Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-1754/2020 18.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İlkin iddia üzrə iddiaçı/qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi Nümayəndə, İlkin iddia üzrə cavabdeh/qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X1 iştirakları ilə, İlkin iddia üzrə iddiaçı “xxxxxxxxxx” MMC-nin ilkin iddia üzrə cavabdeh X5 qarşı “pul” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı X4 qarşılıqlı iddia üzrə cavabdeh “xxxxxxxxxx” MMC-yə (“xxxxxxxxxxxx” MMC) qarşı “aktın etibarsız hesab edilməsai” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı “xxxxxxxxxxxx” MMC ilkin iddia üzrə cavabdeh X5 qarşı “pul” tələbinə dair ilkin iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehdən 17130.46 manat əsas borc, əsas borca görə gecikdirilmiş 90 gün üçün hesablanmış 7650 manat dəbbə pulunun və iddia ərizəsinin məhkəmədə mübahisələndirilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 24810,46 manat pul məbləğinin tutularaq iddiaçı “xxxxxxxxxxxx” MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh X7 ilə İddiaçı MMC arasında işgüzar tərəfdaşlıq münasibətləri formalaşmış və həmin münasibətlər tərəflər arasında imzalanmış və rəsmi hüquqi qüvvəyə malik xx.xx.2017-ci il tarixli 43426 saylı alqı-satqı müqaviləsi ilə rəsmiləşdirilmişdir. Həmin müqavilənin məzmununa əsasən, İddiaçı MMC cavabdeh X6 onun əvvəlcədən razılaşdırılmış sifarişləri əsasında razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə malla təmin etməyi, X7 isə malı qəbul edib, malın dəyərini ödəməyi, əks halda həm hesablanmış borcu tam şəkildə, həm də hər gecikən gün üçün müqavilə üzrə razılaşdırılmış penya məbləğini də ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin müddəalarına uyğun olaraq, İddiaçı MMC özünü n müqvailədən irəli gələn öhdəliklərini tamamilə yerinə yetirmişdir. Belə ki, əvvəlcədən razılaşdırılmış mqidarda mallar cavabdehə təhvil verilmişdir. Həmin fakt tərəflər arasında tərtib edilmiş xx.xx.2019-cu il tarixli üzləşmə aktı ilə təsdiq edilmişdir. Akta əsasən, cavabdehin ümumilikdə 17130,46 manat məbləğində borcu yaranmışdır. Tərəflərin səlahiyyətli nümayəndələri borc məbləğini etiraf etmiş və imzaları ilə təsdiq etmişdir. Lakin bu günə qədər cavabdeh öz öhdəliklərinin tam icrasında qərəzli olaraq yayınmış, nəticədə cəmiyyətin hüquq və mənafeələrinə mübahisələndirilən borc həcmində ziyan vurulmuşdur. Cavabdehin qeydiyyatda olduğu ünvana müvafiq xəbərdarlıq məktubu göndərilsə də, heç bir nəticə hasil olmamışdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamı ilə xx.xx.2020-ci il tarixdən İnzibati-İqtisadi Məhkəmələr ləğv edilərək, İnzibati və Kommersiya Məhkəmələri təşkil edilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı X7 qarşılıqlı iddia üzrə cavabdeh “xxxxxxxxxxxx” MMC-yə qarşı “aktın etibarsız hesab edilməsai” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə X7 arasında bağlanmış xx xxxx 2019-cu il tarixli üzləşmə aktının etibarsız hesab edilməsi və ilkin iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC tərəfindən xx.xx.2020-ci il tarixə saat 15:30-a təyin edilmiş məhkəmə iclasında təqdim edilən xx xxxx 2019-cu il tarixli üzləşmə aktına görə X4 İddiaçı MMC-yə 17130,46 manat borcunun olması qeyd olunmuşdur. X7 İddiaçı MMC-dən 17130,46 manat dəyərində mal almamış, qeyd olunan məbləğ tamamilə şişirdilmiş və X4 mühasibatlıq sənədlərində həmin malın qəbul edilməsinə dair heç bir sənəd mövcud deyildir. Eyni zamanda qeyd edilməlidir ki, həmin akt məhkəmə iclasında təqdim edilən müddətə qədər X4 belə bir aktın varlığından xəbəri olmamışdır. Xəbəri olmamasının səbəbi isə tərəflər həmin aktı qiymət razılaşma protokolu kimi təsdiqləmişlər və təhvil veriləcək malların ümumi dəyəri kimi qeyd olunan məbləğ göstərilmişdir. Halbuki İddiaçı MMC tərəfindən X5 17130,46 manat dəyərində mal təhvil verilməmişdir. Həmin malların təhvil verilməsi ilə bağlı İddiaçı MMC tərəfindən heç bir sənəd məhkəməyə təqdim edilməmişdir. Belə bir halda, yəni heç bir mal vermədən ödənişin tələb edilməsi əsassız varlanmaya gətirib çıxarır ki, bu da öz növbəsində mülki qanunvericiliyin tələblərinə ziddir. İddiaçı MMC tərəfindən qeyd olunan dəyərdə mal təhvil verilmədiyindən xx xxxx 2019-cu il tarixli üzləşmə aktının əhəmiyyəti qalmamışdır. Məhkəmə araşdırması zamanı ilkin iddia üzrə iddiaçı/qarşılqılı iddia üzrə cavabdeh İddiaçı MMC əsl tərəf “xxxxxxxxxx” MMC ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən İlkin iddia üzrə iddiaçı/qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi Nümayəndəilkin iddia tələbinin təmin edilməsini və qarşılıqlı iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh/qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X2ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin nümyəndələrinin izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv surətdə araşdıraraq hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı MMC (satıcı) ilə X7 (alıcı) arasında bağlanmış xx xxxxxx 2017ci il tarixli 43426 saylı alqı-satqı müqaviləsindən görünür ki, satıcı müqavilənin ayrılmaz tərkib hissəsi olan sifarişlər əsasında razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə alıcını malla təmin etməyi, alıcı isə həmin sənədlər əsasında malı qəbul edərək, dəyərini ödəməyi öz öhdəsinə götürür. Müqvailənin 3.1-ci bəndinə əsasən, alıcıya təhvil verilmiş malın dəyərinin ödənilmə müddəti malın verildiyi vaxtdan etibarən 14 gündən artıq ola bilməz. Ödəniş 14 gün ərzində aparılmadığı halda malən dəyəri bu müqavilənin 4.5-ci bəndində göstərilən qaydada hesablanmaqla satıcıya ödəniləcəkdir. Müqavilənin 4.5-ci bəndinə əsasən, alıcı satıcıya olan borcun ödənişini 3.1-ci bənddə göstərilən şərtə uyğun həyata keçirmədikdə borc gecikdirilmiş sayılır və satıcıta sonuncunun tələbinə əsasən gecikmənin hər günü üçün borclu olduğu məbləğin 0.05 faizi miqdarında cərimə ödəməlidir. Bu qayda alıcının fəaliyyətinin dayandırıldığı hallara da şamil edilir. - xx.xx.2017-ci il tarixli qaimə-fakturanın surətindən görünür ki, Bağırov Qalib tərəfindən 5400 manat dəyərində mal təhvil alınmışdır. - xx xxxx 2019-cu il tarixli üzləşmə aktından görünür ki, xx xxxx 2019-cu il tarixinə X4 İddiaçı MMC-yə olan borc məbləği 17130,46 manat təşkil edir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, İddiaçı” MMC (satıcı) ilə X7 (alıcı) arasında xx xxxxxx 2017-ci il tarixli 43426 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, satıcı müqavilənin ayrılmaz tərkib hissəsi olan sifarişlər əsasında razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə alıcını malla təmin etməyi, alıcı isə həmin sənədlər əsasında malı qəbul edərək, dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. İlkin iddia üzrə cavabdeh X4 məhkəməyə təqdim edilən etiraz və mülahizələrində həmin müqavilə üzrə ümumiyyətlə ona mal verilmədiyi bildirsə də, ilkin iddia üzrə iddiaçı tərəfindən məhkəməyə təqdim edilən qaimə faktura ilə satıcı tərəfindən alıcıya mal verildiyi sübut olunur. İlkin iddia üzrə iddiaçı öz iddiasının əsası kimi tərəflər arasında bağlanmış xx xxxx 2019-cu il tarixli üzləşmə aktına istinad etdiyi halda, X7 üzləşmə aktından bixəbər olduğunu bildirir. Buna görə məhkəmə ilkin olaraq üzləşmə aktının hüquqi nəticələr doğura bilməsinə münasibət bildirməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Məhkəmə qeyd edir ki, xx xxxx 2019-cu il tarixdə tərəflər arasında bağlanmış üzləşmə aktı hər iki tərəfdən imzalanmışdır. X7 qeyd edilən üzləşmə aktını imza etməklə İddiaçı MMC-yə 17130,46 manat borcunun olmasını qəbul etmiş və bununla da öz iradəsini ifadə etmişdir. İki tərəfin iradə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Göründüyü kimi xx xxxx 2019-cu il tarixli üzləşmə aktı iki tərəfin iradə ifadəsini özündə əks etdirdiyindən bu həm də həmin tarixə borcun etiraf edilməsi ilə bağlı əqddir. Qarşılıqlı iddia ərizəsində üzləşmə aktının etibarsızlığı mübahisələndirildiyindən, məhkəmə əvvəla qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339.1-ci maddəsinə görə, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Həmin Məcəllənin 339.4-cü maddəsinə görə əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. X7 xx xxxx 2019-cu il tarixli küzləşmə aktından xəbərdar olmadığını bildirsə də, aktı imzalamış və aktın onun tərəfindən imzalanmadığını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş və məhkəmə araşdırması zamanı da belə bir halın mövcud olması öz təsdiqini tapmamışdır. Bundan əlavə, mübahisələndirilən üzləşmə aktının etibarsız hesab edilməsinə dəlalət edən hal olsaydı belə, iddiaçı həmin müqavilənin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən həmin əqdin mübahisələdirilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş bir illik müddəti də ötürmüşdür. Ona görə məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Məhkəmə ilkin iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə qeyd edir ki, iş materiallarında görünür ki, müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklər iddiaçı tərəfindən yerinə yetirilməsinə baxmayaraq, həmin məhsulların dəyəri iddiaçıya tam ödənilməmişdir. xx xxxx 2019-cu il tarixli üzləşmə aktı ilə də 17130,46 manat borcun olduğu sübut olunur. Məhkəmə ilkin iddia üzrə iddiaçının cavabdehdən alqı-satqı müqaviləsinə görə yaranmış borcun ödənilməsi tələbi ilə bağlı qeyd edir ki, tərəflər arasında müqavilə üzrə öhdəlik münasibətləri yaranmış, iddiaçı razılaşma üzrə nəzərdə tutulmuş malları cavabdehə vermiş, cavabdeh isə həmin malların dəyərini tam olaraq ödəməmiş, bununla da öhdəliyini pozmuş və iddiaçı pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin iddia tələbi 17130,46 manat əsas borcun cavabdehdən tutulması hissəsində təmin edilməlidir. Məhkəmə ilkin iddia tələbinin cərimənin ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq, tələb olunan 7650 manat cərimə məbləğinin 76,50 manat həddinədək azaldılmasını ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İlkin iddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia qismən tələbi təmin edilməli, cavabdeh X3 17130,46 (on yeddi min yüz otuz manat qırx altı qəpik) manat əsas borc, 76,50 (yetmiş altı manat əlli qəpik) manat dəbbə pulu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat olmaqla, cəmi 17236,96 (on yeddi min iki yüz otuz altı manat doxsan altı qəpik) manat pul tutularaq iddiaçı “xxxxxxxxxx” MMC-nin xeyrinə ödənilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İlkin iddia tələbi qismən təmin edilsin. Cavabdeh X3 17130,46 (on yeddi min yüz otuz manat qırx altı qəpik) manat əsas borc, 76,50 (yetmiş altı manat əlli qəpik) manat dəbbə pulu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat olmaqla, cəmi 17236,96 (on yeddi min iki yüz otuz altı manat doxsan altı qəpik) manat pul tutularaq iddiaçı “xxxxxxxxxx” MMC-nin xeyrinə ödənilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı X4 qarşılıqlı iddia üzrə cavabdeh “xxxxxxxxxx” MMC-yə (“xxxxxxxxxxxx” MMC) qarşı “aktın etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2-2(113)-1754/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-1754/2020
18.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver