Məhkəmə qərarları › İş №2-2(113)-2251/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(113)-2251/2021

20.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(113)-2251/2021 20.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əliyeva Leyla Rauf qızı İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ M: İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, MPM-in 10-1.3-ci maddəyə görə kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin maddənin məzmunundan göründüyü kimi kommersiya mübahisələri üzrə bütün sənədlər, o cümlədən iddia ərizələri yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə göndərilə bilər. Hazırkı iş üzrə iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən isə görünür ki, həmin ərizə və sənədlər elektron kabinet vasitəsilə göndərilməmişdir. MPM-in 13.4-cü maddəsinə görə barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə olan halda məhkəmə hazırkı iş üzrə iddia ərizəsi məhkəməyə verilərkən iddia ərizəsinin formasına dair MPM-in 10-1.3-cü maddəsində nəzərdə tutulmuş tələblərə riayət edilmədiyini nəzərə alaraq həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən prosessual hüquq münasibətinə analogiya üzrə MPM-in 152.1.1-ci maddəsini tətbiq edilməsini mümkün hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə iddia ərizəsinin verilməsi zamanı MPM-in yuxarıda göstərilən tələblərinə riayət edilmədiyini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Bununla yanaşı məhkəmə onu da qeyd edir ki, İddiaçı iddiasında irəli sürdüyü tələb hazırda iflas prosedurunda olan ASC Cavabdehnə qarşı yönəldilmiş kreditor tələbdir. “Müflisləşmə və iflas haqqında” AR Qanununun borclunun müflis elan olunmasının nəticələrini müəyyən edən 18-ci maddəsinə görə:

1. Borclunun müflis elan olunmasının məqamları aşağıdakılardır: a) borclunun müflis elan olunması haqqında məhkəmə qərarının qanuni qüvvəyə minməsi tarixi və ya; b) bu Qanunun tələblərinə uyğun olaraq kreditorların ilkin yığıncağında borclu müəssisənin müflis elan olunması barədə müvafiq qərarın qəbul edilməsi tarixi.

2. Borclunun müflis elan olunması məqamından etibarən: a) bütün məhkəmə araşdırmalarına və borcludan alınmalı məbləğlərin tutulması üçün digər hərəkətlərə son qoyulur; b) borcluya qarşı tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas prosesi çərçivəsində irəli sürülə bilər. Sadalanan qanunvericilik normalarından göründüyü kimi, şəxsin müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan həmin şəxsə qarşı bütün məhkəmə araşdırmalarına və borcludan alınmalı məbləğlərin tutulması üçün digər hərəkətlərə son qoyulur və banka qarşı tələblər yalnız qanunvericilikdə nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülməlidir. Belə olan halda məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, İddiaçı cavabdeh Standard İnsurance” Sığorta şirkətinə qarşı irəli sürdüyü hazırkı iddia ərizəsinə “Müflisləşmə və iflas haqqında” AR Qanununun 18-ci maddəsinin tələblərinə əsasən məhkəmədə baxılmalı deyil. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq,

Q Ə R A R A A L D İ M:

İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar