Məhkəmə qərarları › İş №2-2(113)-2250/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(113)-2250/2021

19.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(113)-2250/2021 19.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Hüseyn oğlu, İddiaçı Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi-tədqiqat və Layihə-X1 İnstitu tərəfindən verilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi-tədqiqat və Layihə-X1 İnstitu cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 488/20 saylı müqaviləyə müvafiq olaraq ödənilməmiş 2537 manatın və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 2567 manatın “xxxx” ASC hesabından tutularaq S.Ə.Dadaşov adına Elmitədqiqat və Layihə-X1 İnstitunun hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəmənin dəftərxanasına yazılı şəkildə daxil olmuşdur. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3.1-ci maddəsinə əsasən məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəyə görə kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin maddənin məzmunundan göründüyü kimi kommersiya mübahisələri üzrə bütün sənədlər, o cümlədən iddia ərizələri yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə göndərilə bilər. Bundan başqa məhkəmə həmçinin qeyd edir ki, yazılı formada verilmiş iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi barədə qəbz, iddia ərizəsinin qarşı tərəfə verilməsinə dair qəbz, pretenziya qaydasına əməl edilməsinə dair sənəd də əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0 və 150.0.4-cü maddəsinə əsasən iddia ərizəsinə kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə olunmalıdır. Həmin Məcəllənin 152.1 və 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 3, 10-1.3, 151-152 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi-tədqiqat və Layihə-X1 İnstitu tərəfindən verilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi-tədqiqat və Layihə-X1 İnstituna geri qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar