Məhkəmə qərarları › İş №2-2(113)-2662/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-2662/2025

26.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-2662/2025 26.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: qaz borcunun silinməsi, dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X2 katibliyi, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçıların iştirakı olmadan, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Zirə Tərəvəzçilik-S üdçülük sovxozu ərazisi” ünvanında yerləşən 1 və 1,5 ha olmaqla 2 hissədən ibarət iddiaçıların istifadə və sahibliyində olan torpaq sahəsinə dair **********00000 saylı abonent kodundan 136.998,4 manat borcun silinməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Abşeron rayonu, Zirə Tərəvəzçilik-S üdçülük sovxozu ərazisi” ünvanında yerləşən 1 və 1,5 ha olmaqla 2 hissədən ibarət torpaq sahəsi icarə hüququ ilə onların istifadəsində və sahibliyindədir. Həmin sahəyə dair icarə hüquqları tərəflərindən 2022-ci il tarixdə alqı-satqı yolu ilə alınmışdır. Bu haqda müvafiq alqı-satqı müqaviləsi və reyestrdən çıxarış hazırki ərizəyə əlavə edilir. Həmin torpaq sahəsi və üzərində olan yüngül konstruksiyalı tikili cari ilə qədər heç bir halda istifadə edilməmişdir. Yalnız 2023- cü ildə, yəni qısa müddət öncə adıçəkilən həmin torpaq sahəsi və üzərində olan tikilini icarəyə verməyə hazırlaşmışlar. Həmin şəxslər onların istifadə və sərəncamında olan torpaq sahəsini müxtəlif bitki məhsullarının əkilməsi üçün icarəyə götürmək istəyirlər. Lakin qısa müddət öncə icarəçilərin tələbi ilə əraziyə qaz verilişini təmin etmək üçün Cavabdeh İB-ə müraciət etdikdə məlum oldu ki, öncəki keçmiş mülkiyyətçilərin 136.998,4 manat adıçəkilən təşkilata borcu mövcuddur. Halbuki alqı-satqı zamanı təbii ki, bütün kommunal xidmətlərdən borcun olmaması haqda müvafiq arayış notariat orqanına təqdim edilir. Belə ki, borcun olması haqda hər hansı bir məlumat olmamış və bu səbəbdən daşınmaz əmlakı icarəyə verməyə razılaşmışlar. Yuxarıda qeyd edilən borc məbləği istifadə edilməyən sahə üçün əsassız hesablanmışdır və sahibliklərində olan, əmlaka dair abonent kodundan silinməlidir. Çünki onlardan öncə torpaq sahəsinə sahiblik etmiş şəxslər də uzun illər ərzində daşınmaz əmalakdan hər hansı bir məqsədlə istifadə etməmişlər. Lakin hazırda cavabdehin əsassız borc hesablaması nəticəsində faktiki olaraq, istifadə və sahiblik hüquqları olan daşınmaz əmlak qaz istehlakından məhrum edilmiş və mülki hüquqları pozulmuşdur. İddia tələbini əsaslandırmaq üçün hazırkı ərizəyə dövlət reyestrindən çıxarışlar, icarə hüquqlarının 2014-cü ilə qədər alqı-satqı müqaviləsi və sairə sənədlər əlavə edilir.

3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(011)- 2542/2024 saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-6085/2024 saylı qərardadına əsasən Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(011)- 2542/2024 saylı qətnaməsi ləğv edilərək iş məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir.

II. Tərəflərin mövqeləri:

5. İddiaçılara məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdilər.

6. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirdi ki, iddiaçıların borcun əsassızlığına dair hər hansı mübahisəsi yoxdur, sadəcə olaraq alqı-satqı müqaviləsinə əsaslanaraq borcun silinməsini tələb edir, lakin qanunvericiliyə əsasən alqı-satqı müqaviləsi və ya hər hansısa obyektin alqı-satqısının həyata keçirilməsi sərfiyyata görə real borcun silinməsi üçün əsas ola bilməz. İş materiallarında olan sənədlərdən və eyni zamanda iddia ərizəsindən göründüyü kimi 2022-ci ilə gədər orada istehlakçı kimi Qurbanov Sultanəli olmuşdur və 2016-cı ildən qaz hesabı onun adına olub. Xətai Rayon Məhkəməsinin müvəqqəti təminat tədbirinin tədbiq edilməsi barədə qərardadına əsasən istehlakçının adı dəyişdirilərək İddiaçı1 kimi qeyd edilmişdir. X9 məcburi qaydada əvvəlki istehlakçı-Qurbanov Sultanəliyə məxsus abonent kodunu yeni mülkiyyətçinin adına keçirib. Və bugünki gündə iddiaçı tərəfindən mübahisələndirilən borc məbləği Qurbanov Sultanəli tərəfindən istifadə edilmiş təbii qazın dəyərini təşkil edir. Hesab faktura təqdim olunduğu tarixdə çap olunduğu üçün hesab fakturada İddiaçı1 adı qeyd olunur. Məhkəməyə təqdim edilən hesab fakturada qeyd edilən xx.xx.2025-ci il tarixi fakturanın çap olunma tarixidir. Amma Elektron qaiməni də ona görə təqdim edib ki, elekton qaimədən görünür ki, həmin zaman həmin ərazidə istehlakçı olaraq Qurbanov Sultanəli olmuşdur. Mübahisələndirilən borc 2021-ci ilin may ayına qədər olan borcudur. Aylıq sərfiyyat mövsümdən aslıdır. Hesab fakturalar hər ay göndərilirdi. Məhkəməyə təqdim edilən aprel, may ayları üzrə göndərilmiş hesab fakturalarda aylıq sərfiyyat məbləği və tələb edilən qalığ məbləğ görünür. May ayında göndərilən hesab fakturada borc kimi göstərilən məbləğ hazırda mübahisələndirilən məbləğdir. 2021-ci ilin fevral, mart aylarında Qurbanov Sultanəli tərəfindən 54000 manat məbləğində ödəniş həyata keçirilib: 24000 manat fevral ayında, 30000 mant isə mart ayında. Qurbanov Sultanəliyə aid olan kod da yeni mülkiyyətçinin adına keçirilmişdir. MTT ilə bağlı qəbul edilmiş qərardad olduğu üçün bunu məcburiyyət qarşısında İB edib edib. Əslində iddiaçı bu cür tələb ilə deyil, yeni mülkiyyətçi olaraq onun adına yeni abonent kodunun açılması ilə bağlı Cavabdeh İB-nə müraciət etməli idi. İddia tələbinin rədd edilməsini xahiş edir.

III.Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. 10.11.2016-ci il tarixli, 2176-11-16 saylı qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında bağlanmış qazın alqı-satqısı barədə müqavilə fiziki şəxs X4 arasında bağlanmışdır.

9. X5 ilə alıcılar İddiaçı2 və İddiaçı1 arasında bağlanan 17 oktyabr 2022-ci il tarixli Torpağın icarə hüquqlarının alqı-satqısı müqaviləsinin surətindən müəyyən edilir ki, satıcı özünün icarəsində olan Abşeron rayonu, Zirə Tərəvəzçilik-Südçülük sovxozu ərazisində yerləşən 1.50 ha torpaq sahəsinin icarə hüquqlarını alıcılara 60.000 manata satmışdır.

10. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Zirə Tərəvəzçilik-Südçülük sovxozu ərazisi ünvanında yerləşən 1,5 ha kənd təsərrüfatı təyinatlı torpaq icra hüququnun alqı-satqısı üzrə İddiaçı2 və İddiaçı1 adına ********** nömrə ilə xx.xx.2022-ci il tarixdən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

11. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Zirə Tərəvəzçilik-Südçülük sovxozu ərazisi ünvanında yerləşən 1 ha kənd təsərrüfatı təyinatlı torpaq icarə hüququnun alqı-satqısı üzrə İddiaçı2 və İddiaçı1 adına ********** nömrə ilə xx.xx.2022-ci il tarixdən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

12. İcarəyə verən İddiaçı2 ilə İddiaçı1 ilə icarəçi "xxxx" MMC arasında bağlanan 05 aprel 2023-cü il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən Abşeron rayonu, Zirə Tərəvəzçilik-Südçülük sovxozu ərazisi ünvanında yerləşən, ümumi sahəsi 1 ha olan torpaq sahəsinin birgə mülkiyyət hüququ üzrə onlara məxsus hissədə İddiaçı2 (1/2 hissə, 0.5 ha), İddiaçı1 Rza qızı (1/2 hissə, 0.5 ha) icarəyə vermişdir.

13. Cavabdeh ilə fiziki şəxs Qurbanov Sultanəlinin nümayəndəsi X10 (abonent kodu **********00000) arasında bağlanan debitor borcun ödənilməsi haqqında 13 noyabr 2020-ci il tarixli razılaşma protokolundan görünür ki, tərəflər istehlakçının istifadə etdiyi təbii qaza görə Cavabdeh İB qarşısında 120.146,60 manat məbləğində yaranmış debitor borcun hissə-hissə ödənilməsi ilə bağlı razılığa gəlmişlər.

14. Cavabdeh İB tərəfindən verilmiş abonentin saldosundan məlum olur ki, abonent kodu: **********00000 üzrə 2011-ci il üzrə 22986 manat, 2012-ci il üzrə 69980 manat, 2013-cü il tarixli 56622,90 manat, 2014- cü il üzrə 88490,70 manat, 2015-ci il üzrə 45531,80 manat, 2016-cı il üzrə 41879,30 manat, 2017-ci il üzrə 154144,60 manat, 2018-ci il üzrə 93279,60 manat, 2019-cu il üzrə 57153,60 manat, 2020-ci il üzrə 130387,60 manat, 2021-ci il üzrə 67439,80 manat, 2022- ci ilin sonuna 136.998,4 manat, 2023-cü il üzrə 0 manat, 2024-cü il üzrə 4364,80 manat borc vardır.

15. 14.02.2024-cü il tarixli EBDY708090 saylı e-qaiməyə əsasən X1 1191 manat məbləğində qaz borcu olduğu qeyd olunmuşdur.

16. xx.xx.2025-ci il tarixli, 201 saylı hesab fakturaya əsasən İddiaçı1 cəmi borcu 1588 manat və 251 saylı hesab fakturaya əsasən 107,60 manat qeyd olunmuşdur. Və hər iki hesab fakturaların sonunda xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixə borc məbləğinin 136998,40 manat olduğu qeyd edilmişdir.

17. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-16(011)- 1852/2023 saylı qərardadına əsasən ərizəçilər İddiaçı2 və İddiaçı1 nümayəndəsi tərəfindən verilmiş müvəqqəti təminat tədbiri barədə ərizə təmin edilmiş, Abşeron rayonu, Zirə Tərəvəzçilik-Südçülük sovxozu ərazisi ünvanında yerləşən 1 və 1,5 ha olmaqla 2 hissədən ibarət torpaq sahəsinə (Abonent kodu: **********00000) dair qaz hasilatının verilməsinin dayandırılması Cavabdehnə qadağan edilmişdir.

18. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir.

19. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, 17 oktyabr 2022-ci il tarixli Torpağın icarə hüquqlarının alqı-satqısı müqaviləsinə əsasən Abşeron rayonu, Zirə Tərəvəzçilik-Südçülük sovxozu ərazisində yerləşən 1.50 ha torpaq sahəsinin icarə hüquqları hazırkı iş üzrə iddiaçılara satılmış. Alqı-satqıdan əvvəl həmin ünvan üzrə qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə fiziki şəxs X4 ilə bağlanmışdır və **********000000 saylı abonent kodu da ona məxsus olmuşdur. Sərfiyyata görə həmin kod üzrə abonentçinin 136.998,40 manat borcu yaranmışdır. Sonradan icarə hüququnun alıcıları (hazırkı iş üzrə iddiaçılar) Xətai Rayon Məhkəməsinə müvəqqəti təminat tədbiri barədə ərizə ilə müraciət edərək Abşeron rayonu, Zirə Tərəvəzçilik-Südçülük sovxozu ərazisi ünvanında yerləşən 1 və 1,5 ha olmaqla 2 hissədən ibarət iddiaçıların istifadə və sahibliyində olan torpaq sahəsinə, **********00000 saylı abonent kodu üzrə təbii qaz verilməsinin bərpa edilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdilər. Və həmin məhkəmənin xx.xx.2024-cü il tarixli e-16(011)-1852/2023 saylı qərardadına əsasən ərizə tam təmin edilmişdir, **********00000 saylı abonent kodu üzrə qazın verilməsinin bərpa edilməsi üçün abonent kodu İddiaçı1 adına keçmişdir. Hazırkı iş üzrə də iddiaçılar əvvəlki abonentçinin istifadə etdiyi qaza görə yazılmış borcun silinməsini məhkəmə qaydada mübahisələndirirlər.

20. Belə ki, “Qaz təchizatı haqqında” Qanunun:

21. 1-ci maddəsində müəyyən edilmişdir ki, istehlakçı – alğı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir.

22. 11.6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqavilə əsasında həyata keçirilir.

23. 13-cü maddəsinin 6-cı bəndinə əsasən paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə qaz paylayıcısı qazın verilməsini dayandıra bilər.

24. 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

25. “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə görə, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). "Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

26. Həmin Qaydaların 6.4-cü bəndinə əsasən Qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alqı-satqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən başlayaraq, 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcısı arasında müqavilə bağlanılmalıdır.

27. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

28. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

29. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

30. Göründüyü kimi torpağın icarə hüquqlarının alqı-satqısı müqaviləsindən sonra iddiaçılar qazın alqı-satqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına müraciət etməmişlər (müqavilənin mövcüdluğu iş materialları ilə müəyyən edilmir). Digər tərəfdən iddia ərizəsində qeyd edilir ki, “alqı-satqı zamanı təbii ki, bütün kommunal xidmətlərdən borcun olmaması haqda müvafiq arayış notariat orqanına təqdim edilir. Belə ki, borcun olması haqda hər hansı bir məlumat olmamış və bu səbəbdən daşınmaz əmlakı icarəyə verməyə razılaşmışlar. Yuxarıda qeyd edilən borc məbləği istifadə edilməyən sahə üçün əsassız hesablanmışdır və sahibliklərində olan, əmlaka dair abonent kodundan silinməlidir. Çünki onlardan öncə torpaq sahəsinə sahiblik etmiş şəxslər də uzun illər ərzində daşınmaz əmalakdan hər hansı bir məqsədlə istifadə etməmişlər”, lakin qeyd edilən arqumentlərə dair hər-hansı sübut (alqı-satqı zamanı borcun olmamasına dair sübut, sahənin əvvəlki istifadəçi tərəfindən istifadə etməməsinə dair sübut və s.) məhkəməyə təqdim edilməmişdir.

31. Beləliklə, müəyyən olunur ki, icarə hüququnun alqı-satqısı aparılan zaman əvvəlki istifadəçidən borcun olmamasına dair arayış alınmamış, sonradan iddiaçılar “Qazdan istifadə qaydaları”nın 6.4-cü bəndinə göstərilənlərə (qazın alqı-satqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına) riayət etməmişlər. Yalnız Xətai Rayon Məhkəməsinin müvəqqəti təminat tədbiri barədə ərizəyə əsasən qəbul edilən qərardad əsasında əvvəlki istifadəçiyə məxsus abonent kodu məcburi (məhkəmə qərardadı əsasında) qaydada iddiaçının adına keçib. Lakin bu hal əvvəlki istifadəçinin qazdan istifadəyə görə yaranan borcun silinməsi üçün əsas ola bilməz.

32. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır.

33. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

34. Beləliklə, məhkəmə hesab edir ki, birincisi, müvəqqəti təminat tədbiri barədə ərizəyə əsasən qəbul edilən qərardad əsasında əvvəlki istifadəçiyə məxsus abonent kodunun məcburi (məhkəmə qərardadı əsasında) qaydada iddiaçının adına keçməsi nəticəsində həmin abonent kodu üzrə əvvəlki istifadəçi/abonentçı X3 qazdan istifadəyə görə (sərfiyyat) yazılmış borcun silinməsi üçün iddia ərizəsinin qaldırılması üçün iddiaçıların subyektiv hüququ olmamışdır, ikincisi, mübahisələndirilən borcun əsassız olmasına, həmin ərazinin əvvəlki istifadəçi tərəfindən istifadə etməməsinə dair hər-hansı sübut məhəməyə təqdim edilməmişdir. Əksinə cavabdeh tərəfindən həmi borcun mövcudluğuna dair abonent saldosu, hesab-faktura, e-qaimələr, borcun hissə-hissə ödənişinə dair razılaşma protokolu təqdim edilmişdir.

35. Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddia tələbi əsassız olduğu üçün təmin edilə bilməz.

36. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçılar tərəfindən 440 manat dövlət rüsumu ödənilmişdir.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

38. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.

39. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçılar tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıların özünə aid edilməlidir.

V. Nəticə:

40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar