Məhkəmə qərarları › İş №2-2(113)-1677/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-1677/2020

24.08.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-1677/2020 24.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: HakimƏliyeva Leyla Rauf qızının sədrliyi, Rzazadə İqbal Kamil oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdə tərtib olunmuş ******* saylı aktın ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2017-ci il tarixində abonent kodu **********00050 olmaqla Nərimanov rayonu, Kazımzadə küçəsi 5 saylı ünvana qaz sayğacı quraşdırılmış, bu barədə cavabdehin əməkdaşları tərəfindən akt tərtib edilmişdir. Bakı şəhəri X8 Departamentinin əməkdaşları qaz sayğacında şübhə olduğunu bildirmişlər. Sayğac sökülmüş əvəzinə yeni sayğac quraşdırılmışdır. Sayğac sökülən zaman plombu üzərində olmuşdur. Bu barədə akt tərtib edilmişdir. Yoxlayıcı sayğac bir il işlək vəziyyətdə qalmış və bir il ərzində cəmi 20 manat qaz istifadə olunmuşdur. Cavabdehin əməkdaşları 2019-cu ildə yoxlayıcı sayğacı çıxartmış, iddiaçı tərəfindən alınmış yeni qaz sayğacı quraşdırmışlar və ******* saylı akt tərtib edilmişdir. İddiaçı qaz sayğacından istifadə üçün kart aldığı zaman onun barəsində akt tərtib edildiyi, itirilmiş qazın bərpası üçün hesabat aparıldığı, 12168 kub.m. qaz sərfiyyatına görə 2400 manat borcunun olduğu bildirilmişdir. Bununla əlaqədar cavabdehə dəfələrlə müraciət etsə də, borc məbləği silinməmişdir. Eyni zamanda iddiaçı iddianın təmin tədbiri barədə ərizə ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, K.Kazımzadə küçəsi, 5 saylı evə qaz təchizatının dayandırılmasının və smart karta edilən ödənişlərdən tutulmaların aparılmasının Cavabdehnə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-2197/2020 saylı qərardadı ilə ərizənin təmin edilməsi, hazırki işə mahiyyəti üzrə baxılıb qurtarana kimi Bakı şəhəri, Nərimanov rayonu, K.Kazımzadə küçəsi, 5 saylı ünvanda (abonent kodu: **********00050) qazın verilişinin bərpa olunması, qaz təchizatının dayandırılmasının və hesablanmış borca görə smart kartdan tutmaların aparılmasının Cavabdehnə qadağan edilməsi qərara alınmışdır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-2197/2020 saylı qərardadı ilə İddiaçı Cavabdehnə qarşı aktın ləğv edilməsi barədə iddiasına dair mülki işin baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Daha sonra iddiaçının nümayəndəsi X3 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən hesablanmış 2433,60 manat məbləğində borcun silinməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi dəqiqləşdirilmiş iddia tələbini müdafiə edib, iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə eyni məzmunda izahat verdi, əlavə olaraq bildirdi ki, qaz sayğacı qeyri-yaşayış sahəsindən təxminən 40 metr kənarda quraşdırılmışdır. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi verdiyi izahatında bildirdi ki, xx xxxx 2018-ci il tarixdə iddiaçıya məxsus qeyri-yaşayış sahəsində quraşdırılmış sayğaca baxış keçirilən zaman, sayğaca müdaxilə edildiyi müəyyən olunmuş, sayğac çıxarılaraq müvəqqəti sayğacla əvəz edilmişdir. Bu barədə akt tərtib edilmiş, aktla sayğacın 3 yerdən deşik olduğu müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Qaz paylayıcısı (cavabdeh) ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı (iddiaçı) arasında bağlanmış xx.xx.2020-ci il tarixli, AXM-1279/20 saylı “Qazın alqı-satqısı barədə” müqaviləyə əsasən qaz paylayıcı istehlakçını təbii qazla təmin etməyi, istehlakçı isə istehlak etdiyi təbii qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq qaz paylayıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.3.1-ci bəndinə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış və qaz paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək istehlakçının borcudur. Müqavilənin 4.3-cü bəndinə əsasən İddiaçı məxsus qeyri-yaşayış sahəsinə PQ- 4 və kombinin quraşdırılması nəzərdə tutulmuşdur. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən müəyyən edilir ki, Bakı şəhəri, Nərimanov rayonunda yerləşən İddiaçı məxsus kafeyə məxsus qeyri-yaşayış sahəsində quraşdırılmış qaz sayğacının çıxış borusunun 3 yerdən deşik olması səbəbi ilə çıxarılmış, əvəzində müvəqqəti sayğac quraşdırılmışdır. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli, ******* saylı aktdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Kazımzadə küçəsi, 5 saylı ünvanda yerləşən İddiaçı məxsus qaz sayğacının çıxış borusunda 3 ədəd deşik aşkar edildiyindən dəymiş ziyanın ödənilməsi tələb edilmişdir. Akt istehlakçının nümayəndəsi X2 tərəfindən imzalanmışdır. Qeyd edilən akta əsasən, Cavabdeh itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının üzvləri Ceyhun Abdullayev, Orxan Cabbarlı və İsa Hüseynli tərəfindən tərtib edilmiş dəymiş ziyanın hesablanması barədə xx xxxx 2017-ci il tarixli hesabatdan görünür ki, qaz işlədicilərindən kombinin maksimal saatlıq qaz sərfi 2.6 m3/saat, yay ayları üçün orta günlük iş rejimi 6 saat və hesabat müddəti 180 gün, qış ayları üçün orta günlük iş rejimi 20 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın 12168 kub.m qazın dəyərində olması müəyyən edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, 2018-ci il il üçün İddiaçı 12168 kub.m qaz sərfiyyatına görə 2.433,60 manat məbləğində pul tələb edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Kazımzadə küçəsi, 5 saylı ünvanda yerləşən İddiaçı məxsus qaz sayğacına baxış keçirilərkən qaz sayğacının çıxış borusunda 3 ədəd deşik olması aşkar edilmiş, qaz sayğacı çıxarılaraq müvəqqəti sayğac quraşdırılmış və “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı akt tərtib edilmişdir. Bununla bağlı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli ******* saylı akt tərtib edilərək itirilmiş qazın bərpası üçün dəymiş ziyanın ödənilməsi tələb edilmişdir. Həmin akta əsasən iddiaçıya 12168 m3 qaz sərfiyyatına görə 2.433,60 manat borc hesablanmışdır. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin edilməlidir. Belə ki, işin yuxarıda göstərilən hallarından göründüyü kimi iddiaçının silinməsini tələb etdiyi borc məbləği sayğacın yararsız olduğu dövr üçün itirilmiş təbii qaza görə qaz paylayıcıya dəymiş maddi zərərin əvəzi olaraq hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci maddəsinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin qaydaların 4.2-ci bəndinə görə isə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin maddələrin məzmunundan göründüyü kimi istehlakçılar qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə yalnız hüquqi şəxs olduqları halda, sayğacların təchiz edilməsinə, quraşdırılmasına və dəyişdirilməsinə görə isə yalnız sənaye qaz qurğularından istifadə etdikləri halda məsuliyyət daşıyırlar. İş materiallarından isə görünür ki, İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olsa da, hüquqi şəxs statusuna malik deyil. Eyni zamanda iddiaçı ilə qaz paylayıcı arasında bağlanmış qazın alqı-satqısı haqqında müqaviləyə əsasən iddiaçının istifadə etdiyi qaz qurğularının ümumi sərfiyyatı saatda 10 kub.m-dən az olduğundan həmin qurğular “Qaz təchizatı” haqqında qanunun tələblərinə əsasən məişət qaz qurğularına aiddir. Bununla yanaşı tərəflər arasında bağlanılmış xx.xx.2020-ci il tarixli “Qazın alqısatqısı barədə” müqavilədən də görünür ki, həmin müqavilədə istehlakçının sayğacın işlək vəziyyətdə saxlanması vəzifəsini daşıması nəzərdə tutulmamışdır. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə İddiaçı məsuliyyət daşıması nə tərəflər arasında bağlanmış müqavilədə, nə də həmin müqavilənin əsasında bağlandığı normativ hüquqi aktlarda nəzərdə tutulmamışdır. Digər tərəfdən Mülki Məcəllənin 443.7-cü maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Həmin maddənin məzmunundan göründüyü kimi, tərəflər arasında müqavilədə ayrı qayda nəzərdə tutulduğu hallar istisna olmaqla, öhdəliyin icra edilməməsi ilə əlaqədar yaranmış zərərə görə məsuliyyət yalnız o zaman borclunun üzərinə qoyula bilər ki, həmin zərər borclunun qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində yaranmış olsun, başqa sözlə desək, borclu həmin zərərin yaranmasında təqsirli olsun. Tərəflər arasında bağlanmış müqavilənin 2.1.20-cu bəndinə görə təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifələrinə aid edilmişdir. İş materiallarından isə görünür ki, Cavabdeh İB xx.xx.2018-ci il tarixli ******* saylı aktla sayğacın yararlı olmaması ilə əlaqədar qaz paylayıcıya dəymiş maddi ziyan üçün məsuliyyəti iddiaçının üzərinə qoysa da, sayğacın yararsız vəziyyətə düşməsinin və belə olan halda ziyanın yaranmasının iddiaçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İşin yuxarıda göstərilən hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı işdə sayğacın yararlı vəziyyətdə saxlanmasına görə iddiaçının məsuliyyət daşıması müqavilədə nəzərdə tutulmadığından, eyni zamanda məhkəmə araşdırması zamanı sayğacın yararsız vəziyyətə düşməsinin və bununla əlaqədar istifadə edilmiş qazın həcminin düzgün qeydə alınmamasının iddiaçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi öz təsdiqini tapmadığından sayğacın yararsız olduğu müddət üçün yaranmış zərərə görə məsuliyyət iddiaçının üzərinə qoyula bilməz. Buna görə də Cavabdeh İB tərəfindən dəymiş zərərin əvəzi olaraq İddiaçı hesablanmış 2.433,60 manat borc silinməli, həmçinin iddianın verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununda ödənilməsi nəzərdə tutulmuş 30 manat rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən İddiaçı qanunsuz olaraq hesablanmış 2.433,60 manat (iki min dörd yüz otuz üç manat altmış qəpik) məbləğində borc silinsin. İddianın verilməsinə görə 30 (otuz) manat dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar