Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-2568/2020 16.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Əsədova Səma Əsəd qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh İB-ə qarşı “borcun silinməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-ə qarşı “borcun silinməsi” tələbinə dairiddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İB tərəfindən ondan tutulması üçün hesablanmış 712,80 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında ona məxsus qeyriyaşayış sahəsi fəaliyyət göstərir. Qeyri-yaşayış sahəsində qaz sayğacı obyektin xaricində, yəni küçədə quraşdırılmışdır. Cavabdeh İB-nin əməkdaşları xx.xx.2019-cu il tarixdə ona məxsus olan Q/Y sahəsinin 6-4 tipli sayğacını çıxararaq başqası ilə əvəz etmişlər. Bildirmişlər ki, sayöacda problem var, laboratoriyaya göndərilməlidir. 2019-cu ilin oktyabr ayında bildirmişlər ki, yeni sayğacı rəsmiləşdirmək üçün idarəyə gəlinməsi zəruridir. O, idarəyə getmiş, orad ona köhnə sayğacın yararsız olduğu, 260 manat ödədikdən sonra yeni sayğac quraşdırılacağı bildirilmişdir. 260 manat ödəniş edilmiş, bir neçə günə yeni sayğac quraşdırılmış və müvafiq akt vermişlər. Lakin ASAN xidmətə kart almaq üçün getdikdə ona bildirmişlər ki, 712 manat cərimə edilmişdir. Bu barədə Cavabdeh İB-yə müraciət etmişdir. Cavabdeh İB xx.xx.2019-cu il tarixli məktubunda bildirilir ki, İTRİ-nin rəyinə əsasən “Sayğacın arxiv yaddaş proqramı oxundu xx.xx.2016-cı il tarixdə Alarm-1 rejimi, müdaxilə halı qeydə alınıb. Xətalar normaya uyğun deyil.” Və qeyd olunan səbəbdən istehlak etdiyi təbii qaza görə 712,80 manat borc yaranmışdır. Əvvəla əgər 2016-cı il tarixdə qaz sayğacında prospeblem var idisə, adı çəkilən idarənin işçiləri harada idi. Üzərindən 3 ildən yuxarı müddət keçdikdən sonra Qaz İdarəsinin işçiləri akt tərtib etmişlər. Sayğac obyektdən kənarda küçədə yerləşir və eyni zamanda o, sayğaca heç bir müdaxilə etməmişdir. İstifadə etdiyi qazın pulunu isə vaxtında ödəmişdir. Tərtib edilmiş akt qanunsuz və əsassızdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-739/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-3294/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərardadı ilə Cavabdeh İB tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-739/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv surətdə araşdıraraq, tərəflərin nümayəndələrinin izahatını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2019-cu il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus obyektə baxış keçirilmiş və GPG-12269986 saylı sayğacda Alarm 1 rejimi aşkar olunmuşdur. - Dəymiş ziyanın bərpasında dair tələbnamədən görünür ki, istehlakçı İddiaçı, ünvan Nizami rayonu, M.Hilal 12, fəaliyyət növü kommersiya, abonent kodu **********00358, aşkar edilmiş nöqsan: Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2019-cu il tarixli 29/1640- 01451-12 nömrəli aktına əsasən G-4 markalə 1202AQ**********6 nömrəli sayğacda Alarm 1 rejimi aşkar olunmuşdur. İcra olunacaq tədbirlər mövcud sayğac qaz təsərrüfatının layihə-smeta və texniki icra sənədlərinin tələbinə uyğun yeni sayğacla əvəz edilməsi, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyan hesablansın və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlər icra olunsun. Əsas: xx.xx.2019-cu il tarixli ******* nömrəli akt. - Cavabdeh İB tərəfindən X4 ünvanlanan 3408 saylı xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, müəssisəyə məxsus qaz sayğacı çıxarılaraq Dövlət yoxlamasına göndərilmişdir. İTRİ-nin rəyinə əsasən Sayğacın arxiv yaddaş proqramı oxundu xx.xx.2016-cı il tarixinə Alarm-1 rejimi, müdaxilə haqlı qeydə alınıb. Xatalar normaya uyğun deyil” qeyd olunduğuna görə əməkdaşlar tərəfindən qaz sayğacının müdaxilə olunmuş və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında akt tərtib edilmiş və itirilmiş qaz hesablanmışdır. Qeyd olunan səbəbdən istehlak edilən təbii qaza görə 712,80 manat borc yaranmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2019-cu il tarixdə obyektə quraşdırılmış sayğaca baxış keçirilmiş, bu zaman sayğacın işləmədiyi müəyyən edilərək eyni tarixli akt tərtib edilmişdir. Akt əsasında abonentə 712,80 manat borc yazılmışdır. Müəyyən olunmuş hallarla bağlı məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Həmin Qanunun 17.3-cü maddəsinə əsasən, yoxlayıcı orqan tərəfindən plan üzrə (növbəti) yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı göndərilir. Plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar sahibkara yoxlamanın başlandığı an təqdim edilir. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Bununla yanaşı “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsinə əsasən, sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Əsasnamənin 1.6-1.-ci bəndinə əsasən, qanunun 8.3-cü maddəsinə uyğun olaraq yoxlayıcı orqanın sahibkarın müraciətinə əsasən ona metodiki kömək göstərilməsi, məsləhət verilməsi və vəziyyətin qiymətləndirilməsi məqsədilə yerləşdiyi və ya faktiki fəaliyyət göstərdiyi ünvana gəlməsi Reyestrdə qeydiyyata alınmır. Belə tədbirlər nəticəsində əldə olunan faktlarla bağlı sahibkarlıq fəaliyyətinin subyekti məsuliyyətə cəlb edilə bilməz. Yuxarıda qeyd olunan maddi huquq normalarının tələblərinə əsasən məhkəmə cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan obyektə quraşdırılmış sayğaca texniki baxışın keçirilməsi halına qiymət verərək bildirir ki, xx.xx.2019-cu il tarixdə iddiaçının istifadəsində olan obyektə xidmət edən qaz sayğacına baxış keçirib işləmədiyi əsas gətirilərək akt tərtib edilmişdir. Sözügedən baxış yuxarıda qeyd olunan qanunvericiliyin müddəalarına əsasən müvafiq reyestrdə qeydiyyata alınması şərtləndirilmiş yoxlamaların dairəsinə aid edilmişdir. Lakin cavabdeh tərəfindən qanunvericilik ilə müəyyən edilmiş müddətdə və qaydada sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat Reyestrində qeydiyyata alınması, yoxlamanın aparılması haqqında hər hansı qərar qəbul edilməsi, yoxlamanın keçirilməsinə dair müvafiq bildirirşin iddiaçıya təqdim edilməsi iş materialları ilə öz təsdiqini tapmamış və məhkəmə araşdırmasında bu barədə sübutlar təqdim edilməmişdir. Belə olan halda qanunvericiliyin göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının istifadəsində olan obyektdə quraşdırılmış sayğacla bağlı aparılmış yoxlama hüquqi nəticə doğurmur. Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının sahibkarlıq fəaliyyəti göstərdiyi obyektə quraşdırılmış sayğac qanunvericiliyin pozulması ilə yoxlanıldığından həmin akt əsasında abonentə artıq hesablanmış 712,80 manat borc abonent hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, X1 abonent hesabına (abonent kodu **********00358) xx.xx.2019-cu il tarixli akt əsasında təbii qazdan istifadəyə görə artıq hesablanmış 712,80 (yeddi yüz on iki manat səksən qəpik) manat borcun silinməsi vəzifəsi Cavabdeh üzərinə qoyulmalıdır. Azərbaycan Repsublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlaraəsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. X1 abonent hesabına (abonent kodu **********00358) xx.xx.2019-cu il tarixli akt əsasında təbii qazdan istifadəyə görə artıq hesablanmış 712,80 (yeddi yüz on iki manat səksən qəpik) manat borcun silinməsi vəzifəsi Cavabdeh üzərinə qoyulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2-2(113)-2568/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-2568/2020
16.11.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver