödənilməsi cihazın yenisi ilə əvəz olunması barədə” İddiaçı ünvanladığı məktubda ünvan 3vanında yerləşən İddiaçı məxsus obyektə baxış keçirən zaman Smart CSS markalı, 9118 nömrəli suölçən cihazın sökülərək istismardan çıxarıldığının şahidi olduqları, müəssisədə su təchizatı və tullantı suları xidmətlərinə görə heç bir hesabat aparılmadığı, xidmətlərə görə uzun müddət ödəniş edilmədiyi, sonuncu dəfə 2019-cu ildə 56 manat ödəniş edildiyi və obyektdə su təchizatından qanunsuz istifadə olunduğu qeyd olunmuşdur. Həmçinin o da bildirilmişdir ki, müəssisədə quraşıdırlmış suölçən cihazın istismar müddətinin bitməsi onun dəyişdirilməsi üçün əsaslı səbəb olduğundan yeni suölçən cihazın quraşdırılması üçün idarəyə müraciət edilməlidir. Eyni zamanda xidmətlərə görə yaranmış borcun ödənilməsini asanlaşdırmaq üçün idarə ilə müqavilə bağlayaraq hissəli ödəniş edilməsi təklif edilmişdir.

15. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.

16. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

17. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş MXD-7189 saylı xx.xx.2017-ci il tarixli inventar aktına əsasən “Su təchizatı və tullantı suları haqqında” AR Qanununun tələblərinə uyğun olaraq İddiaçı məxsus Nərimanov rayonu, Ə.Rəcəbli 4/6 ünvanında yerləşən obyektin (avtoyuyucu) su təchizatı və kanalizasiya sisteminə baxış keçirilmiş və baxış nəticəsində sayğaca birləşən su xəttini abonent kəsərək d=20 mm-lik boru ilə birbaşa elədiyi və obyektin su təchizatının dayandırılması Nərimanov Sukanal idarəsinə tapşırıldığı, (xx.xx.2017-ci il tarixli akta əsasən hesablanmış) qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatından görünür ki, su təchizatı və kanalizasiya xidmətlərindən qanunsuz istifadə edilən su borusunun diametri 20 mm, sudan sutkada istifadə vaxtı 5 saat, hesabat dövrü 12 ay (360 gün) götürülməklə hesabat aparılmış və sudan qeyri-qanuni istifadə nəticəsində Cavabdeh ASC-yə dəymiş zərərin əvəzi olaraq İddiaçı (2052 m3) 3997,75 manat məbləğində borc hesablanmışdır. Həmçinin Cavabdeh ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş MXD-08752 saylı xx.xx.2019-cu il tarixli inventar aktna əsasən “Su təchizatı və tullantı suları haqqında” AR Qanununun tələblərinə uyğun olaraq İddiaçı məxsus obyektin (avtoyuyucu) su təchizatı və kanalizasiya sisteminə baxış keçirilmiş və baxış nəticəsində obyektdə (diametri d=15 mm) sayğacdan kənar xəttən qeyri-qanuni istifadə olunduğu aşkarlanmış və xx.xx.2019-cu il tarixli qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatından görünür ki, su təchizatı və kanalizasiya xidmətlərindən qanunsuz istifadə edilən su borusunun diametri 15 mm, sudan sutkada istifadə vaxtı 5 saat, hesabat dövrü 12 ay götürülməklə hesabat aparılmış və sudan qeyri-qanuni istifadə nəticəsində Cavabdeh ASC-yə dəymiş zərərin əvəzi olaraq İddiaçı (1098 m3) 2196 manat məbləğində borc hesablanmışdır.

18. Hazırda İddiaçı ona hesablanmış 7356 manat məbləğində borcun silinməsini tələb edir.

19. Məhkəmə ilkin olaraq hər iki akt əsasında iddiaçıya sudan qeyri-qanuni istifadəyə görə hesablanmış 6193,75 manat məbləğə dair hüquqi qiymətləndirmə aparılmasını zəruri hesab edir.

20. Məhkəmə əvvəla qeyd edir ki, Cavabdeh ASC mübahisəli borcun hesablanmasını İddiaçı tərəfindən sayğacdan kənar su xəttindən istifadə edilməsi və bunun nəticəsində Cavabdeh ASC-yə ziyan vurulması ilə əsaslandırsa da, iddiaçıya məxsus obyektdə kənar su xəttindən istifadə edilməsini təsdiq edən mötəbər sübutları (inventar aktlarında göstərilən video və foto çəkilişləri və s.) məhkəməyə təqdim etməmişdir.

21. Belə ki, məhkəməyə təqdim edilmiş MXD-7189 və MXD-08752 saylı aktlara münasibətdə məhkəmə hesab edir ki, həmin aktlar iddiaçının iştirakı olmadan cavabdehin əməkdaşları tərəfindən tərtib edildiyindən kənar xətdən istifadə edilməsi faktının məhkəmə tərəfindən müəyyən edilməsi üçün yetərli sübut deyildir.

22. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Digər tərəfdən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun:

25. 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.

26. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.

27. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

28. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin:

29. 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ılə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.

30. 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.

31. 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır.

32. Göründüyü kimi Cavabdeh ASC su ilə təchizat sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafıəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfındən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır.

33. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borc Cavabdeh ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə su təchizatı və kanalizasiya sisteminin vəziyyəti ilə bağlı keçirilmiş yoxlamanın nəticəsi olaraq hesablandığı halda həmin yoxlama Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır.

34. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlama heç bir hüquqi nəticə yaratmır.

35. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya 6193,75 manat məbləğində borc hesablamaqla haqlı olmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməlidir.

36. Bununla belə məhkəmə tələbin qalan borc hissəsinə, yəni Cavabdeh AC-nin nümayəndəsinin də qeyd etdiyi, abonent haqqında məlumatdan da görsəndiyi kimi 2010- 2011-ci illərdən 2017-ci ilə kimi su sərfina əsasən yazılmış 1122,45 manat borcla bağlı aşağıdakı məqamları qeyd etməyi vacib hesab edir.

37. İşdə olan abonent məlumatlarından və cavabdehin də məhkəmə iclaslarında qəbul etdiyi kimi iddiaçının hazırki cəmi borcu 7356 manat deyil, 7316,20 manat təşkil etmişdir. Cavabdehin nümayəndəsi həmçinin izahatında borc məbləğinin 6193,75 manatının sudan qeyri-qanuni istifadə nəticəsində tərtib edilmiş aktlar əsasında, digər 1122,45 manat hissəsi isə sərfiyyata görə su borcunun olduğunu bildirmişdir. İddiaçı isə qeyri-yaşayış sahəsində 2010-cü ildən sayğac ola-ola sərfiyyətın hesablanmasını qeyriqanuni hesab edərək, əlavə olaraq bildirdişdir ki, həmin qeyri-yaşayış sahəsi atısı öləndən sonra addan-ada keçirilərək onun adına rəsmiləşmişdir. Əlavə olaraq addan-ada rəsmiləşmə zamanı isə sayğac göstəriciləri mütləq sıfırlanır, ona görə də həmin borcun olması mümkün deyil.

38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cu il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın:

39. 7.9-cu bəndinə əsasən suölçən cihaz yararsız vəziyyətə düşdükdə, yeni suölçən cihaz quraşdırılanadək istifadə olunan suyun həcmi, bundan əvvəlki 12 (on iki) ayda (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) sərf olunmuş suyun orta aylıq sərfi həcmində təyin edilir.

40. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin;

41. 1-ci bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır.

42. 2-ci bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi mövcud qanunvericiliyə müvafiq olaraq faktiki göstərilən xidmətə görə ödənişi, obyektdən istifadənin dayandırılması haqqında istehlakçının azı dörd iş günündən gec olmayaraq su təchizatı və kanalizasiya müəssisəsinə məlumat verməsi halı istisna olmaqla, istehlakçı tərəfindən obyektdən istifadə dayandırıldıqdan sonra da alına bilər.

43. Həmin Qanunun 62-ci maddəsinə əsasən qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır.

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

46. Məhkəmə qeyd edir ki, MPM-də çəkişmə prinsipi və bir başa göstərilməyən, lakin nəzərdə tutulan dispozitivlik prinsipi xüsusi yer tutur və həmin prinsiplərə əsasən, məhkəmə icraatı zamanı işin halları yalnız tərəflərin bildirdikləri faktlar və təqdim etdikləri sübutlar əsasında müəyyən edilir.

47. Məhkəmə tərəflərin verdiyi izahatları və işdə olan digər sübutları birgə yoxlayaraq belə qənaətə gəlir ki, iddiaçıya sudan istifadəyə görə hesablanmış 1122,25 manat məbləğində borc məbləği cavabdeh tərəfin vermiş olduğu izahatları ilə sübuta yetirilmədiyindən (həmin borcların yaranma əsasları, hesablanma qaydası, əgər qeyriyaşayış sahəsində sayğacın olmadığı dövrdə yazılan borc olduğu halda sayğacların çıxarılması/dəyişdirilməsi tarixlərini əks etdirən aktlarının məhkəməyə təqdim edilməməsi, bundan əlavə həmin borca dair hesab-fakturanın mövcudluğuna dair məhkəməyə hər hansı sənəd-sübut təqdim edilməməsi) həmin borc məbləği də iddiaçıya əsassız olaraq hesablandığı üçün silinməlidir.

48. Cavabdeh tərəf iddiaçıya smart sayğacın iddiaçının qeyd etdiyi kimi 2012-ci ildə deyil, məhz 2015-ci ildən quraşdırıldığını bildirsə də, sayğacların quraşdırma aktlarını məhkəməyə təqdim edə bilməmişdir. 2010-2017-ci illərdə yaranması iddia edilən 1122,25 manat borca dair hesab-fakturalar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.

49. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının abonent haqqında məlumatında bugunə olan cəmi borc 7356,20 manat deyil (bu məbləğ 2019-cü ilə olan göstərici olmuşdur), cəmi 7316,20 manat olduğu üçün, iddia qismən təmin edilməli, Cavabdeh ASC tərəfindən İddiaçı hesablanmış 7316,20 manat məbləğində borc silinməlidir.

50. Yuxarıda sadalanan halları məhkəmə nəzərə alaraq hesab edir ki, iddia qismən yəni 7316,20 manata borcun silinməsi hissəsində qismən təmin edilməli.

V. Nəticə:

51. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı (Abonent kodu: 53689 üzrə) hesablanmış 7316,20 (yeddi min üç yüz on altı manat iyirmi qəpik) manat məbləğində borc silinsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar