Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-2791/2021 15.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8 oglunun katibliyi ilə, Cavabdeh1 iştirakı ilə, İddiaçı Sığorta şirkəti Açıq Səmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Cavabdeh2nə qarşı baş vermiş yol nəqliyyat hadisəsi üzrə iddiaçı tərəfindən ödənilimiş sığorta ödənişinin 2892 manat məbləğində hissəsini əsassız varlanma faktının aşkar edilməsi ilə əlaqədar olaraq (Ali Məhkəmənin 2(102)-768/2020 saylı 03.02.2020-ci il tarixli qərarı) cavabdehlərdən müştərək qaydada 2892 manat məbləğində vəsaitin və işin məhkəmədə baxılması üçün 30,40 manat dövlət rüsumunun ümumilikdə isə 2922.40 manat vəsaitin iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehlərə qarşı baş vermiş yol nəqliyyat hadisəsi üzrə iddiaçı tərəfindən ödənilimiş sığorta ödənişinin 2892 manat məbləğində hissəsini əsassız varlanma faktının aşkar edilməsi ilə əlaqədar olaraq (Ali Məhkəmənin 2(102)-768/2020 saylı 03.02.2020-ci il tarixli qərarı) cavabdehlərdən müştərək qaydada 2892 manat məbləğində vəsaitin və işin məhkəmədə baxılması üçün 30,40 manat dövlət rüsumunun ümumilikdə isə 2922.40 manat vəsaitin iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, əvvəlki “Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi”nə (indiki “Cavabdeh2”) məxsus “Chevrolet Niva” markalı 90AU754 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə cavabdehlərə ödənilmiş 4000 manat sığorta ödənişinin 2892 manat hissəsi Cavabdeh2 tərəfindən əsassız olaraq alınmışdır. Belə ki, X5 14.06.2014-cü il tarixdə etibarnamə əsasında idarə etdiyi “Opel Vectra” markalı, ** NM *** dövlət qeydiyyat nişanlı avtomobillə Xaçmaz-Niyazabad şosse yolunun 12-ci kilometrliyində Xaçmaz şəhəri istiqamətində hərəkətdə olarkən yol hərəkəti qaydasını pozaraq, yolun sol hərəkət zolağına çıxaraq qarşıdan həmin hərəkət zolağı ilə əks istiqamətdə hərəkət edən “Chevrolet Niva” markalı, ** AU *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sərnişinlər X2 az ağır dərəcəli xəsarətlər almış və X4 vəfat etmişdir. Hadisədən sonra məlum olmuşdur ki, X5 avtomobili sürücülük vəsiqəsi olmadan idarə etmişdir. “İcbari sığortalar haqqında” Qanunun tələblərinə uyğun olaraq İddiaçı sığorta ASC cavabdeh X1 tələbi qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məhkəməyə müraciət etmişdir. Nəticə etibarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin 03.02.2020-ci il tarixli 2(102)-768/2020 saylı qərarı ilə İddiaçı sığorta ASCnin “Chevrolet Niva” markalı, 90AU754 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 4000 manat sığorta ödənişi məbləğinin tələb hissəsi qismən təmin edilərək 1108 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə öz mövqeyini bununla əsaslandırmışdır ki, iş materiallarında olan Bakı Hərbi Məhkəməsinin 03.06.2015-ci il tarixli hökmündə qeyd edildiyi kimi keçirilmiş məhkəmə ekspertizasının nəticəsi olaraq hadisədə ziyan dəymiş “Chevrolet Niva” markalı, ** AU *** dövlət qeydiyyat nişanlı avtomobilə zərərin məbləği 1108 manat müəyyən edilmişdir. İş materiallarında olan və Xaçmaz rayon Polis Şöbəsinin 11.02.2016-cı il tarixli faktı təqsdiqləyən 5/160-2453-1216 saylı arayışa əsasən də ziyan dəyən nəqliyyat vasitəsi kimi məhz “Chevrolet Niva” markalı, ** AU *** dövlət qeydiyyat nişanlı avtomobil tanınmışdır. Bundan başqa iş materiallarında olan PAT********** nömrəli sığorta şəhadətnaməsinin 020882 saylı 12.10.2015-ci il tarixli sığorta aktına əsasən “Chevrolet Niva” markalı, ** AU *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 4000 manat məbləğində sığorta ödənişini 1117 saylı 11.08.2015-ci il tarixli etibarnamə üzrə səlahiyyətli nümayəndə Cavabdeh1 tərəfindən alınmışdır. Həmçinin iş materiallarında olan 2316 saylı 16.10.2015-ci il tarixli məxaric xəzinə orderinə əsasən 4000 manat məbləğində sığorta ödənişi Cavabdeh1 ödənilmişdir. İş materiallarında olan 832 saylı 23.06.2015-ci il tarixli məktuba əsasən zərərçəkən qismində 4000 manat sığorta ödənişi məbləğinin alınması üçün iddiaçıya müraciət edilmişdir. Həmçinin, AB279749 saylı 29.12.2009-cu il tarixli qeydiyyat şəhadətnaməsinə əsasən “Chevrolet Niva” markalı, ** AU *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi cavabdeh Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi olduğuda təsdiqlənir. Beləliklə, bu qədər mötəbər sübutların olması birbaşa təsdiq edir ki, hadisə zamanı ziyan dəymiş nəqliyyat vasitəsi “Chevrolet Niva” markalı, ** AU *** dövlət qeydiyyat nişanlı avtomobili olmuş, həmin avtomobilin mülkiyyətçisi cavabdeh Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi olmuş, dəymiş zərərə görə ödənilən 4000 manat məbləğində sığorta ödənişini cavabdeh Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin etibarnamə üzrə nümayəndəsi Cavabdeh1 almış və eləcə də ödənilmiş sığorta ödənişinin 2892 manat hissəsi əsassız olaraq alınmışdır. Belə ki, əgər cavabdeh Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi Bakı Hərbi Məhkəməsinin 03.06.2015-ci il tarixli hökmündə qeyd edildiyi kimi avtomobilə dəymiş zərər məbləğinin 1108 manat hissəsi ilə razı deyildirsə, o zaman maraqlı tərəf kimi (mülki iddiaçı) həmin hökmü məhz ziyan məbləği hissəsində mübahisələndirə bilərdi. Cavabdeh1 məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək izahatında bildirdi ki,ona iddiaçıdan sıgorta ödənişinin alınması üçün etibarnamə verilmiş, həmin vaxt pulu iddiaçıdan alıb gətirib cavabdehə vermişdir. Hazırki iddia ilə baglı əsassız varlanmadan söhbət gedə bilməz. Ona görə ki, əsassız varlanmada səxs hüquqi sənəd olmadan kiminsə pulunu almalıdır. Həmin iş üzrə 4000 manat alınıb və üzərinə 600 manat qoyulub və maşının təmir xərclərinə verilib. Maşına dəymiş ziyanıda iddiaçı özü müəyyən etmişdir. Eyni zamanda iddia müddətidə ötürülmüşdür. Sonda cavabdeh iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: 12 oktyabr 2015-ci il tarixli 020882 nömrəli Sığorta Aktından və 16.10.2015-ci il tarixli 2316 saylı Məxaric xəzinə orderindən müəyyən olunur ki, iddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Cavabdeh2nə məxsus “Chevrolet Niva” markalı, ** AU *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə bağlı 4000 manat pul ödənişi etmiş, pulu cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi Cavabdeh1 qəbul etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 03.02.2020-ci il tarixli 2(102)-768/2020 saylı qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Cavabdeh2nə məxsus “Chevrolet Niva” markalı, ** AU *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 1108 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, cavabdehin izahatını dinləyərək, sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Cavabdeh2nə məxsus “Chevrolet Niva” markalı, ** AU *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə bağlı 4000 manat pul ödənişi etmiş, pulu cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi Cavabdeh1 qəbul etmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Cavabdeh2nə məxsus “Chevrolet Niva” markalı, ** AU *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 1108 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi Cavabdeh2nə məxsus “Chevrolet Niva” markalı, ** AU *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 1108 manat olduğu halda, iddiaçı tərəfindən həmin dəymiş zərərə görə 4000 manat ödənilmişdir ki, bu halda Cavabdeh2 2892 manat məbləğində pul vəsaitini əldə etməklə əsassız varlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinin məzmunundan göründüyü kimi, əsassız varlanma yalnız o halda baş verir ki, bu cür varlanmaya haqq qazandıran əsas qanunda və ya müqavilədə nəzərdə tutulmamış olsun. Qanunda nəzərdə tutulmamış əsaslarla varlanmış şəxsin qanundan əmələ gələn öhdəlikləri, müqavilə əsası olmadan varlanmış şəxsin isə müqavilə öhdəlikləri yaranır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, dəymiş zərərə görə artıq ödənilmiş 2892 manat məbləğində pul vəsaiti Cavabdeh2ndən alınaraq iddiaçıya ödənilməlidir. İddianın Cavabdeh1 qarşı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı ilə Cavabdeh1 arasında mülki hüquqi məsuliyyətin yaranma əsaslarından heç biri mövcud deyildir. Belə ki, iddiaçı ilə Cavabdeh1 arasında hər hansı müqavilə bağlanmamış, iddiaçı qarşısında hər hansı bir öhdəlik götürməmiş və sığorta hadisəsinin iştirakçısı olmamışdır. İş materiallarından da görünür ki, “Chevrolet Niva” markalı, ** AU *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2nə məxsus olmuş, dəymiş zərərə görə 4000 manat məbləğində pul vəsaiti Cavabdeh2nə ödənilmişdir ki, həmin ödənişi Cavabdeh2 səlahiyyətli nümyəndəsi qismində Cavabdeh1 qəbul etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia Cavabdeh1 aid hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə olunmuş vəsiqənin surətindən görünür ki, iddiaçı məcburi köçkün olmaqla dövlət rüsumunu ödəməkdən azaddır. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən 30 manat məbləgində dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, baş vermiş yol nəqliyyat hadisəsi üzrə İddiaçı Sığorta şirkəti Açıq Səmdar Cəmiyyəti tərəfindən ödənilmiş sığorta ödənişinin 2892 manat məbləğində hissəsi və 30,40 manat dövlət rüsumu, ümumilikdə 2922.40 manat pul məbləği cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Cavabdeh2ndən tutularaq iddiaçıya ödənilməli, iddia, Cavabdeh1 aid hissədə rədd edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Baş vermiş yol nəqliyyat hadisəsi üzrə İddiaçı Sığorta şirkəti Açıq Səmdar Cəmiyyəti tərəfindən ödənilmiş sığorta ödənişinin 2892 manat məbləğində hissəsi və 30,40 manat dövlət rüsumu, ümumilikdə 2922.40 manat pul məbləği Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Cavabdeh2ndən tutularaq İddiaçı Sığorta şirkəti Açıq Səmdar Cəmiyyətinə ödənilsin. İddia, Cavabdeh1 aid hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №2-2(113)-2791/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-2791/2021
15.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver