Məhkəmə qərarları › İş №2-2(113)-1753/2020

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №2-2(113)-1753/2020

08.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-1753/2020 08.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin cavabdeh X2 qarşı “pul” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC cavabdeh X2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh X1 3406,63 manat əsas borcun, əsas borca görə hesablanmış 170 manat dəbbə pulunun və iddia ərizəsinin məhkəmədə mübahisələndirilməsi üçün ödənilmiş 30 manat dövlət rüsmunun, cəmi 3606,63 manat məbləğində pulun tutularaq iddiaçı “xxxx” MMC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisələndirilən iş üzrə cavabdeh X4 ilə İddiaçı MMC arasında işgüar tərəfdaşlıq münasibətləri formalaşmış və həmin münasibətlər tərəflər arasında imzalanmış və rəsmi hüquqi qüvvəyə malik xx.xx.2019-cu il tarixli, 1224 saylı alqı-satqı müqaviləsi ilə rəsmiləşdirilmişdir. Həmin müqavilənin məzmununa əsasən, İddiaçı MMC cavabdeh X3 onun əvvəlcədən razılaşdırılmış sifarişləri əsasında razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə malla təmin etməyi, X4 isə malı qəbul edib, malın dəyərini ödəməyi, əks halda həm hesablanmış borcu tam şəkildə, həm də hər gecikən gün üçün müqavilə üzrə razılaşdırılmış penya məbləğini də ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin müddəlarına uyğun olaraq İddiaçı MMC özünün müqavilədən irəli gələn öhdəliklərini tamamilə yerinə yetirmişdir. Belə ki, əvvəlcədən razılaşdırılmış miqdarda mallar cavabdehə təhvil verilmişdir. Həmin fakt malların təhvil-qəbul aktı ilə təsdiq olunur. Akta əsasən, cavabdehin ümumilikdə 3406,63 manat məbləğində borcu yaranmışdır. Tərəflərin səlahiyyətli nümayəndələri borc məbləğini etiraf etmiş və imzaları ilə təsdiq etmişdir. Lakin bu günə qədər cavabdeh öz öhdəliklərinin tam icrasından qərəzli olaraq yayınmış, nəticədə cəmiyyətin hüquq və mənafelərinə mübahisələndirilən borc həcmində ziyan vurulmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamı ilə xx.xx.2020-ci il tarixdən İnzibati-İqtisadi Məhkəmələr ləğv edilərək, İnzibati və Kommersiya Məhkəmələri təşkil edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndəməhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. İddiaçının nümayəndəsi etiraz etmədiyindən Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1753/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -İddiaçı MMC (satıcı) ilə X4 (alıcı) arasında bağlanmış xx xxx 2019-cu il tarixli 1224 saylı alqı-satqı müqaviləsindən görünür ki, satıcı bu müqavilənin tərkib hissəsi olan sifarişlər əsasında razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə alıcını malla təmin etməyi, alıcı isə həmin sənədlər əsasında malı qəbul edərək, dəyərini ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 1.3-cü bəndinə əsasən, malın qiyməti satıcı tərəfindən müəyyən edilir və müxtəlif vasitələr ilə alıcıya bildirilir. Malın qiymətinin dəyişdirilməsi satıcının müstəsna səlahiyyətidir. Müqavilənin 3.1-ci bəndinə əsasən, alıcıya təhvil verilmiş malın dəyərinin ödənilmə müddəti malın verildiyi vaxtdan etibarən 21 gündən artıq ola bilməz. Ödəniş 21 gün ərzində aparılmadığı halda malın dəyəri bu müqavilənin 4.5-ci bəndinə göstərilən qaydada hesablanmaqla satıcıya ödəniləcəkdir. Müqavilənin 3.2-ci bəndinə əsasən, alıcı satııcya ödəməli olduğu vəsaiti nağd, yaxud bank vasitəsi ilə həyata keçirir. Müqavilənin 3.3-cü bəndinə əsasən, alıcı satıcıya ödəməli olduğu nağd vəsaiti satıcının səlahiyyətli nümayəndəsindən qəbz almaqla ödəyir. Müqavilənin 4.5-ci bəndinə əsasən, alıcı satıcıya olan borcun ödənişini 3.1-ci bənddə göstərilən şərtə uyğun həyata keçidmədikdə borc gecikdirilmiş sayılır və satıcıya sonuncunun tələbinə əsasən, gecikmənin hər günü üçün borclu olduğu məbləğin 0.05 faizi miqdarında cərimə ödəməlidir. Lakin hər bir halda cərimənin məbləği ümumi malın dəyərinin 10 faizindən artıq ola bilməz. Bu qayda alıcının fəaliyyətinin dayandırıldığı hallara da şamil edilir. - 1x xxx 2019-cu il tarixli 407930 nömrəli malların təhvil-qəbul aktından görünür ki, İddiaçı MMC tərəfindən X2 224,82 (ƏDV-siz) manat həcmində mal verilmişdir. - 1x xxx 2019-cu il tarixli 407931 nömrəli malların təhvil-qəbul aktından görünür ki, İddiaçı MMC tərəfindən X2 617,70 (ƏDV-siz) manat həcmində mal verilmişdir. - 1x xxx 2019-cu il tarixli 661676 nömrəli malların təhvil-qəbul aktından görünür ki, İddiaçı MMC tərəfindən X2 2565,63 (ƏDV-siz) manat həcmində mal verilmişdir. - Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı MMC ilə X4 arasında xx xxx 2019-cu il tarixli 1224 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən satıcı bu müqavilənin tərkib hissəsi olan sifarişlər əsasında razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə alıcını malla təmin etməyi, alıcı isə həmin sənədlər əsasında malı qəbul edərək, dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarına əalvə edilmiş malların təhvil-qəbul aktlarından görünür ki, satıcı öz öhdəliyini icra etmişdir, lakin alıcı həmin malın dəyərini satıcıya ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə qeyd edir ki, iş materiallarında görünür ki, müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklər iddiaçı tərəfindən yerinə yetirilməsinə baxmayaraq, həmin məhsulların dəyəri iddiaçıya tam ödənilməmişdir.Belə ki, xx xxx 2019-cu il tarixli müqavilə üzrə 3406,63 manat pul iddiaçıya ödənilməmişdir. Məhkəmə iddiaçının cavabdehdən alqı-satqı müqaviləsinə görə yaranmış borcun ödənilməsi tələbi ilə bağlı qeyd edir ki, tərəflər arasında müqavilə üzrə öhdəlik münasibətləri yaranmış, iddiaçı razılaşma üzrə nəzərdə tutulmuş malları cavabdehə vermiş, cavabdeh isə həmin malların dəyərini tam olaraq ödəməmiş, bununla da öhdəliyini pozmuş və iddiaçı pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Müqavilənin 4.5-ci bəndinə əsasən, alıcı satıcıya olan borcun ödənişini 3.1-ci bənddə göstərilən şərtə uyğun həyata keçidmədikdə borc gecikdirilmiş sayılır və satıcıya sonuncunun tələbinə əsasən, gecikmənin hər günü üçün borclu olduğu məbləğin 0.05 faizi miqdarında cərimə ödəməlidir. Lakin hər bir halda cərimənin məbləği ümumi malın dəyərinin 10 faizindən artıq ola bilməz. Bu qayda alıcının fəaliyyətinin dayandırıldığı hallara da şamil edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi cərimənin ödənilməsi hissəsində də təmin edilməli və 170 manat cərimə məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Qeyd edilənlərə və göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx xxx 2019-cu il tarixli 1224 saylı alqı-satqı müqaviləsinə əsasən, cavabdeh X1 3406,63 (üç min dörd yüz altı manat altmış üç qəpik) manat məbləğində borc, 170 (yüz yetmiş) manat dəbbə pulu və ödənimiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat olmaqla, cəmi 3606,63 (üç min altı yüz altı manat altmış üç qəpik) manat məbləğində pul tutularaq iddiaçı “xxxx” MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. xx xxx 2019-cu il tarixli 1224 saylı alqı-satqı müqaviləsinə əsasən, cavabdeh X1 3406,63 (üç min dörd yüz altı manat altmış üç qəpik) manat məbləğində borc, 170 (yüz yetmiş) manat dəbbə pulu və ödənimiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat olmaqla, cəmi 3606,63 (üç min altı yüz altı manat altmış üç qəpik) manat məbləğində pul tutularaq iddiaçı “xxxx” MMC-nin xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar