Məhkəmə qərarları › İş №2-2(113)-194/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-194/2023

27.01.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-194/2023 27.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair, birləşdirilmiş iş üzrə İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Birinci iş üzrə: İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Almaniya Respublikasında yaşayarkən iddiaçı şəxsdən aldığı və onun tərəfindən ödənilmiş 1.427.364 (bir milyon dörd yüz iyirmi yeddi min üç yüz altmış dörd) manat məbləğində borcun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bir iş üzrə: İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən cəmi 5.511.983 (beş milyon beş yüz on bir min doqquz yüz səksən üç) manat, Cavabdeh 8.252.479 (səkkiz milyon iki yüz əlli iki min dörd yüz yetmiş doqquz) manat olmaqla, cəmi 13.764.462 (on üç milyon yeddi yüz altmış dörd min dörd yüz altmış iki) manat məbləğində borcun tutularaq ona qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 12 avqust 2020-ci il tarixli 2(005)- 2664/2020 nömrəli qərardadı ilə mülki işlər bir icraatda birləşdirilmişdir. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-211/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “cavabdehə verilmiş pul vəsaitləri ilə bağlı əsas və faiz borcu” tələbinə və İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizələri təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. İş Bakı Apellyasiya Məhkəsinin icraatında olduğu dövrdə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1986/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı X1 cavabdeh İddiaçı və Bakı şəhəri 21 saylı Dövlət Notariat Kontoruna qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh cəlb edilməklə) “razılaşmanın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması və sair” tələbinə dair və İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işlə bir icraatda baxılması üçün birləşdirilməsi qərara alınmışdır. Sonradan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1986/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı X1 cavabdeh İddiaçı və Bakı şəhəri 21 saylı Dövlət Notariat Kontoruna qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh cəlb edilməklə) “razılaşmanın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə iş ayrılmış və bu hissədə eyni tarixli qətnamə qəbul edilərək, apellyasiya şikayətləri təmin olunmamış, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4731/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1986/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə və İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair işi üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Nərimanov Rayon Məhkəməsinin 2(005)-211/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş məhkəmə aidiyyatı üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Ona görə də, məhkəmə qeyd edir ki, hazırkı məhkəmə baxışının predmetini sonuncu sadalanmış mübahisələrin həlli təşkil edir. İddiaçı birinci iddiasında qeyd etmişdir ki, Cavabdeh 2012-ci ilin iyun ayında övladının xəstəliyi adı ilə Almaniyaya gedərkən ondan qaytarmaq şərtilə 5000 (beş min) manat pul vəsaiti alaraq Respublikanı tərk etmiş, Almaniyada yaşadığı müddətdə övladının müalicəsinin uzandığını və pula ehtiyacının çox olduğunu bildirərək, orada olduğu müddətdə hər ay ona pul göndərməsini xahiş etmiş, nağd pulu olmadığından bu məsələni yalnız bankdan götürməklə həll edə biləcəyini söyləmiş, Elşən isə heç-bir narahatçılığın olmadığını, qayıdanda ümumi məbləği və faizləri qaytarmaq şərtilə mütəmadi hər ay 5000 (beş min) manat göndərilməsini istəmişdir. Qardaş olaraq inanıb 2016-cı ilin mart ayına qədər pulun göndərilməsini mütəmadi olaraq hər ay həll etmiş, Elşən pulların bankdan götürüldüyünü və əlavə faiz borcu ödənildiyini bilmişdir. Əvvəllər hər ay 5000 (beş min) manat məbləğində pul vəsaitini "xxxx" Qapalı Səhmdar Cəmiyyəti vasitəsilə göndərmiş, 2014-cü ildə Elşən ona problem yarandığını dedikdən sonra, həmin pulları bir-neçə dəfə gəlib-gedərkən nağd şəkildə və sonradan Elşənin planlaşdırılmış fikrinə əsasən hər ikisinə qohum olan X2 adına plastik kart açaraq daha rahat olsun deyə karta ödəmişdir. Bu ödəniş 2016-cı ilin mart ayına kimi davam etmişdir. Amma sonralar artıq imkan zəiflədiyindən və pulu bankdan götürdüyü üçün faizlər çoxaldığından, tək qaldığı üçün və ona köməyi olmadığından qardaş olsa da belə ona ayrılmış karta pul ödəyə bilməmişdir. Hazırkı tarixə kimi ABŞ dolları ilə faiz ödəyir, bankdan götürdüyü pullar ABŞ dolları ilə olmuş, həmçinin bu müddət ərzində kurs yuxarı qalmışdır. İddiaçı ikinci iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 2008-ci il tarixdə eyni məzmunlu müqavilələr bağlayaraq, ünvan 1 ünvandakı 2008-ci il tarixdə tikilməkdə olan 18 mərtəbəli binanın birinci və ikinci mərtəbəsindən ayrı-ayrılıqda 275 kv.metr olmaqla, cəmi 550 kv.metr sahəni ilkin olaraq hər biri 100.000 (bir yüz min) manat və 109.000 (bir yüz doqquz min) manat olmaqla, cəmi 209.000 (iki yüz doqquz min) manat, ümumilikdə isə 418.000 (dörd yüz on səkkiz min) manat onu "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən 12 avqust 2008-ci il tarixli, 05L000000738 nömrəli ktredit xətt razılaşması üzrə götürdüyü 600.000 (altı yüz min) ABŞ dolları hesabına ödəməklə həmin sahələri kredit müqaviləsi əsasında almışdılar. 2008- 2009-cu il tarixlərində onun tərəfindən həm qardaşı Cavabdeh, həm də öz adına ayrıayrılıqda 314.715 (üç yüz on dörd min yeddi yüz on beş) manat, cəmi 629.430 (altı yüz iyirmi doqquz min dörd yüz otuz) manat məbləğində pul vəsaiti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xəzinəsinə nağd formada ödəniş etmişdir. Lakin, buna baxmayaraq həmin ödəniş nağd formada Məhdud Məsuliyyətli Cəmiyyətinin xəzinəsinə deyil, bankda açılmış hesabına ödənilməli idi. Bir müddət sonra, yəni 2009-cu il tarixdə qardaşının qərəzli mövqeyi nəticəsində sözügedən obyektin hamısının onun adına keçirilməsini bildirmişdir. Bu halda onun ödədiyi pulların onun və 314.715 (üç yüz on dörd min yeddi yüz on beş) manat məbləğində öz adına ödədiyi pul vəsaitini isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qaytarılması şərtilə razılaşmışdır. X3 Cəmiyyəti arasındakı müqavilə qanunvericiliyin tələbinə əsasən ləğv olunmalı halda, ya da ona aid pul vəsaiti qaytarılmaqla həmin müqaviləyə xitam verilməklə, yəni onun ödədiyi 314.715 manat məbləğində pul vəsaiti qaytarılaraq, tam şəkildə yenidən müəyyən şərtlər daxilində Cavabdeh ilə bağlaya bilərdi. Lakin, onun ödədiyi 314.715 manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xəzinəsində qalaraq, ikinci Cavabdeh ilə 16 dekabr 2009-cu il tarixdə “mənzil tikintisinə və satışına” dair yeni müqavilə bağlanmışdır. Yəni əvvəlki müqavilənin hansı şərt daxilində ləğv edilməsi ilə əlaqədar onun məlumatı olmamış və ona məlumat verilməmişdir. Bundan sonra o qardaşına inanaraq onun adına olan həmin müqavilə əsasında 2012-ci il tarixdə Almaniya Respublikasında olması ilə əlaqədar heç bir notarial qaydada etibarnamə olmadan Məhdud Məsuliyyətli Cəmiyyətinin 19 yanvar 2017-ci il tarixli 6 nömrəli arayışına əsasən 2011-ci il daxil olmaqla, 2016-cı ilə qədər 340.000 (üç yüz qırx min) manat məbləğində pul ödənildiyinə dair direktor və mühasiblərin imzası ilə rəsmi sənəd təsdiqlənmişdir. Amma 2010-cu il tarixdə ödənilmiş 65.000 (altımış beş min) manat məbləğində ödəniş həmin arayışda öz əksini tapmamışdır. Əlavə olaraq, 2011-ci il tarixdə qəbzlər əsasında 30.000 (otuz min) manat ödənildiyi halda, arayışda həmin il üçün 10.000 (on min) manat göstərilmişdir. Bu halda onun tərəfindən Məhdud Məsuliyyətli Cəmiyyətinə 1.054.430 (bir milyon əlli dörd min dörd yüz otuz) manat məbləğində ödəniş edilmişdir. Bu pul vəsaiti yuxarıda qeyd edilən bankdan götürülmüş kredit hesabına "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilmişdir. O, hal-hazırda da həmin banka 2008-ci il tarixdən kredit ödəyir. Bu halda hər iki cavabdeh ona olan qeyd edilən borclarını hazırkı tarixə kimi ABŞ dollarına olan nisbətdə faizlə birlikdə qaytarmalıdırlar. İş Bakı Kommersiya Məhkəməsinin icraatında olduğu dövrdə yəni xx.xx.2022-ci il tarixdə iddiaçı tərəf iddianın dəyişdirilməsinə dair ərizə ilə müraciət edərək, cavabdehə verilmiş pul vəsaitləri ilə bağlı əsas və faiz borcunun qaytarılması tələbi ilə bağlı 1.288.937 manat və borcun tutulması tələbi ilə bağlı 3.752.147 manat olmaqla, cəmi 5.041.084 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili Nümayəndə1 izahat verərək, iddia ilə razı olmadığını və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı və Cavabdeh qardaş olmaqla vaxtı ilə birgə sahibkarlıq fəaliyəti ilə məşğul olmuş və bu müddət ərzində də, bir sıra daşınar və daşınmaz əmlaklar əldə etmişlər. Sonra xx.xx.2011-ci il tarixdə tərəflər illər boyu fəaliyətləri nəticəsində qazandıqları əmlakların bölünməsi barədə razılığa gəlmişlər. Həmin Razılaşmanın bəndlərinə əsasən tərəflər Bakı şəhərində qazandıqları aşağıda göstərilən ticarət obyektləri - ünvan 2 ünvanında məhəllədəki “Kaspian” TM-dəki 36 saylı mağaza, Nobel prospekti 23 ünvanda “A.M.A.Y” TM-dəki 7 saylı mağaza və Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi, ev 10 ünvanında yeni tikilən "xxxx" binasındakı obyektin Cavabdeh verilərək adına sənədləşdirilməsini; qardaşların birgə fəaliyyətinin maliyyə hesabatlarını və ödənişlərini apardığına və bu işə bilavasitə rəhbərlik etdiyinə görə İddiaçı Cavabdeh adına yazılmış "xxxx" binasındakı yeni tikilən obyektin tikintisinə qalan vəsaiti mütəmadi olaraq ümumi hesabdan tam ödənilməsinin həyata keçirilməsini; qardaşların birgə fəaliyyəti davam edərək alış verişdən əldə edilən vəsaiti (gəliri) fəaliyyətdən kənar məqsədlərə sərfinin yalnız hər ikisinin razılığı əsasında həyata keçirilməsini öhdələrinə götürmələri barədə razılıq əldə etmişlər. Qeyd edilən hallar həmçinin öz əksini Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-24/2018 saylı, 10 may 2018-ci il tarixli qətnaməsinin, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8400/2018 saylı, 05 oktyabr 2018-ciil tarixli qətnaməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23 aprel 2019-cu il tarixli, 2(102)-2225/2019 saylı qərarının məzmunundan da aydın olur. Göründüyü kimi, tərəflər arasında uzun müddət birgə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi işin mübahisəsiz halıdır. İddiaçı tərəf hazırda birinci iddia ilə məhkəməyə müraciət edərək qardaşı Elşənin uşağının mualicəsi üçün Almaniyaya 2012-ci ildən 2016-cı ilədək pullar göndərdiyini və həmin pulların göndərilməsi üçün Bankdan kredit götürdüyünü və ona görə də, pulun və Bank tərəfindən hesablanmış faizlərin cavabdeh tərəfindən qaytarılmasını tələb edir. Cavabdeh tərəf isə, göndərilmiş pulların birgə sahibkarlıq fəaliyyətinin nəticəsində olduğunu qeyd edir və 2012-2016-cı illər ərzində müalicə ilə bağlı hər hansı pulun göndərilmədiyini bildirir. Məhkəmə qeyd edir ki, mübahisənin həlli baxımından aşağıdakı normalar nəzərdən keçirilə bilər. Mülki Məcəllənin 739.1-cu maddəsinə əsasən Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2-ci maddə). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqe ondan ibarətdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mülki Məcəllənin 21.2, 1096, 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Bu baxımdan məhkəmə qeyd edir ki, iddiaçı tərəf qardaşı oğlunun mualicəsi üçün Almaniyaya hər ay pul göndərdiyini qeyd etsə də, onun tərəfindən qardaşına pulun göndərilməsini və bunun da, məhz qardaşı oğlunun mualicəsi üçün borc pulun verilməsini təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, göründüyü kimi tərəflər xx.xx.2011-ci ildə əmlakların və gəlirlərin bölünməsi barədə razılığa gəlmişlər, iddiaçı tərəf də, məhz 2012-2016-cı illər ərzində pulun göndərilməsinə istinad edir. Bu hal isə onu deməyə əsas verir ki, qeyd edilən pullar mualicə üçün deyil, məhz xx.xx.2011-ci il Razılaşmanın icrası üçün edilmişdir. Həmçinin də, qeyd edilməlidir ki, iddiaçı tərəf Bankdan kredit götürdüyünü və ziyana düşdüyünü qeyd etsə də, kreditə götürülmüş pulun qardaşına verilməsinə dair hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı Almaniya göndərilməsi istinad olunun pullarla bağlı borcun qaytarılması tələbinə dair iddiası təmin edilə bilməz. İkinci iş isə göründüyü kimi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilmiş pulların qaytarılması ilə bağlıdır. Bu hissədə də, məhkəmə hesab edir ki, iddia təmin edilə bilməz. Belə ki, artıq tərəflər xx.xx.2011-ci il tarixli razılaşmanı bağlamaqla birgə sahibkarlıq fəaliyyəti nəticəsində əldə edilmiş əmlakları bölmüşlər. Ona görə də, əvvəl ödənişlərin hansı formada, kim tərəfindən edilməsinin heç bir əhəmiyyəti yoxdur. O da, qeyd edilməlidir ki, xx.xx.2011-ci il tarixli razılaşmanın etibarsız hesab edilməsinə dair iddia Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-4731/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1986/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanmışdır. Məhkəmə iclasında cavabdehin vəkili qeyd edilən sonuncu qətnamənin Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən daəyişdirilmədən saxlandığını bildirmişdir. Belə olan halda Məhkəmə hesab edir ki, iddia tələblərinin qanuni əsasları tapılmadığından təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair, birləşdirilmiş iş üzrə İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiaları rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar