Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-2285/2021 26.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X1 Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yaranmış 5.745 manat məbləğində əsas borcun, məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 5.775 manat məbləğində pul məbləğinin tutularaq İddiaçı xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 06 yanvar 2019-cu il tarixli, 05 saylı alqı-satqı müqaviləsinə əsasən, müqaviləyə 1 saylı əlavə olan Spesifikasiya aktında adları göstərilən malları satıcı satmağı, alıcı isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürür. Tərəflərindən üzərinə götürdükləri öhdəliklər tamamilə icra olunsa da Cavabdeh öz üzərinə götürdüyü öhdəliklərini bu günə kimi yerinə yetirməmişdir. Belə ki, Vüsal Söhrabov müəssisədən aldığı malların dəyərini ödəməmiş və nəticədə 5.745,00 manat məbləğində icra olunmamış borc öhdəliyi qalmışdır. 12.12.2019-cu il tarixdə müəssisədaxili audit yoxlaması keçirilmiş və yoxlama əsasında üzləşdirmə aktı imzalanmışdır. İkitərəfli qaydada imzalanmış akta əsasən, Cavabdeh "İddiaçı" MMC-yə 5.745 manat məbləğində borcunun olduğunu təsdiq etmişdir. Məsələni həll etmək məqsədilə dəfələrlə tərəflərindən borcun ödənilməsi ilə bağlı cavabdehə şifahi və yazılı xəbərdarlıqlar edilsə də, cavabdeh göstərilən xəbərdarlıqları cavabsız qoyaraq yaranmış borcu ödəməmişdir. Bundan başqa, 07.02.2020-ci il və 27.04.2020-ci il tarixlərdə tərəflərindən Cavabdeh ünvanına 2 dəfə rəsmi qaydada pretenziya məktubu göndərilərək qalıq borcunun ödənilməsi tələb olunsa da, heç bir ödəniş edilməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasındamübahisəli alqı-satqı müqaviləsinə əsasən ona mal təqdim edilmədiyini, üzləşmə aktını Namiq adlı şəxsin əvəzinə imzaladığını əsas göstərərək iddia ərizəsinə etiraz etmiş və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: -İddiaçı MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında 06 yanvar 2019-cu il tarixdə 05 saylı saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin: 1.1-ci bəndinə əsasən müqavilənin ayrılmaz hissəsi sayılan spesifikasiyada adları göstərilən malları, satıcı satmağı, alıcı isə onu qəbul edib dəyərini ödəməyə öhdəsinə götürmüşdür. 4.1-ci bəndinə əsasən malların təhvil-təslimi alıcının sifarişindən 2 gün ərzində satıcının anbarında həyata keçirilir. 5.1-ci bəndinə əsasən ödəmə bank köçürməsi yolu ilə və yaxud nağd yolu ilə malların alıcıya təhvil verildiyi gündən 30 gün ərzində alıcı tərəfindən həyata keçirilir. Müqavilə satıcının imzası və möhürü, alıcının imzası ilə təsdiq edilmişdir. -Həmin müqaviləyə 1, 2, 3 və 4 saylı əlavə ilə qiymət cədvəli tərtib edilmiş və tərəflərin imzaları ilə təsdiq edilmişdir. -İddiaçı MMC ilə Cavabdeh arasında 12.12.2019-cu il tarixli üzləşdirmə aktında Cavabdeh İddiaçı MMC-yə 12.12.2019-cu il tarixə 5.745 manat məbləğində borcun olduğu qeyd olunmuşdur. Akt hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh 07 fevral 2020-ci il tarixli, 032 saylı pretenziya məktubu ilə müraciət edilərək, alqı-satqı müqaviləsi üzrə yaranmış 5.745 manat məbləğində borcun ilin sonunadək ödənilməsi tələb edilmiş, əks təqdirdə lazımi instansiyalara müraciət olunacağı bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı İddiaçı MMC ilə Cavabdeh arasında alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən malları cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh göstərilən müqavilə üzrə İddiaçı MMC-yə olan borcu 5.745 manat təşkil edir. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 567-ci maddəsi təşkil edir. Həmin maddəyə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdehin iddiaya etirazına əsas kimi alqı-satqı müqaviləsi üzrə ona hər hansı mal verilməməsi, üzləşmə aktında göstərilmiş borcun onun deyil, Namiq adlı şəxsin borcunun olması barədə dəlillərə münasibətdə məhkəmə əvvəla qeyd edir ki, cavabdeh həmin dəlilləri təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən cavabdehin istinad etdiyi hallar öz təsdiqini tapsa belə, hazırkı iddianın rədd edilməsi üçün əsas vermir. Belə ki, bu halda iş üzrə cavabdeh alqı-satqı münasibətlərinin öz adına rəsmiləşdirilməsinə razılıq verməklə, həmin münasibətlər əsasında öhdəliklərin icra edilməsini üzərinə götürmüş olur. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən verilmiş malların dəyərini – 5.745 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, həmin hissədə iddia təmin edilməli, Cavabdeh 5.745 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5.745 (beş min yeddi yüz qırx beş) manat məbləğində əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-2(113)-2285/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-2285/2021
26.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver