Məhkəmə qərarları › İş №2-2(113)-2008/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(113)-2008/2020

12.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(113)-2008/2020 12.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Qasımov Fərrux Hüseynağa oğlu, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri Bakı Kommersiya Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: “xxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş 2000000 manat maddi və 200000 manat mənəvi ziyanın və 30 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəyə görə kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin maddənin məzmunundan göründüyü kimi kommersiya mübahisələri üzrə bütün sənədlər, o cümlədən iddia ərizələri yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə göndərilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə görə barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəməyə verilərkən onun formasına dair MPM-nin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş tələblərin pozulması nəzərə alınmalı və MPM-nin 13.4-cü maddəsinə əsasən prosessual hüquq münasibətinə analogiya üzrə 152.1.1-ci maddəsi tətbiq olunmalıdır. Bundan başqa, iddia ərizəsinin nəzərdən keçirərkən görünür ki, tələb cavabdeh qismində - Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə qarşı yönəlmişdir və tələbin predmetini cavabdehlərin üzərinə vəzifə qoyulması, qanunsuz hərəkət nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessaul Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. - 2.2 və 2.2.7-ci maddəsinə əsasən habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”nın 19-cu bəndinə əsasən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, 19.1.2-ci bəndinə əsasən isə tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi inzibati orqanların siyahısına daxil edilmişdir. Buna görə də hesab edirəm ki, iddia ərizəsini geri qaytarmaqla yanaşı “xxxx” MMC-yə izah olunmalıdır ki, hazırkı tələbə mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar