Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-256/2020 11.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC ilə direktoru olduğu “Urud” firması arasında bağlanmış xx xxxxxxxx 2014cü il tarixli, 14011-0932/465824 saylı kredit xətti müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, iddiaçı direktoru olduğu “Urud” firması ilə Cavabdeh ASC arasında xx xxxxxxxx 2014-cü il tarixli, 14011-0932/465824 saylı kredit limiti müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh tərəfindən iddiaçıya 19 faiz dərəcəsi ilə 60 ay müddətinə 90000 manat məbləğində kredit limiti ayrılmış və həmin kredit müqaviləsi çərçivəsində iddiaçının xx.xx.2014-cü il tarixli ərizəsi əsasında firmaya 70100 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsinin üsulu kimi mənzili ipoteka ilə yüklü edilmiş, yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bundan sonra iddiaçının xx.xx.2015-ci il tarxili ərizəsi əsasında sözügedən kredit müqaviləsinə xx xxxxx 2015-ci il tarixli, 1 saylı Əlavə ilə 70100 ABŞ dolları kreditə dair müəyyən edilmiş faiz dərəcəsi 19 faiz dərəcəsinə, qarantiyaya dair müəyyən edilmiş faiz 17 faiz dərəcəsinə dəyişdirilmişdir. xx.xx.2016-cı il tarixli 2 saylı Əlavəyə əsasən isə illik faiz dərəcəsi 9% müəyyən edilmiş, kreditin qaytarılma müddəti xx.xx.2021-ci il tarixinə təxirə salınmışdır. Beləliklə, kredit müqaviləsi ilə həm kredit məbləğini, həm də kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəmək vəzifəsi firmanın üzərinə qoyulmuşdur. Hal hazırda iddiaçının 46237,89 ABŞ dolları əsas, 3008,72 ABŞ dolları faiz və 280,45 ABŞ dolları cərimə olmaqla, cəmi 49527,06 ABŞ dolları borcu yaranmışdır. İddiaçının təmsil etdiyi “Urud” firması ilə Cavabdeh ASC arasında xx xxxxxxxx 2014-cü il tarixli, 14011-0932/465824 saylı kredit müqaviləsi qanunvericiliyin tələblərinə riayət edilmədən bağlanmışdır. Belə ki, Firma ilə müqaviləni bağlayarkən cavabdeh məhz vicdansızlıq nümunəsi göstərərək iddiaçının etimadından sui-istifadə etmişdir. Bankla bağlanmış kredit müqaviləsində kredit məbləğinin və ona hesablanacaq faizlərin dollarla verilməsi barədə ödəniş cədvəlinin xarici valyutada (dollarla) müəyyən edilməsinə baxmayaraq, faktiki olaraq kredit məbləği manatla verilmiş və manatla götürülən kredit məbləği isə ABŞ dolları ilə ödənilmişdir. İddiaçı tərəfindən sözügedən kredit müqaviləsi pul öhdəliyinin milli valyutada yaranacağı və borc məbləğinin manatla qaytarılması niyyəti ilə bağlanmışdır. Belə ki, müqavilə bağlanmamışdan əvvəl danışıqlarımızda kredit müqaviləsi üzrə borcun manatla qaytarılması öz əksini tapmışdır. Digər tərəfdən ödəniş qrafiki dollarla müəyyən edildiyi zaman, Bank tərəfindən bunun yalnız formal xarakter daşıdığı və kredit hansı valyutada verilibsə, həmin valyutada da qaytarılacağı bildirilmişdir. Belə olduqda, cavabdehə inanaraq əslində həmin əqdin gələcəkdə iddiaçı üçün hansı hüquqi nəticə yaradacağını dərk etmədən müqaviləni imzalamışdır. Nəticədə cavabdeh iddiaçını aldadaraq müqaviləni manatla deyil, dollarla bağlamışdır. Manatla tələb olunan kredit məbləğini isə konvertasiya edərək milli valyutada vermişdir. Əslində cavabdehin məqsədi iddiaçını müqaviləni bağlamağa vadar etməklə əhəmiyyətli olan məlumatları verməyərək onda müqavilə barədə yalnış təsəvvür yaratmaqdan ibarət olmuşdur. Həmçinin qanunvericiliyə əsasən borc verən pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyifiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Hazırki iş üzrə belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçı Bank tərəfindən hansı valyutada kredit verilibsə, həmin valyutada da borcu qaytarmaq vəzifəsini daşımalıdır və daşıyır. Lakin cavabdeh tərəfindən mövcüd qanunvericilik normaları pozulmaqla heç bir əsas olmadan və istəyi nəzərə almadan müqavilə bağlanmış, bununla da iddiaçının maraqları pozulmuşdur. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi, vəkil X1 iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə izahatında işin mahiyyəti üzrə baxılmasını tələb etdiyini, iddia tələbini qəbul etmədiyini bildirərək, qeyd etmişdir ki, iddiaçının “aldatma”, “vacib əhəmiyyətli yanılma” kimi göstərdiyi hallar (kredit limitli müqaviləsi manatla bağlandığı halda həmin limit çərçivəsində kreditin ABŞ dolları ilə verilməsi, müqavilənin manatla bağlanması niyyəti) barədə həm müqavilə bağlanan zaman, həm də həmin müqaviləyə əlavələr olunarkən, yəni 2014-2015-ci illərdə məlumatı olub. Belə ki, kredit limiti müqaviləsində “Urud” firmasına 90000 manat məbləğində, 60 ay müddətinə kredit limiti ayrılmış, bu limit çərçivəsində kreditin manatla, avroyla, ABŞ dolları ilə verilə biləcəyi həmin müqavilədə nəzərdə tutulmuşdur (müqavilənin 3.1, 3.5 bəndləri). “Urud” firmasının direktoru İddiaçı imzası və firmanın möhürü ilə təsdiq edilmiş ərizədə kredit limiti müqaviləsinə əsasən 70100 ABŞ dolları kreditin verilməsi bankdan xahiş olunmuşdur. 2015-ci ildə məlum devalvasiyadan sonra ABŞ dollarının manata olan məzənnəsinin artması ilə əlaqədar iddiaçının yazılı müraciəti əsasında kreditin restrukturizasiyası aparılmışdır. Göründüyü kimi kredit limiti müqaviləsi bağlanarkən və kredit verilərkən bank tərəfindən borcalanın aldadılması və sonuncunun vacib əhəmiyyətli yanılmanın təsiri altında hərəkət etməsi barədə göstərilənlər tamamilə əsassızdır. Bundan başqa iddia tələbi bir neçə əsaslara görə də təmin edilə bilməz. Belə ki, hazırki iddia tələbi ilə İddiaçı yox, sözügedən müqavilənin tərəfi olan “URUD” firması müraciət etməli idi. Həmçinin qanuni qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə iddiaçı Cavabdeh ASC ilə cavabdeh “Urud” firması arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli, 14011-0932/465824 saylı kredit limiti müqaviləsi, xx.xx.2015-ci il və xx.xx.2016-cı il tarixli 1 nömrəli və 2 nömrəli əlavələr ləğv edilmişdir. Bundan başqa hazırki tələblə bağlı MPM-nin 354-cü maddəsinə əsasən iddia müddətini (ərizə təqdim edilmişdir) tətbiq etməklə iddianın rədd olunması barədə qətnamə çıxarılmalıdır. İş materiallarına əlavə edilmiş sənədlər: Cavabdeh ASC ilə “Urud” firması arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli, 14011-0932/465824 saylı kredit limiti müqaviləsindən görünür ki, Cavabdeh ASC tərəfindən “Urud” firmasına götürəcəyi krediti illik 19 faizlə, 60 ay müddətinə ödəmək şərti ilə 90000 manat məbləğində kredit limiti ayrılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)- 1804/2018 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ASC-nin cavabdehlər “Urud” firmasına, İddiaçı və digərlərinə qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına kredit müqaviləsi üzrə öhdəliklərin icrası, vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, iddiaçı Cavabdeh ASC ilə cavabdeh “Urud” firması arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli, 14011-0932/465824 saylı kredit limiti müqaviləsi, xx.xx.2015-ci il və xx.xx.2016-cı il tarixli 1 nömrəli və 2 nömrəli əlavələr ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)- 10512/2018 nömrəli qətnaməsindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)-1804/2018 nömrəli qətnaməsinin iddianın təmin olunmuş yəni, iddiaçı Cavabdeh ASC ilə cavabdeh “Urud” firması arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli, 14011-0932/465824 saylı kredit limiti müqaviləsi, xx.xx.2015-ci il və xx.xx.2016-cı il tarixli 1 nömrəli və 2 nömrəli əlavələr ləğv edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-3717/2019 nömrəli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)-10512/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirərkən müəyyən etmişdir ki, xx xxxxxxxx 2014-cü il tarixli, 14011-0932/465824 saylı kredit limiti müqaviləsi, həmin müqaviləyə dair xx.xx.2015-ci il və xx.xx.2016-cı il tarixli 1 nömrəli və 2 nömrəli əlavələr İddiaçı ilə deyil, hüquqi şəxs olan “Urud” firması ilə bağlanmış və hazırki iddia ərizəsi ilə “Urud” firması yox, İddiaçı öz adından müraciət etmişdir. "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, hazırkı iddianı qaldırmış iddiaçının irəli sürdüyü tələbi üzrə müvafiq subyektiv hüququ olmadığına görə iddia rədd edilməlidir. Bununla yanaşı məhkəmə qeyd edir ki, hətta iddiaçının subyektiv hüququ olsaydı belə iddia digər bir əsasla rədd edilməlidir. Belə ki “Urud” firması ilə Cavabdeh ASC-nin arasında bağlanmış etibarsız hesab edilməsi tələb olunan sözügedən xx.xx.2014-cü il tarixli kredit limiti müqaviləsi, həmin müqaviləyə xx.xx.2015-ci il və xx.xx.2016-cı il tarixli müvafiq olaraq 1 və 2 nömrəli əlavələr qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən ləğv edildiyindən, İddiaçı mövcud olmayan müqavilənin etibarsız hesab edilməsi ilə bağlı tələbinin heç bir əsası yoxdur, yəni mövcüd olmayan müqavilə iddia tələbinin predmeti ola bilməz və mübahisələndirilə bilməz. Eyni zamanda məhkəmə qeyd edir ki, hətta iddiaçının subyektiv hüququ olsaydı və sözügedən kredit müqaviləsi ləğv edilməsəydi belə, tələb iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Belə ki, əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Göründüyü kimi “Urud” firması ilə Cavabdeh ASC arasında xx xxxxxxxx 2014-cü il tarixdə kredit müqaviləsi bağlanmış və İddiaçı həmin müqavilənin etibarsız sayılması üçün əsas kimi göstərdiyi halları həmin gündən məlum olduğundan, sonuncu xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət etməklə iddia müddətini ötürmüşdür. Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə isə ərizə ilə məhkəməyə müraciət edərək, hazırki tələblə bağlı iddia müddətinin tətbiq edilməsini və tələbin rədd olunmasını xahiş etmişdir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı cavabdehlə ilə direktoru olduğu “Urud” firması arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli, 14011- 0932/465824 saylı kredit xətti müqaviləsinin etibarsız hesab edilməsinə dair tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh ASC-yə qarşı cavabdehlə ilə direktoru olduğu “Urud” firması arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli, 14011-0932/465824 saylı kredit xətti müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №2-2(113)-256/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-256/2020
11.03.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver