Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-2793/2021 27.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" ASC-yə (bundan sonra – cavabdeh) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayonu Digah qəsəbəsində yerləşən 407.4 kv.m torpaq sahəsi üzərində inşa etdiyi qeyri-yaşayış sahəsinə əsassız olaraq borc kimi yazılmış olan 9600 manatın silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən mülkiyyət hüququ üzrə ona məxsus olan Abşeron rayonu Digah qəsəbəində yerləşən 407.4 kv.m torpaq sahəsi üzərində inşa etdiyi qeyri-yaşayış sahəsinə 2014-cü ildən etibarən cvabdeh "xxxx" ASC-nin Bakı Regional Enerji Təchizatı və Satışı İdarəsinin Bağlar X2 İdarəsi tərəfindən 64290737 nömrəli elektrik sayğacı quraşdırılmış və elektrik enerjisinin verilməsinə başlanılmışdır. Bağlar X2 İdarəsinin əməkdaşı tərəfindən 29.11.2020-ci il tarixinə qədər təqdim edilmiş hesab-bildirişlərinə əsasən istifadə olunmuş elektrik enerjisi sərfiyyatının dəyəri tərəfindən tam şəkildə ödənilmişdir. Sonradan hətta özünün müraciət etməyinə baxmyaraq sözügedən idarənin əməkdaşları hansısa ona məlum olmayan səbəbdən 15 fevraal 2021-ci il tarixin əkimi sayğaca baxış keçirməmişlər. 15 fevral 2021-ci il tarixdə cavabdeh "xxxx" ASC-nin əməkdaşları sayğaca baxış keçirmiş və özlərinin dediklərinə görə guya onun kənar müdaxilə olmadan düzgün çalışmadığını müəyyən etmişlər. Bundan sonra əməkdaşlar tərəfindən həmin gün 008934 nömrəli və 213088 nömrəli protokollar tərtib edilmiş və sayğac çıxarılaraq yenisi ilə əvəz olunmuşdur. Səhəri gün 16.02.2021-ci il tarixdə Bağlar X2 İdarəsinin İlkin adlı əməkdaşı oan zəng vuraraq idarəyə gəlməli olduğunu bildirmiş və elə həmin günü onun tələbi ilə Bağlar X2 İdarəsinin Novxanı bağ massivi, Heydər Əliyev prospekti ilə S.Orucov küçəsinin kəsişməsində yerləşən inzibati binasına getmiş, orada özünü idarəsinin rəisi kimi təqdim edən Paşa adlı şəxs Şakir, İlkin, Xanlar və Kamil adlı əməkdaşların iştirkaı ilə onunla görüşərək nə səbəbdən 3 aydır ki, borcunu ödəmədiyni soruşmuş və o da həmin şəxsə bildirmişdir ki, idarənin əməkdaşları dəfələrlə deməyinə baxmayaraq 3 aydır ki, ona heç bir bildiriş təqdim etməyiblər. Bundan sonra Paşa adlı şəxs Xanlar adlı əməkdaşdan nəyə görə onun sayğacına baxılmadığını soruşmuş, Xanlar isə sayğacına 3 ay ərzində baxılmamasının onun səhvi olduğunu deyərək üzürxahlıq etmişdir. Daha sonra Paşa adlı şəxs ona bildirmişdir ki, guya onun elektrik enerjisindən istifadəyə görə 40.500 manat borcu yaranıb, lakin o etiraz edərək bunun mümkün olmadığını demişdir. Aralarında söhbətdən sonra Paşa borc məbləğini 40.500 manatdan 15.000 manata endirmiş, ancaq yenə də o etiraz etmişdir. Sonda Paşa məbləği biraz da azaldaraq 10.000 manat ödəməyini demiş, lakin o həmin məbləğin qanunsuz və əsassız olduğunu deyərək ödəməkdən imtina etmişdir. Sonradan ona məlum olmuşdur ki, guya elektrik enerjisindən istifadəyə görə ona 9600 manat borc hesablanmışdır. "xxxx" ASC-nin əməkdaşları tərəfinədn 9600 manat guya borcunun olması barədə tərtib edilmiş akt tamamən qanunsuzdur. Belə ki. Onda elektrik enerjisindən istifadə olunmasına görə "xxxx" ASC-nin əməkdaşları tərəfindən verilmiş hesab bildirişləri və həmin bildirişlərə əsasən etdiyi ödənişlərin qəbzlərindən açıq-aydın görünür ki, onun elektrik enerjisindən istifadəyə görə ödəməli olduğu aylıq məbləğlər səfiyyatından asılı olaraq 140-600 manat arasında olmuşdur. Bu səbəbdən də hesab edir ki, Abşeron rayonu Digan qəsəbəsində yerləşən 407.4 kv.m torpaq sahəsi üzərində inşa etdiyi qeyri-yaşayışş sahəsinə əsassız olaraq borc kimi yazılmış olan 9600 manatın cavabdeh "xxxx" ASC tərəfindən silinməsi barədə qətnamə qəbul olunmalıdır. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, 3 ay sərfiyyat qeydə alınmamış, bu barədə cavabdeh onlara hesab faktura təqdim etməmiş, iddiaçı özü cavabdehə məlumat vermiş, onları sayğaca baxış keçirməyə dəvət etmiş, lakin həmin dövr üçün 9600 manat borcun hesablanması ədalətli deyildir. Belə ki, abonent saldosundan da göründüyü kimi, tərəflərindən müxtəlif məbləğlərdə pul ödənilmişdir, lakin bu qədər borcun hansı qaydada hesablanması onlara məlum deyildir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi R.Hüseynova iddia tələbinə etiraz edərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, həmin borc hesablanarkən son altı ayın sərfiyyatı nəzərə alınmış, 3 ay ümumiyyətlə sərfiyyat qeydə alınmamış, ondan əvvəlki üç ayda isə sərfiyyat aşağı olmuşdur, buna görə hesab etmişlər ki, sayğaca müdaxilə edilmiş, bu səbəbdən borc 3 ay üçün deyil, 6 ay üçün hesablanmış, həmin məbləğdən iddiaçı tərəfindən edilmiş ödənişlər nəzərə alınaraq çıxılmış, yekun olaraq 9600 manat borc hesablanmışdır. Bundan əlavə, iddiaçının da bildirdiyi kimi, cavabdehin əməkdaşlarını sayğaca baxış keçirməyə iddiaçının özü dəvət etdiyindən, tərəflərindən yoxlama dövlət reyestrində qeydə alınmamışdır. Abonent saldosuna əsasən iddiaçı tərəfindən tranformator itkisi nəzərə alınmaqla 2019-cu ilin noyabr ayı üçün 414,36 manat, oktyabr ayı üçün 202,86 manat, sentyabr ayı üçün 517,59 manat, avqust ayı üçün 517,51 manat, iyul ayı üçün 422,28 manat, iyun ayı üçün 329,58 manat, may ayı üçün 269,82 manat, aprel ayı üçün 185,67 manat sərfiyyat olmuşdur. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: DƏDRX tərəfindən verilmiş ******* seriyalı, 27.07.2017-ci il tarixli çıxarışa əsasən Abşeron rayonu Digah qəsəbəsində yerləşən 407.4 kv.m torpaq sahəsi üzərində inşa edilmiş daşınmaz əmlak iddiaçının xüsusi mülkiyyətindədir. Tərəflər arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi 23.06.2020-ci il tarixdə imzalanmış, tərəflərin imzaları ilə təsdiq edilmişdir. "xxxx" ASC tərəfindən tərtib olunmuş sayğax sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi üzrə ******* nömrəli 15.09.2021-ci il tarixli aktdan görünür ki, Abşeron rayonu Digah qəsəbəsində yerləşən ünvanda quraşdırılmış 64290737 seriya nömrəli sayğaca baxış keçirilməsi nəticəsində, sayğac laboratoriya şəraitində sxemdə yoxlanılması üçün yenisi ilə əvəz edilmiş, çıxarılan sayğac sellofana qoyularaq möhürlənmişdir. Akt "xxxx" ASC-nin nümayəndələrinin və İddiaçı iştirakı ilə tərtib olunaraq onlar tərəfindən imzalanmışdır. "xxxx" ASC-nin Nəzarət Departamenti Satışa Nəzarət İdarəsi tərəfindən tərtib olunmuş 15 fevral 2021-ci il tarixli 008934 nömrəli aktdan görünür ki, 64290737 nömrəli sayğaca baxış keçirilməsi nəticəsində müəyyən olunmuşdur ki, sayğacın göstəricisi 206039-dur. Lakin kompüter informasiya məlumat bazasında 19 noyabr 2020-ci il tarixində sayğacın göstəricisi 237375 qeyd olunub. Həmin göstərici (237375) 22 dekabr 2020-ci il, 21 yanvar 2021-ci il, 15 fevral 2021-ci il tarixlərində bazaya təkrar daxil edilmişdir. 22 oktyabr 2020-ci il tarixində Bağlar EŞ-nin nümayəndələrinin tərtib etdiyi 038005 nömrəli aktda sayğacın göstəricisinin 233636 olması qeyd olunub. Həmin aktın icrasında cavabdehin əməkdaşlarının tərtib etdiyi protokolda sayğacın göstəricisinin 238577 olması qeyd olunmuşdur. Sayğacın faktiki göstəricisi ilə bazada olan göstəricisi uyğun gəlmir. Akt iddiaçının və cavabdehin əməkdaşlarının imzaları ilə təsdiq olunmuşdur. Hüquqi dəyərləndirmə: Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, “Elektrik enerjisindən istifadə Qaydaları”nın: 4.1-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 8-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). 8.3-cü bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisinə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalları nəzərə alınmaqla) əsasən aparılır. 8.7-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi hesablaşma dövründə aldığı elektrik enerjisinin haqqını, dövlət elektroenergetika müəssisəsinə onlar arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş müddət ərzində ödəməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 15.09.2021-ci il tarixdə cavabdehin əməkdaşları tərəfindən Abşeron rayonu Digah qəsəbəsində yerləşən obyektə baxış keçirilmiş, baxış nəticəsində obyektdə quraşdırılmış sayğacın istismara və təmirə yararsız olması aşkar olunmuşdur. Məhkəmə əvvəla qeyd edir ki, cavabdeh tərəfindən mübahisəli borcun hesablanmasını əks etdirən 17.02.2021-ci il tarixli icra vərəqi mötəbər sübut hesab edilə bilməz, belə ki, həmin sənəddə borcun hesablanması düsturu göstərilsə də, hansı səbəbdən hesablanmanın bu qaydada aparılması göstərilməmiş, cavabdehin nümayəndəsi izahatında borc hesablanarkən sərfiyyatın qeydə alınmadığı ilk gündən əvvəlki 6 ayın sərfiyyatı əsas götürülməklə, orta sərfiyyatın müəyyən edildiyi, sərfiyyatın qeydə alınmadığı aylardan əvvəlki üç ayda sərfiyyatın aşağı düşməsi səbəbindən həmin aylar üçün də borc yazıldığını göstərsə də, həmin aylarda sayğacın göstəricilərinin aşağı olmasının iddiaçının təqsiri üzündən olmasını, habelə iddiaçı tərəfindən sayğaca müdaxilə edildiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hazırkı işin hallarından görünür ki, elektrik enerjisindən istifadəyə görə sərfiyyat 19.11.2020-ci il tarixdən 19.02.2021-ci il tarixədək ümumiyyətlə qeydə alınmamış, bu hal tərəflərin nümayəndələri tərəfindən də məhkəmə iclasında təsdiq edilmişdir. Materiallarda olan iddiaçıya məxsus abunə haqqında məlumatdan görünür ki, iddiaçı tərəfindən tranformator itkisi nəzərə alınmaqla 2019-cu ilin noyabr ayı üçün 414,36 manat, oktyabr ayı üçün 202,86 manat, sentyabr ayı üçün 517,59 manat, avqust ayı üçün 517,51 manat, iyul ayı üçün 422,28 manat, iyun ayı üçün 329,58 manat, may ayı üçün 269,82 manat, aprel ayı üçün 185,67 manat sərfiyyat olmuşdur. Məhkəmə, sərfiyyatın qeydə alınmadığı aylardan əvvəlki 180 günün (6 ay) (19.05.2021-19.11.2020-ci il) orta aylıq sərfiyyatının 400,69 manat ((414,36 manat + 202,86 manat + 517,59 manat + 517,51 manat + 422,28 manat + 329,58 manat + 269,82 manat + 185,67 manat)/6) olduğunu nəzərə alaraq sərfiyyatın qeydə alınmadığı 3 ay üçün 19.11.2020-19.02.2021-ci il tarixə qədər iddiaçı tərəfindən 1202,09 manat ödənilməli olması qənaətinə gəlir. Nəticə: Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçıya hesablanmış 8397,91 manat məbləğində borc (9600 manat – 1202,09 manat) silinməlidir. MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun 10 manat hissəsi iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı əsassız olaraq hesablanmış 8397,91 manat məbləğində borcun silinməsi öhdəliyi cavabdeh "xxxx" ASC-yə həvalə edilsin. İddia ərizəsi verilərkən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun 10 manat hissəsi İddiaçı aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №2-2(113)-2793/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-2793/2021
27.08.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver