Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-2274/2021 22.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi və əsassız tərtib edilmiş protokolların eitbarsız sayılması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət edərək cavabdeh "xxxx" ASC-nin qanunazidd hərəkətlərinin dayandırılması, tərtib edilmiş protokolun etibarsız hesab edilməsi və onun bütün hüquqi nəticələrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı təqribən dörd ilə yaxındır ünvan 1 ünvanında yerləşən kafenin sahibi kimi kiçik sahibkar olaraq əhaliyə xidmət göstərir. İş fəaliyyəti ilə bağlı sərf etdiyi enerjinin pulunu vaxtı-vaxtında ödəmişdir. Təqribən 2020-ci ilin yanvar ayında işlətdiyi obyektin sayğacı yanmışdır və bu haqda "xxxx" ASC-yə məlumat vermişdir. Müraciəti ilə bağlı "xxxx" ASC-nin işçiləri gəlib sayğacın yararsiz vəziyyətə düşməsi ilə əlaqədar akt tərtib etmiş və tez bir zamanda yeni sayğacla təmin olunacağı bildirilmişdir.2020-ci ilin yanvar ayı səhətində olan problemlərlə əlaqədar xaricə getmiş və geri qayıtdıqda “Covid-19” pandemiyası ilə əlaqadar karantin rejiminin elan olunduğunu bilmişdir. Operativ Qərargahın əmrinə əsasən bütün obyektlərin fəaliyyəti dayandırlmış və o həmin əmrə əsasən heç bir fəaliyyət göstərməmişdir. Lakin sonradan may ayının sonunda karantin rejimi yumşaldığından obyektlərin onlayn işləməsinə icazə verilmiş və o da obyekti işə salmışdır. İki-üç gün obyekti açdıqda 20.05.2020-ci il tarixində "xxxx" ASC-nin əməkdaşları obyektə gələrək qərəzli şəkildə protokol yazaraq onu qanunsuz olaraq 1.018,80 manat məbləğində cərimələmişlər. Həmin protokol ona təqdim olunmamış və onların qanunsuz hərəkətləri barədə "xxxx" ASC-yə rəsmi şəkildə ərizə ilə müraciət etməsinə baxmayaraq müraciətinə heç bir cavab verilməmişdir. Dəfələrlə qanunsuz tərtib edilmiş protokolun sürətini tələb etməsinə baxmayaraq həmin protokolun sürəti ona verilməmişdir və sadəcə cərimənin ödəlilməsi tələb edilmişdir. "xxxx" ASC tərəfindən hüquqları kobud surətdə pozulmuşdur. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək "xxxx" ASC tərəfindən 2017-ci ildən sonrakı tarixə tərtib edilmiş protokolların etibarsız sayılması və həmin protokollar üzrə hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı daha əvvəl iştirak etdiyi məhkəmə iclasında iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirərək əlavə etdi ki, sayğacın yandığını bildikdən sonra sahə müvəkkili ilə əlaqə saxlamış, müvəkkil gələrək sayğacın qəzalı vəziyyətdə olmasını aktlaşdıraraq getmişdir. Daha sonra "xxxx" ASC-nin 3 əməkdaşı gəlmiş, sayğacın açarını istəmiş, açar onlara təqdim edildikdən sonra sayğaca baxış keçirmiş daha sonra akt tərtib edərək getmişlər. Sonradan məlum olmuşdur ki, o, 1300 manat cərimələnmişdir. Hazırda qeyd olunan cərimənin ləğv olunmasını tələb edir. Qeyd olunanalara əsasən iddaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etmədiyini bildirərək izahatında qeyd etdi ki, 10.09.2018-ci il tarixində və 16.05.2020-ci il tarixlərində cavabeh şəxs barəsində iki dəfə akt tərtib edilmiş, birinci akt üzrə 197,01 manat, ikinci akt üzrə 673,56 manat məbləğində sərfiyyat hesablanmışdır. 2020-ci il ərzində cəmi iki dəfə 200 manat olmaqla ödəniş olmuş 1.0000 manatdan çox isə sərfiyyat olmuşdur. Cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan: -10.09.2018-ci il tarixli, 021678 saylı aktdan məlum olur ki, ünvan 1 ünvanında yerləşən elektrik sayğacına baxış keçirilmiş, məlum olmuşdur ki, sayğac qısa qapanmadan yanmışdır. Sayğacın qıflı yanmış və ekran oxunulmur. Sayğacın yenisi ilə əvəz edilməsi qeyd olunmuşdur. -14.09.2018-ci il tarixli, 116095 saylı “Sayğac və cərəyan transformatorlarının yoxlanması” barədə tərtib edilmiş protokoldan görünür ki, sayğacın istismara yararsız vəziyyətdə olması qeyd olunmuşdur. -26.09.2020-ci il tarixli icra vərəqinə əsasən Yasamal rayonu, Xiyabani küçəsi 14 ünvanında yerləşən istehlakçı İddiaçı məxsus sayğacdan istifadəyə 021678 saylı akta əsasən 2189 kvts hesablanmış, sayğac yenisi ilə əvəz olunmuşdur. -16.05.2020-ci il tarixli, NDQ 007281 saylı aktdan görünür ki, elektrik sayğacının giriş və çıxış faza qrifləri yanmışdır. Sayğacın yenisi ilə əvəz olunması qeyd olunmuşdur. -20.05.2020-ci il tarixli icra vərəqinə əsasən Yasamal rayonu, Xiyabani küçəsi 14 ünvanında yerləşən istehlakçı İddiaçı məxsus NDQ 007281 saylı akta əsasən 7484 kvts hesablanmış, sayğac yenisi ilə əvəz olunmuşdur. -07.06.2021-ci il tarixli “abunə haqqın”da çıxarışdan məlum olur ki, 28.07.2017-ci il tarixində sayğac quraşdırılması ilə bağlı olaraq 74 manat, 26.09.2018-ci il tarixində EİQ pozulması ilə bağlı olaraq 197,01 manat, 11.10.2018-ci il tarixində sayğac quraşdırılması ilə bağlı olaraq 74 manat, 20.05.2020-ci il tarixində EİQ pozulması ilə bağlı olaraq 673,56 manat, 31.05.2020-ci il tarixində sayğac quraşdırılması ilə bağlı olaraq 74,20 manat məbləğində pul istehlakçı İddiaçı hesablanmışdır. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadə zamanı pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini də məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd apanlır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir. Bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin Qaydaların 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Həmin Qaydaların 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, cavabdeh "xxxx" ASC-nin əməkdaşları Yasamal rayonu, Xiyabani küçəsi 14 ünvanında yerləşən istehlakçı iddiaçının istifadəsində olan sayğaca 10 sentyabr 2018-ci il tarixində baxış keçirmiş, bununla əlaqədar olaraq 021678 saylı akt tərtib olunmuş, elektrik sayğacının qısa qapanma nəticəsində yanması qeyd olumuşdur. Daha sonra qeyd olunan akt əsasında 14 sentyabr 2018-ci il tarixində 116095 saylı “Sayğacların və cərəyan transformatorlarının yoxlanması” protokolu tərtib edilmişdir. 26.09.2018-ci il tarixli icra vərəqəsi ilə 021678 saylı, 10.09.2018-ci il tarixli akt əsasında istehlakçı İddiaçı borc hesablanmış, elektrik sayğacı yenisi ilə əvəz olunmuşdur. Eləcə də 16 may 2020-ci il tarixində İddiaçı məxsus, Yasamal rayonu, Xiyabani küçəsi 14 ünvanında yerləşən elektrik sayğacı barədə 007281 saylı akt tərtib olunmuş, aktda elektrik sayğacının giriş və çıxış faza qriflərinin yanması səbəbindən sayğacın yenisi ilə əvəz edilməli olduğu qeyd olunmuşdur. 16.05.2020-ci il tarixli, 007281 saylı akt əsasında tərtib olunmuş 20.05.2020-ci il tarixli icra vərəqəsi əsasında borc hesablanmış, sayğac yenisi ilə əvəz edilmişdir. İddiaçıya məxsus “abunə haqqında” çıxarışdan məlum oldu ki, İddiaçı 26.09.2018-ci il tarixində 197,01 manat və 20.05.2020-ci il tarixində 673,56 manat məbləğində aktlar əsasında borc hesablanmış, 28.07.2017-ci il, 11.10.2018-ci il və 31.05.2020-ci il tarixlərində sayğac deyişdirilib quraşdırılmasına görə hər biri üzrə 74.20 manat hesablanmışdır. Beləliklə iş materiallarından göründüyü kimi iddiaçı barəsində iki dəfə akta əsasən borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra-qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş aktlardan görünür ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-ci maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı məxsus (abunə kodu: 04/58-1564) Yasamal rayonu, Xiyabani küçəsi 14 ünvanında yerləşən elektrik sayğacı barədə 26.09.2018-ci il tarixinə hesablanmış 197,01 (yüz doxsan yeddi manat bir qəpik) manat və 20.05.2020-ci il tarixinə hesablanmış 673,56 (altı yüz yetmiş üç manat, əlli altı qəpik) manat olmaqla ümumilikdə 870,57 (səkkiz yüz yetmiş manat, əlli yeddi qəpik) manat məbləğində borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı (abunə kodu: 04/58-1564) 26.09.2018-ci il tarixinə hesablanmış 197,01 (yüz doxsan yeddi manat bir qəpik) manat və 20.05.2020-ci il tarixinə hesablanmış 673,56 (altı yüz yetmiş üç manat, əlli altı qəpik) manat olmaqla ümumilikdə 870,57 (səkkiz yüz yetmiş manat, əlli yeddi qəpik) manat məbləğində borc silinsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №2-2(113)-2274/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-2274/2021
22.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver