Məhkəmə qərarları › İş №2-2(113)-2856/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-2856/2021

13.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-2856/2021 13.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı1 Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə qarşı kredit və ipoteka müqavilələrinin etibarsızlığının tanınması və s. tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı1 Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə İddiaçı1 arasında bağlanmış RBN-6412/BK_RES_DEV2 No-li 20.12.2016-cı il tarixli kredit müqaviləsi əhəmiyyətsiz olduğundan, etibarsızlığının tanınması və tərəflərin münasibətlərinə RBN-6412/BK No-li 01.03.2016-cı il tarixli kredit müqaviləsinin şərtlərinin tətbiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iİddiaçının nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin həcminin artırılmasına dair” ərizə verərək, Cavabdeh1 ASC ilə İddiaçı1 arasında bağlanmış RBN- 6412/BK_RES_DEV2 No-li 20.12.2016-cı il tarixli kredit müqaviləsi və onunla bağlı olan RBN-6412/BK-RES-DEV2 saylı 20.12.2016-cı il tarixli sonrakı ipoteka müqavilələri əhəmiyyətsiz olduğundan, etibarsızlığının tanınması və tərəflərin münasibətlərinə RBN- 6412/BK No-li 01.03.2016-cı il tarixli kredit müqaviləsinin və 21.05.2014-cü il tarixli RBN- 5987/BK və RBN-5987/BK/1 No-li ipoteka müqavilələrinə 20.12.2016-cı il tarixli sonrakı ipoteka müqavilələrinin şərtlərinin tətbiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ilk dəfə Cavabdeh1la iddiaçı arasında bağlanmış 21.05.2014-cü il tarixli RBN-5987/BK No-li baş kredit müqaviləsinə əsasən iddiaçıya illik 155000 ABŞ dolları kredit verilmişdir. Ondan iddiaçı müntəzəm olaraq vaxtlıvaxtında 85926 ABŞ dolları ödədikdən və birinci devalvasiya baş verdikdən sonra bankın hesablamasına görə qalan qalıq məbləğə 48494 ABŞ dolları əlavə edilməklə 01.05.2015ci il tarixdə (müqavilə No RBN 6412/BK) bank 140000 ABŞ dolları məbləğin kredit kimi rəsmiləşdirdi. Onu da müntəzəm olaraq vaxtında ödəyirdi. İkinci devalvasiya olduqdan sonra cəmi ödəniş məbləği 63684 ABŞ dolları olanda 01.03.2016-cı il tarixdə (müqavilə No RBN-6412/BK_RES) qalan məbləğ - 92945 ABŞ dolları yenidən kredit kimi rəsmiləşdirildi. Həmin ilin sonunda iddiaçıya bankdan zəng edib dedilər ki, Mərkəzi Bankın göstərişinə əsasən krediti manata keçirməlidirlər. Bu dəfə də özləri nələrisə hesabladılar və nəticədə 20.12.2016-cı il tarixdə ABŞ dolları ilə olan məbləği 1 ABŞ dolları = 1,88 manat məzənnəsi ilə manata dəyişərək illik 20%-lə 142860 manatı guya yeni kredit kimi rəsmiləşdirdilər. Beləliklə, iddiaçıya birinci dəfə kredit verilib, ikinci dəfə əlavə kredit verilib, son iki dəfə isə heç bir kredit verilmədən sadəcə yenidən rəsmiləşdirmə olub. Bankın qeyd olunan əməliyyatları nəticəsində bank iddiaçıya ümumilikdə 203494 ABŞ dolları kredit vermiş, iddiaçı isə banka 171539 ABŞ dolları və 42292 manat ödəmişdir. Bankın iddiasına görə isə iddiaçının hələ də banka 189000 manat borcu qalmışdır. Bu hesablamalar ədalətsiz və məntiqsizdir, buna heç bir hesablama ilə bəraət qazandırıla bilməz. 20.12.2016-cı il tarixdə rəsmiləşdirilmiş müqavilənin 2.3-cü bəndinə görə kredit 48 ay müddətinə verilmişdir. Kreditin illik dərəcəsi 20% olmuş, sonra 11.07.2017-ci il tarixli əlavə razılaşmaya görə digər şərtlər dəyişdirilmədən illik faiz dərəcəsi 18-ə endirilməsi şərti ilə yeni ödəniş qrafiki (cədvəli) təyin edilmişdir. Lakin bankın iddiaçıya verdiyi son ödəniş cədvəlinə görə borc qarmaqarışıq aylıq ödəniş məbləğləri ilə 49 hissəyə bölünmüş və 49cu hissənin sonu faizlə birlikdə 71077,92 manat təşkil etməlidir. Bu qrafikə görə kredit məbləğinin yarısını iddiaçı 1 ayda ödəməlidir. Bu isə ağlabatan və məntiqli deyil. Belə anlaşılır ki, bankın niyyəti borcu geri almaq deyil, iddiaçını düşdüyü ağır vəziyyətdən daha çətin vəziyyətə salmaqdır. Belə ki, iddiaçının düşdüyü vəziyyət aşağıdakılarla bağlıdır; 1) bir il ərzində iki dəfə baş vermiş manatın devalvasiyası nəticəsində manatın ABŞ dollarına münasibətdə 118% dəyər itirməsi ilə əlaqədar məşğul olduğu kiçik biznes mühiti pisləşmiş və iddiaçı son dərəcə ağır maliyyə vəziyyətinə düşmüş; 2) düşdüyü ağır maliyyə vəziyyətinin yaratdığı stres hallarının nəticəsi olaraq keçirdiyi ağır açıq ürək-damar cərrahiyyə əməliyyatı ilə bağlı səhhəti zəifləmiş, işgüzar aktivliyi aşağı düşmüşdür. Belə ki, 00032385 No-li epikrizə əsasən 12.06.2017-ci il tarixdə üzərində süni qan dövranı şəraitində aorta - koronar şuntlama (SV3-OM, SVG-diaqonal, LİMA-LAD) əməliyyatı icra olunmuş və 3) həyat yoldaşı işləmir, 4 azyaşlı və yeniyetmə yaşında olan oğlu var. Onları böyüdüb başa çatdırmaq, cəmiyyətə sağlam düşüncəli vətəndaş vermək borcudur. Belə çıxır ki, sonuncu müqavilə həqiqi münasibətləri əks etdirmir, əslində xarici valyutadakı krediti manata keçirmək məqsədi daşıyır. Bu, həmçinin sonuncu müqavilə rəsmiləşdirilərkən faiz dərəcəsinin 14%-dən 20%-dək artırıldığından da aydın olur. Başqa sözlə, bankın hərəkətləri Mülki Məcəllənin 339.1-ci maddəsinin tələbləri mənasında etibarsızdır (şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər). Əslində iddiaçının krediti ABŞ dollarından manata keçirmək kimi niyyəti və məqsədi olmamış, lakin düşdüyü ağır maliyyə vəzyyətindən sui-istifadə edərək bankın əməkdaşlarının uzun müddət dilətutmalarından sonra bu müqaviləni imzalamışdır. İndi başa düşür ki, bu, bankın iddiaçıya qurduğu tələ imiş. Qeyd olunanlara əsasən hesab edir ki, 20.12.2016-cı il tarixli müqavilə yalan əqddir, əvvəlki ABŞ dolları ilə rəsmiləşdirilmiş 01.03.2016-cı il tarixli müqaviləni pərdələmək məqsədi daşıyır və buna görə də Mülki Məcəllənin 340.2-ci maddəsinin tələbinə uyğun olaraq əhəmiyyətsizdir. Bunun nəticəsi olaraq, tərəflərin münasibətlərinə 01.03.2016-cı il tarixli RBN- 6412/BK_RES №-li müqavilənin tələbləri tətbiq edilməlidir. İddia tələbinə etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının tələblərindən çıxış edərək və aşağıdakılara əsasən hesab edirlər ki, mülki iş üzrə iddia tələbi əsassızdır və rədd edilməlidir. İlkin olaraq bildirirlər ki, kredit müaviləsinin 5.9-cu bəndində, müqavilənin eyni hüquqi qüvvəli 4 nüsxədən ibarət olduğu və nüsxələrdən birinin müştəridə qaldığı qeyd olunmuşdur. Yəni müqavilə imzalandığı gün - 20.12.2016-cı il tarixində müştəriyə nüsxələrdən biri təqdim olunmuşdur. Belə ki, 20.12.2016-cı il tarixli kredit müqaviləsinin etibarsızlığı üzrə iddia müddəti 20.12.2017-ci il tarixdə bitmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-cimaddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmçinin iddiaçı iddiasında kreditinin restrukturizasiya və devalvasiya olunmasını Bankın təşəbbüsü kimi qeyd etsə də, bildirirlər ki, İddiaçı1 tərəfindən 01.05.2015-ci il tarixli kreditin verilməsi üçün ərizə, 01.02.2016-cı il tarixli ərizə, 20.12.2016-cı il tarixli kreditin verilməsi üçün ərizə ilə Banka müraciət olunmuşdur. İddiaçının öz iddiasında qeyd etdiyi faiz dərəcəsinin 14%-dən 20%-ə artırılması məsələsi ilə əlaqədar bildirirlər ki, 20.12.2016-cı il tarixli kreditin verilməsi üçün ərizədə “aldığı kreditə görə 20% ödəməyi öhdəsinə götürür” qeydi edilmiş və həmin ərizə İddiaçı1 tərəfindən imzalanmışdır. Daha sonra iddiaçının da qeyd etdiyi kimi 11.07.2017-ci il tarixli əlavə razılaşmaya əsasən faiz dərəcəsi 20%-dən 18%-ə endirilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” 14 may 2015ci il tarixli Qərarında qeyd edilib ki, bazar iqtisadiyyatında və hüquqi cəmiyyətdə qanunvericiliyin tələblərinə uyğun olaraq könüllü bağlanmış müqavilələrdən irəli gələn öhdəliklərə riayət edilməsi və icra edilməsi mülki-hüquq münasibətləri üçün vacibdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərərk, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X9 iddia ərizəsinə etirazda göstərilənlərə uyğun izahat verərək, iddiaçının tələbinə dair mülki iş üzrə iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin nümayəndələrinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia rədd edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: - “Bank” - Cavabdeh1 ASC-nin “Nəsimi” filialı ilə “müştəri” - İddiaçı1 arasında bağlanmış 21 may 2014-cü il tarixli, RBN-5987/BK saylı Baş kredit müqaviləsinə əsasən bank tərəfindən müştəriyə illik 19 (on doqquz) faiz dərəcəsi olmaqla, 24 (iyirmi dörd) ay müddətinə 155000 (yüz əlli beş min) ABŞ dolları məbləğində kredit verilmişdir. - “Bank” - Cavabdeh1 ASC-nin “Nəsimi” filialı ilə “müştəri” - İddiaçı1 arasında bağlanmış 01 may 2015-ci il tarixli, RBN-6412/BK saylı Baş kredit müqaviləsinə əsasən bank tərəfindən müştəriyə illik 17 (on yeddi) faiz dərəcəsi olmaqla, 24 (iyirmi dörd) ay müddətinə 140000 (yüz qırx min) ABŞ dolları məbləğində kredit verilmişdir. - “Bank” - Cavabdeh1 ASC-nin “Nəsimi” filialı ilə “müştəri” - İddiaçı1 arasında bağlanmış 01 mart 2016-cı il tarixli, RBN-6412/BK_RES saylı Baş kredit müqaviləsinə əsasən bank tərəfindən müştəriyə illik 14 (on dörd) faiz dərəcəsi olmaqla, 48 (qırx səkkiz) ay müddətinə 92945 (doxsan iki min doqquz yüz qırx beş) ABŞ dolları məbləğində kredit verilmişdir. - “Bank” - Cavabdeh1 ASC-nin “Nəsimi” filialı ilə “müştəri” - İddiaçı1 arasında bağlanmış 20 dekabr 2016-cı il tarixli, RBN-6412/BK_RES_DEV2 saylı Baş kredit müqaviləsinə əsasən bank tərəfindən müştəriyə illik 20 (iyirmi) faiz dərəcəsi olmaqla, 48 (qırx səkkiz) ay müddətinə 142860 (yüz qırx iki min səkkiz yüz altmış) manat məbləğində kredit verilmişdir. - Cavabdeh1 ASC ilə İddiaçı1 arasında 01.03.2016-ci il tarixdə bağlanmış 21 may 2014-cü il tarixli RBN-5987/BK saylı İpoteka müqaviləsinə Sonrakı ipoteka müqaviləsindən görünür ki, 21 may 2014-cü il tarixli, RBN-5987/BK saylı, 01 may 2015-ci il tarixli, RBN- 6412/BK saylı və 01 mart 2016-cı il tarixli, RBN-6412/BK_RES saylı Baş kredit müqavilələrinin irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi İddiaçı1 məxsus Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsi, 74 saylı evin 2 A nömrəli mənzili Cavabdeh1 ASC qarşısında yüklü edilmişdir. İpoteka predmetinin dəyəri qiymətləndirmə şirkəti tərəfindən 135000 manat məbləğində qiymətləndirilmişdir. - Cavabdeh1 ASC ilə X5 arasında 01.03.2016-ci il tarixdə bağlanmış 21 may 2014-cü il tarixli RBN-5987/BK/1 saylı İpoteka müqaviləsinə Sonrakı ipoteka müqaviləsindən görünür ki, 21 may 2014-cü il tarixli, RBN-5987/BK saylı, 01 may 2015-ci il tarixli, RBN- 6412/BK saylı və 01 mart 2016-cı il tarixli, RBN-6412/BK_RES saylı Baş kredit müqavilələrinin irəli gələn İddiaçı1 öhdəliklərin icrasının təmini üsulu kimi X1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, 3 saylı evin 14 nömrəli mənzili Cavabdeh1 ASC qarşısında yüklü edilmişdir. İpoteka predmetinin dəyəri qiymətləndirmə şirkəti tərəfindən 65000 manat məbləğində qiymətləndirilmişdir. - Cavabdeh1 ASC ilə X5 arasında 20.12.2016-ci il tarixdə bağlanmış RBN-6412/BK- RES-DEV 2 saylı Sonrakı ipoteka müqaviləsindən görünür ki, 20 dekabr 2016-cı il tarixli, RBN-6412/BK_RES_DEV2 saylı Baş kredit müqaviləsindən irəli gələn İddiaçı1 öhdəliklərin icrasının təmini üsulu kimi X1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, 3 saylı evin 14 nömrəli mənzili Cavabdeh1 ASC qarşısında yüklü edilmişdir. İpoteka predmetinin dəyəri qiymətləndirmə şirkəti tərəfindən 65000 manat məbləğində qiymətləndirilmişdir. - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08.01.2020-ci il tarixli 2(009)-82/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı “Rabitəbank" ASC-nin cavabdehlər İddiaçı1, X12, X13, X5 və Əliyeva llhamə Təbiyyət qızına qarşı “borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və ipoteka predmetinin boşaldılması” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh1 ASC ilə cavabdeh İddiaçı1 arasında bağlanmış 20 dekabr 2016-cı il tarixli, RBN-6412/BK RES DEV2 saylı Baş kredit müqaviləsi üzrə cəmi 153752,48 (yüz əlli üç min yeddi yüz əlli iki manat qırx səkkiz qəpik) manat, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi və 4 saylı Abşeron Ərazi İdarəsində bildirişlərin qeydə alınması üçün ödənilmiş 60 (altmış) manat dövlət rüsumunun cavabdeh İddiaçı1 alınaraq iddiaçı Cavabdeh1 ASC-nin xeyrinə tutulması, ipoteka predmeti olan cavabdeh İddiaçı1 məxsus Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsi, 74 saylı evin, 2A nömrəli mənzilinin ilkin satış qiymətinin 130000 (yüz otuz min) manat məbləğində müəyyən edilməklə tutmanın həmin mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına “Rabitəbank" ASC-nin təmin edilmiş tələblərinin ödənilməsi, ipoteka predmeti olan X1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, 3 nömrəli evin 14 nömrəli mənzilinin ilkin satış qiymətinin 65000 (altmış beş min) manat məbləğində müəyyən edilməklə tutmanın həmin mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına “Rabitəbank" ASC-nin təmin edilmiş tələblərinin ödənilməsi, Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsi, 74 saylı evin 2A nömrəli mənzili satıldıqdan sonra 1 ay müddətində İddiaçı1, X12 və X7 həmin mənzildən çıxarılması (iddiaçıya satıldığı təqdirdə), Cavabdeh1 ASC-nin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin cavabdeh İddiaçı1 qaytarılması, Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, 3 nömrəli evin 14 nömrəli mənzili satıldıqdan sonra 1 ay müddətində X5, X6 və X2 həmin mənzildən çıxarılması, (iddiaçıya satıldığı təqdirdə), ”Rabitəbank" ASC-nin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin cavabdeh X1 qaytarılması, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 150 manatın cavabdeh İddiaçı1 tutularaq dövlət nəfinə (Az.MEM, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit və ipoteka müqavilələri bağlanmışdır. “Rabitəbank" ASC İddiaçı1, X12, X13, X5 və Əliyeva llhamə Təbiyyət qızına qarşı “borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və ipoteka predmetinin boşaldılması” tələbinə dair iddia ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmiş və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08.01.2020-ci il tarixli 2(009)-82/2020 saylı qətnaməsi ilə “Rabitəbank" ASC-nin iddiası qismən təmin edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qeyd edilən qətnaməsindən görünür ki, sözügedən qətnamə qəbul olunan zaman İddiaçı1 ona qarşı irəli sürülən iddia tələbini qəbul etməyərək, bank tərəfindən hesablanmış əsas borc və faiz borclarının məbləğləri ilə razılaşmamışdır. İddia tələbini Cavabdeh1 ASC ilə İddiaçı1 arasında bağlanmış RBN- 6412/BK_RES_DEV2 No-li 20.12.2016-cı il tarixli kredit müqaviləsi və onunla bağlı olan RBN-6412/BK-RES-DEV2 saylı 20.12.2016-cı il tarixli sonrakı ipoteka müqavilələri əhəmiyyətsiz olduğundan, etibarsızlığının tanınması və tərəflərin münasibətlərinə RBN- 6412/BK No-li 01.03.2016-cı il tarixli kredit müqaviləsinin və 21.05.2014-cü il tarixli RBN- 5987/BK və RBN-5987/BK/1 No-li ipoteka müqavilələrinə 20.12.2016-cı il tarixli sonrakı ipoteka müqavilələrinin şərtlərinin tətbiq edilməsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Beləliklə, tərəflər arasında kredit və ipoteka müqavilələri bağlanmış, müqavilələr üzrə tərəflərin öhdəlikləri müəyyən edilmiş və şərtləri razılaşdırılmışdır. Lakin iddiaçı cavabdehlə aralarında bağlanmış sonuncu kredit və ipoteka müqavilələrini bank əməkdaşlarının təkidi ilə düşdüyü ağır maliyyə vəziyyətini yaxşılaşdıracağını zənn edərək bağladığını bildirmiş və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.1, 340.2-ci maddələrinə əsasən sonuncu bağlanmış müqavilələrin etibarsız sayılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Məhkəmə qeyd edir ki, iddiaçı müqaviləni ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində onun üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğunu, həmçinin mübahisələndirdiyi müqavilələrin başqa müqavilələri pərdələmək məqsədi ilə bağlandığını iddia etsə də, həmin hallar öz təsdiqini tapmamışdır. Eyni zamanda cavabdeh tərəfindən verilən iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə qeyd olunmalıdır ki, iddiaçı tərəflər arasında 2016-cı ildə bağlanmış müqavilələri mübahisələndirmək üçün MM-nin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddəti də buraxmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı1 Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə qarşı kredit və ipoteka müqavilələrinin etibarsızlığının tanınması və s. tələbinə dair iddiası təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar