Məhkəmə qərarları › İş №2-2(113)-1722/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-1722/2020

20.08.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-1722/2020 20.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçı2iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə işə Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən əsassız olaraq ondan tələb edilən 7529,70 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı1 xx xxxxxx 2015-ci il tarixli icarə müqaviləsi əsasında özünə məxsus olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini 10 il müddətinə, yəni xx xxxxxx 2015-ci ildən xx xxxxxx 2025-ci ilədək İddiaçı2 icarəyə vermişdir. Həmin müqaviləyə əsasən icarəçi bütün kommunal xərcləri ödəməyə dair öhdəlik götürmüşdür. Sonra məlum olmuşdur ki, icarədarın adına 7529,70 manat məbləğində borc yazılmış və buna görə də mülkiyyətində olan həmin qeyri-yaşayış sahəsinə suyun verilməsi dayandırılmışdır. Cavabdehin göstərdiyi məbləğ həddindən artıq yüksəkdir. Cavabdeh əsassız olaraq yüksək məbləğdə borc hesablamışdır. Buna görə də həmin borc silinməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-32/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadına əsasən, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr üzrə mülki icraat qaydasında baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçı1 və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi hər hansı bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv surətdə araşdıraraq, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Cavabdeh ASC-nin X1 İdarəsinin xx xxxx 2017-ci il tarixli inventarizasiya aktının surətindən görünür ki, Binəqədi rayonu, Kazımovski küçəsi, 1410 keçid ünvanında yerləşən ət kəsimi obyektinin su təchizatı və su sayğacı qovşağının vəziyyəti yoxlanılaraq qeyd edilir ki, sayğacın elektron hissəsi işləmədiyi üçün sayğac çıxarılaraq yenisi ilə əvəz olunmuş və plomblanıb istismara qəbul olanda sayöacın mexaniki hissəsinə su yığılmışdır. - Cavabdeh ASC-nin quraşdırılan, dəyişdirilən və təmir olunan su sayğacının istismara qəbuluna dair 10/06175 nömrəli xx xxxx 2017-ci il tarixli aktının surətindən görünür ki, Binəqədi rayonu, Kazımovski küçəsində yerləşən ünvana Alfasu-15 markalı sayğac quraşdırılmışdır - Cavabdeh ASC tərəfindən məhkəməyə təqdim edilmiş “Abonent haqqında məlumat” dan görünür ki, iddiaçının 2017-ci il üzrə 7529 manat qalıq borcu vardır. - Binəqədi rayon sukanal idarəsinin 103061 saylı xx xxxxxx 2018-ci il tarixli protokolundan görünür ki, sudan istifadəyə və kanalizasiya xidmətinə tərəflər arasında qarşılıqlı hesablaşmalar araşdrılaraq 7259,70 manat borcun olduğu müəyyən edilmişdir. Protokol abonent tərəfindən imza edilməmişdir. - xx xxxxxx 2015-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, İddiaçı1 ona məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 34.8 kv.mdən 6.8 kv.m olan qeyri-yaşayış sahəsini bu müqavilə notariat qaydasında təsdiq olunduğu gündən on il müddətinə, yəni xx xxxxxx 2015-ci ildən xx xxxxxx 2025-ci ilədək İddiaçı2 icarəyə vermişdir. Müqaviləyə əsasən icarəçi hər ay bütün kommunal xidmətləri, qaz, su, işıq, telefon, internet, sığorta, təmir və istismar xərclərini və vergi qanunverciliyinə uyğun olaraq ödəmə mənbəyində 14 faiz vergi ödəməyi öz öhdəsinə götürür. - Cavabdeh ASC-nin xx.xx.2018-ci il tarixli 07/01-2/1/16972 saylı məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə su təchizatı baxış keçirən zaman abonentin sayğacının işləmədiyi məlum olmuşdur. Binəqədi rayonu Sukanal İdarəsinin əməkdaşları tərəfindən fakta əsasən akt tərtib edilmiş, sayğac laboratoriyaya göndərilmişdir. Laboratoriya rəyinə əsasən su ölçən cihazın elektron platasının işləmədiyi müəyyən edilmişdir. Sayğacın üzərində 4128 kub sərfiyyat göstəricisi aşkar olunmuş və yenidən hesablama işləri aparılaraq sayğac quraşdırıldığı müddətdən çıxarıldığı müddətə qədər istifadə olunan sərfiyayt 3806 kub abonent tərəfindən istifadə edilən xidmətlərin dəyəri kimi hesablanmışdır. Tarif Şurasının qərarına əsasən içməli və çirkab suyun qiyməti 1 manatdır və abonentin cəmiyyətə 7529,70 manat məbləğində borcu vardır. Qeyd edilən ünvanda 4 atmosfer təzyiqlə, 24 saat rejimə uyğun olaraq su təchizatı xidməti göstərilir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 9913 saylı ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, ekspertizaya təqdim olunmuş, quraşdırılan, dəyişdirilən və təmir olunan su sayğacının istismara qəbuluna dair 10/06175 nömrəli xx xxxx 2017-ci il tarixl iaktda “Aktın doğuluğunu öz imzamızla təsdiq edirik” qrafasında 3-cü sırada “İddiaçı2” soyadı qarşısındakı imza və xx xxxx 2017-ci il tarixli inventarizasiya aktında 1-ci sırada “Obyektin nümayəndəsi” qrafasında “İddiaçı2” soyadı qarşısındakı imza-İddiaçı2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Su Məcəlləsinin 43-cü maddəsinə əsasən, su obyektlərindən istifadə edənlərin pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulan qaydada bərpa edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi üzrə İddiaçı2 faktiki istehlak etdiyi su sərfiyyatını ölçən su sayğacının göstəriciləri əsasında deyil, sudan sayğacdan kənar qanunsuz istifadə edilməsi ilə bağlı əsassız olaraq tərtib olunmuş xx xxxx 2017-ci il tarixli akt əsasında 7529,70 manat əlavə su sərfiyyatı hesablandığından həmin akt əsasında hesablanmış borc qanunsuzdur və silinməlidir. Məhkəmə bu nəticəyə gələn zaman həmçinin yoxlamanın “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun aparılmadığını da nəzərə alır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Məhkəmə qeyd edir ki aktın tərtib olunmasına səbəb olan yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun aparılmamış və yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, 324 manat ekspertiza xərci cavabdehdən tutulmalıdır. Azərbaycan Repsublikası Mülki Prosessual Məcəiləsinin 77 1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarmın əsası kimi istinad etdiyi halları sübut etməlidir.Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Azərbaycan Repsublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, hərtərəfli, qərəzsiz və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə, iş üzrə toplanmış sübutlara məcmusu ilə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh ASC tərəfindən İddiaçı2 adına olan abunə hesabına əsassız hesablanmış 7529,70 (yeddi min beş yüz iyirmi doqquz manat yetmiş qəpik) manat məbləğində borc abunə hesabından silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh ASC tərəfindən İddiaçı2 adına olan abunə hesabına əsassız hesablanmış 7529,70 (yeddi min beş yüz iyirmi doqquz manat yetmiş qəpik) manat məbləğində borc abunə hesabından silinsin. Cavabdeh ASC-dən 324 (üç yüz iyirmi dörd) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar